22 avqust Elçibəyin ölüm günüdür.
Bu günü daha üstün tuturam nəinki bəyin doğum günü. Ziyarətini tərkitsəm də,
kişiyə minnətdaram. Dünyada tək siyasətçidir ki, ölümü
partiyasına daha çox xeyir verib nəinki fəaliyyəti. Açıqlayım..
Bir çox fikrin əksinə Elçibəyin
vəfatı ilə AXCP dağılmadı. Əksinə zir-zibildən təmizləndi. Mirmahmudun getməsi
ilə qaragüruhlardan, Fazil Mustafanın getməsi ilə donqililərdən, Qüdrətin Həsənquliyevin
gedişi ilə H.Əliyev agenturasından. Ortada kim qaldı?
Praqmatik gənclər, idealist
partiya üzvləri və liberal düşüncəli siyasətçilər. O təbəqə ki, Azərbaycan
partiya sisteminin ehtiyacı vardı. Ancaq tayfabazlıq, turançılıq,
garagüruhçuluq zərbəsi altından heç cürə çıxa bilmirdi. 2003-də AXCP-ə üzv
olmamın səbəbi ölkədə zir-zibildən təmizlənmiş tək partiya olması idi. Halbuki
Müsavatın "bugün-sabah hakimiyyətə gəlirik" deyən vaxtları idi. Fürsətçi
olsaydım Müsavatı, xamxəyal olsaydım "gənc, xarici dil bilən" İlham Əliyevi seçərdim.
Birincilərin aqibəti məlumdur,
ikincilərin ağzının payını alması üçün cəmi 1 il kifayət etdi. Çünki Tayfa idarəçiliyində
ancaq varis doğula bilərsən. Qarşılıqsız verilən dəstək nökər sədaqəti kimi qəbul
edilir.
Mən tək deyildim. 2003-2005ci
illərdə AXCP-ə gənc beyin axını vardı. 23 yaşında siyasi startegiya və
qlobalizmdən rusca kitab yazıb, çap etdirən AXCP GK üzvü vardı. Siyasi süstlük
dövrü onları pərən saldı. İndi üzv olanlar onlarla müqayisəyə də gəlməz.
Qayıdaq Elçibəyə. Uşaq
vaxtlarımda sevdiyim adam olub. Hakimiyyətdən gedəndə müdafiəsi uğrunda sinif
yoldaşlarımla söz duelinə də çıxmışam. Çünki televiziyada eşitdiyimiz fəhlə-kəndli
hökümətinin necə bir şey olmasını Cəbhə dövründə gördük. Fəhlə oğlu kimi fəhlə
sinfinin söz sahibinə çevrildiyinin o vaxt şahidi oldum.
Ancaq siyasətə münasibətini öyrəndikcə
Elçibəyin Tayfa zehniyyətinin əsiri olan bir kəs olduğu ortaya çıxır. İyun qiyamını çox səbəb-nəticəyə bağlayırlar.
Həqiqətdə isə hakimiyyətin bir naxçıvanlıdan digər naxçıvanlıya ötürülməsi
prosesi idi.
Dılğır bir polkovnikin
qarşısına çıxarmağa taa Naxçıvandan adam dəvət etməyə ehtiyacmı vardı? Heydər
Əliyev əlində güc olan birisi deyildi. Arxasında İrana metal satmaqla kişi
olmuş bir neçə naxçvanlının pul dəstəyindən başqa heç nə yox idi. Hərgah Elçibəy
"qardaş" qanı tökmək istəmirdisə, səlahiyyətlərini ətrafındakı hər
hansı güclü iradəli şəxsə verə bilərdi. Və həmin şəxs Surət Hüseynovu bir gecəyə
qanında boğardı.
Edə bilərdi... Tayfa zehniyyəti
imkan versəydi. Elçibəy hakimiyyətin qeyri-naxçıvanlıya ötürülməsinə əsla razı
ola bilməzdi. Məhşur foto var. Elçibəy və Heydər Əliyevin görüşərək öpüşməsi.
Arxada üçüncü naxçıvanlı Rəsul Quliyev əlləri cibində razılıqla gülümsəyir.
Bircə bu foto çox şeyi izah edir.
