Başlanğıc...

Paz-zollayaninin köşəsi

пятница, 26 ноября 2010 г.

Demosenzorlar

Yazıya başlamazdən əvvəl qeyd edim ki, daha öncə bloq təcrübəm olmayıb, elə bir məqsəd də yox idi. Amma feysbuk profilimə gələn  bir mesaj məni bunu etməyə məcbur etdi. Gələn mesaj "Bloqosfer 2010" səhifəsinin Sosial bloq yazılarının ikinci müsabiqəsini elan edirdi. Müsabiqənin izahı, mükafatların dəyəri, təşkilatçılar və ilaxır. 
Lakin müsabiqənin şərtlərini sonacan oxuyanda bir qayda məni dayandırdı. Əcaib gəldi. Amma bir qədər sonra "görəsən dərs olmadımı?" fikrini eqreb.com-un sözü olmasın, beynimə sancdı. Şərtləri diqqətinizə çatdırıram:
1. Transliterasiya ilə yazılmış (yəni, “ə” əvəzinə “e”, “ş” əvəzinə “sh”, “s” və s. ilə yazılmış )
2. Sırf  xəbər tipli yazılar, köşə yazıları və jurnalistik məqalələr  (yazıda müəllifin şəxsi fikiri, şəxsi müşahidələri, araşdırması və s. yer almalıdır)
3. Köhnə, tarixi dəyişdirilmiş yazılar.
4. Anonim və ya siyasi motivli yazılar
5. Etik qaydalar gözlənməyən, həmçinin plagiata yol verilmiş yazılar.
6. Münsiflər heyətində olanlar, “Gənc Bloqçular Şəbəkəsi” layihəsinin təşkilatçıları və təlimçiləri.
Hər şeyi anladıq, bəs "siyasi motivli yazılar qadağandır" nə demək?! Görəsən son internet yeniliklərindən xəbərimizmi olmayıb, bəlkə "siyasi motivli yazılar" internet məkanında uşaq pornoqrafiyası qədər təhlükəli kateqoriyaya daxil olub? Yoxsa bu yazıları yazarkən qarşısına xəbərdarlıq kimi "XXX" etiketi vurmalıyıq? Cənablar, unutmusuz bəlkə amma müsabiqənin mövzusunu sosium anlayışı təşkil edir. Bəs nə daxildir bu sosium anlayışına? Sosial Elmlər və Psixologiya fakültəsinin məzunu kimi deyə bilərəm ki, 3 əsas sfera mütləqdir.
  1. Siyasət
  2. Mədəniyyət
  3. Din
Təbii, bura əlavələr də etmək olar. Amma bu üçü olmazsa, olmaz. Nədir bu unutqanlığın səbəbi? Məlumatsızlıqmı, bəlkə...? Xatırladım ki, mesajı göndərən İlqar Mirzə idi. Amma tülkünün quyruğu görünsə də onun başı və bədənini, yəni maliyyə verən və icraçı tərəfi təqdim edirəm:

Qeyd etmək istərdik ki, “Gənc Bloqçular Şəbəkəsi” layihəsi Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir və Gənc Bloqçular Koalisiyası tərəfindən icra olunur.

