Bəzən elə şeylər
olur ki, hakimiyyətə təşəkkür etmədən keçə bilmirsən. Nidaçıların ard-arda
həbsləri də bu qəbildəndir. Baxırsan siyasi proses səngiyən yerdə hakimiyyət yenə
qaz verdi. Belə köməyə ancaq çox sağol demək qalır.
Molotov şousu
axşamı televiziyaya baxıb dedim: “Ale, neynürsüz? Parçalanmaqda olan təşkilata
öz əlinizlə can verirsüz”. Bir hakimiyyət ki, gündüz kafelərdə, axşam
internetdə sülənən uşaq-muşaqdan inqilabçı, dövlət çevrilişçisi düzəltdi, belə
ciddi imici xaricdən gətirilən polittexnoloqla da düzəltmək olmazdı.
İndi gəlin keçək
təhlilə. Tanıyanlar bilir. Yarandığı gündən Nida haqda tənqidi fikirdə olmuşam.
2 il öncə dostlar təşkilat haqqında fikrimi soruşanda yaradılan ən uğursuz
təşkilat formatı olduğunu bildirdim. Cəmiyyətə təklif edəcək “Gəlirik”
pafosundan başqa heç nəyi yoxdur. Daxildən çökəcək. Və çökürdü də. Hökümət əl
uzatmayanadək.
Nida ilə
müqayisədə “Dalğa”GH çox uğurlu format idi. Sadə ideoloji alternativləri vardı:
Heydər Əliyevə qarşı Rəsulzadə, İlham Əliyevə qarşı Elçibəy, boz kostyumlu
gəncliyə qarşı rəngli geyinən gənclik. “Alma” qəzeti, internet forumları və s. Ancaq
əridi. Ona görə yox ki, “satıldı”. Təşkilat daxilində mövqe fərqliliyindən
üzvlər bir-bir tərk etdi. Bərkdə-boşda sınanmadığı üçün marginallaşdı. Bəlkə də
hakimiyyət o zaman üzvlərindən kimisə həbs etsə idi, “Dalğa” indi ölkə
arenasında səs gətirən gənclik təşkilatlarından biri idi.
NİDA VH-da
deqredasiya daha sürətlə gedirdi. Təşkilatın nə seçki hədəfi, nə ideoloji
təklifləri vardı. Gəlirik+! və heç nə. Pafos hesabına ucdantutma üzv
yığdıqlarından təşkilat qız tapmağa gələn gədələrin, “party” gəncliyinin yığnağına
çevrilmişdi. Daxili intriqalar, bir-birinin ayağının altını qazmaq baş alıb
gedirdi. Bir təşkilat ki, bütün məsuliyyətini cansız bir qızın kürəyinə
yükləyir, daha onun gələcək mövcudiyyatından danışmağa dəyməzdi.
Bloqqer Taleh
Məmmədov “Nida VH-də nə baş verir?”, “Gəlirik-Nida, Gedirik-Əlvida” yazıları ilə bir çox daxili intriqanı üzə çıxarmışdı. Məsələn 15
sutkalıq həbsdən sonra Zaur Qurbanlıya qarşı öz nidaçısı tərəfindən edilən
şərəfsizliyi heç düşməni də etməmişdi. “Vurulan” Zaurun Nidada fəaliyyəti 0-a
endirilmişdi. Təşkilatı tərk etməsi gün məsələsi idi. Hakimiyyət isə
axmaqcasına onu həbs etdi. Bir var günahı o dəqiqə boynuna alan uşaq-muşaq həbs
edəsən, bir də var hüquq təhsilli bloqqer, gənc siyasi sima.
![]() |
| Zaur Qurbanlı |
İdealist arzularla
gələn xeyli gənc xəyal qırıqlığı ilə təşkilatı tərk etmişdi. Təzə üzv olmaq
istəyənlər isə ərizələrini geri götürmüşdülər. Hakimiyyət əlini tərpətmədən
dayansa idi, yayacan Nidadan bir şey qalmayacaqdı. Onsuz da bir hissəsi xaricə
qaçmaq üçün aksiyaya çıxanlar idi.
