Terroru kimin törətməsi qədər insanları
digər bir sual maraqlandırırdı. O boyda kəşfiyyatı, təhlükəsizlik xidmətləri
olan Fransa nə üçün belə iri miqyaslı terror aktının qarşısını ala bilmədi? “Charlie
Hebdo”ya hücum heç nə öyrətmədimi?
Əvvəla deyim ki, eyni vaxtda, planlı şəkildə
həyata keçirilən bu cür terror aktları təsadüf olmur. Aylar öncə hazırlanır. Bəzən
milli kəşfiyyatlar tərəfindən. Həvəskar terror aktları axtarışındasınızsa, ünvan
kimi Qüdsdə, Məscidül-Əqsada son bir ayda baş verənləri göstərə bilərəm. İsrail
dövlətinin qoyduğu qadağalara qarşı
çıxan müsəlmanlardan kimi dinc yəhudini bıçaqlayır, digəri əsgərin avtomatını
alıb ətrafa atəş açır, o birisi maşınını kütlənin üzərinə sürürdü.
Lakin bu il Parisdə baş vermiş iki böyük
terror aktının heç biri saydıqlarım qədər qeyri-peşəkar formada icra
olunmamışdı. Ehtimallar üzərində danışmağı sevmirəm. Amma işlədiyim iş gərəyi hər
gün yüzlərlə xəbəri gözdən keçirir, 10-18 arası xəbər tərcümə edirəm. İzlədiyim xəbərlər mənə dəqiq bir şey öyrətdi - dünya siyasətində təsadüf olmur.
Oxumadan keçdiyimiz ən əhəmiyyətsiz informasiya sonradan böyük hadisənin ilkin siqnalına
çevrilir.
“Charlie Hebdo”ya hücum və iki gün öncə
baş verən terror aktları zaman baxımında nə qədər fərqli görünsə də, siyasi nəticələri
baxımından bir o qədər bənzərdir. Jurnalın redaksiyasında 12 nəfərin gülləllənməsində
xeyli şübhəli məqam vardı. Qaça-qaça gedən terroristin yerdə yatan polisi dəqiq
vurmasından tutmuş, meyitlərin fotolarının gizlədilməsinə qədər.
Hər iki hadisədə məhkəmədə ifadə verəcək
bir nəfər də sağ buraxılmadı. “Charlie Hebdo”nun “qəhrəmanlar”ı Kuaşi
qardaşları hadisə yerindən qaça bilsələr də, onları sağ ələ keçirmək cəhdi göstərilmədi. Vurularaq susduruldular.
Qəbirləri belə itirildi. İkinci terror aktında isə hər şey bəri başdan həll
edilmişdi. Rəsmi məlumata görə, cinayəti törədən səkkiz nəfərin səkkizi də ölü
tapılıb. Yenə ortada həqiqəti öz dili ilə etiraf edəcək adam yoxdur. Halbuki 6 fərqli terror aktını 8 nəfərin həyata
keçirməsi belə çox şübhəlidir.
Deyək ki, fransız polisi terrorla mübarizədə amerikanlar qədər təcrübəli deyil. Terror aktının qarşısını almağı, terrorçunu sağ tutmağı bacarmırlar.
İctimaiyyəti aldatsan da, siyasətin gedişatını aldatmaq olmur.
“Charlie Hebdo”ya hücum edildiyi günlərdə
bir vacib hadisə dünya ictimaiyyətinin, o cümlədən fransızların diqqətindən
yayındı.
06.01.2015 tarixində mətbuatda Fransanın
İŞİD-i vurmaq məqsədilə “Şarl De Qoll” təyyarə daşıyan gəmisini Bəsrə körfəzinə
göndərəcəyi barədə xəbər çıxır.
07.01.2015 tarixində “Charlie Hebdo”
jurnalının redaksiyasına qanlı hücum gerçəkləşdirilir.
14.01.2015 tarixində prezident Fransua
Olland “Şarl De Qoll”un İŞİD terroru ilə qətiyyətlə mübarizə aparacağını bəyan
edir.
