Başlanğıc...

Paz-zollayaninin köşəsi

пятница, 4 мая 2012 г.

Yazzıq Əmrah

Son zamanlar Türkiyədən gələn mədəniyyətin azərbaycanlıların zövqünü korladığı, təhsilini əlindən aldığı, kitab oxumağı tərkitdiyi haqda geniş müzakirə gedir. Bu mövzuda yazılan yazılar, şərhlər birinci deyil, uzun illərin söhbətidir. Nəticə də belədir: “Biz Türkiyənin yaxşı tərəflərini götürüb, pis tərəflərini kənara atmalıyıq” Doğrusu, bu fikir “Avropanın yaxşı cəhətlərini götürüb, pis cəhətlərindən imtina etməliyik” devizi kimi söz çərənçiliyidir.

Qardaşım, Türkiyənin nəyini gördün ki, nəyi haqqında da nəticə çıxarırsan? Təhsil sistemindəmi yetişdin? Dövlət işindəmi çalışdın? ya mədəniyyət adamları ilə həmrəy bir proyekt hazırladın? Türkiyənin seriallarına, kliplərinə baxıb nəticə çıxarmaq, Azərbaycanlı gədənin baxdığı porno filmlərdən “das is fantastiş” deyib alman mədəniyyətinə gülməsi kimi bir şeydir.

Sanki Əmrahı, Tatlısəsi sevməklə azərbaycanlı dəyişdi. Daha sentimental, daha kədərli oldu. Hamamda üz qırxdığı lezvanı götürüb, qollarına çəkdi. Ah, zalım dünya deyib özünü qalstukundan asdı. Bəsdirin, siz canı. İt günündə yaşayana baxıb sızlamaq, amma əlini tərpətməmək, milçək sancmasından ah-nalə qoparmaq bu millətin mentalitetindədir. Mentaliteti deyirəm çünki, düşüncə tərzidir. Öz istəyi ilə özünə zəncir vurmaq istəyi artıq pis vərdiş deyil, genetik yaddaşdır.

İki gün əvvəl Seymur Baycanın “Kasıbçılıq” adlı bir yazısı çıxmışdı. Siyasətdən uzaq, ciddi və kədərli bir yazı idi. Yazılan şərhlər isə bu tərzdə idi: “Seymur Baycan sən deməli istəyəndə yaxşı yazılar yaza  bilərsən. Amma əvvəl yazdığın bəzi yazılar utancvericidir...” və neçə belə şərh. Adam ömrü boyu camaatın görmək istəmədiyi tənqidi yazıb utanc sahibi olub, amma kasıbçılıq haqqında yazan kimi yaxşı yazar.

Yezidə yox, Məhərrəmliyi yas ayına, Aşurəni faciə gününə çevirən şeyxə, hökmdara lənət olsun. Lənət olsun ki, tiranların qulu olmaq istəməyən insanları yazzıqlıq hissinin köləsinə çevirib. Məhərrəmlikdə toy olmaz, əylənmək olmaz; pir, qəbiristanlıq yanından keçəndə musiqini söndürmək lazımdır. Niyə? Olmaya ölülər musiqini eşidib rokn-roll oynayacaqlar.

Əmrahın, Tatlısəsin filmlərindən öncə nə vardı? Valideynlərinizdən soruşun. Kənd yerlərinə hind kinosu gələndə, klubda tərpənməyə yer olmazdı. Gülə-gülə kluba girən adamlar vedrə ilə göz yaşı axıdıb çıxardı. Azərilər hind kinolarına hönkür-hönkür ağlayanda, ruslar “Moskva gözyaşlarına inanmır” filmini çəkirdi. Eyni dövlət, eyni sistem. Nə Tatlısəsi tanıyan vardı, nə Əmraha ağlayan.

