Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 31 марта 2011 г.

Qəzet alsam nə faydası...


Qəzet almaq, oxumaq  haqqında çox məqalə yazılıb. Mətbuatda, internetdə, elə küçə tinində vətəndaşa çox demişik ki, qəzet al. Al ki, sabah əlin hər yerdən üzüləndə səsinin çıxdığı bir yer olsun. Al ki, danışanda intellektin bərq vursun. Nəhayət, azad söz uğrunda can qoyanların təkcə hava və su ilə qidalanmadığını anla və verdiyin 40 qəpiklə onların gələcəkdə  lotu məmurların qarşısında əyilməsinin qarşısını al.. Ancaq mənə nə fayda? - havası var içimizdə. “Nəyə lazımdır qəzet almaq? Bugün oxuyub sabah atacam. Onsuz da internetdən oxuyuram.” - bəhanəsi var. Bəs faydası nədir?
- Səhərlər işə, dərsə gedərkən qəzet al ki, beynin təzələnsin. Səhər beyinə nə girdisə axşamadək o fırlanacaq.  Bir axmağın qan qaraldacaq səsini eşitməzliyə vurmağın ən yaxşı yolu qəzetə baş qoşmaqdır.
- Qəzet almağa vərdiş edəndən sonra artıq internetdən oxumaq maraqsız gəlir. Kağızdan oxuyarkən həm gözün sağlam olur həm də oxuduğun beynində qalır.
- Uzun yol gedirsənsə qəzet almaq darıxmağın əsl dərmanıdır. Metroda, avtobusda qarşı tərəfdə oturan domba gözlü qarıya məcburən baxa qalmamaq üçün əsl məşğuliyyət.
- İnanmazsız bəlkə, qız diqqətini çəkməyin ən ucuz və effektiv yolu qəzet oxumaqdır. 1000 manat verib İPhone almaqdansa, geyimə 500 euro maya qoymaqdansa 40 qəpiklik qəzet daha təsirlidir. İndiki zamanda oxuyan kişi görmək qəliz məsələdir. Oxuyan adam görəndə isə qadın beynində kişi haqda ciddi, intellektual, iş sahibi obrazı yaranır. Yanınızda oturan qız ilk olaraq gözucu qəzet başlıqlarına baxacaq, bir qədər sonra isə bütün diqqəti sizdə olacaq. Qəzet təklif edərək söhbət üçün imkan da yarada bilərsiz. “Tanış olmaq üçün nə deyim?” – təlaşına da bir quş. 100 nəfər olan bir metro vaqonunda azı 3ün əlində son model İPhone ya da Nokia olacaq. İnanın ki, o boyda vaqonda tək qəzet oxuyan insan  kimi isə siz seçiləcəksən. Qadınlar isə seçilənləri seçir.
- Kobud səslənsə də əldə qəzet olanda əsl insan vəziyyəti alırsan. Neçə şit xarakterli tanış görmüşəm ki, əllərində qəzet ciddiləşirlər, üstlərinə ağırlıq yağır, bezdirici söhbətləri isə məna qazanır.
- Bəzən televizor da, internet də adamı bezdirəndə qəzet oxumaq təzə təmiz hava kimi gəlir. Stress gedir.
- Əlində qəzetin olması çoxlu yaşlı adam yanında hörmətini artırır. Ən çox da universitet müəllimləri yanında. Onlar internet yox, qəzet nəslidir. Özləri kimi oxuyan tələbə gördükdə gözlərində seçilirsən. Şəxsəm faydasını da ən çox semestr sonunda görmüşəm.
- Yaxşı yazmaq, çox biliyin olamasa da ağıllı danışmaq istəyirsənsə qəzet al. Söhbətdə fərqlənmək üçün oxuduğun bir-iki fakt, rəqəm köməyinə çatacaq. Oxumayanlar onsuz da lağlağından başqa sənin qabağına bir şey çıxara bilməyəcəklər.
- Lap oxuyub qurtardın, qəzeti dostuna oxumağa verməklə minnətdarlıq qazana bilərsən. Onsuz da qardaşın qardaşa nəsə vermədiyi dövrdə yaşayırıq.
Qəzet almağın şəxsi faydaları bitməz. Əsas olan almaq vərdişinə yiyələnməkdir. Sağa-sola danışdığımız konturun, adsl internetin, kafe haqq-hesabının yanında qəzet pulu heç nədir.
Yaxın günlərdə gənclər “Qəzet oxumaq” aksiyası keçirəcək. Çox gözəl. Dəstəkləyirəm. Belə aksiyanı hər gün keçirmək lazımdır. Necə? Elə bircə qəzet alıb metroda, avtobusda səhifələrini taybatay açmaqla. Siz tərəfə aclıqla baxan, azad söz həsrətilə susayan insanları görəndə başa düşəcəksiniz ki, əşşi əməlli-başlı aksiya eləmisizki.

Комментариев нет:

Отправить комментарий