Hər məsələyə
olduğu kimi azərbaycanlıların da bu məsələyə klişe cavabı var: “Amerika
Rusiyaya görə nefti aşağı salır”. Doğrudanmı neft məhz Rusiyaya görə ucuzlaşır?
Bugünkü mətbuata
baxsaq görərik ki, siyasi təhlillər SSRİ vaxtında efirə gedən “Beynəlxalq
panorama” verilişinin xətti ilə eyni olaraq qalıb. Azərbaycanlılar hələ də dünyanı
ABŞ və Rusiyanın (SSRİ) döyüş meydanı kimi təsəvvür edirlər.
Sual yaranır
ki, Corc Buşun dövründə fantastik neft qiymətləri ilə Putinin gücünə güc qatan supergüc
ABŞ deyildimi? İndimi ağıllanıb? Doğrudanmı ABŞ yatıb-durub “Rusiya dağılacaq!”
deyir?
İki ölkənin
dünya iqtisadiyyatındakı payına baxanda isə ortaya fərqli mənzərə çıxır. 2015-ci
ilin iyul ayına olan statistikaya görə: ABŞ-ın iqtisadiyyatı dünya ÜDM-nin
23,5%-ni, Rusiya cəmi 2,49%-ni təşkil edir. Arada on dəfə fərq var. Hətta
Hindistan Rusiyadan daha çox sərvət istehsal edir. Dünya rəqabətində Rusiya
ABŞ-a nəinki düşmən, iqtisadi rəqib belə ola bilmir.
Rusiya bu qədər
“qudurub”sa Amerika Rusiyanı niyə dağıtmır?
Fərz edək ki,
bir anlıq dünya cəbhəçi və müsavatçıların mərhum ideoloqu Vəfa Quluzadə kimi qərar
verdi. Günün biri Amerika “Rusiya, səni harada tutsam dağıdajam, blət”
- dedi və təsir dairəsində olan bütün dünya dövlətlərini bu işə cəlb etdi. Nə baş
verər?
Nə baş
verdiyini Yaxın Şərqdə görə bilərik. 17 milyon əhalisi olan Suriya
və 37 milyonluq İraq torpaqlarının
yarısı qlobal silah tacirləri üçün döyüş poliqonuna çevrilib. Münaqişələrdə ölənlərin
statistikası bir tərəfə, o ölkələri tərk edib Qərbə üz tutan bir neçə milyon
dinc qaçqın belə Avropanın kabusuna çevrilməyi bacarıb. Şengen sistemi məhv
olmaq üzrədir. Cinayətkarlıq, işlə təminat nəzarətdən çıxıb. Nasizm yenidən
avropalılar üçün sığınacağa çevrilir. İş o yerə çatıb ki, Türkiyə belə “qaçqın
kartı” ilə Avropaya hədə-qorxu gəlir, istədiyi məbləği tələb edə bilir.
Amerika 146
milyonluq Rusiyanı, ən azı Şimali Qafqazı müharibə poliqonuna çevirsə, görün
Avropa nə günə qalar. Əminəm ki, Qərb
bunu edəcək qədər axmaq deyil.
Amerikanın
Rusiyanın “dağıtmaq” planı absurddursa, neftin ucuzlaşmasına başqa bir səbəb axtarıb tapmaq lazımdır. Ucuzlaşan
neft qiymətləri fonunda Rusiya nəinki Ukrayna ilə kifayətlənmədi, əksinə
Suriyada qələbədən-qələbəyə doğru gedir.
Yenə qayıdaq
azərbaycanlıların dünya siyasətinə baxışına. Siyasi təsəvvürlər hələ də “soyuq
müharibə” irsi milli dövlətlərin mübarizəsi müstəvisində qalır. Milli dövlət
dedikdə, iynədən tutmuş təyyarəyəcən istehsal edən, xammal alıb sənaye məhsulu
satan, öz sərhədləri daxilində supergücə çevrilən dövlət başa düşülür. Klassik
ABŞ, SSRİ, Almaniya, Yaponiya rəqabəti kimi.
Məsələ
ondandır ki, “soyuq müharibə” dövrünün bitməsi və sosialist düşərgəsinin
dağılması ilə milli dövlət anlayışı da yox oldu. Əvəzinə qloballaşma anlayışı gəldi.
Qloballaşan dünyada isə rəqiblər yox, kvota sahibləri vardır. Prezidentlər yox,
“dünya hökuməti” vardır. Bu konspirasiya nəzəriyyəsi kimi səslənə bilər. Lakin
reallıqdan qaçmaq mümkün deyil.
