Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 16 сентября 2012 г.

Milli çuval

14 sentyabr tarixində YAP və müxalifət partiyaları arasında Avropa Parlamentinin mayor Ramil Səfərovla bağlı çıxardığı qətnaməyə qarşı etiraz bəyanatı imzalandı. Bəyanatın YAP qərargahında, Heydər Əliyev portreti altında, Əli Əhmədovun stol başında oturaraq imzalanması detallarını bir kənara qoyuram. İmzalar Müsavat qərargahında, Rəsulzadə portreti, İsa Qəmbərin spikerliyi altında da atıla bilərdi. Təbii bu zaman simvolların qıcıq yaratdığı söz sahiblərinin əks-arqumentləri maraqlı olacaqdı.

Real politikanın gerçək mahiyyəti simvollarla müəyyən edilmədiyindən bunları bir kənara qoyuram. Ancaq bəyanatı imzalayanların başı üzərində doğma simvollar olsa belə, bu qərarın zərərli tərəfini azaltmır.

Avropa Parlamenti nəyə etiraz edir? - Sənəddə göstərilir ki, "Ramil Səfərovun əfvi Azərbaycanın Macarıstan hakimiyyətinə verdiyi diplomatik zəmanətin pozulmasıdır". Məsələyə 3 tərəfdən baxaq. Ermənilər mayor Səfərovun ömürlük həbsdə qalmasını, hətta ölməsini tərcih edirlər. Azərbaycanlılar törətdiyi cinayətdən asılı olmayaraq azadlıqda olmasını. Bir də məsələyə bitərəf adamın gözü ilə baxın. Macarıstan Avropa Birliyinin üzvüdür. Beynəlxalq çərçivədə qəbul etdiyi istənilən qərar AP-i də əlaqədar edir. 

Dəqiq desək Avroparlament Azərbaycan hökümətinin Macarıstanı aladatmasına, cəzanın geri qalanının vətəndə çəkilməsinə dair imza atdığı beynəlxalq müqavilənin şərtlərinə etiraz edir. Konflikt tərəfi olmadığından etirazında haqlıdır. Heç bir siyasi qurum ona "atış gələn" dövlətlə əməkdaşlıq etməz, gələcəkdə onun xeyrinə olacaq layihələrə səs verməz.

Məgər Avropa Parlamenti YAP hökümətinin onları aldatmasına birinci dəfə etiraz edir? Qəbul etdiyi ilk qətnamədir? Hər seçkidən öncə Azərbaycanın demokratikləşməsi  bağlı İlham Əliyevlə görüşlər olur. Hər dəfə də İlham Əliyev eyni sözü verir: "Sizi əmin edirəm ki, bu seçkilər demokratik keçəcək".
Bəs nəticə? Hər növbəti seçkidən sonra əvvəlkinə şükr edirik. Daha böyük yalanın, daha iri miqyaslı saxtakarlığın şahidi oluruq. Yenə qəzəbli amma bir o qədər də çarəsiz müxalifət mənzərəsi. Nə yaxşı ki, Avropa Parlamenti var. Seçkidən sonra qəbul etdiyi bəyanat və qətnamələrlə müxalif siyasilər bir qədər təskinlik tapır. 

Sözüm imzaya razılıq verən müxalif siyasətçilərədir. O zaman seçki sonrası qətnamələrə niyə etiraz etmirsiz? Axı, bu da "milli məsələ"dir. Beynəlxalq arenada ölkəmizin imici pozulur, AP-nin "qoluboy", lezbiyan deputatları haqqımızda pis-pis şeylər danışır. Buna necə dözmək olar?! Bəlkə demokratiyanı, insan haqqlarını heç zaman "milli məsələ" kimi görməmisiz? İlham Əliyevin yalançı olduğu hər kəsə məlumdur. Bəs siz öz imzanızla bu yalan niyə alət olursunuz?!

"Milli məsələ" deyərək kimi və nəyi müdafiə edirik? Mayor Səfərov - şəxsi zəmində mübahisə etmiş, onu təhqir edən Qurqen Markaryanı yerindəcə vura bilməyib, yatarkən balatalayan hərbçidir. Uşaqlıqda aldığı psixoloji travma nə üçün belə etdiyini izah edir. Ömürlük həbsə məhkum olunub. 8 il həbs həyatından sonra əfv edilib, azadlığa çıxıb. Cəzasını çəkdiyindən məsələni bağlanmış hesab etmək olar.

Sual: Şəxsi zəmində cinayət törətmiş şəxsin müzakirəsi nə zamandan "milli məsələ" olub? Bu Qarabağ problemidir ya ərazi bütövlüyümüzə təhlükə? Yoxsa hər addım başı bu iqtidar tərəfindən pozulan konstitusion haqlarımızın müdafiəsi? Mayor Səfərov nizamnamədən kənar hərəkət etdiyi üçün orduda gənc əsgərlərə nümunə göstərilmir. Döyüş meydanında heç bir şücaəti yoxdur. Tək piarı öldürdüyü şəxsin erməni olmasıdır. Səfərovun kimliyi ilə bağlı hökümət sözcüsü Əli Həsənovun mövqeyi:"Azərbaycan hakimiyyəti, Azərbaycanın ictimai-siyasi dairələri bütövlükdə Ramil Səfərovun Macarıstanda törətdiyi o hadisəni qəhrəmanlıq kimi dəyərləndirmir". Cənablar, belə bir şəxsi "milli məsələ" səviyyəsinə qaldırmaq siyasi axmaqlıq deyilmi?

