Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 26 октября 2011 г.

Qəddafilə sevişənlər

Qəddafi ölsə də, ölüm səhnələri yayılsa da, ətrafında gedən polemika hələ bitməyib. Bitməməlidir. Qəddafi dünən öldü, amma belə ölümü öz diktatoruna arzulayan neçə-neçə xalq yaşayır. Neçə tiranı parça-parça edilmək aqibəti gözləyir.

Bəziləri bu video səhnələrə ağız büzsə də, hər gün paylaşılmalı, diktaturaya hər gün xatırlatılmalıdır. Şüur altında qorxu toxumu səpən 2003 il 16 oktyabr videolarını paylaşmaqdansa, Qəddafinin ölümünü canlı yayıma çevirin. Qoy bizim tiranlar da necə aciz olduqlarını hər gün xatırlasınlar. Ən rahat otellərdə belə yuxuları kabusa çevrilsin.

Xalq tiranı üzərində tam qələbə çaldı. Ancaq bu finalda qətl edilən 30 000 məzlum liviyalıya acıyanlar yox, qəddafisevərlər ortaya çıxdı. Yaşadığın ölkədə hər cürə əziləsən, üstəlik başqa bir ölkənin tiranının yasını tutasan. Qəribə deyilmi? Amma maraqlıdır. Qəddafisevərləri bir neçə psixoloji tipə bölmək olar:

1.Səddamistlər: Birinci Körfəz savaşında (1991) xeyli Səddam pərəstişkarı vardı Azərbaycanda. SSRİ-nin dağıl-dağıl vaxtında Qorbaçovun demokratiyasından bezənlər diktator kultu axtarışında idilər. Onlara mənəvi ər olacaq kişi axtarışında. Kişi müsəlman olmalı idi. Bığı, xarizması. Üstəlik Sovetlərin ən böyük ideoloji düşməni Amerikaya kəllə atması onu əsl kulta çevirmişdi. O vaxtlar bazar arvadları arasında axmaq söhbətlər dolaşırdı. “Bəs Səddam böyük bir xəndək qazıb. İçini neftlə doldurub. Amerikan tankları gəlib düşəcək içinə. Hamısı yanıb məhv olacaq.” Öz uşaq ağlımla bunlara gülüb deyirdim: “Təyyarə deyilən bir şey var axı. Xəndəyin üstündən uçmağa nə varki” Qadınları yenə də anlamaq olar. Amma kişi bunu deyirsə çox iyrənc səslənir. 


Yenə o müsəlman kişisi, yenə diktator harizması, yenə Amerika bombası. Bax, bu meşşanlar zamanında Elçibəyin demokratiyasına şıllaq atdılar, Heydərin gəlişində isə bir fahişə məmmuniyətilə onun tərəfindən zorlanmağa razılıq verdilər.

Düzünü desək İlhamda da az günah yoxdur. Dünya mətbuatında adı diktatora çıxsa da, bəzən mütəvazi, bəzən belə gülməli. Geyin əyninə çərkəzi paltarı, sal belinə xəncəri, vur özünü dəliliyə. 10-15 il nədir, azı 30 il hakimiyyətini sığortala.

Zamanında xeyli adam uşağının adını Səddam qoymuşdu. İndi o yazıq uşaqlar nələr çəkir bir özləri bilir. Qəddafini dəstəkləyənlər yaşlı nəslin nümayəndələri olsa da, aralarında o ruhda tərbiyə alan gənclər də var. Sizlər nəbadə uşağınıza Qəddafi adı qoyasınız. Yoxsa dostları bir gün araya alıb deyəcəklər: Səni də bir gün onun kimi yerə uzadıb dalına çomaq soxsaq necə olar?


2.Qəddafini “sol” görənlər: İnternetdə solçular arasında Qəddafinin ciddi solçu-sosialist imici yaranıb. Bilmirəm Qəddafini kommunist saymaq ilk hansı axmağın ağlına gəlib, amma məsələ çox yanlış yöndə gedir. Adam xuntaçı kimi hakimiyyətə gəlmişdi. Xalq üsyanı olunca, müqaviməti də həmin xuntanın gücü ilə məhv etməyə çalışdı.

