Başlanğıc...

Paz-zollayaninin köşəsi

понедельник, 14 ноября 2011 г.

Ordu toru

Bu dəfə ordu haqqında yazmaq istədim. Həm də bloqqerlərin bu mövzuda yazılarına dəstək olmaq. Azərbaycan adlı ölkənin həbi nizamnaməsi bir kitabda olsa da, hər bir N saylı hərbi hissəsi analoqu olmayan qurumdur. Orduda xidmət edən əsgəri xöşbəxt, ya bədbəxt edən də elə bu nizamnamədən kənar qanunlardır.


Şəxsən özüm elə bir hərbi hissədə xidmət etmişəm ki, orada mətbuatdan oxuduğumuz problemləri ya görməmişəm ya da epizodik hallar olub. Azərbaycanda hərbi hissənin özünün yox, tərkibinin fərqli olması onun daxili qanunlarına təsir edir. Hərbi hissəmizdəki şəxsi heyyətin 1/3 ali təhsilli, şəhər uşaqları idi. Bir qismi vəzifəli şəxslərin yaxın qohumları.

Savadlı əsgər nə qədər çoxdursa, onu qeyri-qanuni şəkildə istismar etmək zabit üçün bir o qədər çətindir. Hələ imkanlı şəxsin qohumu ilə baş-başa gəlmək intihar kimi bir şeydir. Hərbi hissənin heyətinin daim naryadda olması da “dedovşina”, sui-istifadə hallarını yox edən əsas amillərdən biridir.

Təbii ki, Azərbaycan ordusunda baş verən qanunsuzluqlar haqqında biz də xəbərdar olurduq. Haradan? Zabitlərin söhbətindən, qospitaldan qayıtmış əsgərlərin başqa hərbi hissələr haqqında öyrəndiklərindən. Azərbaycanda ən rahat hərbi hissədə belə xidmət keçmək mənəvi bataqlıqda çapalamaq kimidir. Əsas səbəb isə ideoloji tərbiyənin olmaması, hərbinin psixoloji yükü azaldacaq əyləncənin SSRİ ilə müqayisədə  çox alt səviyyələrdə olmasıdır.

Orduda baş verən intiharların, kütləvi qətllərin kökü də hərbi xidmət zamanı əsgərin psixoloji cəhətdən məhv olma səviyyəsinə gəlib çatmasındadır.

Komendat taqımları: Hərbidə ən əziyyətli xidmət növü. İntiharlar və əsgər yoldaşlarının kütləvi güllələnməsi bu xidmət növündə pik həddədir. Sutka boyu növbə çəkən bu əsgərlər onları qaydada saxlaya biləcək yeganə stimuldan-yuxudan belə məhrumdurlar. Xidmət müddətində 2 saat yatmaq icazəsi olan bu əsgərlər bəzən o yuxuya da həsrət qalırlar. Beləki artıq təxrisinə bir neçə ay qalmış “stariklər” öz istirahətləri üçün yeni xidmətə başlamış əsgərləri bu yuxudan  məhrum edirlər. Onlar yatmalı, təzə gələn əsgər zabitin qəfil yoxlanışını xəbər verməlidir.

Xidməti kazarmada səliqəni saxlamaq və digər xidmətləri görmək ehtiyacı yarananda təzə əsgərlər əsl nökərə çevrilir. Məsələyə çoxsaylı bezdirici işlər və təhqirlər əlavə olununca, əsgər psixi partlayış nöqtəsinə çatır. Üstlərində daim döyüş patronu olan silah gəzdirdiklərindən qisas almaq üçün daim şans vardır. Bəziləri isə bu şansı qaçırmır. Nəticədə KİV-ə bir gecədə 5-6 yoldaşını gülləlləmiş əsgərin xəbəri çatır.

 Xidmət müddətini başa vurmağa az qalmış əsgərlərin xidməti postda intihar etməsi də geniş yayılan haldır. Məsələ ondadır ki, hərbi xidmət, təlimlər əsgərə ancaq ilk 3 ayda maraqlı görünə bilər. Qalan müddət isə “sizif əməyini” xatırladır. Daim təkrarlanan, bezdirici təlimlər, naryadlar. Fiziki əmək az sərf edən, amma psixoloji stimuldan məhrum ən güclü əsgər belə intihar həddinə çata bilər. Nəzərə alaq ki, silahlı növbə çəkən əsgər ən azı iki saat dünyadan təcrid olunmuş şəkildə öz öhdəsinə buraxılır.

Azərbaycan ordusunda əsgəri mənən təzələycək yeganə rəsmi əyləncə axşam saat 20:00 verilən AZTV xəbərləridir. Həftə sonu üçün nəzərdə tutulmuş kino nümayişi, konsert, əyləncəli oyunlar kimi tədbirlər isə sadəcə icra olunmur. Olursa da, o da hərdən. İş insaflı zabitin öhdəsinə düşəndə.

Dövlət kanallarındakı konsert proqramları sizi aldatmasın. Bu konsertlər əyalətdə yerləşən ən yaxşı hərbi hissədə belə uzağı ildə bir dəfə keçirilə bilər. Əksər “pokaznoy” konsert proqramları Bakıdakı Biləcəri hərbi hissəsində verilir. O da camaatın gözündən vətənşüvənlik pərdəsi asmaq üçün.

Sovet ordusunda müxtəlif ölkələrdə xidmət edən qohumlarımın əsgər xatirələrini eşidəndə əmin olurdum ki, SSRİ ordusu bizim ordu ilə müqayisədə mənəvi cəhətdən daha möhkəm, daha çox əyləncəli vaxt keçirən əsgər yetişdirib. 20 il axan neft milyonlarının imkanlarına baxmayaraq. Mövzu geniş mövzudur. Davamı var...

Комментариев нет:

Отправить комментарий