Digər fakt: Hələ hakimiyyətə gəlməmişdən
öncə Əbülfəz Əliyev (Elçibəy) kabinetinin divarından Əliyevin şəklini asıb. Təsəvvür
edin - sizi haqsız yerə həbs etdirib, 1 il məhbus həyatı yaşadan, pedaqoji fəaliyyətinizə
son qoyan şəxsin. Bunu etmək üçün ya idiot olmalısan, ya da ehtiraslı yerlipərəst.
Hər il 16 iyulda bu cür sualla
qarşılaşıram: Ad günü olan AXC-dir ya AXCP? AXC-nin hərəkat kimi yaranmasında
Elçibəyin xidmətləri olub. Zərdüşt Əlizadə fərqli fikirdə olsa da. Ancaq
AXCP-nin yaranması və hərəkatın partiyaya çevrilməsi sırf Əli Kərimlinin xidmətidir.
Ya Əli Kərimli hərəkatı
partiyaya çevirməsəydi? Əlbəttə, hərəkatçılar boş qalmayacaqdılar. O zamanlar
meydan sulayan AMİP, Vəhdət, Müsavat kimi partiyalara üzv olacaqdılar. 20 il
sonranı görə bilməzdilər. Amma biz görürük və necə böyük faciədən qurtulduğumuz
göz qarşısındadır.
AXC partiya olmasaydı
yaddaşlarda necə qalacaqdı? Uğursuz, gəldi-gedər hərəkat kimi. Hakimiyyətdə 1
il olub, sonra tamam yoxa çıxan insanlar kimi. Ancaq bu günün özündə də hökümət
məmuru ilə dirəşən adama cəbhəçi deyirlər. Cəbhəçi adı sınmazlıq simvoludur.
Partiya adı gələndə Elçibəyə yox, Əli Kərimli fədəkarlığına borcluyuq.
Bəs Elçibəy harda idi? Kələkidə
Sakarya türküsü dinləyirdi. Sevimli donqilisi Fazil Mustafa isə Türkiyədə təhsil
alır, gic bozqurdlarla Turan xəyalı qururdu. Hakimiyyətdən gedəndən sonra belə
Tayfa zehniyyəti Elçibəyi tərk etmədi. Bu xüsusilə özünü ömrünün son illərində
göstərdi. Qüdrət Həsənquliyevi partiyadan qovmuşdular. Əliyev agentini Elçibəy
təzədən partiyaya dürtdü. Yenə yerliçilik hissi.
Fazil Mustafa ilə Əli Kərimli
arasında siyasi konflikt olanda Elçibəy Fazilin xeyrinə balans yaradırdı.
Partiya kadrlarının peşəkarlığı yox, donqili balaların xətri onun üçün qiymətli
idi. Nəhayət Elçibəy öldü. Və hər şey su üzünə çıxdı.
Sual oluna bilər ki, nə üçün
Fazil, Qüdrət və digər tayfa üzvləri şəxsi ambisiyalarını boğub demokratiya
idealları naminə partiyada qalmadılar? Çünki tayfabaşı ölmüşdü. Tayfa üzvü
olmayanı isə əsla özlərinə başçı seçmək istəməzdilər. İstədiklərini də ala bilmədilər.
Partiyada onları üstdə tutan bacarıqları yox, tayfabaşının mərhəməti idi.
Müqayisəyə baxın. Elçibəyin
ölümündən sonra partiyadan gedənlər bugünədək AXCP-ə hürürlər. Əli Kərimlinin sədrliyi
dövründə hakimiyyətin AXCP-dən qopardığı şəxslərin (Asim Mollazadə, Qulamhüseyn
Əlibəyli, Cəmil Həsənli və s.) biri belə Əli Kərimlinin əleyhinə danışmayıb.
Qarşılaşdıqları hər yerdə də hörmətini saxlayırlar. Kadrı belə tərbiyə edirlər.
İndinin AXCP-i necədir?
Regionçuluq baryerinin 0 olduğu tək partiyadır. Elçibəyin ölümü ilə
qaragüruhluqdan da təmizləndi. Hər cür etiqad və ideoloji görüşlü gəncləri eyni
məkanda görmək olar. Çünki fərqli fikrə liberal yanaşma var. Qərargahı, parlamentdəki
yerləri itirmişik. Amma Azərbaycanı bugün də əsarətdə saxlayan Tayfa zehniyyətinə
rədd ol! demişik. Ruhun şad olsun, Bəy! Nə yaxşı ki, bu dünyanı tərk etdin.



Комментариев нет:
Отправить комментарий