Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 22 октября 2011 г.

Bu da son

Bu da son. Yaxın Şərqin və bütün Ərəb dünyasının ən eksravaqant diktatoru gəbərdi. Qəddafi üçün gəbərdi deyirəm, çünki Allah ona nə öz əcəli vəfat verdi, nə də bir gülləlik ölüm. Səddam kimi məhkəmədə müdafiə haqqı da olmadı.

Çoxları onu sevirdi. Qul itaətilə. Nökərin ağasını sevdiyi kimi, fahişənin ilk sevgilisini xatırladığı kimi. Dərk etmədən, içində gizlənən heyvanı fərq etmədən yüz minlər rok ulduz kimi sitayiş edirdi ona.


Qəddafini sakit vaxtlarında xarizmatik tip kimi bəyənənlər də vardı. ABŞ-a kəllə atdığına görə qəhrəman sayanlar da. Ancaq xalqı üsyan edincə bütün diktatorları birləşdirən iyrənclik onda da üzə çıxdı. Xarizma Xalq Cəlladına çevrildi. Yüzminlərin sevgisi milyardların nifrəti ilə əvəzləndi.

Hakimiyyətdən devrilincə kabusa çevrildi. Ən sonda isə kanalizasiya deşiyindən çıxarılan ölü bir siçovul kimi çıxarıldı. Leşi murdarlanıb şəhərin küçələrində sürüldü. Mif beləcə məhv oldu. Şükürlər olsun 9 ay öncə ona arzuladığım son eynən təkrarlandı.


Canlı miflər gec-tez süquta məhkumdur. Əgər hakim insan arxasında bəşəri ideya, həqiqət daşımırsa onun bütdən əsla fərqi yoxdur. Bütün bütlərin sonu isə məzlumların yalın ayaqları altında qalıb çilik-çilik olmaqla bitir. Şübhəsiz bizdə də korrupsiyadan, qul itaətindən başqa heç nəyi simvolizə etməyən Heydər bütlərinin də taleyi belə olacaq. Ehramları talan ediləcək.

Bu son çox bəhanələrin sonunu gətirdi. “Hakimiyyətin milyonları var, polisi var, silahı var, neçə-neçə qoçu dəstələri var. Onlara batmaq olmaz” deyənlərin bəhanəsi əlindən alındı. Onlar ancaq aciz simaları ilə baş-başa qaldı. Sayılanlardan Qəddafidə yüz qat artığı vardı. Bütün Afrika ilə mübarizə aparacaq silahı vardı. Amma heç bir hökmdar xalqı ilə müharibədə qalib olmaz. Xalq insan olduğunu dərk edincə.

Qəddafinin yarıcan halda sürünən bədəni, insan qəzəbi arasında necə can vermə səhnəsi həyatımda gördüyüm ən dahiyanə filmdən belə çox təsir buraxdı. Çünki yüz minlərə edilən zülmün və bu zülmün doğurduğu qəzəbin son həddini gördüm orada.

Videonun göstərildiyi gecə neçə-neçə diktatorun gözünə yuxu getmədi. Bizim əliyevlər daxil olmaqla. Bir var xaricdən gələn kiminsə əlinə keçəsən, bir də var nökərin kimi baxdığın insanların əlində parça-parça ediləsən. Deyirlər Mübarək ağlamış o gecə. Bəlkə də üzüntü yaşları yox, Allah qarşısında  tövbə göz yaşlarıymış. Öz sonunun belə olmamasına, didilmiş leşinin məsxərəyə qoyulmadığı üçün təşəkkür etmiş taleyinə, keçmişinə. Ağlayaraq günahları üçün üzr diləmiş.


Belədir diktatorların sonu. Nə qədər yüksəkdədirlər kin-küdurətləri insanlıq tanımaz. Ayaqlar altına düşdükdə xalqının yalın ayaqlarından da öpməyə hazırdırlar. Təki it qədər ömür yaşasınlar. Qəddafi və ardınca gələcək neçə qəddafilər kimilər üçün bunu demək olar: Kral kimi yaşadı, it kimi öldü!


Комментариев нет:

Отправка комментария