Burada Yaşar Nurinin oynadığı qəhrəman
kimi “Ə nə olsun?” deyə bilərsiniz. Ancaq tarix təkrarlanır. Özü də tez bir vaxtda, eyni ardıcıllıqla.
05.11.2015 tarixində yenə mətbuatda “Şarl
De Qoll” təyyarə daşıyan gəmisinin başçılığı ilə bir qrup gəminin Yaxın Şərqə
göndəriləcəyi bildirilir. Hədəf yenə İŞİD.
13.05.2015 tarixində Paris ikinci, bu dəfə
daha qanlı terrora məruz qalır.
“Şarl
De Qoll” təyyarə daşıyan gəmisinin İraqa (Fransa Suriyanı vurmur) üzəcəyi dəqiq
tarix isə məlumdur - 18 noyabr
Hər iki hadisədən həmən sonra Fransua
Ollanda çıxıb bu məzmunlu bəyanat verir: “Terror İŞİD-in işidir”
“One minute!” müsyö! Cinayət işinin üstü
nə vaxtdan siyasi bəyanatlarla açıldı? Olmaya İlham Əliyevlə görüşdən sonra
özünü Azərbaycan prezidenti saymısan? Ölən terrorçuların cəsədi belə tanınmaz
haldadır. Sən isə siyasi hədəf göstərməyə başlamısan. Hətta azərbaycanlılar belə
Elmar Hüseynovun qətlinin sifarişinin xaricdən gəldiyinə inanmadılar. Fransızlara
kələk gəlirsən? Biz inansaydıq, indiyədək Andorradan Anqolayacan cinayətkar axtarırdıq.
Niyə “Əl-Qaidə” yox, məhz İŞİD?! 10 il
bundan öncə dünyanın hansısa bucağında “zırpaket” partlayanda belə KİV-lər “Əl-Qaidə”
qışqırırdı. İndi adını it dəftərinə salan yoxdur. Terror təşkilatları da paltar brendləri kimidir. Sezona görə dəyişir. Zamanın dəbini isə qərbli "kutürye"lər diktə edir.
2005-ci ildə London metrosunda
partlayışlar törədiləndə bütün dünya “Əl-Qaidə” deyirdi. Soyuqqanlı ingilislər
küyə getmədən istintaqa başladılar. Məlum oldu ki, metronu partladanlar nə Ərəbistandandır,
nə Əfqanıstandan. Terrorçulardan üçü Britaniyada doğulmuş, ingilis təhsili
görmüş gənclər idi. Cermen Linds adlı dördüncü terrorçu isə Yamaykada
doğulmuşdu. Onların öz həmvətənlərinə qarşı belə qəddarlıq göstərməsi britaniyalıları
şoka salmışdı. Məlum oldu ki, KİV-də müsəlman-terrorçu obrazı o qədər geniş təbliğ
olunmuşdu ki, müsəlman ailələrdən çıxmış gənclər cəmiyyətdən qisas almağı
qarşılarına məqsəd qoymuşdu. Məhz bu hadisədən sonra mətbuatda “islam terroru”
ifadəsinə qadağa gətirildi, hətta terrorçu sözü bombaçı ilə əvəz olundu. Bəs
Fransa nə öyrəndi?!
Ollandın cinayətkar qismində siyasi hədəf
göstərməsi aydındır. Yenə İŞİD, yenə islam. Dövlət İraqı vuracaq, fransız ictimai
rəyi isə “terrorçu” müsəlmanların qanını “halal” bilmək yönündə dəyişəcək.
Soruşa bilərsiniz ki, İraq sahillərinə bir gəmini göndərmək üçün bu qədər qan tökmək lazım idimi?
Soruşa bilərsiniz ki, İraq sahillərinə bir gəmini göndərmək üçün bu qədər qan tökmək lazım idimi?
Burada fransız cəmiyyətin milli xarakterini
nəzərə almaq lazımdır. Fransa xalqı hökumət başçılarının hərbi sahədə ABŞ-la hər
hansı əməkdaşlığını nifrətlə qarşılayırlar. Fransız eqoizmi ölkəsini başqa dövlətin
qulpu kimi görməyə dözə bilmir. O cümlədən, Avropa Birliyinin sözəbaxan üzvü
kimi.
