Bir neçə
gündür spiker Oqtay Əsədovun qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisdə dediyi ifadə
ictimai sektorun ağzından düşmür. Adam nə deyib? Deyib ki...
“Beş min tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub". Deyib deməsinə, amma adam nəyi səhv deyib? Oqtay Əsədov bunu indi deyir. Deyərdim ki, çox gec deyib.
Mən düz 5 ildir deyirəm ki, dövlət hesabına, xarici fondlar hesabına xaricdə oxuyan gənclərin bu ölkəyə qara qəpiklik də xeyri dəyməyib. Nə aldıqları təhsilin nəticəsi kimi sanballı kitab yazdıqlarını görmüşük, nə də ciddi siyasi fiqura çevrildiklərini.
“Beş min tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub". Deyib deməsinə, amma adam nəyi səhv deyib? Oqtay Əsədov bunu indi deyir. Deyərdim ki, çox gec deyib.
Mən düz 5 ildir deyirəm ki, dövlət hesabına, xarici fondlar hesabına xaricdə oxuyan gənclərin bu ölkəyə qara qəpiklik də xeyri dəyməyib. Nə aldıqları təhsilin nəticəsi kimi sanballı kitab yazdıqlarını görmüşük, nə də ciddi siyasi fiqura çevrildiklərini.
Bəs nə ediblər?
Minlərlə gənci siyasi mübarizənin əhəmiyyətsizliyinə inandırıblar. Hər addımda
opportunistliyi, fürsətçiliyi, ölkədən qaçıb aradan çıxmağın tək yol olduğunu təbliğ
ediblər. Ən avantürist ideyaları ortaya atıb, sonda bir heç olduqlarını sübut
ediblər. Ən yaxşı halda hansısa nazirlikdə şöbə siçovuluna çevriliblər.
Nə qəribədir
ki, ölkədə kitab yazanın da, qalıb mübarizə aparanın da ölkə daxili təhsilin
yetirməsi olduğunu görürük. Bura liseyləri də aid edirəm.
Yaxşı, sual
olunur, xaricdə təhsil lazımlı şeydirsə, son nəticədə niyə ortaya bu qədər
lazımsız adam çıxarıb?
Say, say bitməz.
Götürək elə, bunların ideoloji lideri Emin Millini. Adam Azərbaycanda nə
oyunlardan çıxarmadı, nə avantüralardan yapışmadı. Əlini hara atdısa boş çıxdı.
Axırda da televiziya açmaq adı ilə camaatdan pul yığıb aradan çıxdı. Məlum oldu
ki, televiziya dediyi kütlə marağından uzaq adi “Youtube” kanalı imiş.
Oqtay Əsədovun
sözünə bu qədər əhəmiyyət verməzdim, əgər növbəti karyerist xanımın etiraz “hıçqırtıları”
dolu köşə yazısını oxumasaydım. Yazını oxuyub dedim, “Alə, nə PAZ avtobusuna
keçmişik!”
Xanım qız
yazır ki, depresyondaymış. Günün biri səhər yuxudan ayılıb, özünə deyib ki,
hökmən Amerikada təhsil almalıdır. Nə olsun ki, Avropada oxuyub. Amma bir əmması
olub. Təhsili üçün Bakıda bir 3 otaqlı evin qiyməti qədər pul lazım imiş. Tapa
bilməyib, gedib hökumətin qapısını döyməyə. Orada da gözlədib, gözlədib axırda
deyiblər ki, bala, get işinlə məşğul ol!
Axır-əvvəl
gedib çıxıb Amerikaya. Amerikanların başını bişirib ki, zalım rejimin amansız təqiblərinə
məruz qalıb. Onu təhsil hüququndan məhrum ediblər. Milli Klara Setkini gözüyaşlı
qoyublar. Qəlbi qırıq amerikan da dözə bilməmiş bu dərdə, vermiş təqaüdü.
