Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 6 апреля 2011 г.

Cabbarlar ailəsi

3 aprel bazar günü Cabbar Savalanlının ailəsini ziyarət etməyə getmişdik. Elə təsadüf etdi ki, bu yazını Cabbarın həbsinin düz iki ayı tamam olduğu gün yazdım. Bir dəstə dost ilə Sumqayıta yola düşdük. Şəhərə çatıb Cabbarın evinə doğru getdik. Şəhərin bu hissəsi kasıb ailələrin yaşadığı bir yer idi. Ətrafdakı mənzərə hər kəsə bunu deyirdi.
Qapıda bizi Cabbarın anası və qardaşı Yamin qarşıladı. Evdə ilk gördüyümüz mənzərə bizi təsirləndirdi.
Qonaq stolunun üzərində başdan-başa kitab və 2 aprellə bağlı “Azadlıq” qəzeti dururdu. Bəli, bu ev təkcə Cabbarın yox, Cabbarların evi idi. Qardaşı Yamil universitetə hazırlaşırdı, eyni zamanda bütün günü mətbuatı, interneti izləyirdi. Oturub söhbətə başladıq, hal-əhval tutduq. İki ay əvvəlki pessimizm ab-havasından heç nə qalmamışdı. Qarşımızda hakimiyyətin sınmasını gözlədiyi ailə yox, sanki illərin inqilab mücadiləsini vermiş bir ailə dayanırdı. Bu iki ay onları daha da möhkəm etmişdi. Çəkicin döydüyü dəmir - polad mızraqa çevrildiyi kimi bu ailə də əyilməmişdi, gələcəyə daha inamla baxmağa başlamışdı. Bu insanları gördükcə anladıq ki, Cabbarlar təsadüfən dünyaya gəlmir, onları belə analar yetişdirir.
Ziyarət zamanı Cabbarın daha əvvəl heç kəsə məlum olmayan bir istedadını kəşf etdik. Cabbar şerlər yazırdı. Romantikadan, pessimistlikdən yox, vətən sevgisindən, türkçülükdən, quzeyli-güneyli tariximizdən ibarət idi şerlərinin mövzusu. Şer yazmaqla kifayətlənməyib, o şerləri öz səsi ilə telefonunun diktafonuna yazmışdı. Anası belə bilməmişdi onun bu istedadını. Qardaşı o şerləri bizə dinlətdi. Qulaq asdıqca qürur hissindən bədənim donurdu. Dinləməyən çətin anlar məni. Eşitdiyim səs Cabbarın səsi deyildi sanki, Şəhriyarın İran məhbəslərindən, Xəlil Rzanın NKVD düşərgələrindən gələn azadlıq sədası idi, tarixin bir imzası idi o səs. O qədər təsirli idi ki, gözlərim qürurdan dolacaqdı. Amma buna haqqım yox idi. Cabbarın anasının “Dünən evdə dözə bilmirdim. Bakıda, mitinqçilərin yanında olmalıyam” dediyi sözlər qarşısında haqqım yox idi bircə damla göz yaşı axıtmağa. Həbsindən qabaq Cabbar Savalanlı özü haqqında: “Cabbar Savalanlı, sən tarix yazacaqsan” sətrini yazmışdı. Bəli, tarix onu yazanları özü seçir, onun qanunlarını dəyişdirsinlər deyə, qələminin kəskin ucu ilə ağ səhifələrdə qızıl cümlələr həkk etsinlər deyə. 
Sağdan birinci Yamindir.
O gün Cabbarın ailəsinə ruh vermək arzusu ilə getmişdik. Əksinə oldu. Minlərlə ölü canı dirildəcək bir ruh alaraq geri qayıtdıq!

Комментариев нет:

Отправить комментарий