Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 30 декабря 2010 г.

Ziyalı klişeyə inanarsa...

Klişelər – çox toxunulub bu mövzuya. Fərqli yazarlar fərqli bucaqdan baxıblar bu problemə. Hikmət Hacızadənin abzas.net-dəki son müsahibəsini oxuyunca mən də yazmalı oldum. Doğrusu, müsahibədə xeyli faydalı fikir vardı. Amma  “Şüurun zəifliyini təhsillə bağlamaq olar?" sualına - "Bunun yalnız bir babat izahı var: coğrafi determinizm. Yəni harada gün çoxdur, ananas var, orada insanlar kütləşir. Gün vurur təpəsinə, həyat asandır, inkişaf etmir” - cavabını oxuyunca, baxa qaldım. 

Təkrar-təkrar oxuyub, bunun ancaq fəlsəfi sərsəmləmə olduğu qənaətinə gəldim. Ola bilər, Hikmət bəy bu fikri nə vaxtsa irqçi bir avropalının kitabından oxuyub. Fikir də onun ağlına batıb. Özünə əziyyət vermədən, tarixi araşdırmadan xalqının bəlalarının səbəbini aydınlaşdırıb. Ancaq bircə bu fikir kifayət etdi ki, antiklişeçinin klişe əsiri olduğu təəssüratı versin. 
Axı, nümunə təkcə Azərbaycan deyil. Götürək Sinqapuru. Ekvatora ən yaxın yerləşən ölkələrdən biridir. Hikmət bəyin məntiqi ilə getsək, günəş şüalarının bucağı və kalorisi sinqapurluların beynini nəinki xarab etməli, hətta dərin yanıq oyuqları açmalı idi. Yaxud beyinlərinin daxili axşamdan asılmış xaş qazanını xatırlatmalı idi. İndi isə real Sinqapura baxaq:
Ərazisi cəmi 692 km2, əhalisi təxminən 5 milyon, büdcə 162 milyard dollar. İnanılmaz görünür, amma faktdır. Sinqapur iqtisadi azadlıq, hüquqilik, ən az korrupsiya, təhsil səviyyəsinə görə dünya reytinqlərində liderlik edir. Deməli hər gündə qızınan baş ananasa çevrilmir. Millətin başını ananasa bənzətməkdənsə, onun  beynini azad düşünməyə yönəltmək, gərəklidirsə, azad düşüncə uğrunda mübarizəyə məcbur etmək lazımdır.
Sinqapur nümunələrin ən kiçiyi idi. Götürək nəhəng Braziliyanı. 20 il əvvəl bu ölkəni “coğrafi determinizm” nəzəriyyəsi ilə izah etsəydilər, bəlkə də inandırıcı olardı.  Ancaq səbəb başqadır. 1950-85-ci illərdə hərbi xunta tərəfindən oyuncaq prezidentlərlə idarə edilən bu ölkə “Qum generalları”nın kədərli məskəni idi. Hərbi xunta bu müddətdə ölkəni futbol üzrə 3 dəfə dünya çempionu etdi, amma eyni zamanda dünyanın ən borclu ölkəsinə çevirdi. Çünki ölkədə xəstəxanalar, universitetlər, zavodlar əvəzinə stadionlar tikilirdi. Pul əyləncəyə qoyulurdu. Əhali isə talanan təbii sərvətlər hesabına yarıac yaşayırdı. Bəs indi? İqtisadi böhran zamanı Braziliya həmişə borclu olduğu BVF-a borc pul verdi. Braziliya prezidenti Lula da Silva tarixin ən bahalı kapital qoyuluşuna imza atdı. Deməli, səbəb nə mentalitetdə, nə də gün şüasındadır. İdarəçiləri dəyişmək lazımdır, özü də tez.