Bilirsinizmi ki, 1990-cı ildə 19-dan 20-ə keçən gecə Dövlət Televiziyası hind kinosu nümayiş etdirib. Əksəriyyətin vecinə də olmayıb, meydanda insanlar nə edir. Kinoya baxıb ağlamaq daha vacib idi. Hərdən bəzi tüllablar soruşur ki, “20 yanvarda camaat qırılanda siyasi liderlər harda idi?”. Bu o, “obıvatellər”dir ki, atası adyalın altında hind kinosuna baxıb ağlayırdı. Bu gədələr verdikləri suala qarşılıq bir sualla darmadağın olurlar: “Bəs sənin atan harda idi?”

Təbii ki, 7 milyonun  hamısının meydanda olmasına imkan yox idi. Amma özün etmədiyin işə görə yekəbaşlıq edib başqasından da hesabat soruşma. Sovet getdi, yazzıqlıq hissi qaldı. Daha da şiddətləndi, ədəbi-poetik, siyasi don geydi. Hər kəs hər kəsə bir yazzıq donu tikirdi. Əvvəlcə müharibəni ciddiyə almayıb, “yazıq erməni neyləsin?” dedik, sonra “xalq yazzıqdır”  deyib, Bakının qapılarını Surətə açdıq.

Heydər gəldi, “yazzıq”ları tərəfdarına çevrib, qarşıda dayananlara rəhm etmədi. Bizim üçün adi, amma dünya üçün qəribə bir “yazzıq qaçqın” obrazı yaranmışdı, o dövr. Qaz pulsuz, işıq pulsuz, təhsil pulsuz və s.  Yeməyin də humanitar yardımdan gəldiyini saysaq, bircə əyinə alınan tuman pullu. Çadır düşərgələrində yaşayan bədbəxtləri çıxsaq, qalanları qısa zamanda pullandı. Ömründə bir döyüşdə iştirak etməyib, amma Qarabağa ZİL sürən adamlar “yazzıq veteran” kağızı alır, barmağını stanokda itirən “yazzıq Qarabağ əlili” statusuna yaşayırdı. “Yazzıqlıq” aurası hər şeyi məhv edirdi. İqtisadiyyatı, insanların həyatını, sovetin yaratdığı vətəndaş intizamını. Heydərizm bizi özümüzə yazzığımız gəlməklə qula çevirdi.

O zaman müxalifət də anlamadı ki, hakimiyyətdən Qarabağı tələb etməzdən əvvəl fəhlənin haqqını tələb etmək lazımdır, bu “ilahi manna”nın hardan gəldiyini soruşmaq lazımdır. Birisinin atası eşşək kimi işləyəndə, o birisinin atası eşşək arısı kimi onun əməyindən qidalanırdı. Bəli vaxtında bunların heç birini tələb etmədilər. Qlobal temalar, rejimin legitimliyi ilə məşğul oldular. İndi seçkiyə gedəndə “Qarabağ kartları”na tüpürən də olmur.

Mövzudan uzaqlaşdıq bir az. Türkiyə nə verib? Türkiyə öz əli ilə gətirib nə veribsə ən yaxşsını verib. Bugün Azərbaycanın siyasətinə iddia edən, ortaya beyin məhsulu qoyan gənc tanısanız, başının altından Türk təhsili çıxar. Əli Novruzov, Bəxtiyar Hacıyev, Elnur Məcidli, Orxan Ata, bu temada arada rişxədlə yazan Seymur Baycan, Əli Əkbər və onlarla gənc bu təhsilin yetirməsidir. Azərbaycan məktəbindən çıxıb ABŞ, İngiltərə universitetlərinə gedən çox gənc gördüm. Amma arasından mövqe qoyan vətəndaş görmədim. Maksimum iddiaları “Change istəyirəm”lə bitir. Belələrini BP, Caspian Plazanın ofislərində çox tapa bilərsiniz, amma adam olanını tapa bilməzsiniz.

Orta məktəb illərim tamı tamına 90-ları əhatə edir. Məktəb illərimin ən güclü xatirəsi 20 yanvarın səhəri ilə başlayıb, Elçibəyin rəhmətə getməsi ilə bitir. Azərbaycan məktəblərində müəllimdən güzəşt almaq istəyini, ya müəllimin şagirdin nəyinəsə güzəştə getməsini çox gördüm. Ancaq türk təhsil sistemində belə şey görmədim. Əvəzində insanlıq gördüm, müəllimin şagirdlə dost olmasını gördüm, saqqalsız amma daim turnikdə dartınan, əlindən kitab düşürməyən din adamı gördüm.

