Azərbaycandakı
regionçuluqdan, tayfa idarəçiliyindən, yerliçilik heysiyyatından arabir
yazıram. Status və bloq şəklində. Hər yazanda da dostlardan kimsə ilə mütləq üz-göz
oluram. Hətta infosunda demokrat, müxalifət
yazanın biri başlayır səni söyməyə.
Tayfa
heysiyyatı baş qaldıranda bütün ali dəyərlər unudulur. Çünki əksəriyyət üçün
ali dəyər tövləsidir, kəndidir, rayonunun adıdır. Çoxlarının yanında Azərbaycan
və azərbaycanlıları söy, razılşacaq. Rayonu və yerlisi haqda bircə tənqid et, ağzını
açdığına peşman edəcək. Bu cür vəziyyət avropalı üçün traybalizm, dünyagörüşlü
vətəndaş üçün acı reallıqdır.
Aznews.az
saytında maraqlı xəbər oxudum. Oxuyan kimi üzümdə istehza yarandı.
"Yazıçılar
Birliyinin 4-cü mərtəbəsində “Azərbaycan” jurnalının redaksiyasında yazıçı
Elçin Hüseynbəyli ilə tənqidçi Əsəd Cahangir arasında şiddətli münaqşə baş
verib. Münaqişəyə səbəb “Daş yuxular” romanının müəllifi Əkrəm Əylisli
olub. Əsəd Cahangirin Əkrəm Əylislini müdafiə edən çıxışı Elçin Hüseynbəylinin
narazılığına səbəb olub və nəticədə dava düşüb. Dava sonunda Əsəd Cahangir Elçin Hüseynbəyliyə tərəf butulka atıb. Butulka
divara çırpılaraq Elçin Hüseynbəylinin boğazına tuşlanıb. Bu zaman AYB-in məsul
katibi Tofiq Mahmudov əlini qabağa verdiyindən E.Hüseybəylinin boğazı kəsilməkdən
xilas olsa da, sonda T.Mehdiyevin əli doğranıb. T.Meydiyevin əlinə tikiş
qoyulub".
Əsəd
Cahangir Əkrəm Əylislinin əvvəllər də müdafiə edib. Amma İTV-ə efirə dəvət ediləndə
qorxub geri çəkildi. Onu Əkrəm Əylislinin yanında görmədik. Elçin Hüseynbəylini
efirdən tanıdığım qədər heç vaxt belə reaksiya verməyəcək adam tipi var. AYO-çuları
efirə çıxaran da o, olub. Onları televiziya auditoriyasına tanıdan da. Hətta gənc
yazarları qoca kötüklər qarşısında müdafiə edən də. Postmodernizm, yeni düşüncə
sevimli temaları idi. Tam müasir adam tipi. Və belə şey? Amma...
Əmmasından
onu anladım ki, burda "yeraz" söhbəti olub. Ermənilərə çox loyal
münasibəti olan Seymur Baycanı dəfələrlə verilişinə dəvət edən Elçinin niyə
birdən millətçilik damarı tutsun? Canında belə şey olsa idi, acığını elə Seymurdan
çıxardı. Facebookda yazıb soruşdum ki, Elçin Hüseybəyli ermənistanlıdırmı? Gözlədiyim
kimi cavab "hə" gəldi.
Əlimizdə
hadisənin videoyazısı olmasa da, qənaətim budur. Tayfa düşüncəsi, özünü millətin
yox, bir regionun mənsubu kimi görmək ən müasir görünüşlü insanı da mağara
adamıına çevirə bilər. Acı və məni iyrəndirən reallıqdır. Özünə mütərəqqi imic
yaratmış azərbaycanlını çürük qoz çıxarmaq istəyirsinizsə, ilk bu yerindən
vurun. İçi çax deyilərək bir anda açılacaq. Sınağı keçdisə, içi dəçölü kimidir.
Mütərəqqi
saydığım adamların bir anda qatı tayfabaşa çevrildiyi bir neçə dəfə şahidi
olmuşam. "Balta kəsməyən "Daş arzular" yazısını yazanda Avropada
mühacir jurnalist Fikrət Hüseynli yazımı facebookda paylaşmışdı. Yazının
başlığına da təhqir dolu şərh vermişdi. Doğrusu, təhqir məni incitmədi. Əsl
şoku mən Fikrət Hüseynlinin obrazında yaşadım. Təsəvvür edin. Azərbaycanın ən
azad sözlü qəzetində yazan jurnalist, diasporanı birliyə çağıran, rejimlə dirəşib
mühacirət edən insan. Və belə. Azərbaycanda yaşayıb yazsa idi, deyərdim nə isə,
hamımız eyni qazanda qayanayırıq. İllərlə gördüyü o boyda Avropa dəyərlərinə nə
deməli? İnsan ən azından canına hodurmalı idi.
Nümunə
tək deyildi. İnfosunda ABŞ, Avropa universitetlərinina adını yazıb, təhqir
söyüş yağdıran xeyli adamla qarşılaşmışam. Hamısını da eyni şey birləşdirib -
tayfa heysiyyatı.
Əliyevlər
rejiminin Azərbaycanı bölməklə necə acınacaqlı hala saldığını hər gün görürəm.
Vəziyyət daha da eybəcərləşir. Artıq şəhid anasının qarşısına polis qismində
PKK kürdünü çıxardırlar. Yazdıqlarımdan inciyənlər artan dinamikada getsə də,
yazacam. Çünki rayon, region, yerli, qohum kimi dəyərləri özüm için silmişəm. Azərbaycanlılar
da silmədikcə, istənilən avtoritar sistemi nökəri olaraq qalacaqlar.
Vaxtaşırı
tənqid etdiyim naxçıvanlı, yeraz, qarabağlı və digər regional qruplaşmalar ilə
heç vaxt şəxsi problemim olmayıb. İçlərində çox yaxın qohum olduğum insanlar da
var. Taledən şəxsi həyatda zərər gördüyüm rayon sakinlərinin adını heç vaxt
yazıda hallandırmamışam.
Ancaq siyasət, avtoritarizmlə mübarizədə şəxsi
məsələ ola bilməz. Siyasətdən yazdığım yerdə atamı da tanımıram. Əliyevlər bitənədək
ölkədə bütün regional barrikadaları dağıtmaq lazımdır.
Heydər Əliyev və oğlunun Azərbaycandan
oğurladığı 100 milyarda heyfim gəlmir. Çünki insan resursu istənilən maddi
resursdan daha gəlirlidir. Sübutu səhra qumundan başqa sərvəti olmayan İsrail və
onun texnoloji möcüzəsi. Heydər Əliyevə o şeylə yada salmaq olar ki, Azərbaycanın insan resursunu məhv etdi. Hakimiyyətə gələn
kimi hər rayondan, regional qruplaşmadan bir ağsaqqal tapıb, tayfasının başına əkdi.
Özü qazana bilmədiyi hörməti ona bu ağsaqqallar, dəqiq desək, yaltaqsaqqallar
qazandıracaqdı.
Minlərlə
intellektli, vətəndaş kimi yetişə biləcək gənci öz yaltaqsaqqalının yanında
gözükölgəli etdi. Nə var ki, bunu həmin tayfabaş təmsil edir. Yalan danısışsa belə
saqqalına tüpürmə. Həmin gənclər də yaşlaşdı. Qəlibləşdi. Çevrildi bu yaltaqsaqqallara.
Elçin Hüseynbəylini, Əsəd Cahangiri də bu hala salıblarsa, ölkədə vəziyyət
komediya deyil, faciədir.


Комментариев нет:
Отправить комментарий