Başlanğıc...

Paz-zollayaninin köşəsi

понедельник, 4 июля 2011 г.

Bəxtsiz Eşşək

Səhər internetə girib xəbərlərə baxdım. İlk gözümə ilişən Şamaxıda Kamaz altına verilən eşşək abidəsi ilə bağlı xəbər oldu. Bu nə vandallıq, bu nə azğınlıq. İnsan da eşşəyə qıyarmı?!
İlk dəfə idi ki, bir icra başçısı rayonda eşşək və ona yoldaşlıq edən zəhmətkeş kəndçinin abidəsini qoyurdu. Xatırlayarsınız, bu vaxtadək icra başçıları ancaq Heydər heykəlləri qoymaqda yarışırdılar. Təkcə həcmdə yox, həm də obrazda. Birində Heydər əlini qaldırıb Milli Bankı salamlayır, digərində  ayaqlarını qatlayır , o birisində isə harasa uzaqlara baxır.
Bu vaxtadək sadə xalq ulu öndərin nökəri olub. Şamaxı icra başçısı isə mədəni inqilab etdi. Sadə xalqın nökəri olmuş eşşəyi ucaltdı, media ulduzuna çevirdi. Bəs bunun qarşılığında qədirbilməz şamaxılılar nə etdi? Qiyam edib, hay-küy saldılar. Ən sonda zərif və zəif eşşəyi Kamazın altına verib qisas aldılar. Elə bil “Aldanmış Kəvakib” əsərində xalq ədalətli şah Yusif Sərraca qarşı üsyan edir. Allah atana rəhmət eləsin Axundov.
Eşşək deyib keçməyin. Bu obraz Azərbaycanın siyasi həyatında siyasətçilərdən daha aktiv rol oynayır. Bloqqerlərin həbsində belə bir səbəb göstərmişdilər ki, bəs orda hansısa nazir təhqir edilib, ona görə belə olub. A balam, mətbuata, facebook statuslarına baxsanız görərsiz ki, orda nazirə, məmura edilən təhqirin biri bir qəpik. Xeyr əzizlərim, məmur(nazir) özünə edilən təhqiri bağışlar amma eşşəyə ediləni yox. Çünki eşşəyə edilən kinayə onların uşaqlıq xatirələrinə, sadiq dostuna və nəhayət ilk seksual təcrübələrinə endirilən zərbə idi. Adamlar dövlət pulundan keçib Almaniyadan 45.000 avroluq qlamur eşşək gətirə, sən də onun kayfını lomkaya salasan. Olmaz belə.

Məmur aparatımızın eşşəyə həssaslığı təsadüfi deyil. Unutmayaq: ədəbiyyatımızın ən original bədii obrazı Məhəmmədhəsən əminin eşşəyi də Naxçıvanlı idi. 1993-cü ilin iyunundan sonra onların Bakıya hansı nəqliyyatla gəldiyini bilmirəm amma Məhəmmədhəsən əmi hələ o zaman eşşəyilə Kərbalayacan gedib çıxmışdı. Eşşəyi ədəbi qəhrəman edən Mirzə Cəlil, heykəli qoyulan yer Şamaxı. Yenə də deyirəm, olmaz belə.

Eşşək türkün köçəri həyatdan oturaq şəhər həyatına keçidinin rəmzidir. Şəhər atı sıxışdırıb çıxardı amma eşşək qaldı. Şəhər qazisi Molla Nəsrəddini əfsanə edən nə mollalığı idi, nə də ağlı. Ala gözlü eşşəyi idi. Artıq Bakıda həqiqi eşşəklərə(saxtaları çoxdur) rastlanmaması fəsadlara gətirib çıxarır. Balaca qız uşaqları kənd yerində ilk dəfə eşşəyi görəndə deyirlər: ”Aa, nə qəşəng dovşandır. Qulaqları necə də uzundur”. Eşşək qulaqları haqqında tərifi qəbul edər, qorxaq dovşana bənzədilməsini əsla.

Əsrlər boyu eşşəyi nəyi var minmişik, çomaqlayıb təhqir etmişik. Ancaq bizi minənlərə qarşı hər zaman susmuşuq. Necəki indi susub qisası zəhmetkeş eşşəyin abidəsindən alırıq. H.Əliyevin yaxşı bir sözü var: “Xalq hakimiyyətin deyil, hakimiyyət xalqın xidmətçisi olmalıdır” Bəs biz hansı haqla yeganə xidmətçimiz olan eşşəyin heykəlini aşırıb, quldarlıq simvolu olan heykəllər qarşısında baş əyirik?! Düşünün! Ən yaxşısı Barış abinin bu mahnısını dinləməklə eşşəyi yad edin. 

P.S. Eşşəklər Azərbaycan xalqına, fotolar qafqazinfo.az saytına məxsusdur.

Комментариев нет:

Отправка комментария