Başlanğıc...

Paz-zollayaninin köşəsi

понедельник, 28 марта 2011 г.

Civilərin gözündən uzaq - "O qız"

Foto şərtidir
Ən gözəl qadın hansıdır? sualınızı özünüzə verin. Bir anda ağlınıza onlarla xüsusiyyət gələcək. Cəmləşdirib xəyalınızda ideal qadın obrazı yaradacaqsınız. Lakin bir cəhət var ki, o bütün parametrləri kölgəyə çevirir, onlarla qadın içindən məhz onu gözəl edir. Mən bir daha  bunun doğruluğuna o qızın simasında şahid oldum.
O gün çoxları üçün adi gün idi bəlkə də. O qız isə bu günü hər şeydən səbirsizliklə gözləyirdi. Bəlkə də heç bir günün həsrətini bu qədər çəkməmişdi. Nəhayət o gün gəldi. Son dəfə güzgünün qarşısına keçib özünə baxdı. Ağ gödəkcəsini geyib, qırmızı şərfini boynuna atdı. Qapını açıb addımladı. Sevgilisi ilə görüşəcəkdi. Heç kəsə deməmişdi evdə görüşə getdiyini. Kimsə bilmirdi onun sevgilisinin kimliyini. Hər kəsdən çox ona qovuşmağı arzulayırdı, o qız. Metro ilə gedərkən xeyli əks-cinsi vardı ətrafında. Yəqin ki, bir çoxu həsədlə baxmışdı ona. O, isə heç nəyin fərqinə varmadan xəyallarında daim onunla birlikdə olmağı arzu edirdi.
Əvvəlcədən sözləşdiyi yerə gəlib çatdı. Dostları ilə salamlaşıb inamla, bütün eşqi ilə ona sarı atıldı. Bir başqası yox, AZADLIQ idi onun sevgilisi. Nəhayət ki, qovuşmuşdu ona. Bəlkə də dünyanın ən xöşbəxt qadını idi, o an. Sevgilisinin adını dəfələrlə qışqıraraq irərlədi. Polis belə ayıra bilmədi onu sevgisindən. Xeyli oğlan gördü bu mənzərəni. Onlar da bir an bu fədəkar qız tək “Azadlıq!!!” deyə hayqırmaq istədilər. Qorxu barrikadalarını yarmaq istədilər. Lakin susdular. İçlərindəki  xof üstün gəldi, onları yenidən müti qula çevirdi, o qızın qarşısında.
Polis maşınında da, şöbədə də onunla bir arada olmasına sevinirdi. Çoxdan bəri bu dərəcə üzü gülməmişdi. 11 martı görüş günü təyin etmişdilər. Görüş məkanları isə Bakının bütün küçələri, geniş meydanları idi. Qırmızı şərfini də sevgilisini şad etmək üçün geyinib gəlmişdi, o gün.
Görüşdən qayıdarkən müşahidə etdim o qızı. Üzündəki məsudluq ifadəsi bir an olsun belə itməmişdi. Gülürdü. Günəşin zirvədə olduğu məqam kölgələrin yox olması kimi qorxu ifadəsi də onun üzündən yox olub getmişdi. Sanki döyüşdən qalib çıxmış sərkərdə tək qayıdırdı sevgilisi ilə görüşdən. Məğrur, sevincli, başı dik. Silkələnərək gedən qatarda belə tutacaqlardan tutmaq istəmirdi. Ən böyük dayağı isə özünə inamı idi. Vaqonda onun kimi yüzlərlə insan vardı. Həyatdan narazı, müti, boz kütlənin içində tək onun gözləri işıq saçırdı. Və o an o qızın necə gözəl olduğunu kəşf etdim. Müqayisə üçün təkrar-təkrar baxdım ona və həmcinslərinə. Heç kəs bənzəmirdi ona. Brilyant tək parlayırdı tutqun şüşələr arasında. Mübarizlik hissi vermişdi ona bu gözəlliyini. Başqa zaman olsaydı bəlkə də seçilməzdi digərlərindən. İnamı gözəlləşdirmişdi onu.
Mübariz qadın həqiqətən gözəldir. Gözəllik parametrlərinin üzərindədir mübariz qadın. Kişilər belə qadına sahib olmağı, istifadəni yox, ona sitayiş etməyi arzularlar. Kosmetikanın toxunmadığı üzü belə ayna kimi edər qadının mübarizə eşqi. Ən ümidsiz anlarımızda bu enerjidən ruh alırıq.  Tarix kitablarımızda da ancaq cəsur qadınların adı çəkilir. Bəlkə də yaşadıqları dövrdə simaları gözəllik keyfiyyətlərdən çox uzaq olub, o qadınların. Xəyallarımızda isə onlar əsl idealdır, rəsmlərini görməsək də, əllərini tutmasaq da. Bir başqa cür təssəvvür etmək mümkün deyil mübarizə eşqi ilə yaşayan qadını. O gün Azad qadını daş heykəldə deyil, parlayan gözlərdə göstərdi mənə, o qız.

Комментариев нет:

Отправить комментарий