Başlanğıc...

Paz-zollayaninin köşəsi

воскресенье, 2 сентября 2012 г.

Sapı özümüzdən olan mayorlar

8 il Macarıstan əsirliyində olan baş leytenat (artıq mayor) Ramil Səfərov Azərbaycana qaytarıldı və təyyarədən düşən kimi əfv edildi. Səfərovu Rembo amerikan əsirlərini azad edən kimi azad etmədilər. Uzun sürən danışıqlar, müqavilə və nəticə. Macar mətbuatının yazdığına görə, Azərbaycan höküməti Macarıstan dövlətinin 3 milyard dollar dəyərində dövlət borcunu (istiqrazlarını) satın alıb.


Yəni Avropa Birliyinə borclu olan, iqtisadi böhran içində çabalayan Macar hökümətinin xilaskarı bizik. Müqavilənin bonusu kimi də Ramil Səfərovun ekstradisiyası. Macarlar bizdən əvvəl ərəb və çinlilərlə də danışıqlar aparıb. Amma onların şərtləri ağır olub.

Pulun düzgün yerə xərclənib xərclənməməsi haqda fikri yürütməyəcəm. Onsuz da hökümət pul məsələsində heç vaxt xalqa hesabat verməyib. Səfərov gəldi, hamı sevindi. Təbii, qənirələr, gənc fərari deputalar hamıdan qabağa düşdü. "Patriotluq alçaqların sığınacaq yeridir" deyiblər, amma elələrinin ildırım sürətilə Ramil Səfərova sığınması məni də təəcübləndirdi.


"Kim sevinir, ya sevinmir?" söhbətlərinə qarışmıram. Emosiyanı obyektiv təhlil etmək çətindir. Amma ermənilərin bu xəbərdən qəzəblənib, özünü heyvan kimi aparması məni şad etdi. Təskinlik tapdım ki, biz dünyanın ən bədbəxt xalqı deyilik. Bizdən daha qorxunc zehniyyətlər var.

Müdafiə Nazirliyi baş leytenant Səfərova 45 min manat ödənməmiş maaşını, 3 otaqlı mənzil və mayor rütbəsi verdi. Pul onun halal haqqıdır. Aygün Kazımovaya ev verilir, ona niyə verilməsin. Amma rütbə məsələsində MN camaatı özünə güldürtməyə bacardı. Hərbi Nizamnamədən azacıq başı çıxan bilir ki, baş leytenant rütbəsindən sonra kapitan verilir. Sonuncu belə addım 1961-ci ildə Xruşov tərəfindən atılmışdı. O, Yuri Qaqarinə birbaşa mayor rütbəsi vermişdi. Düzdür, Yuri Qaqarin bəşəriyyətin kosmosa göndərdiyi ilk insan idi. Ancaq belə hərəkətlərinə görə Xruşovu SSRİ-də idiot kimi tanıyırdılar.

Biz də özümüzü güldürməsək olmazdı, axı. İndi kapitan, prezident seçkisi öncəsi mayor verilməsi çox normal qarşılanardı. Onsuz da hərbidən zərrə qədər başı çıxmayan vətənşüvənləri razı salmaq olmayıb. Onlar birbaşa general rütbəsi tələb edirlər. Eybi yox, hərbiyə gedəndə başa salarlar.

Müəyyən kütlə var ki, Ramil Səfərovun törətdiyi hərəkəti qəhrəmanlıq sayır. Şəxsən Mübariz İbrahimovla müqayisədə onu Milli Qəhrəman saymaq haqsızlıq olardı. Yuxuda adam öldürdüyünə görə, tarix hələ heç bir türkə qəhrəman deməyib. Şuşa qalasını mühasirəyə almış Qacar şah düşmən idi. Onu yatağında qətlə yetirənlərin adını xatırlayan varmı?

Ömürlük həbs hökmü elan olunan il (2006) hərbi xidmətə yollandım. Xidmətdə olduğum müddətdə bir nəfər zabitə rast gəlmədim ki, Ramil Səfərovun hərəkətini qəhrəmanlıq saya, yaxud onu nümunə göstərə. Zarafat deyil, hərbi xidmətə müqəddəs arzularla gəlmiş "maladoy" əsgərə Ramil Səfərovu nümunə göstərirsən. İki aydan sonra "ded"lərin təhqirinə tab gətirməyən gənc əsgər gecə ikən hamını baltalayır. Orduda belə hallar olur. Hələki avtomat atəşi ilə.

Böyük Vətən müharibəsini 1941-ci ilin iyulundan Berlinə qədər keçmiş babanın nəvəsi, Çernobl veteranının, Qarabağda şəhid olmuş Azərbaycan zabitinin qardaş oğlusu kimi deyə bilərəm ki, bu qəhrəmanlıq deyil. Məni belə öyrətməyiblər. Evimizdə müharibə xatirələri eşitmişəm, amma almana, erməniyə nifrət haqda söhbətlər əsla. Çünki nifrət acizlərin nəsibidir. Ancaq qorxu içində yaşayan insanlar kin və nifrətlə nəfəs alır. Roma imperatoru Kaliquya düşmənlərinin fikrini çatdırırlar. Cavab belə olur: "Qoy nifrət etsinlər, o zamanadək ki, qorxurlar"

Erməninin türkə nifərtini tez-tez misal göstərirlər. Erməni etnosu daim əsarət, qorxu içində yaşadığından rəzil xalqa çevrilib. Kölə kimi yaşadığından susmuş nifrət onun tək etiraz vasitəsi olub. Amma getdikcə biz də eyniləşirik, erməniləşirik. Əvvəlcə Heydər Əliyevin imzaladığı rüsvayçı məğlubiyyət, sonra oğlu İlham Əliyevin yaratdığı qorxu rejimi xalqı elə cılız hala salıb ki, o müqavimət göstərə bilmir, ancaq nifrət edə bilir. 92-də Yerevanadək getməyi söz verən Azərbaycan gənci indi dılğır polis serjantına etiraz edə bilməyəcək qədər qorxaqdır.