Ola bilər ki, bir qism onun işsizə 750$ müavinət, tibb bacısına 1000$ maaş verməsi propaqandasına aldanıb Azərbaycanla müqayisədə onu əsl sosialist sayıblar. Doğrusu bu faktlara rus mətbuatından başqa heç yerdə rast gəlmədim. Hollandiyada yaşayan siyasi mühacir İsa Yusiflinin dediklərindən: ”Bugünədək 10 liviyalı mühacirə rast gəlmişəm. Hamısı da qazan dibi yaladıqlarını deyir”

Qəddafini hər hansı sosialist inqilabının rəhbəri saymaq Marksın qəbrinə söymək kimi bir şeydir. Marksizm-Leninizm təlimindən azca anlayışı olan adam bilir ki, bir ölkədə sosialist inqilabının baş verməsi üçün o ölkədə kapitalist inkişafının ifrat səviyyəyə çatması lazımdır. Kapitalist inkişaf nədir, bir neçə balıqçı qəsəbəsindən artıq bir şey yox idi xunta kralı devirəndə. Qəddafi dövründə də ciddi bir şey dəyişməyib. Azərbaycan kimi ölkənin iqtisadiyyatı ancaq neft üzərində qurulub. Şəxsən Liviyanın bir markasını, sənaye məhsulunu tanımıram.

Bütün xarici kapital Tripoliyə yatırılarkən, Benqazi ac saxlanılırdı. Bütün narazılıqlar isə qəbilələr arasına nifaq salmaqla həll edilirdi. SSRİ dövrünü görməyib, nostaljik şəkildə xatırlayanlar üçün belə bir xülya var ki, o dövrdə hamı bərabər və təmin olunmuş şəkildə yaşayıb. SSRİ-də komunizm olduğunu mən də qəbul edirəm, amma Kremlin hasarları çərçivəsində.

1000$ arqumentinə aldanmayın. O pulu bizdə də dövlət orqanlarında işləyənlər maaş+paket+rüşvət şəklində rahatca alırlar. Mənliklərini satmaqla, diktaturaya susmaqla. Qəddafi də pulu belələrinə verirdi. O, nə Salvador Alyende idi, nə də Patrik Lulumba. Ən azğın oliqarx, xalq düşməni idi ki, it kimi də gəbərdi.

3.Humanyaqalar: Dini bağlılıqları olmayan, özlərini liberal, bitərəf, modern, humanizmin keçikçisi sayan təbəqə. Heç bir siyasi istiqamətləri yoxdur, amma sözdə diktaturaya nifrət edirlər. Videolardan sonra belə şərhlər gəldi: "Bu humanizmdən kənar vəhşilikdir. Liviya xalqı öz barbarlığını göstərdi. Mən bunu edənlərə nifrət edirəm”


Əvvala humanizm təlimi kilsənin və dövlətin insan mənliyini məhv etdiyi dövrlərdə yaranıb. Tiranları deyil, sadə insanları müdafiə obyekti kimi götürüb. Barbarlıq isə bütün dünyanın demokratiyaya can atdığı bir dövrdə quldarlıq qaydaları ilə idarəyə razı olmaqdır. İnformasiya əsrində bircə tənqid yazmaq cəsarətindən məhrum olmaqdır.

Burda Çörçilin məhşur ifadəsi yada düşür: “Milyonların ölümü statistika, bir insanın ölümü faciədir” 30 000 adamdan heç olmasa iki-üçünün qətl edilməsi videosu göstərilə, onda başa düşərlər ki, cəllada acımaq nə deməkdir. Ürəyiyumşaqlar, saxta demokratlar, AFU-nun mühazirələrindən başqa heç bir siyasi-sosial tədbirdə görünməyən liberal Buddalar, uzağa getməyin. Öz Qəddafiniz var, onu sığallayın, halına acıyın. Çünki həqiqətən acınalacaq durumda.


4.Müsəlman təəsübkeşləri: Əksəriyyəti təşkil edir. İslamı təsbeh və sünnətdən o yana dərk etməyən bədbəxt kütlə. Onların fikrincə Qəddafi müsəlmançılıqla dəfn edilməli, ya da heç öldürülməməli, əlində təsbeh saqqalını tumarlaya-tumarlaya rahatca ölməli idi. Bakıda Qəddafiyə ehsan verən axmaqlar da bu qismdəndir. Bütün bunların arasında islamçılara alqış düşür. Demokratiyanı sevməsələr də, NATO-ya nifrət etsələr də, Qəddafiyə arxa durmadılar. Necə olmasa da kafirlə mömini ayıra bilirlər.

Demokratiyanın, diktaturadan xilas olmanın qarşısında təkcə silahlı polis kordonu durmur. Həm də şüuraltı diktator aşiqləri, xalq hakimiyyətini hər zaman mənəviyyata qurban verməyə hazır qəddafisevərlər durur. Bax bunlardır gerçək təhlükə, əbədi maneə.

Комментариев нет:

Отправка комментария