Vəziyyət bu cür
idisə, hakimiyyət nə üçün bu qədər ağılsız davrandı? Çünki vəziyyətə nəzarəti
itiriblər. Rusiyadakı tək prosesləri təhlil edəcək analitikləri yoxdur. Qorxu
ilə hərəkət edib, qorxu ilə üstün gələcəklərini düşünürlər. Özləri üçün ağıllı
təklif verəcək adamın qarşısına da Siyavuş Novruzovu çıxarırlar.
Qorxularının
səbəbi aydındır. Gün-gündən artan etiraz və “Əsgər ölümünə son” aksiyalarında
gənclərin iştirakı. Hakimiyyət olaraq heç düşündünüzmü niyə bu gənclər əsgər
ölümünə yox deyir, ancaq parlamentdə qəbul edilən mürtəce qanunlara qarşı
çıxmır, korrupsiya videolarına görə aksiya keçirmir? Ən vacibi seçkiyə maraq
göstərmir. Gerçəkdə istənilən hakimiyyəti narahat edəcək məsələlər elə bunlar
olmalıdır.
Monqolustan olsun,
ya Azərbaycan gənc hər yerdə eyni cür gəncdir. Gənclərin ölümü ilə təkan yığan
eyni hadisələr Tunis, Misir və Çində də olmuşdu. 2010-da 28 yaşlı gənc Xalid
Səid polis tərəfindən həbs edildi. Gənclər Mübarəkin seçkidə qələbəsindən sonra
yox, məhz bu gəncin döyülərək öldürülməsindən sonra internetdə reaksiya
verdilər. Eyni hadisə 2009-da Çində də baş vermişdi. O zaman 24 yaşlı kəndli Li
Qiamoinq Ceyhun Qubatov kimi döyülərək başı əzilmişdi. Polis tərəfindən verilən
izahat isə gülməli idi. Hadisəyə internetdə 100 min adam reaksiya verdi.
Çin nə etdi, Mübarək
nə etdi? Çin qorxutmaq üçün heç kəsi həbs etmədi. Hadisəni tədqiq edən komisiya
yaratdı və o komisiyaya gənc bloqqerləri daxil etdi. Vaxt keçdikcə etiraz
enerjisi də yoxa çıxdı. Mübarək isə yoldan adam tutmaqla mübarizə apararırdı.
Sonu da məlum. Deyim ki, polis və nəzarət miqyasına görə Azərbaycan Misirlə
müqayisəyə gələ bilməzdi.
İqtidar da eyni
yolla gedir. Həbs, su şırnağı, qaz bombası ilə problem həll olunsaydı, Putin
edərdi. Putin 120 minlik mitinqin qarşısına bunlarla çıxsaydı, devrilməsi bir
gün çəkərdi. O, isə növbəti aksiya üçün hər dəfə yer verdi. 120 min nəfər
əriyə-əriyə 1000-1500ə düşdü.
Həbslərlə, yalan
təbliğatla hakimiyyət özünü güclü hesab edə bilər. Ancaq qonşuları ilə
münasibətdə indikindən pis dövrünü yaşamayıb. Onun vəziyyəti daha çox çöldə
əsəbləşib, evdə arvadını döyməklə hirsini çıxaran kişini xatırladır. Ola bilsin
indi xaricdən reaksiya yoxdur. Ancaq seçki çatanda məhz bu həbsləri əsas
gətirib İlham Əliyevin qırtlağından yapışacaqlar.
Sual oluna bilər
ki, 3 gənc nidaçının həbsindən sonra bunlar niyə ard-arda həbslərə davam
edirlər? “Xəps, xəps, yenə də xəps” deyən təfəkkürdən hiyləgər parçalama üsulu gözləmək
olmaz. Təsəvvür edin əməliyyat hazırlayan iki-üç donqili bir-birinə deyir:
“Ayə, biz bunların gündə birini tuturuq. Niyə kirimirlər? Təzələri gəlir. Hıy!”
İzah edim. Yaşlı
nəsildən fərqli olaraq gəncləri bir hiss hərəkət etməyə məcbur edir - ədalət hissi. Yaşlandıqca insan bu
hissi itirir. Atalarından fərqli olaraq gənclərin itirməyə malı-mülkü, işi
yoxdur. Deməli, qorxusu da yoxdur.
Fikir verin.