Kimsə ermənilərin etdiyi vəhşiliyi əks-arqument kimi göstərib, vəhşilik etməyə özünü hazır bilirsə, lazım deyil bizə belə gənclik. Bügünki gənc sabah Qarabağda əlinə keçəcək erməni qadınını zorlayıb, körpəsinin dərisini soyacaqsa, eləsi düşmənimə də qismət olmasın. Müharibə şəraitinin ağırlığını ancaq sağlam psixikada yetişdirilmiş adamlar qaldıra bilər. Sadist təfəkkürlülər yox.

Arada Ramil Səfərovu cinayətkar adlandıranlar da var. Bax bu əsl cındırlıqdır. Cinayətinə görə cəzasını çəkmiş insan cinayətkar adlandırıla bilməz. Bütün ölkəyə tanınmış hərbçi olmasın, 5 manat üstündə dostunu bıçaqlamış məhlə uşağı olsun.

Daha bir məsələ. Anar, Əkrəm Əylisli, Sabir Rüstəmxanlının dərdi götürüb məni. Bu adamlar bundan sonra "sapı özümüzdən olan baltalar" zərbməsəlini necə deyəcəklər axı? 80-ci illərin sonu çox həvəslə soxuşdurmuşdular xalqa. Birdən çaşıb işlətsələr, hansısa qaqaş çıxıb deyəcək: "Bura bax qoca, sən kimə söz atırsan?" Nəsə təzə bir şey fikirləşsinlər.

İşin siyasi tərəfinə baxaq. Şübhəsiz İlham Əliyev bu hadisədən 2013-cü il seçkisi üçün əla piar qazandı. Kimdir 20 ildə Əliyevlərin oğurladığı 48 milyarda fikir verən? Vətənpərvərlik nümayişi ilə ən prinsipal müxalifətçinin ağzını bağlamaq olar.

O ki, qaldı müxalifətə onlar belə paradları hələ çox lomka-lomka izləyəcəklər. Dəfələrlə demişəm. Seçkiyə patriotluq, "Qarabağ kartı" kimi bekara mövzularla getməyin. Qapısı döyülən qaçqın belə, Qarabağ yox, müavinətinə artırılacaq 50 manatın hayındadır. Siyasilər müharibə dövründəki fədəkarlıqlarını həzm edə bilmirlər. Özlərini inandırmağa çalışırlar ki, həqiqi siyasət budur. Ancaq nafilə.

Ramil Səfərov hərbi xidmətinə davam edəcək. Düşünək ki, ermənilərin intiqamından qorumaq üçün onu cəbhə xəttinə yox, Daxili Qoşunlara, yaxud Çevik Polis Alayına işə götürüblər. Bugün onu dəstəkləyənlər 2013 prezident seçkisinin səhərisi günü qarşılarında kaskalı, əli dubinkalı mayor Səfərovu görəcəklər. Ümid edirəm yazdıqlarım səhv çıxar.

Xocalının müdafiəsi zamanı şəhid olub, Milli Qəhrəman adı alan Əlif Hacıyev yəqin çoxunuza tanışdır. Elçibəy tərəfindən Milli Qəhrəman adı verilmiş bax həmin Əlif Hacıyevin qardaşı Rza Hacıyev 2003-cü ilin 16 oktyabrında elçibəyçiləri qanına qəltan elədi. O zaman Çevik Polis Alayının rəisi idi. Qadın uşaq saymadan "Vur!" əmri verdi.


Bugün Heydər bütünün qarşısında baş əyən mayor Səfərov sabah başı kaskalı şəkildə "Vur!" əmri verəcəksə, indidən deyirəm - təəcüblənməyə dəyməz. Bax onda əzilmiş demokratlar yazıq-yazıq xatırlayıb deyəcəklər: "Ah, sapı özümüzdən olan mayorlar". 

2 комментария:

  1. Ramilden bashqa butun yazdiqlarin duzdur.Ramil tek olub onlar cox..hem yatdigi yerde adam oldurmek ermenilere mexsusdur.. nece ki Dashaltida icib yatmis 15 gencimizin basini kesmisdiler..Ramil tek olub, ve en azi 2 ermeni olublar.. hem hec kim dalasandan 15 deq sonra yuxuya ged ebilmez...bu mentiqsizdir

    ОтветитьУдалить
    Ответы
    1. Bu mətbuata açıqlanmış versiyadır. Detallı ancaq istintaq bilir. Hərbi xidmət keçmiş adam kimi deyə bilərəm ki, təlimdən yorğun çıxmış əsgər meyit kimi yatır. Oyatmaq elə də asan məsələ deyil.

      Удалить