Başlanğıc...

Paz-zollayaninin köşəsi

понедельник, 28 февраля 2011 г.

Misir inqilabından tezislər

Misir inqilabı inqilablar içində inqilab olaraq tarixdə qaldı. Bu inqilab haqqında “Qərbin əli var idi”, “onları Soros maliyyələşdirirdi”, “arxasında Rusiya, yaxud Amerika dayanırdı” kimi Azərbaycan sayağı səfeh iddialar səslənməyəcək. Milyonların bir araya gəlməsi isə heç bir maliyyə resursu ilə izah edilmir. 
Ancaq siyasi variantların sonunu gətirən bu inqilabı təhlil edərkən istər-istəməz dərs alınacaq nəticələr çıxır:
1.İnqilab “gəlirəm” deməz, insanların qəzəbi ilə gələr və küçədə kütlə şəklini alar.
2. Diktatura ölkəni boğursa, başsız kütlə ol, amma güc ol. Lider axtarma, hərəkətə keçəcək kütlə axtar.
3.Əgər qonşun inqilab zəngini çalırsa siyasi təhlillər aparmaq yox, qətiyyətlə "meydana doğru!" əmrini vermək lazımdır. Yoxsa kütlənin qazı oda çevrilmədən havaya sovrulacaq. 
4.İnternet və şəbəkələşmə böyük qüvvədir, amma tərəddüd edən, etirazı küçələrə tökməyən insanlar məkanı kimi qaldıqca “enerji qəbiristanlığı”dır.
5.İnqilab “Tunis rejimə bir xəbərdarlıqdır” mesajı ilə hiss edilməz, ən azı 20 nəfərin kütləvi aksiyası ilə öz simptomlarını verər. Hərəkət yoxdursa, hərəkətin yerini nəticə yox, fantaziya tutar.
6.İnqilabı başlamaq üçün siyasilərin qərarını, bəyanatını gözləmək lazım deyil. Misir əhalisi “İslam qardaşları”nın mövqeyi ilə hərəkət etsə idi, inqilab beşiyindəcə boğulacaqdı.
7.Polis yeddibaşlı əjdaha yox, qorxu hiss ilə yaşayan insandır. Qorxu faktorunu əlində tutan tərəf qalibdir. Fərqi yoxdur, o, dəyənəklidir, ya əliyalın.
8.”ABŞ və ATƏT nə deyəcək?” - deyə gözləməkdənsə, “Rədd olsun ABŞ!” demək inqilab üçün daha ciddi siqnaldır. Öz oyununu qurmaq istəyirsənsə, qəlibləşmiş oyun qaydalarını pozacaqsan. Çünki nəzarət altına alınan inqilab inqilab deyil, baş aldatma aksiyasıdır.
9.İnqilab edəcəksənsə, mənəviyyata tüpür. “Polis də xalqın övladıdır, o da neyləsin” səfehliyini təkrarlayanları ilk olaraq qarşından sil. Çünki dəyənəyin, zirehli texnikanın sındıra bilmədiyi iradəni mənəviyyat sındırır. Diktatorlar isə əxlaq sahibi yox, zəiflik ovçularıdır. Mənəviyyata qapılıb zəif düşdüyün an yırtıcıya çevriləcəklər.
10.İlk işin kütlənin beynindən ”Bunun axırı nə olacaq?” fikrini silməkdir. Son gözləyib nəticə görməyənlər  mənən tez sınır və kənara çəkilir.
11.Diktatorların beynində xalq inqilabının labüdlüyü fikri etirazçı kütlənin sayı ilə yox, “Ölkəyə nəzarət var ya yox?” sualına cavabla qərarlaşır.
12.Misir inqilabı nə üçün bu qədər uzandı? Çünki iflic olan ölkə deyildi, iki böyük şəhərin meydanı idi. Ölkədə inqilabın qəti qələbəsi üçün bütün sənaye müəssisələri, informasiya mərkəzləri, xidmət sahələri tətillərlə iflic halına salınmalıdır. Heç nəyə nəzarət yoxdursa, deməli diktator maneədir, stabilliyin qarantı yox. Bu həqiqəti təkcə inqilab istəyənlər yox, istəməyənlər də dərk edir və maraqları uğrunda hərəkətə keçir.
Nəhayət son bəndi əsas alaraq ölkəsində inqilab istəyən siyasətçi Fukuyamanı deyil, Lenini təkrar-təkrar oxumağı və oxutmağı vərdişə çevirməlidir.

Комментариев нет:

Отправка комментария