İyulun son həftəsi iki müxalif simanın deyil, bu dəfə onların qohumlarının həbsi ilə yadda qaldı. Jurnalist Qənimət Zahidin Azərbaycanda yaşayan 3 qardaşı oğlu həbs olundu. Onlardan birinə narkotik saxlamaq ittihamı ilə həbs qəti-imkan tədbiri seçildi. İkinci hadisə Meydan TV-nin baş redaktoru Emin Milli ilə bağlıdır. Eminin qaynı da Qənimət Zahidin qardaşı oğlu kimi eyni ittihamla həbs olunub.
Həbslərin motivi eynidir – qisas. Yəni, “Özün qaçıb canını qurtarmısan, gör, sənin qohumlarınla nə edirik!” Əsl tayfa zehniyyəti.
Azərbaycanda siyasi prosesləri
iqtidar-müxalifət qarşıdurması deyil, Tayfa şüuru müəyyən edir. Bu elə bir Təpəgözdür
ki, iştaha gələndə öz doğmalarını belə yeyir.
Həbslərin ardından gələn “Vətən xainindən
imtina” bəyanatları bu zehniyyətin davamı kimi gəldi. Emin Millinin 23
qohumunun adından imzalanmış imtina bəyanatı və Qənimət Zahidin qardaşı oğlunun
onun üzünə durması. Bu dəfə Təpəgöz funksiyası hakimiyyətdən müxalif simanın
qohumlarına keçdi. Bir-birilərini yeməyə başladılar.
Əlbəttə, deyə bilərsiniz ki, təzyiq
edirlər, zor gücünə imzalatdırırlar. Müqayisə üçün bolşevik terrorunun dəfələrlə
ağır təzyiqinə tab gətirən müsavatçılar, onların ailə üzvlərinin nümunəsi var.
Tarix zalımların iradəsinə boyun əyənlərə bəraət qazandırmır.
Qənimət Zahidin öz qohumlarına “Məndən
imtina edin!” çağırışına elə də ciddi yanaşmıram. Hələ iki qardaş (Qənimət
Zahid-Mirzə Sakit) həbsdən sonra pul davasına çıxdılar. Dava mətbuata da çıxdı.
Axırda Qənimət pula görə qardaşı Mirzə Sakitdən imtina etdi.
Ancaq Emin Milliyə gələndə... Emin ən
azı iki dəfə yaxınlarının xəyanətinə uğramış adamdır. Birinci dəfə həbsdə
olanda arvadı ondan imtina etmişdi, indi isə qohumları. Qohumlarının imtina məktubu
həm gülünc, həm faciədir.
Gülüncdür ki, Emin Milli qaçıb gizlənmiş cinayətkar
deyil. Hakimiyyət qiyabi olsa belə cinayət işi açmayıb. Ancaq ortada 37-ci ilin
üslubunda “kollektiv zəhmətkeş məktubu” var. Bolşevik komissarları yaşasaydı,
bax, belə yerdə qarınlarını tutub ürəkdən gülərdilər. Azərbaycanda stalinizm
yox, onun məzhəkəli parodiyası mövcuddur.
Faciədir ki, mübarizə
adamlarının arxasını dayayacağı bir yaxını qalmayıb. Bu Eminin yox, cəmiyyətin
faciəsidir.
“Balalarım var”, “Mənə görə qohumlarıma təzyiq edirlər” – deyib, siyasi mübarizədən çəkilən müxalifətçilərə qarşı hər zaman laqeyd olmuşam. Belə baxanda, bala, qohum qorxusu hamı üçün var. “Mən bu yolda hər şeyimi qurban verməyə hazıram!”, deyən liderin, funksionerin bir balaca ətrafına baxanda görürsən ki, qurbanlıq qoyunları (oğul-uşaq, qohum) ya təhsil adı ilə xaricdədir, ya da siyasi mühacirətdə.