Tarixdə real politikadan uzaqlaşıb "milli məsələ"lər üzərində siyasət quran partiyalar heç zaman uğur qazana bilməyib. 18 il atəşkəs şəraitinə sakitcə dözən, benzini Gürcüstanda Ermənistana ötürən hökümətin bircə sözünə belə güvənilməz. O ki, qaldı YAP yuvasında bəyanatına imza atmaq. Boşuna deyil ki, Oktyabr inqilabından öncə "Patriotluq alçaqların son sığınacaq yeridir" aforizmi rus ziyalılarının zərb məsəlinə çevrilmişdi.

Qorxunuz nədəndir? Hakimiyyətin sizə "ermənipərəst" deməsimi? Camaatın gözündə pis görünməkmi? Məgər bundan sonra hakimiyyət evinizin, partiya qərargahınızın qarşısında milli maskada hürməyəcəkmi? Hürəcək! AZTV və tulası saydığı özəl kanallarda müxalifətə "ermənipərəst" dedirtməyəcəkmi? Dedirtəcək! Həm də daha həyasızcasına. Özünə arxa tapmış quduz köpək tək.

Birinci Dünya müharibəsi başlayanda Rusiyada müharibəyə etiraz edən tək siyasi qüvvə bolşeviklər idi. Sonadək anti-militarist mövqedə qaldılar. Bolşeviklər vətən xaini idimi? Əsla. İnqilabdan sonra Çar Rusiyasının itirilmiş bütün torpaqlarını qaytardılar. Hətta müstəqillik verdikləri Finlandiya, imza atdıqları Brest müqaviləsi üzərində yaranan Polşayla belə müharibə apardılar. Sadəcə gözəl başa düşürdülər ki, istənilən "milli məsələ" inqilabi hərəkatı boğur. Sosial problemlərini ancaq özü həll edə biləcək insanlar səngərlərdə məhv edilir. Halbuki, Rusiyada bolşeviklərdən daha radikal, daha uğurlu kampaniya apara bilən partiylar vardı. Eserlərin fərdi terroru, Kadetləri uğurlu seçki kampaniyaları onları əsas siyasi qüvvəyə çevirmişdi. Ancaq o zamanadək ki, siyasi iradə bir şəxsin mütləqiyyəti altındadır o siyasi sistemdə heç bir real və təminatlı siyasi uğur ola bilməz. Həqiqəti tək dərk edən bolşeviklər oldu, hakimiyyətə də onlar yiyələndi.

Bugün üçün ən böyük təhlükə İlham Əliyev deyil, milli maska altında hakimiyyət üçün döyüşən Qənirələrdir. Hansı sahə olur-olsun müxalifət hakimiyyətlə rəqabət apara bilməz. Həqiqi demokratiya təklifindən başqa. Fazilmustafalar, qüdrətlər, etibarlar. Bunların hər birinin arxasında "satqın damğası" var. Bəs necə olur ki, bu adamlar satqın ola-ola, YAP üzvü olmadan siyasi mövcudiyyətlərini davam etdirirlər? Məntiqlə iqtidara satıldıqları gün onların siyasi məhvi olmalı idi.

Xeyr əzizlərim, onlar satılmadılar. Bir zamanlar sizin göstərdiyiniz, indi də əl çəkmək istəmədiyiniz "üçüncü yol"la getdilər - Güney məsələsi, Borçalı dərdi, Qarabağ şikəstəsi, dolma siyasəti və s. Dünən sizə də bu yolun ucu göründü.

Yazıçı Əli Əkbərin "Amneziya" romanında maraqlı səhnə var. Ölkədə inqilabi təlatüm yaşanır. Yürüş edən xalq kütləsinin qarşısına çıxan hakimiyyət müdafiəçisi Brilyant Xanlarova kələğayısını yerə atıb deyir: "Prezidentiniz Qənirə Millinin qədrini bilin. Əgər mənə hörmətiniz yoxdursa, keçi bu kələğayının üstündən" 21 il əvvəl Ağdamda olduğu kimi camaat geri dönmür, Brilyant Xanlarovanı təpik altına salıb, kələğayasının üstünə işəyirlər. Bax budur, romanın kuliminasiyası, şüurlarda və realda inqilabın pik həddi.

Cənablar, sabah Qənirələrin "milli məsələ"ni alət edib başınıza işəməsini istəmirsinizsə, bugün işəyin saxta dəyərlərin üstünə. Cidanı çuvalda gizlətmək olmaz. Gec-tez bir yerinizə batacaqdır. Çuval milli materialdan tikilsə də.

P.S. Eynulla Fətullayev ofisində Heydər Əliyevin portretini asdıqda, onu müdafiə etməyimin səhv addım olmadığına bir daha əmin oldum. O portretin altından hələ çox oğlanlar keçəcəkdi. Və keçdi də. "Satqın"lar da, anti-satqınlar da.

Комментариев нет:

Отправить комментарий