Altına
cızaraq deyirəm, ABŞ universiteti o adama təqaüd verib ki, bundan əvvəl
hakimiyyətin qapısını döyüb. Həm də öz xoşu ilə. Həm də xarici magistr təhsili
ola-ola.
Soruşa bilərsiz
ki, axı, nə düşmüsən bir qızın üstünə? Karyerist zehniyyətli birisinin özünü
ictimaiyyətin gözünə dürtmək üçün yazdığı yazını oxuyub keçmək də olardı. Amma
bu sitatı oxuyunca, az qala başımdan duman çıxsın.
“Düzü artıq elə də ümidli deyildim. Nə də olsa Azərbaycan hökumətinin siyasətini bəyənmədiyim ortada idi və keçmiş müdirim, çox əziz dostum İntiqam Əliyev də mən Amerikaya yola düşməzdən beş gün öncə həbs olunmuşdu. Məhz o da baş verən siyasi hadisələri bəyənmədiyi üçün həbsdə idi. Artıq demək olar ki, əmin idim, məhz siyasi görüşümün fərqliliyinə görə öz halal haqqım olan bu təqaüdü mənə verməyəcəkdi hökumət”
Xanım qızı
az-çox internetdən tanıyırıq. BDU-da hüquq dərsi deyirdi. Norveçdə təhsil alıb.
Özü də sırf hüquq müdafiəçiliyi üzrə. Deyəsən, elə İntiqam Əliyev yanında tələbə
olub.
Hökumətin
siyasi görüşə görə təqaüd verib-verməməsi bir yana. İntiqam Əliyev kimi ləyaqətli
bir insan həbs oluna və onun həbsini görən yaxın adamında azacıq vicdan ola, o
adam tüpürməli idi Amerikaya, Avropaya! Hər şeyi atıb İntiqam Əliyevin müdafiəsinə
qalxmalıydı. Ən azı dostunun, müəlliminin mənəvi haqqını vermək üçün.
Keçən il
yayda hakimiyyət mübariz hüquq müdafiəçilərini ard-arda həbs edəndə dedilər ki,
daha kimisə müdafiə etməyə hüquq müdafiəçisi də qalmadı. Başa düşmürəm, bəs bu
dövlət vəsaitinə, Soros fondu və ilaxır fondlar hesabına xaricdə təhsil alanlar
necə oldu?! Bəlkə, buxar olub göyə çəkildilər?
Həbslər
başlayan kimi hərəsi bir kol-kos axtardı ki, qaçıb gizlənsin. Kimi imkan tapıb
xaricə qaçdı, kimi də elə gedib hakimiyyətə sığındı. Qrantın su kimi gəldiyi
vaxtlarda da zatən müdafiə etdikləri bir kimsə yox idi. O ölkə sənin, bu ölkə mənim
deyib, hər ay bir xarici ölkədə istirahətdə idilər. Paylaşdıqları “Facebook”
fotolarından yaxşı xatırlayarsız onları.
Gözləməyin
ki, həbsdə olan şəxsləri buxalter uçotu bitirənlər müdafiə edəcək. Bu ölkədən
onlarla, bəlkə yüzlərlə gənc sırf hüquq müdafiəçiliyi oxumaq üçün xaricə göndərildi.
Özü də bir qəpiksiz. İntiqam Əliyev kimi adam həbsxanada ağrılar içində
qıvrılanda, axı, nəyə dərman oldu sizin “lazımlı” xarici təhsiliniz? Əgər bu təhsil
başqasının haqqından yemiş bir sürü lazımsız adam yetişdiribsə.
Yazdıqlarıma
şübhəniz varsa, Zaur Qurbanlının “Vicdan” adlı bloq yazısını tapıb oxuyun.
Vaxtilə hüquq müdafiəçisi olmaq vədi ilə Soros fondunun hesabına xaricdə təhsil
almış, qayıdanda riyakar ofis siçovuluna çevrilmiş bir gənc haqqında real hekayədir.
