Başlanğıc...

Paz-zollayaninin köşəsi

пятница, 25 марта 2011 г.

İranlının istədiyi azadlıq

İranlılar - güneylilər də deyə bilərsiz onlara. Yaşadıqları mühitlə, qadağaları ilə türklü, farslı iranlıdır onlar. Novruz bayramının istirahət günləri Bakıda onları çox görə bilərsiniz. Şəhərin otellərində iranlıları istirahət edərkən izləmək isə tamam başqa mənzərədir. Sterotiplərin qırıldığı, təəcüblə izlədiyimiz səhnədir onların istirahəti.
İranlılar üçün Azərbaycan haradır? Birmənalı demək olar ki, gerçəkləşməyən arzularının həyata keçdiyi məkan. İranın tabularını pozmaq istəyənlər üçün isə əsl azadlıq məkanı.Təəcüblənirik bir an, axı niyə görə?! Gənc olan və düşünən birisi üçün Azərbaycan bataqlıqdır, ideallarının kağız üzərində məhkum qalacağı həbsxanadır. Bəs nə üçün onlar bu həbsxanaya sevinərək can atırlar?

Cavab tabulardadır. Fərq isə hər evin(ölkə) öz tabusunun olmasında. Bəlkə də kimsə çadra altında olan İranın bədbəxt, qaranlıq həyat sürdüyünü zənn edər. Ancaq rastınıza çıxacaq ilk iranlı gənc qız bu sterotipi dağıdacaq. Gözəllikləri bir yana geyim tərzi, kosmetikanın şiddəti, gözlərinin işığı ilə əsl ehtiras mənbəyidir iranlı qadınlar. Başındakı yaylığın isə ancaq aksesuar detalı olduğunu sanarsan. Kinolardakı kimi üzlərinə yaşmaq tutub tələsik kişinin yanından ötməzlər. Baxışınız bir an simasında dayanarsa gözləri ilə səni yeməyə başlar, iranlı qadın.
Azərbaycanlı qız isə buna ehtiyac duymaz. Çünki o sübh çağı ruhi qidası olacaq kişi baxışlarının qadağan olduğu ölkədə yaşamır.
Məgər azadlıq - rahat alkoqol içə bildiyin, muğamla bərabər disko oynadığın, şəhvətini azad şəkildə söndürə biləcəyin məkandırmı? Doğrusunu deyim Azərbaycanda meşşan olaraq yaşamaq çox asandır. Saydığım imkanlar onlara firavan yaşamaq üçün kifayət edir. Sadəcə düşünmədən yaşamalısan. Tamahınla, iştahınla, danışmaq əvəzinə tıxıyaraq susmaqla. Düşündünsə həyat işgəncədir, düşünmədinsə mənəvi intihar.
Nədən şikayət edirik biz–korrupsiyadan, bürokratiyadan, toplaşmaq azadlığımızın olmamasından, təhsilin bərbadlığından. Nadir iranlıya rast gələrsiniz ki, korrupsiyadan şikayət etsin. Çünki onun ölkəsində rüşvət rüşvətlə yuyulmur, rüşvəti götürən əl dibindən qopardılır. O, aldığı tibb təhsilindən şikayət etmir. Kosmetik əməliyyat üçün yanına gələn əcnəbi müştərilərin əksərinin quzeyli olması buna sübutdur. 150 manatla İrana getsəz ye, ye bitməz. Bizdə isə bu məbləğ tələbənin aylıq yol pulunu güclə ödəyir.
İtirdiyimiz, arzusunda olduğumuz azadlıq ölkə ilə, məkanla ölçülməz. Bu səbəbdən bir avtoritar dövləti digərindən cəzbedici göstərmək özümüzü illuziya ilə aldatmaqdır. İranlı gənc arzusuna çatmaq üçün Azərbaycana, azərbaycanlı isə Avropaya, ABŞ-a qaçır. Azərbaycanın nə vaxtsa İran olacağı qorxulu deyil, Azərbaycan reallığında çapalayaraq özümüzə təskinlik vermək əsl fəlakətdir. Xilas isə bu həqiqəti dərk edib susmamaqdadır. Keçmişi qatı diktaturaya məruz qalmış ölkələr belə kütləvi vətəndaş hərəkatı ilə dəyişib indi qibtə mənbəyinə çevrilmişlər.
İranlı ilə azərbaycanlının istəklərinin sadəcə forması fərqlidir, mahiyyət isə eynidir. Azadlıq nə nisbidir, nə də xəyalındakı ölkədə. Azadlıq reallığa çevirmək istədiyin arzun uğrunda mübarizədədir.

Комментариев нет:

Отправка комментария