18 oktyabr "Müstəqillik günü"
facebookda bu mövzuda xeyli fikir, təbrik yazılsa da, bu günlə bağlı bir cümlə də
yazmadım. Gün boyu aktiv olsam da. İlham Əliyevdən fərqli olaraq mən bu günə
nifrət etmirəm. Tarixi atamın xidmətlərindən ibarət təqvim kimi görmürəm. Ancaq
bir reallıq məni susmağa vadar etdi. Müstəqilliyi dərk etməyən beyinlərə onu
xatırlatmağa nə lüzum?!
İnsanlar var ki, cəmi bir fikri ilə tarixə
düşüblər. İnsanlar da olub ki, bir ömür zəhmət, şöhrət ölümündən sonra tarixdən
yox olmasının qarşısını ala bilməyib. 18 oktyabr 1991-ci il də belə bir gün
idi. Bu gün müstəqillik aktına səs verilib verilməməsi tam formallıq idi. SSRİ
de-fakto dağılmış, SSRİ-nin varisi sayılacaq Rusiya belə öz müstəqilliyini elan
etmişdi.
Azərbaycanın azadlığın uğrunda gerçəkdən nəsə
edənlər isə 1988-ci ildən 1990-cı ilin 20 yanvarınadək edən kimsələr idi. Ancaq
Rubikon keçilməli idi. Qoca əri boşamaq üçün son imza tələb olunurdu. İmza isə
səs demək idi. Müstəqilliyin lehinə səs verənlər tarixə düşdü. Əleyhinə səs verənlər
də.
Bəs tarix kimə haqq qazandırdı? İronik olsa
da, ikincilərə. Məhşur söz var: "Azadlıq dərk edilmiş zərurətdir". Kölələrə
bəxş edilən azadlıq isə əsla zərurət deyil. Çünki hər bir kölənin arzusu kölə
ağası olmaqdır. Əleyhinə səs verənlər müdriklikdən belə etdi, ya qorxaqlıqdan bilmirəm.
Amma onu dəqiq deyə bilərəm ki, lehinə səs vermiş gənc deputat Arif Hacılı Azərbaycan
xalqını heç vaxt əleyhdar Zeynəb Xanlarova kimi tanıya bilməzdi. Onun qul
psixologiyanın incəliklərinə vara bilməzdi.
Sovet dövründən Zeynəb Xanlarovanın konsertlərini
xatırlayanlar bilər. Onun çıxışlarına çalınan alqışlar Heydər Əliyevə çalınan
alqışlarından daha uzun çəkərdi. Konsert zalının başına gedib qayınadanədək
verilən gül buketləri 3-4 cangüdənin qucağına sığmazdı. Azadlıq meydanındakı
kütləni heç bir mitinq lideri onun kimi riqqətə gətirə bilməzdi. Və bu kütləvi
sitayişin Kəbəsi qocaman KQB, Kreml yox, bər-bəzəkli paltar geymiş bir müğənni
idi. İki-üç mahnıdan məst olub, xöşbəxtliyin zirvəsinə ucalan bu kölələri azad
etmək olardımı? Onları müstəqil edib Kəbəsiz, tanrısız qoymaq olardımı? Zeynəb
Xanlarova olsaydınız - xeyr.
"Müstəqillik aktı" imzalanmışdı.
Müstəqillik isə dərk edilməmişdi. 21 il öncə lehinə səs vermişlər tarixə düşdülər.
Amma onlar əsla "Millət ataları" kimi tanınmayacaqlar. Amerikanın
yaradıcıları "Müstəqillik bəyannaməsi"nə imza atan kimi əyinlərinə hərbi
mundir geydilər. Dünənin ingilisi olan amerikanlar müstəqilliyi döyüşərək dərk
etdilər. Azadlıq savaşı aparan kölələr varlıqlarını düz 9 il sonra kölə ağasına
qəbul etdirdilər. Türkiyə də müstəqilliyini eyni yolla fərqli ardıcıllıqla
qazanıldı. Son türkün yaşadığı torpaq azad olunduqdan sonra Türkiyə
Cümhuriyyeti elan edildi.
Bizdə isə? Bizdə isə döyüşlər parlamentdə
gedirdi. Atəş nöqtəsi "4-cü mikrafon". Sonra yüksəkiliklər alındı.
Ancaq getdikcə mövqelər itirildi. Əlbəttə Qarabağda da döyüşlər gedirdi. Onlar
könüllülər idi, OMON-çular idi. Surətin, Əlikramın batalyonu,
"Bozqurdlar"ın dəstəsi. Gerçək döyüş meydanı isə parlament idi. Ən
qanlı döyüşlər orda gedirdi. Müstəqillik savaşının ilk atəşi orada açıldı, kapitulyasiyası
da orada qəbul edildi. Həm də əleyhinə səs vermişlərin qarşısında. Pənah
Hüseynin Əliyevin Bakıya dəvət edilməsi üçün Elçibəyə elçi düşməsi ilə. İsa Qəmbərin
könüllü surətdə istefa verib, öz yerini H.Əliyevə ötürməsi ilə. Etibar Məmmədovun
xalqı xilaskarın qayıdışına inandırması ilə.
Qladiatorlar döyüşdülər. Sağ qalanlar sonda
qılıncları ilə imperatoru salamdılar. Kölələr isə? Kölələr isə əvvəlki tək çörək
və tamaşa tələb edirdi. Ya Kaliquladan, ya Spartakdan. Onlar üçün fərq etməzdi.
"Müstəqillik aktı"na səs vermişlər
- sizlər tarixə düşdünüz. Amma bizə fəxr ediləsi tarix buraxmadınız. Çünki müstəqilliyin
məğlubiyyətinə də sizlər imza atdınız. Bu məğlubiyyətin yükü isə artıq bizlərin
çiyinlərindədir. Bəlkə də bizdən sonra gələcək nəsillərin.
Комментариев нет:
Отправить комментарий