Oxudunuzmu? Yəqin ki, heç nəyi qaçırmadınız. Layihəni maliyyələşdirən İlqar Mirzə də deyil, hökumətyönlü müstəqillər də deyil, düz ABŞ-ın özüdür. Daha doğrusu, dünyada onun sifətini sifət edən təşkilat. Əlbəttə ki, layihənin sonunda Gənclər və İdman Nazirliyinin adını, "İrəli"nin loqosunu görsəydim, "keçənə güzəşt" deyib düşünərdim ki, Ceyhun Osmanlıdır. Hökumətin xeyir-duası ilə deputat olub, indi də qabağına atılandan bala-bala yeyir. 
Bəs sizə nə olub cənablar (misterlər və missislər)? Sizin də mi pulunuzu Ramiz Mehdiyev verir? Yoxsa işinizdə köməyinizə gələn təzə YAP vəsiqəsi almış İlhamçı gənclərdir? Bəlkə "eh azərbaycanlılardır" deyərək, bizi Afrika piqmeyləri ilə qarışdırırsınız?  Bu ölkədə sosiumun nə mənaya gəldiyini biləcək qədər düşünə bilən insanlar hələ ki, vardır. Əliyevlər təhsildə manqurtlaşma siyasəti aparsa da, hələ hər kəsi zombi edə bilməyiblər. Amma sifətiniz o sifət olmaqdan çıxıb artıq. 
Xatırlayırsınızsa, İRİ (Respublikaçılar İnstitutu) buranı tərk edəndə sevinənlərin sayı qəmlənənlərdən çox olmuşdu. Ölkədə ən kəskin qələmi olan köşə yazarları ikrah hislərini çəkinmədən, güzəştə getmədən bildirmişdilər. Səbəbsiz də deyildi. Qəmlənənlər o şəxslər idi ki, "bir donor da əldən çıxdı" fikri onlara yer eləmişdi. Bu hadisə tək olmadı. Amerikansayağı davamı gəldi. Bu ilin iyulunda ABŞ dövlət katibi Hillari Klinton Bakıya gəldi. Doğrusu, nəsə gözləyənlər çox idi. Xüsusilə III sektor əhli liberal kəsim. Amma...
Əmması ona ən yaxınların və əlçatanların ümidini qırmaqla bitdi. Bircə sitatla:
"Biz həm hakimiyyətə zəmanət veririk, həm də demokratikləşmə aparırıq. Siz də hökumətin vəziyyətinə girin və bu məsələlərə hökumətin gözü ilə baxın.Başa düşməyə çalışın ki, niyə hökumət müxalif fikirlərdən ehtiyatlanır. Bəlkə İrandan qorxurlar?http://www.azadliq.org/content/article/2091614.html
Bu diplomatik etalon xatirinə deyilmiş bir sitat deyildi, bu əsil "SİLLƏ" idi. Kimə dəymişdi bu sillə? O kəslərə ki, günəşin şərqdə deyil qərbdə doğduğuna inanmışdılar, o kəslərə ki, Kolumbun köhnə dünyadan deyil, Amerikadan "Freedom" gəmisi ilə üzüb gələcəyini sanmışdılar. Onlar tək deyildi. "Qərib ölkədə tualetyuyan olum, amma Azərbaycanda bir gün olmayım" düşüncəsi ilə burdan uzaqda qalanlar, beyinlərdə inqilab etməyi planlaşdıran, lakin bədənləri ofislərdə tozlanan şən maarifçilər ordusu idi bu ümidin həsrətində.
Qayıdaq Klintonun sitatının izahına. "Biz həm hakimiyyətə zəmanət veririk, həm də demokratikləşmə aparırıq" Yəni hakimiyyətin istifadə müddətinə öz qarantiyamızı veririk (son istifadə müddətini göstərmədən). Tam bir tanınmış brendli şirkət kimi. Ancaq intellektli, bizə loyal gənclərin də başını qatmaq üçün qarşılarına dən səpirik. Nümunə: "Sosial bloq yazıları müsabiqəsi 2" Həm zəmanət, həm layihə. "Siz də hökümətin vəziyyətinə girin və bu məsələlərə hökümətin gözü ilə baxın" Elə də anlaşılmayan bir şey yoxdur. Yəni "Azadlıq" heykəlinə Heydər Əliyevin Milli Bankın qarşısında duran heykəlinə baxdığınız kimi baxın. Talanan Azərbaycan sərvətlərinə, nazir-oliqarx şirkətlərinə azad liberal iqtisadiyyatın simvolu olan tranmilli korporasiyalar kimi baxın. Kifayət edərmi? Oxuyub düşünən üçün məncə edər. "Bəlkə İrandan qorxurlar?" Axı, nə əlaqə deyəcəksiniz. Əslində nə hakimiyyətin, nə də Klintonun bizim islamafob yazarlar kimi İrandan bir qorxusu yox. Klintonun gizli qorxusu prinsipial inqilabi gəncliyin yaranmasından gələn qorxudur. O gənclik ki, 1979-da səbr kasasını doldurdu. Şahın sarayını başına uçurub ABŞ səfirliyini yalın əlləri ilə əsir tutdu. Bilməyənlər üçün deyim bunlar heç də saqqallı, əbalı gənclik deyildi. "Tudə"nin üzvü olan inqilabçı, sol gənclik idi. Sadəcə ölkəyə demokratik seçim imkanı verildi. Çoxluq qalib gəldi. İndi İranda seyr etdiyimiz çoxluq. Bax bu gənclik həqiqətən də təhlükəlidir!
Gözü tutulanlar, qeyri-müəyyənlikdə qürub edənlər üçün deyim. Bu ölkədə ancaq bir istiqamətdən gələcək həqiqət vardır. Sənin bu ölkədəki haqsızlıqlara biganə qalmadan, tərəddüd etmədən uğrunda sinəni və zəkanı barrikada edəcəyin HƏQİQƏT!
Qayıdaq başda göstərdiyim "Bloqosfer 2010" layihəsi temasına. Soruşacaqsınız ki, niyə bir layihə haqqında bu qədər çox yazdın, gedib ta ABŞ-a, Klintona çatdın? Əzizlərim, əgər ilanın boyunun uzunluğu haqda real təsəvvür əldə etmək istəyirsinizsə, onu quyruğunun ucundan düz haçalanmış dilinin ucunadək ölçəcəksiniz. Təbii ki, bu layihəyə qatılacaq texnoloqlar, əyləncə aktivistləri, bloquna "Kurtlar Vadisi"ndən video kopyalayıb yerləşdirən bloqqerlər olacaq. Yazını oxuyan Gənc Dost, əgər aranızda bloqunda heç olmasa bircə dəfə siyasi mövzulu yazı yerləşdirən, feysbuk statusunda siyasətdən yazıb, onun uğrunda mübahisəyə çıxan bircəcik şəxs varsa, o zaman bu layihəyəyə amerikansayağı "fuck" deyib keçin. Deyin ki, sizin üzərinizdən heç nə olmamış kimi addımlayıb keçməsinlər. Birinci gəlsəniz belə, mükafat kimi veriləcək 200 manat içinizdəki azadlıq yanğısından daha qiymətli ola bilməz.
P.S. Bloq həvəskar alınıb. Amma Vahid müəllim məndən inciməsin. Çünki mənim üçün azad sözün dəyəri bu ölkədə istənilən peşəkarın qazanacağı puldan daha dəyərlidir.