Onda başa düşəcəksiniz ki, xarici təhsilli yaltaqlar, yerli təhsilli
yaltaqlarla müqayisədə necə qorxuludur.
Son 10 ilin
müşahidəsindən deyə bilərəm ki, Azərbaycanda mənən eybəcər, karyerist bir nəsil
yetişir. Karyerist olmaq eyib deyil. Hətta idealistlərlə müqayisədə daha
praqmatik, lazımlı insanlardır. Ancaq hədəfi uğuruna siyasi don dəyişənlərin mənzərəsi
ürək bulandırır. Şəxsən məni gənc qadınlarımız çox narahat edir. Onların
yeni-yeni rüşvətxor məmurlar sinfi doğub-böyüdəcəyini düşünəndə insan özünü antiutopiya
romanında təsəvvür edir.
Universitetdə
belə bir qız tanıyırdım. Harada görsən müxalifətçilik edirdi. Adam iki-üç
xarici təhsil proqramına sənəd verib, hamısından kəsildi. Bir də eşitdik ki, “İrəli”yə
qoşulub. Müxtəlif tədbirlərə gedib hökumət məmurları ilə çəkilən fotolarını
paylaşır. Xarici fondlardan ümidi kəsilən müxalifətçi xanım ən sonda irəliçi
kimi dövlət hesabına xarici bir ölkədə magistr təhsili qazandı. Dalınca
doktorantura.
Zənn
edirsiniz ki, indi Azərbaycana qayıdıb böyük zad olub. İnanın, bu adamın aldığı
təhsilin səviyyəsi ilə “Facebook”da paylaşdığı fikirlər arasında heç bir əlaqə
yox idi. Tək dərdi vardı. Universiteti bitirib qayıdanadək özünə ər tapsın.
Bunun üçün nə oyunlardan çıxmırdı. “Facebook”da yazışdığı oğlana MSN-də blok
qoyurdu. MSN-də yazışdığına “Facebook”da. Başa düşdüyünüz qədər, tutmaz qatıq,
tutar ayran. O qız axır ki, istəyinə çatdı. Bizim vergilərimiz hesabına xaricdə
aldığı təhsilə xərclənən pullar isə tüstü olub uçdu. İşin tək təsəlli odur ki,
doğduğu uşaq Azərbaycan vətəndaşı olmayacaq.
Belə nümunələr
bir deyil, iki deyil. Ətrafımda onlarla buqələmun Klara Setkin, gənc Novellalar
tanıyıram. Qız tanıyıram ki, dörd xarici ölkədə dörd təhsil alıb. Öz cibinin
hesabına yox, dövlətin, xarici fondların. Yenə bu ölkədə qalmaq istəmir. Hər təhsil
qaçması üçün yeni bəhanədir.
Bunları Azərbaycan
kişisi Tükəzbana çevirmir. Getdikləri ölkəyə Tükəzbanı beyinlərinin içində
aparırlar. Məsum Tükəzban orada daha fürsətçil, nifrət dolu varlığa çevrilib ölkəyə
qayıdır. Ta ki, növbəti yol görünənədək.
Əvvəlki tək
fikrimdə qalıram. Hərbi, tibb və bir sıra texnoloji ixtisaslar istisna olmaqla,
dövlət heç bir ixtisasa xaricdə təhsil almaq üçün pul ayırmamalıdır. Kim
atasının hesabına oxumaq istəyirsə, halal xoşu. Əcnəbinin başını aldadıb, təqaüd
alacaqsa, ona da bərəkallah! Ancaq İntiqam Əliyev kimi insanlar həbsdə çarəsiz
qaldığı müddətdə nə yeni xarici təhsilli yaltaqlar ordusu yetişdirmək istəyimiz
var, nə də onlar üçün cibimizdən bir qəpik xərcləmək!

Комментариев нет:
Отправить комментарий