Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 19 ноября 2011 г.

Ziyalısan, fırlan keç.

Ziyalı – şəxsən mənim üçün qalstuklu şəhər sakinindən fərqi olmayan bir şablon. Bekara söz. Kimdir onlar? Sovet sisteminin yaratdığı brahmanlar. Zəhmətkeş sinfinə əxlaq dünyasını izah edəcək buddalar.

Nədənsə bizdə hələ də bu söz qalır. Qərb dünyasında intellekti ilə pul qazanan insan ziyalı adlanmır. 

Aldığı diplom və medallara görə kimisə ictimai kahin etməyi ağlı başında olan heç bir avropalı qəbul edə bilməz. Orada təcrübəli menecerlər, İT mütəxəssislər, bestseller yazıçılar, milyonluq  qonorarlı aktyorlar var. Amma heç kəs onlardan ziya(işıq) saçan İsa məsih düzəltməz.

Hardan peyda oldu bu təbəqə? SSRİ yarananda kommunist ideologiyası cəmi iki sinfi tanıyırdı: fəhlə və kəndli sinfi. Zaman keçdikcə anlaşıldı ki, hər kəs Marksı oxuya bilməz. Oxusa da dərk edə bilməz. Beləcə xalq kütlələrini xöşbəxt gələcək yuxusunda uyudacaq proletariat şairləri, proletariat yazıçıları, xalq bəstəkarları təbəqəsi ortaya çıxdı. Adı qoyuldu ziyalı.

1937-ci il represiyaları bu şəxsləri də silib atdı. Ancaq donos yazıb başqasına daha tez torba tikməyi bacaranlar canını qurtara bildi. Xruşov dövründə artıq siyasi nomenklatura da ziyalı olmağa iddia etdi. Müharibədən qayıdan nəsil qəhrəmanlar idi. Onlar isə kabinet siçovulları. Sözlərinin keçməsi üçün qiyafələrini dəyişməyə məcbur idilər. Şair, yazıçı kimi bəxti gətirməyənlər akademik, professor, elmlər namizədi adına sığındılar.

Əgər bu ölkədə Ramiz Mehdiyev kimi qəlib düşüncəli adam filosof, Siyavuş Novruzov elmlər namizədi ola bilirsə, bu istək dəbdən deyil. Həmin boz nomenklaturanın insanlar arasında insan kimi özünü təsdiq iddiasından gələn bir şeydir. Bax burdan yaranıb minlərlə lazımsız alim-bürokrat-deputat. Camaatın gözündə ziyalı adını almaqdan ötrü.

Aralarında bəstəkar Kamalın bəxti daha çox gətirib. Ancaq o da rüşvətxor simasını silə bilmək naminə incəsənət yolunda milyonlar xərcləyir.

Kimlər idi meydan hərəkatı zamanı Azadlıq meydanının taxt-tacına oturtduğumuz, ardınca yanaraq “satıldı” dediyimiz şəxslər? Sovet bürokratiyasının elmi dərəcəli qulları. Kimlərdir bugün bir-iki ağız etirazına görə ziyalı deyib göylərə qaldırdığımız şəxslər? Keşmiş Heydər Əliyev nomenklaturası. Ağzı yanmış qalstuklu sakinlər.

Ziyalı adını uca tutmaq nədir, ona tüpürmək lazımdır. Başımız üzərində tutduğumuz bu Budda bütləri yükdən başqa bir şey olmayıb. Neçə gənc parlaq başlar onların kölgəsində itib. Bizim bütlərin azacıq fərqliliyi ondadır ki, onlar ancaq ehramdakı uca yerlərindən endiriləndə danışırlar. Yoxsa  Babil bütlərindən əsla fərqləri yox.

Şəxsən mənim üçün daim azad fikir naminə yazan gənc bloqqer, köşə yazarı qat-qat işıqlı insandır, nəinki “Ziyalı forumu” adlanan qoca yığnağının cəmi. Zamanında Cəfər Cabbarlı “intelligent, itil get” dediyi kimi, “ziyalısan, fırlan keç” deməyimiz lazımdır. Buna nə utanmaq, nə də təəsüflənmək. 

Комментариев нет:

Отправить комментарий