“Balalarım var”, “Mənə görə qohumlarıma təzyiq edirlər” – deyib, siyasi mübarizədən çəkilən müxalifətçilərə qarşı hər zaman laqeyd olmuşam. Belə baxanda, bala, qohum qorxusu hamı üçün var. “Mən bu yolda hər şeyimi qurban verməyə hazıram!”, deyən liderin, funksionerin bir balaca ətrafına baxanda görürsən ki, qurbanlıq qoyunları (oğul-uşaq, qohum) ya təhsil adı ilə xaricdədir, ya da siyasi mühacirətdə.
Azərbaycan siyasi tarixi meydan liderləri
kimi simasız sayıla bilərdi, əgər bir nəfər olmasaydı – Məhəmməd Əmin Rəsulzadə.
Taleyində Şərqin ilk cümhuriyyətini qurmaq şansı olmaya bilərdi. Ancaq siyasi
mübarizə yolunda övladlarını, qohumlarını qurban vermək cəsarəti və siyasi
soyuqqanlılığı onun adını tarixin polad iradəli inqilabçıları ilə bir cərgəyə
qoyur.
Rəsulzadənin “Stalinlə ixtilal xatirələri”
əsərini hamıya təkrar-təkrar oxumağı tövsiyə edirəm. Bu kitab azərbaycanlılar
üçün soyuq duşdur. 1937 və sonrakı illərdə Rəsulzadənin demək olar, bütün nəsli
məhv edilir. Ancaq o, prinsiplərinə sadiq qalaraq bir zamanların mübarizə
yoldaşı Koba ilə xatirələrini onun ölümünədək çap etmir.
Allahdan heç kəsin Rəsulzadə kimi
sınanmasını diləmirəm. Amma Rəsulzadə hər kəsə nümunədir. Bu səbəbdən, o,
tarixdə varis, sülalə sahibi kimi yox, ideya adamı kimi qaldı.
Bəziləri azərbaycanlıların qohuma
bağlılıq mentalitetini islamla əlaqələndirir. Quran qohumlarla əlaqəni kəsməyin,
deyir. Lakin məsələ Allah inancı, haqq mübarizəsinə gələndə ən qatı qohumluq
bağlarına malik ərəblərin; atanın oğulu, qardaşın qardaşı, qayınatanın kürəkəni
qılıncdan keçirməyə hazır olduğunu görürük. İlk müsəlmanların Bədr döyüşü haqda
oxumaqda fayda var.
Düşünmək olar ki, qohum repressiyasının
hakimiyyətə nə xeyri var? Belə baxanda hər şey rəqibin iradəsinin möhkəmliyinə
bağlıdır. Avtoritar hakimiyyət üçün problemli şəxsin zərərsizləşdirilməsi daha
məntiqli olardı, nəinki dəxilsiz adamların həbsi.
Medalyonun digər üzü var. Hakimiyyətin
etdiyi hər şey kütlələr üçün bir əxlaqi norma, siqnaldır. Vacib deyil, bu sənin
milli mentalitetinə ziddir, ya yox. Əsas odur ki, bunu etmək olar. Bu gün
Qubada, İsmayıllıda, yaxud üsyana susamış hər hansı rayonda yaşayan gəncin ola
bilsin, bu həbslərdən xəbəri yoxdur. Lakin sabah üsyan hər tərəfə yayılanda
icra başçısının, nazirin qohumlarına divan tutmaq o gənc üçün bir norma olacaq.
“Onlar etdi, biz niyə etməyək” məntiqi. Bu qəzəbi İsmayıllıda gördük. Ondan əvvəl
Qəddafinin ailə üzvlərinin aqibətində gördük. Hər gün namaz qılan müsəlmanlar
belə Tripolidə qabaqlarına çıxanı zorladılar.
Nə olacaq bu işlərin axırı?, Azərbaycan
hara gedir? – deyə soruşsanız, deyim ki, bu ölkədə maddi-mənəvi var olan hər
şey Təpəgözün mədəsinə gedir. Bu gün o, qonşu uşaqlarını yeyir, sabah ailə üzvlərini
yeyəcək.

Комментариев нет:
Отправить комментарий