Digər məsələ demokratiyanın dövlətçilik tarixinin olub-olmaması ilə əlaqəsi idi. Azərbaycanda tarixən xeyli dövlət yaransa da, əsarətdən azad tariximiz epizodik hallara təsadüf edir. Estoniyanın 1920-40-cı illər arası 20 il müstəqillik tarixi olub. Başqalarının hədiyyəsi yox, döyüşərək aldığı müstəqillik. Cəmi 23 aylıq ADR tarixi bizə kifayət etdi ki, 88-də azadlıq hərəkatını yenidən bərpa edək. Qurduğumuz respublikanı da ADR dəyərləri üzərində qurduq. 23 ayın irsi yetdi ki, Orta Asiya ölkələri ilə müqayisədə müstəqilliyimizi daha qiymətli sayaq. O zaman 20 il müddətində azadlığın dadına baxan estonların bu gün azad dövlət qurmasının səbəbi xoş təsadüf yox, milli azadlıq tarixinin uzun müddətli olmasıdır.
Klişelər bununla bitərmi? Bitməz, təbii ki. Bu gün fərqli ziyalılarımız fərqli klişeləri diktə edir.
“İslam gerilik, xristianlıq elm, tərəqqi dinidir”
Dünyanın ən qədim xristian ölkəsi Efiopiyadır. Özü də inkvizisiyanın, indulgensiyanın bulaşmadan yaşadıldığı saf xristian cəmiyyəti. Bəs inkişaf? Dünyanın səfalət içində yaşayan, BMT-nin dəfələrlə aclıq təhlükəsi ilə bağlı təbil çaldığı ölkədir Efiopiya. Deməli, dini mənsubiyyət fərqlilik deyil, şüurlarda yaşayan klişedir.
“Bütün bəlaların kökündə neft dayanır. Neftimiz olmasaydı, xoşbəxt olardıq”
Fələstinə diqqət edin. Bircə faydalı qazıntısını nümunə göstərə bilməzsiniz. Başdan-başa səhra və daş-kəsək. Bəs azad yaşamağa imkan verirlərmi? Dünyanın ən çox əzilən, haqları tapdalanan xalqıdır fələstinlilər. Norveç, İngiltərə sularında neft tapmaqla avtoritar ölkələrimi çevrildi? Yaxud səhralıq BƏƏ nefti ilə Azərbaycandan betər vəziyyətəmi düşdü? Dubay şəhəri inkişafı, iqtisadi azadlığı, müasirliyi ilə Nyu-Yorkdan fərqlənmir. Deməli, sərvətinizin nə olub-olmamasından asılı olmayaraq sahib çıxa bilmədinizsə, başınız daim bəlalı olacaq. Yox, azad yaşamı seçdinizsə, sizdən sonra gələn nəsillər də azad və firavan yaşayacaq.
“Ora Qərbdir, biz isə Şərq. Demokratiya bizə yaddır”
Cəmi 30 il ayırır bizi Qərbin İspaniyasının, Portuqaliyasının qatı faşist dikaturasından. Cəmi 10 il ayırır Avropanın mərkəzi olan Serbiyadakı Miloşeviç diktaurasından. Avropa dövləti olan Belarusda bu gün də amansız diktatura hökmranlıq edir. Əksinə şərq ölkəsi olan demokratik Türkiyə, yuxarıda misal çəkdiyim Sinqapur. Azərbaycandakı insanla müqayisədə şimpanzeyə daha artıq dəyər verən müsəlman Malayziya. Bəlkə Türkiyədəki quruluş çoxunuzu qane etməz, amma bu günədək ağzından “saxta seçki” sözü çıxan bir türk müxalifətçisi də göstərə bilməzsiniz. Deməli, şərt olan məkan deyil, vətəndaşdır. O vətəndaşın uğrunda mübarizə apardığı və qazandığı demokratik sistem.
“Qozbeli qəbir düzəldər. Biz düzələn deyilik”