Hərdən “yazzıqlıq” donuna sığınan qızlarımız türk müəllimlərdən qiymətin yox, ikicə balın artırılmasını istəyirdilər. Cavab isə bir olurdu: “Kızım ben senin puanını artıra bilirim, amma bununla senin ne zekan, ne de insanlığın artar”. Biz özümüzü yazzıq və nifrət ediləcək hala salırdıq, ağlamalı filmlər çəkən Türk insanı isə heç kəsə haqqından artığını vermirdi.

Türkiyəni murdarlayan çox şey elə Azərbaycandan gedib. Qadın ticarəti, alverə getmək adında kütləvi fahişəlik, “atmağın” qəhrəmanlıq olması. Deyilənə görə, yaxşı bir şey də gedib. O da MHP-lilərin tutduğu bozqurd işarəsi olub. Bir neçə il əvvəl Aygün Kazımova Türkiyəyə getmişdi. Yarıçılpaq Aygünü şoumen Mehmet Ali Erbil xeyli doladı. Aygünü türk serialları, Əmrahın mahnıları soyundurmamışdı ki, özü ora soyunmağa getmişdi.

90-cı illərdə Türkiyədən Azərbaycana çox şey gəldi. Amma biz yazzıqlıq ruhumuza uyğun olanını seçdik. Əmrahın, Tatlısəsin filmləri ilə bir vaxtda, 1989-cu ildə Tunç Başaranın “Uçurtmayı vurmasınlar” filmi də çəkilib. Həbsxanadakı qadınlar və bir uşağın hekayəsindən danışan bu film Oskara namizəd olmuşdu. Bu hadisə indi tənqid edilən “kədərli” türk filmlərinin Azərbaycana start götürdüyü vaxta düşüb. Amma nə götürmüşük.

Nə kasetlər, nə filmlər bizi kitabdan soyutmayıb. Sovet dövründə kitab oxuyan azərbaycanlı da eyni dərəcə saxtakar idi. Adam olmaq yox, Anara oxşamaq üçün oxuyurdular. “Evləri köndələn yar” tamaşasındakı bazarkom kimi. Necə ki, indi kitab təqdimatına gəlib, kitab əvəzinə pivə butulkası ilə çıxıb gedirlər. Müstəqillik gəldi və hər kəsə “özün kimi ol” şansı verdi. Azərbaycanlıların bətnləri necə idisə, mədəni həyat tərzi də elə oldu.

Bu məsələdə ən təəccüblüsü odur ki, uşaqlığında türk filmlərinə ləyən-ləyən göz yaşı tökənlər indi “Kurtlar Vadisinə” baxıb, Erdoğan və Türkiyə siyasəti haqqında ciddi-ciddi şərhlər verirlər. Şərh verdiklərini sanırlar. Amma başqaları bir şey çalanda, Erdoğan öz bildiyini sayır. Necə olur ki, filmdə fahişə obrazı oynayan Əmrahın anasına baxmaq düşükülük olur, amma təşkilata gətirdiyin qızı fahişə etmək haqqında düşünmək müasirlik?!

Türk türk olmağı bacarıb. Hər sahədə. Arabesk musiqisini türk mədəniyyəti saymaq, Üzeyir Mehdizadəni Azərbaycan mədəniyyətinin aynası saymaq kimidir. Məsələ ondadır ki, Azərbaycanda Üzeyirdən başqa mədəniyyət hadisəsi yoxdur, Türkiyə mədəniyyətində Avropaya özünü qəbul etdirməyi bacaran yüzlərlə sənət adamı var. Ən maraqlısı isə bu adamların “İranlaşmağa doğru gedən Türkiyədə” (belə düşünmürəm) ortaya çıxmasıdır. Məndən bu qədər, hadi sizə eyvallah...

Комментариев нет:

Отправить комментарий