2009-da Emin və Adnanın həbsindən sonra gənclər təşkilatlarına, siyasi
fəaliyyətə nə qədər gənc qoşulub. Onları dartıb gətirən İsa Qəmbərin
şəxsiyyətinə pərəstiş, hakimiyyətə gəlib vəzifə tutmaq, pul qazanmaq həvəsi
olmayıb. Kimi Emin Milliyə görə gəlib, kimi Cabbar Savalanlıya görə. Tutulanlar
azadlıqdadır, amma gələnlər hələ də təşkilatlarda.
Fikirləşirsinizsə
ki, ofislərdə oturan qalstuklu gənclik hərəkata qoşulacaq. Deyim ki, səhv
edirsiz. Onlar heç vaxt qoşulmayacaq. Qoşulanlar itirməyə heç nəyi olmayan, avtobusa
20 qəpik tapmayan Cabbar Savalanlı kimi gənclərdir. Bu güzəranda yaşayan
gənclər isə az deyil. Hakimiyyət olaraq ağlınız olsaydı, o boz kubik gəncliyə
sərf etdiyiniz milyonlardan bir hissəsini etirazçı gəncliyə sısdırardız. Vəziyyət
də tamam başqa cür olardı.
Nidadan Ruslan
Bəşirli tamaşası düzəltməyin uğuruna ümid
edirlər. O zaman bu addım az da olsa effekt vermişdi. Nə Emin Millinin, nə Cabbarın həbsində bu
effekt alınmadı, bu gənclərdə də alınmayacaq.
Həbs edilənlər
siyasətdən gedəcəkmi? Tam əksi. Mən rejim sındıra bilməyən, amma arvad uşaq
sahibi olan kimi siyasi fəaliyyətinə son verən onlarla gənc tanıyıram. Ancaq
siyasi məhbus olub, qeybə çəkilən bircə gənc tanımıram. Vaxtilə hökümət
layihələrində iştirak edən, ən cəsarətli etirazı fontan qırağına gül qoymaq
olan Emin Milli bugün dissidentə, xarici mətbuatda söz sahibinə çevrilibsə,
bunda ancaq özünüz günahkarsız, cənab hakimiyyət. Siyasi fəaliyyətini öz
istəyilə yoxa endirmiş, üzüyola Rəşadət Axundovu siyasi məhbusa çevirmək cəhdiniz
isə bənzər avamlıqdır.
Zatən molotov
şousundan sonra nidaçıların gözü qorxmuşdu. İnqilabdan yox, Qandi təlimindən
danışırdılar. Azərbaycanda bir kimsənin ağzı Qandi ilə açıldısa, deməli
vəziyyəti qanıb. Həbsləri artırmanız məsuliyyətsiz uşaq-muşağı da məsuliyyət
altına girməyə sövq etdi.
Nidaya lider lazım
idi. 7 başı olan əjdahanı öldürməyə Basat lazım deyil. Ora bir daş atmaq da
kifayət edərdi. Əminəm ki, hakimiyyət həbsxanada Rəşad Həsənov, Üzeyir
Məmmədli, Zaur Qurbanlını siyasi lider kimi yetişdirəcək. Bəlkə də bu gənclər ailə
qurub hərəsi bir tərəfə itəcəkdi. Ancaq o potensialla, ali təhsillə Azərbaycan
müxalifətinə gələcək liderlər qazandırdınız.
Yekun üçün deyim
ki, inqilabi şəraiti “party” gəncliyi yox, əhalinin pisləşən güzəranı hazırlayır.
“Party”də əylənməklə vaxt keçirən bu gənclik sizin üçün qorxu mənbəyi deyil.
Əsl qorxu qara duman kimi gələn “bezprildelşik” gənclikdir. Qubada, İsmayıllıda
onların nəyə qadir olduğunu gördüz. Vaxtı çatanda bax, onlar villalarınıza od da
vuracaq, gözünüz qarşısında qızlarınızı da zorlayacaq.
Ən acınacaqlısı
odur ki, o boyda hakimiyyətdə AYO-nu parçalaya bilən Vüsalə Mahirqızı ağılda
bir kimsə yoxdur. Hər gün banlayan xoruzu necə fərəyə çevirdisə. O birini
Gürcüstana yolladı. Bir digəri başını aşağı salıb kitabını satır.
Hakimiyyət isə
hələ də onu vəziyyətdən çıxara biləcək partiya gəncliyinə zərbə endirməyə davam
edir. Niyə partiya gəncliyi? İzahı gələn yazımda.



Комментариев нет:
Отправить комментарий