Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 30 октября 2011 г.

Kimdir Spartak?!


Oktyabrın 28-də “Xural” qəzetinin baş redaktoru  Əvəz Zeynallı həbs olundu. Əslində gözlənilən hadisə idi. 3 ay ərzində gedən bir döyüşün, iradələr mübarizəsinin sonu idi bu. Son da demək olmaz. Bir sonun başlanğıcı. Bizlər yox, kölə ağalarının sonu.

Amma necə başladı bu son? Sonuncu rəzilliyi nümayiş etdirməklə. Əvəz Zeynallı Ramiz Mehdiyevlərin, İlham Əliyevlərin qarşısında Qoliaf qarşısında duran David kimi mübarizə aparırdı. Kiçik də olsa sınmadan, bir şəxsiyyət nümunəsi verərək.
                        
Həbsin sifarişçisi aydındır. Ramiz Mehdiyev. Qəzetin də mülkiyyətinin müsadirəsi onun iddiası əsasında qaldırılmışdı. Çirkli işin maşası kimi isə adi “uqolovnik” sevgiladələri yox, deputat Gülər Əhmədovanı işlətdilər. Gülər Əhmədovanın deputat kimi zatən bir önəmi yox idi, olan-qalan adamlığını da itirdi.

Əslində bu həbsə hakimiyyətin müxalifət qəzetini məhv etmək, böyük bir auditoriyanı oxucudan məhrum etmək cəhdi də demək olmaz. Həftədə bir dəfə çıxan qəzetlə belə rəzil yollarla mübarizə aparmaq strateji hədəf ola bilməzdi. Əvəz Zeynallının qarşısında xəbisliyindən məhv olmuş kölə ağalarının çırpınışı idi bu çəkişmə. Kölə ağaları əsla azad adamları sevməzlər. Çünki onlar hakim yox, bir heç olduqlarını anlarlar azad insanların inadı qarşısında.

Bu həbsdə məni bir şey ümidləndirdi. Demək boşuna mübarizə aparmırıq, boşuna yazmırıq. Hər şeyə, fövqəl hakimiyyətə sahib bu kölə ağaları rahat durmursa, kinləri daha da qaynayırsa deməli narahatdırlar. Qorxu içindədirlər. Üsyana qalxan on minlər yox, susmayan təklərdir onların kabusu.

“Spartak” filmində belə bir səhnə var. Üsyan qaldırmış kölələri əsir almış sərkərdə Krass soruşur: “Kimdir Spartak?!” Spartak ayağa qalxmaq istərkən yanındakı dostu onu qabaqlayaraq qışqırır: “Mənəm Spartak!” Bir nəfərin ardınca onlar, yüzlər səslənir. “Mənəm Spartak!”. O an Krasın məğlubiyyət anı idi. Fiziki qələbənin, zorun heç bir dəyəri qalmamışdı.

Əvəz Zeynallı da azəri adlı kölələrin arasından üsyan qaldıran bir Spartakdır. Bugün onun qoluna qandal vurula bilər. Ya bizlər? “Kimdir Spartak?!” deyə verilən suala cavab verməyə hazırıqmı? Əlini qaldırıb səsinə-səs verəcəyimiz, susmayacağımız zamanadək kölə ağaları qaliblik həzzini əsla duymayacaq.

“Kimdir Spartak?!” sualının əvəzinə “Kimdir Cabbar?!. Kimdir Bəxtiyar?!, Kimdir Rüfət?” və daha kimlər sualı verilə bilər. Bax, o zaman tərəddüt etmədən verəcəyimiz tək cavab var: Mənəm Spartak!


Комментариев нет:

Отправить комментарий