Başlanğıc...

Paz-zollayaninin köşəsi

пятница, 24 апреля 2015 г.

Sülhün vicdanı

Erməni genosidinin 100 illik ildönümü gəlib çatdı. 24 aprel Osmanlı ermənilərinin sürgününün başladığı gündür. 100 il əvvəl konkret nə baş verməsi ilə bağlı ətraflı məlumatım yoxdur. Ancaq 1915-ci ilin acısını ermənilərə unutdurmaq, ya da yumşaltmaq üçün Türkiyə hökuməti az iş görmədi.

Bəlkə də gəlib keçmiş hökumətlərin səhvini düzəltdi. Erməni kilsələri təmir olundu, birgə forumla keçirildi və s. Hər şey bir şey naminə edilirdi. Sülh üçün ortaq dəyərlər tapmaq.

Bəs Azərbaycanın dağ boyda, bəlkə də fındıq boyda Qarabağ probleminin axırı nə olacaq? O zaman erməni ilə bizi hansı ortaq dəyər birləşdirəcək?

Əkrəm Əylislinin Nobel sülh mükafatına namizəd göstərilməsi onun "Daş yuxular" romanı qədər müzakirəyə səbəb oldu. İlk dəfə azərbaycanlılar anladılar ki, "Daş yuxular" Azərbaycanın qazancı ola bilər. Bir il əvvəl ona nifrət bəsləyənlər dəstəkləməyə başladılar. Hətta Nobelə layiq bilənlərlə bilməyənlərin sayı bərabərləşdi. 

Dünya şöhrəti ehtimalı öz yerində, "Daş yuxular" gələcəyin əsəridir. Azərbaycanın gələcəyə qoyduğu kapitaldır. Ona görə yox ki, Kafka kimi dərin yazıb, müasirləri onu başa düşmür. "Daş yuxular" sülh dövrünün əsəridir. Atəşkəsin yox, məhz sülh dövrünün. 

Nə vaxtsa Ermənistan və Azərbaycan arasında sülh bağlanacaq. Ya diplomatik danışıqlarla, ya da qanlı müharibə nəticəsində. Bax, onda hər iki ölkə insanlarının ən az xatırlamaq istədikləri şey müharibənin yaratdığı nifrət olacaq. Yaraları tez sarımaq üçün iki xalqı birləşdirən mədəni dəyərlər axtarılacaq. 

"Daş yuxular" ətrafında qalmaqal yarananda Əkrəm Əylislini Ermənistanda Azərbaycanın vicdanı adlandırmışdılar. Bənzər ifadə 1968-ci ildə sovet qoşunlarının Çexiyaya müdaxiləsinə qarşı Qırmızı Meydanda etiraz edən rus dissidentləri üçün istifadə edilmişdi. Ermənilərdən fərqli olaraq biz sülh masasına öz vicdanımızla gələcəyik. Bütün itkilərə, acılara rəğmən. 

Oxucu olaraq Qarabağ, erməni-azərbaycanlı münaqişəsi haqda yazan yazıçılardan çox zaman Rembo obrazı yaratmasını tələb edirik. Bəlkə də içimizdəki məğlub ölkə kompleksini ovutmaq üçün. Tarixdə elə ədəbi şəxslər olub ki, müharibə dövründə milyonların tanrısına çevrilib. Sülh dövrü kimsəsiz dilənçi kimi unudulub. Bunlardan biri də Stefan Sveyqin "Dünənin dünyası" əsərində təsvir etdiyi şair Ernst Lissauerdir.

Gənc Ernst hərbiyə yararsız hesab olununca, müharibə aparan Almaniyaya öz şeirləri ilə dəstək olmağa qərar verir. Mənşəcə yəhudi olsa da, alman mədəniyyətinə sitayiş edir. Qəzetdə çap edilən "İngiltərəyə nifrət nəğməsi" şeiri ildırım sürətilə yayılır. 70 milyonluq Almaniyadan uşaqdan böyüyə hər kəs bu şeiri əzbərləyir. Təsirlənmiş alman imperatoru Lissauerə "Qızıl qartal" nişanı verir. 