2003-cü ili xatırlayın. İraqı işğal etmədən
öncə ABŞ NATO üzvü avropalı müttəfiqlərindən koalisiya yaratmaq istəyirdi. Amerika
Fransa və Almaniya tərəfindən heç zaman görmədiyi müqavimətlə qarşılaşdı. Jak
Şirak nəinki koalisiyaya daxil olmaq, BMT icazəsi olmadan ABŞ-ın İraqa müdaxiləsinə
belə qarşı idi. Corc Buşun Qərbi
Avropada yerləşən NATO müttəfiqlərini “Köhnə Avropa”, Polşa kimi özünə sadiq Şərqi
Avropa ölkələrini isə “Yeni Avropa”
adlandırması vəziyyəti xeyli gərginləşdirdi. Tərəflər xeyli müddət küsülü
qaldı.
Sarkozinin Fransanı NATO-ya tamhüquqlu üzv
kimi qaytarması, NATO ilə birgə Liviyanı vurması ona baha başa oturdu. Prezident
seçkisində xarizmatik Nikola boz fiqur Fransuaya uduzdu. Fransızlar özünü
amerikan nökəri kimi aparan heç kəsi bağışlamır.
İraqı bombalamaqda ABŞ əlaltısına çevrilən
Ollandı isə xalqının nifrətindən heç nə sığortalaya bilməzdi. Yanvar ayı ilə
müqayisədə ABŞ-ın İŞİD-lə mübarizə taktikasının tam fiaskoya uğraması dünya
üçün sirr deyil. Uğursuzluğa düşar olan amerikalılar Suriya müxalifətinə təlim keçməkdən rəsmən imtina ediblər. Rusiyanın Suriyada effektli bombardmanları isə bu tamaşanın son
pərdəsi oldu.
ABŞ-ın fiaskosu fonunda Olland sadə
fransızların ödədiyi vergini İraq səmasında səpələmək istəyir. Ağlı başında
olan fransız buna biganə qala bilməz. Elə isə tək çarə qalır - qorxu hakimiyyəti
yaratmaq. Vəziyyət nə dərəcə çıxılmazdırsa, bombalar bir o qədər şiddətlə
partlayır. Daha çox qan, daha çox ölüm. Makiavellizmin
diktə etdiyi kimi: “Məqsəd vasitəyə bəraət qazandırır”.
Siyasətdə qorxu faktoru zənn etdiyinizdən
qat-qat böyük gücə malikdir. İctimai rəydə qorxu aurası yaratmaqla
qeyri-populyar Buş 2004-cü ildə ikinci dəfə prezident seçildi. Xalqı “Ya tək partiyalı
hökumət, ya da cəhənnəmə çevrilmiş Türkiyə” dilemması ilə üz-üzə qoyan Erdoğan
7 iyunda ciddi qan itirmiş AKP-ni 1 noyabr seçkisindən şəriksiz qalib kimi
çıxardı. Siyasətdə qorxu ən cəsur cəmiyyəti ürkmüş qadına çevirir. Başını
itirmiş qadın isə güclü kişi qucağı axtarır.
İŞİD, İraq və Suriyanın bombardmanı Fransanın
tək problemidirmi?
Paris partlayışından iki gün öncə geniş
ictimaiyyəti maraqlandırmayan daha bir hadisə baş verdi. 11-12 noyabr tarixlərində
Maltanın paytaxtı Vallettada AB və miqrant tranzitində iştirak edən ölkələrin sammiti baş tutdu. Miqrant probleminin, daha doğrusu, onları Avropaya necə
buraxmamağın yolunu tapmalı idilər.
Deyəsən, bir gün sonra tapdılar axı...