Məhz qloballaşan
dünya siyasətinin diktəsi nəticəsində qapalı, sosialist ölkəsi Çin dünya iqtisadiyyatına
ən açıq ölkə halına gəldi. ABŞ əvvəlki qüdrətini itirsə də. Çinlə bərabər Hindistan,
Braziliya, Argentina, Türkiyə kimi regional iqtisadi nəhənglər ortaya çıxdı.
Qloballaşmanın
milli dövlət sistemini çökdürdüyü dövr məhz 2000-2008-ci illərdəki neft yüksəlişi
dövrünü əhatə edir. Planet planlı fermer təsərrüfatlarına bölündü. Bu sistemdə
Çinə “dünya emalatxanası” rolu verildi. Hindistan informasiya texnologiyaları mərkəzinə,
Körfəz ölkələri “neft inəyi”nə, Braziliya “ət kombinatı”na, Argentina, Kanada taxıl
və qarğıdalı əkən “GMO tarlası”na çevrildi.
Əlbəttə, hər
şey öz-özünə baş vermədi. Beynəlxalq maliyyə qurumları Türkiyə və Azərbaycan
kimi ölkələrə iri məbləğli kreditlər verərək, kənd təsərrüfatına ayrılan
subsidiyaların ləğvinə nail oldular. Ərdoğanın baş nazirliyi dövründə ixracat
rekord vursa da, Türkiyə südü, mal ətini xaricdən idxal etmək məcburiyyətində
qaldı. Halbuki Türkiyə bir vaxtlar heyvandarlıq ölkəsi kimi tanınırdı. Azərbaycan
isə şoranlaşan xam torpaqlar fonunda “neft narkomanı”na çevrildi. Sistem elə qurulmuşdu
ki, hamı inkişaf edirdi, hamı razı idi.
2000-2008-ci
illərdə neftin bahalaşma templərini yada salsaq görərik ki, qiymətlərdə birja
spekulyasiyalarının ciddi rolu vardı. “Əl-Qaidə”nin İraqda terror törətməsi ilə
bağlı hər hansı xəbər neft barelinin həmin gün bir neçə dollar artmasının xəbərçisi
idi. Sanki neftin bahalaşmasının tək səbəbi ABŞ-İraq müharibəsi və terror
aktlarıdır.
Azərbaycanda
bu günün özündə belə bu fikir hakimdir. İndi müharibə İraqla məhdudlaşmır. Siyahıya Suriya və Yəmən, vətəndaş müharibəsi gedən neft-qaz ölkəsi Liviya da
qoşulub. Amma gözlədiyimizin tam əksi baş verir.
Respublikaçıların
hakimiyyəti dövründə neft spekulyasiyalarının öz missiyası vardı. Müharibə
aparmaq bahalı işdir. Hələ-hələ bu müharibə illərlə davam edəcəksə. Napoleonun adına yazılan məşhur ifadəni yada salsaq, müharibə üçün 3 şey lazımdır: “Pul, pul, yenə də pul”.
Corc Buşun
dostları neft və silah maqnatlarının birja oyunlarının sadə izahı var.
Şişirdilmiş büdcə şişirdilmiş xərclər deməkdir. Büdcəyə nə qədər çox pul daxil
olursa, hərbi xərcləri də bir o qədər artırmaq problemə çevrilmir. Əks halda Konqres hər
an bu bahalı müharibəyə son qoymaq qərarı verə bilərdi. Absurd o həddə
çatmışdı ki, tərkibinin əsas hissəsi qara mazut olan neftin bir litri, yüksək oktanlı
benzinin bir litrindən baha satılırdı. 2008-ci ilin iyulunda neftin bir bareli
147$ olmuşdu.
Fırıldaq çox
davam etmədi. 2008-in avqustunda partlayan dünya iqtisadi böhranı nefti 36
dollara qədər aşağı saldı. Məlum oldu ki, Buş və dostları hamıya atıb. 158
illik “Lehman Brothers” bankı, “General Motors” kimi avtomobil nəhəngi bankrot
oldu. Böhranla bərabər ABŞ-ın İraqdan qoşunları çıxarması qərarı da gecikmədi.
Bill Kliton
dövrünün müharibəsiz, lakin stabil inkişafda olan iqtisadiyyatı ilə Buşun pul
içində üzən, lakin bir anda hər şeyi itirən iqtisadiyyatının fərqi bu idi. Xatırladım
ki, 90-cı illərdə neftin bir bareli 9-20$ arası dəyişirdi.
Bu nümunədən
müharibə neftə təsir edən əsas səbəb kimi görünsə də, belə deyil. Hətta onu
ikinci, üçüncü dərəcəli səbəb adlandırmazdım. Spekulyasiya real iqtisadiyyat
deyil. Qlobal iqtisadiyyat isə müharibə üzərində yox, kapitalın dövriyyəsi üzərində dayanır.

Комментариев нет:
Отправить комментарий