Sülh bağlananda isə tale tərsinə döndü. Stefan Sveyq: "1914-cü ildə onu göyə qaldıranlar 1919-cu ildə ona arxa çevirdilər. Qəzetlər artıq şeirlərini çap etmirdi. Yoldaşlarının yanına gəldikdə dərhal diqqəti cəlb edəcək səssizlik olurdu. Bütün ürəyi ilə Almaniyaya bağlı olan Lissauer sonda Hitler tərəfindən Almaniyadan sürgün edildi və unudulmuş şəxs olaraq öldü". 

Müharibə sonrası sülh yaşamasaq da, bir zamanlar milyonluq tirajla çap edilən sosialist yazıçılarının kitablarının bir il içində necə makulaturaya çevrildiyinin hamımız şahidiyik. 

Niyə "Daş yuxular"ı qəbul edə bilmirik? Ona görə yox ki, romanda tarix saxtalaşdırılıb. Orda həqiqət olan məqamlar da var. Məsələn 1989-da Bakıda və Sumqayıtda qarət olunan erməni evlərini, saçından tutulub yerlərdə sürüdülən adamları mən və məndən yaşlı nəsil öz gözləri ilə görüb. 

Qəbul edə bilmirik. Ona görə ki, qorxmuşuq. Nifrətə məğlub olmuşuq. Pıçıldaşmışıq, amma yaza bilməmişik. Torpaqları azad etməkdən danışırıq, vicdanımızı azad edə bilmirik. Hər iki xalq silahın yox, nifrətin əsirliyindədir. Müharibə 21 il əvvəl qurtarsa da.

Qarabağ müharibəsi təzə başa çatanda söz gəzirdi ki, müharibə haqda ən yaxşı filmlər 10-15 il sonra çəkiləcək. Vaxt da gəlib keçdi, o filmlər çəkilmədi. Çünki nə qələbənin, nə də möhkəm sülhün olmaması insanlarımızda natamamlıq kompleksi yaratdı. Atəşkəs bizi riyakara çevirdi. 

Hələ də telekanallarda 1993-də çəkilmiş "Fəryad" filmi göstərilir. İnanın ki, o film indi çəkilsəydi heç kinoteatra buraxılmazdı. Vətənşüvənlik təbliğatı ilə zəhərlənmiş bu günün tamaşaçısı əsir düşmüş, alçaldılmış Azərbaycan əsgəri obrazını qəbul etmək istəməzdi. Yaratdığı mükəmməl erməni roluna görə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülən aktyor Məlik Dadaşovu Əkrəm Əylislidən daha şiddətlə lənətlərdik. Unutmayın, vicdan kimi incəsənəti də yalnız həqiqət azad edir.

Vaxtilə Zori Balayanın "Ocaq"ının közü ilə alışan nifrət yanğınının üzərinə su çiləyəcək "Daş yuxular"ın vacibliyini bir gün anlamalıydıq. Nifrət olan yerdə sülhə ümid yox olur. Yerinə daha böyük nifrət gəlir. Azərbaycanlıların Ermənistandan deportasiyası Sumqayıt hadisələrini, Sumqayıt Xocalı faciəsini, Xocalı bu gün də həll oluna bilməyən Dağlıq Qarabağ düyününü yaratdı.

"Daş yuxular" ətrafında qalmaqal yarananda dedilər ki, Əkrəm Əylisli Orxan Pamuk olmaq istəyir. Orxan Pamuk olmaq üçün ilk öncə Orxan Pamuk kimi yaza bilmək lazımdır. Təsvir və tarixi araşdırmanın ustası olmaq. Uzun cümlələrdən ibarət, zəif yazı dilinə malik "Daş yuxular"ı ədəbi dəyər saymaq olmaz. Bu səbəbdən roman ədəbiyyat deyil, sülh mükafatı üzrə namizəd göstərilib. Elə bilməyək ki, bizi xaricdə oxumurlar. Hər hansı əsərin rus dilinə çevrilməsi və ətrafında ajiotaj yaradılması kifayətdir ki, xarici oxucuda maraq yaransın. Bütün ədəbi çatışmazlıqlarına baxmayaraq, "Daş yuxular" sülh üçün dəyərdir. 

Yenə sülh olacaq. Yenə tostlar deyiləcək. Dostluq masası qurulacaq. Həmin gün o masaya fəxrlə gətirib qoya biləcəyimiz azad vicdanımız olacaq. 

Комментариев нет:

Отправить комментарий