Əzizlərim, bu gün dünya demokratiyasının nümunəsi sayılan Fransa və İngiltərə də elə-belə düzəlməmişdir. Bu ölkələrin xalqları tiranlıq edən krallarının qamətini eşafotlarda, gilyotinlərdə düzəltmişdir. Azadlıq itirildikdə, üsyanlar, inqilablar edərək adam olmaq istəməyənləri yenidən demokratiyaya məhkum etmişlər. Ən əsası müqavimət göstərmiş, “əşşi onsuz da heç nə alınan deyil” deyib mütiliyi seçməmişlər. Yaxın keçmişdə gözümüz qorxudulan Şevarnadzenin Gürcüstanını, Kuçmanın Ukraynasının belini də öz xalqı düzəltdi. Deməli sən də bacararsan, əgər düşüncənin qamətini əyilmədən düz tuta bilsən.
Klişelər saydıqca bitməz. Bunlar ya müti psixologiya ilə yaranmış, ya da imperialist doktrinaların yeridilməsi ilə qəlibləşmişdir. Coğrafi determinizm kimi cəfəngiyatlar zamanla üstünlüyünə elmi don geydirmək istəyən kolonial imperializmin məhsulu olmuş, inkar edə bilməyən cahil xalqların özünə inamını sındırmışdır. Ən qorxulusu isə bunların ziyalı beynini zəhərləməsidir. Hələ Aristotel iddia edirdi ki, iri ərazili dövlətlərdə monarxiya, orta ölçülü ölkələrdə demokratiya, kiçik dövlətlərdə isə tiraniya bərqərar olur. Ancaq tarix Aristoteli yanıltdı. Onun ölkəsi monarxiyaya çevrildi, istehza ilə baxdığı Şərq xalqının 450 il koloniyası kimi də yaşadı, müasir tiraniya sayılacaq faşist diktaturasının da vətəni oldu.
Bəs səbəblərin səbəbi nədir? -  deyə soruşacaqsınız. Səbəbi tapmaq üçün Karl Marksın istehsal münasibətləri haqqında fikirlərini təkrar oxumaq yetər. İstənilən üstqurum hadisəsi (din, mədəniyyət, siyasi mühit) ona uyğun iqtisadi bazisin üzərində yaranır, onun şəklini alır. Kapitalizm yaranmadan millətin formalaşması, kapital istehsalı pik həddə çatmadan o ölkədə sosializmin bərqərar olması, sənayesi olmayan dövlətin rəqabətə davamlı olması marksizmə görə düşünülməzdir və bu dünyanın reallığıdır. Bu gün heç kəs ABŞ və Avropanın demokratik cəmiyyətlər olduğunu inkar edə bilməz. Amma bu iki məkanın demokratiya modelləri arasındakı  fərq onların iqtisadi inkişafları arasında olan fərq qədər genişdir.
Dəfələrlə ziyalı klişelərini Aydın Mirzəzadənin, Araz Əlizadənin, Musa Qasımlının dilindən eşitmisiniz. Yenə də eşidəcəksiniz. Və sonda: bir ziyalı klişeyə inana bilər, ətrafındakılara danışıb rəğbət də qazana bilər. Amma bir yerə qədər. Yox əgər hamını  inandırmaqda israr edəcəksə, elə ziyalı özü bütöv bir xalqı bədbəxt edəcək.

2 комментария:

  1. Chox maragli yanashmadir dostum...Amma efiopiya timsalinda istisna ola biler,,coxunlugla ise xrestian olkeleri daha xoshbextdir,meselelere daha rasional yanashir,,mence daha agillidir ve mubarizdir..Islam olkelerine baxin,,yalniz garanlig gorunur..Yalniz gara..Hereketleri, ceza usullari,agressiyasi...Yeni yazilari oxumag umudu ile...

    ОтветитьУдалить
  2. Ərəb ölkələrindəki inqilablar şübhələri götürdü. Ümid edirəm gedəcəkləri yol anacaq demokratiya istiqamətinə olacaq.

    ОтветитьУдалить