Polşa Paris hücumunun baş verdiyi elə ilk gün daha qaçqın qəbul etməyəcəyini rəsmi
şəkildə bəyan etdi. Bombalardan üçünün Fransa-Almaniya yoldaşlıq görüşünün
keçirildiyi stadionda partlamasını da “xoş” təsadüf sayaq. Daha bir “xoş”
təsadüf: “Stad-de-Frans” stadionun yaxınlığında özünü partladanların birini üzərində
Suriya pasportu tapılıb. Yunan polisi Əhməd Əlməhəmməd adlı şəxsin Yunanıstanın
ərazisindən Serbiyaya keçərək Preşevo şəhərində müvəqqəti sığınacaq almaq üçün müraciət
etdiyini bildirir.
![]() |
| Stad-de-Frans |
Çörək dalınca Avropaya qaçmış
suriyalının bombanı haradan tapdığı, kimdən aldığı sirr kimi qalır.
Partlayışdan tikə-tikə olan adamın üstündə salamat pasport tapılması isə əsl müəmmadır.
KİV bu adamı təşkilatçı kimi təqdim etməyə çalışır.
Miqrant axını ilə üz-üzə qalan Avropaya
3000-4000 “İŞİD-çi”nin keçməsi barədə xəbərlər hansı əsasla yayılırdı. Az rəqəm
deyil. İŞİD keçən il bu qədər adamla İraq və Suriyada blitskriq etmişdi. Əsas
yoxdursa, deməli “əsas” tapmağa ehtiyac vardı.
Bəs terrorun canlı şahidi, qeyri-müsəlman
fransızlar nə deyir?
Ən çox adamın qətlə yetirildiyi “Bataklan”
konsert zalından sağ çıxmış Europe1 radiosunun jurnalisti Jülyen Pirs:
"Hücum edənlər adi adamlar idi, sən və mən kimi. Maskasız, açıq üzlü. Ağ dərili idilər. Mən gördüyüm şəxs çox gənc idi. 20 yaşı olardı, ya yox. Kiçik saqqalı, başında şapka vardı. Kalaşnikov avtomatını insanlara qarşı tutub bir maqazini o birinin ardınca boşaldan bu adamı kütlənin içində biz qətiyyən terrorçuya oxşatmazdıq. Özlərinə tam nəzarət edirdilər. Onlar öz aralarında danışmırdılar, gülləbaran zamanı hər birinin özünə ayrılmış rolu vardı. Onlar avtomatı metodik şəkildə bir-birinin ardınca boşaldırdılar. Daha çox adam öldürmək üçün birinin maqazini boşalan kimi o birisi onu əvəz edirdi. Zaldakı tamaşaçılar yerə sərilir, yaxud bir-birilərinə sarılırdılar. Bu metodik, soyuqqanlı, məqsədli qətl idi. Onların orada olmasının tək səbəbi daha çox adam öldürmək idi"
Jülyen Pirs terrorçuların heç bir şüar
qışqırmadığını, üstlərində klassik terrorçuya məxsus heç bir işarə olmadığı
qeyd edir.
İŞİD, “Əl-Qaidə” üzvü ola da, heç olmasa
bircə dəfə “Allahu əkbər!” qışqırmaya?! Suriyada çəkilən videolarda bir qumbaraatan
atəşi zamanı azı 6-7 dəfə “Allahu əkbər!” qışqırılır. Radikal islamçıların məşhur
məkanlarda adamları ucdantutma qırması da deyəsən, təzə taktikadır. Adətən
radikallar “Bataklan” kimi yerlərə girəndə mülki vətəndaşları girov götürür,
giriş yollarını minalayırlar. Əllərində olan girovları azad etmək qarşılığında
hökumətə siyasi tələblər irəli sürürlər. Dünyanın diqqətini özlərinə çəkirlər.
2002-ci ildə Rusiyada həyata keçirilən “Nord-Ost” tamaşası aktı kimi. Amma dünən
nə girov vardı, nə siyasi tələb. Terrorçular qarışıq yüzlərlə cəsəd və yaralı.
Görünür eşq kimi, terror da “təsadüf”ləri
sevər. Amma bir arada bu qədər təsadüf mümkünmü?




Комментариев нет:
Отправить комментарий