Yenə ara qarışıb, məzhəb itib. Söhbət son
günlər mətbuatda qızışan Fazil Mustafa cəbhəsinə qarşı Zamin Hacı, Şahvələd
Çobanoğlu, Elnur Astanbəyli polemikasından gedir. Malı mala qatmanın səbəbini hələ
də anlamış deyiləm. Vətəndaşın düşməni rejim, sistemdirsə, fərdlə niyə mübarizə
aparılır?
Özü də siyasi şəxsiyyəti əlindən alınmış bir
fərdlə. Rejim isə? Rejim isə dincəlir. Gülər skandalı, DİN cinayətləri, oğurluq
48 milyardı ilə. Təkcə dincəlmir. Həm də baxır, həzz alır. Doğrusu bu qovqada
Zamin Hacıya zərrə qədər tərəfkeşlik hissi duymadım. Onu sındırdılar. Özü də
illərlə yazdığı qəzetdə. Adama deyərlər kimi tənqid edirsən, kimin əlinin
altında işləyə-işləyə?
Polemikanın sonunu görmürəm. Rauf Arifoğluna
kimi sındırmaq lazımdırsa, uff demədən sındıracaq. Necəki bir zamanlar Seymur
Baycan və Əli Əkbəri "Yeni Müsavat"ın redaksiyasına dəvət edib, Pənah
Hüseynin qarşısında sındırdı. Dedikləri sözləri qəzetdə qayçılaya-qayçılaya.
Doğrusu debatın videoyazısı olmadığından Raufun qəzeti həqiqətin tək mənbəyi
kimi qalır. Gəl əksini sübut elə.
Fazil Mustafaya qarşı polemikaya dördüncü
sima - gənc aktivist Rəşadət Axundov da qoşuldu. Məlum oldu ki, Fazil Mustafanı
şərhilə təhqir edən naməlum yuzer yox, bir vaxtlar onun köməkçisi, partiya üzvü
olmuş gənc Rəşadət imiş. Fazil Mustafa nə deyir? Deyir ki, indi üzümə ağ olan
bu gənc o bəndədir ki, vaxtilə bir dostumun köməyilə gedib Macarıstanda oxudu.
Burada etiraz ediləcək nə varki?
"Bəy hamamı"nın pulunu Məşədi İbad
verə bilər. Sən Sərvəri Gülnazın evinə buraxanı göstər. Xaricdə təhsilin haqqını
Soros verə bilər. Ancaq yaxşı bilirik ki, bu işlər "calayan" olmadan
olmur. Kiminsə hansısa layihə üzrə qrant alması, proqram üzrə xaricdə təhsil
alması "mənəvi dayday"sız keçmir. Kimsə durub desə ki, mən heç kimin
köməyi olmadan təşkilat yaratmışam, qrant udmuşam, adama deyərlər "Qardaş
dur get Osmanın yanına".
İşin digər tərəfi. Son vaxtlar gənclərin
tez-tez bir təşkilatdan çıxıb, o biri təşkilata girməsinin şahidi oluram. Evdə
ata-anasından küsən gəlib "mən bu partiyanı, təşkilatı tərk edirəm" deyə bəyanət
verir. Əvvala siyasət uşaq xasiyyətli adamın yeri deyil. Burda Stalin ola bilməsən
də, polad iradəli olmalısan. Xüsusilə, partiya üzvüsənsə.
Qayıdaq Rəşadət Axundov mövzusuna. Doğrusu Rəşadətin
əlindəki barmaqlar sayda təşkilat dəyişdirdiyini bilirdim. Bu yaxınlarda küsəyən
qız kimi "siyasətdən gedirəm" bəyanatı bir xeyli yumor mövzum oldu. Ancaq
mus-mus deyib bizi Mustafa ilə təəcübləndirəcəyini mən də gözləmirdim.
Birincilərin ikinci ilə xeyli əlaqəsi var.
Zamin Hacı, Elnur Astanbəyli, Seymur Baycan, Əli Əkbər - bunlar zamanında
hansısa partiyalarda olub, çıxıblar. Təzədən bir bəyanatla hansısa partiyaya, təşkilata
keçiblər. Hərəkətləri ilə də gənc aktivistlərə nümunə olublar.
Qardaş, partiya tualet deyil ki, sıxışanda
girəsən. Rahatlayanda çıxasan. Kimdənsə küsmüsənsə, siyasətdə "niçevo
liçnovo". Rəhbərlikdən narazısansa, dirən. Necəki KXCP-nin gənc üzvü Qaya
Əliyev etdi. Yatmış qoca Mirmahmudu silkələyib oyatdı.
Facebookda yazdığım "Rəşadət siyasətin Hacıyatmazı
kimidir. Bir yerdə durmur" fikrinə qarşı bir xanım dostum belə yazdı: Bir
yerdə durmamaq yaxşıdır da. Nəyi pisdir ki?
Cavabım: Bir yerdə durmamaq yaxşıdırsa,
Fazil Mustafanı tənqid edənin adı niyə Rəşadət Axundovdur?

Комментариев нет:
Отправить комментарий