19
apreli 2013-ün yadda qalan günlərindən hesab etmək olar. Eyni gündə
bürokratiyanın iki qoca kötüyü yerindən çıxarıldı. 15 il Təhsil Naziri olmuş
Misir Mərdanov Mikayıl Cabbarovla, İTV-nin baş direktoru İsmayıl Ömərov Cəmil Quliyevlə əvəzləndi.
Birincilər
mənsub olduqları tayfanın fəxri, ikincilər Bakı uşaqlarıdır. Rusdilli
"kruq"un dili ilə desək - qaquliklər. Adi yerdəyişmə kimi görünsə də,
prosesə əliyevlər bürokratiyasının yeni epoxası, yaxud rusdilli təbəqənin
reinkarnasiyası demək olar. Qaquliklər və fifoçkalar düz 20 ildir bu günü gözləyirdilər.
Taa Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən.
93-cü
ilin qayıdış kadrlarına baxanlar xatırlayar. Əliyevi tərifləyənlər arasında
rusca danışan xalalar daha fəal idi. İndi eşitmədiyimiz "Qeydar
Aliyeviç" müraciəti o zaman beynimizi deşmişdi. Cəbhə hökümətini ələ salan
rusdillilər keçmiş günlərin qayıtması xəyali ilə yaşayan şıltaq qız kimi Əliyevin
qucağına atıldılar.
Amma
yağışdan çıxıb yağmura düşdülər. Elçibəy onları oturduqları vəzifələrdən tərpətməmiş,
dallarına təpik vurmamışdı. Buna baxmayaraq, Puşkinin dayəsinəcən məlumatlı olan, ancaq "Dədə Qorqud"
dastanında Basatın kimliyini bilməyən qaquliklərin qlamur intellekti milli
hökümətdə heç nəyə yaramırdı. Sönmüşdülər. Hər şeyi başdan öyrənməli idilər. Rəsulzadəni,
milli höküməti, ən əsası azərbaycan dilini.
Əliyev
isə qoca qurd idi. O, rusdililərin necə qorxaq və hərəkətsiz təbəqə olduğunu Meydan
hərəkatı dövründə görmüşdü. Çətin anda onlarla hakimiyyəti əldə saxlamaq
olmazdı. Şəhər proletariatı da qorxulu qüvvə idi. Çünki bu qüvvə Lenin
meydanında başlayan hərəkatla Leninin qurduğu dövləti yıxmış, AXC-i hakimiyyətə
gətirmişdi.
KQB
generalına daha mütəşəkkil, daha vəhşi qüvvə lazım idi. Tayfa! Beləliklə baş rola naxçıvanlılar və ermənistanlılar gətirildi.
Bu qüvvənin köləlik zəncirlərini əldə saxlamaq nisbətən rahat idi. Şəhər insanı
üçün yad olduqlarından daim kənara itilmək kompleksi ilə üz-üzə qalacaqdılar.
Yad adamlar arasında qalmış uşaq tək H.Əliyev onlar üçün ata, əzəmətli
tayfabaşı idi.
Misir
Mərdanovun təyin və işdən azad olunma illərinə baxaq. 1998-2013. Hər ikisi
seçki ili. 15 il - 3 prezident seçkisi. Bu təsadüf deyil. 1998-ci il Əliyev
üçün kritik dönəm idi. Elçibəyin Bakıya qayıdışının revanş təhlükəsi vardı. Təbii,
belə anda sadiq kölələrin lazımlı olduğunu Əliyev əməli ilə göstərməli idi. Seçki
saxtakarlığının ən çox təhsil və səhiyyə müəssələrinin işçilərinin əli ilə həyata
keçirildiyini nəzərə alsaq, bu iki postun yiyələrinin kim olması çox şey deyir.
Qısa
sürən Qeydar Aliyeviç eyforiyasının bitdiyini görən rusdillilərin əzabları da
93-dən başladı. Tezliklə "elit kruq" yox, donqililərin nökəri
olduqlarını anladılar. Elçibəyçilərə üstdən-aşağı baxmaq "volya"ları olduğu
halda, donqililərlə bu keçməzdi. Tək həyat eşqi karyera qurmaq olan rusdillilər
etiraz edən kimi "Ayə, qurumsaq" silləsi ağızlarının üstündən dəyirdi.
Alçalırdılar. Kreslo xətrinə alçalmağa məhkum idilər. 20 ildə etirazları ancaq müxalifətə
lağ etməklə, donqililərdən şikayətlənməklə özünü biruzə verdi. Narazılıqları
uzağı "Parni iz Baku"nun konsertlərində eşidilirdi.
2003-də
İlham Əliyev namizədliyini verəndə gözlərinə yenidən işıq gəldi. Ancaq hələ
vaxtları deyildi. Nə İlham Əliyev Tayfanı yerindən oynadacaq kimsə idi, nə də
bunlar əvəzləyici qüvvə.
Tayfa
qüdrətini itiribmi? Əvvəlki tək seçki onlara etibar edilmirmi? Tayfa hələ də
güclüdür. Ancaq tayfadaxili etibar itə-itə gedir. Tayfa ağsaqqalları olan
nazirlər belə artıq yerlilərini deyil, ailə üzvlərini vəzifəyə təyin edirlər.
Bürokratiya ailə miqyasınadək kiçildisə, tayfa üzvləri də lazımsız əşya kimi
evin bir küncündə tozlanacaq.
İşin
siyasi tərəfinə baxsaq. Hakimiyyət islahatamı gedir? Qanunların mürtəceləşdiyi
ölkədə məmurdan məmura fərq tarlada işləyən kölə ilə evdə xidmət edən kölə arasındakı
fərq qədərdir. Xaricdən "islahata get" təzyiqi var. Baş aldatmaqla
yola verməyin vaxtı isə keçib. 20 ildə əliyevçiliyin sifətinə yaxılmış
kosmetikadan fərqi olmayan rusdilli qaquliklərin təyinatı da sırf kosmetik
islahatdır.
Yaxşılığa
doğru nəsə dəyişəcəkmi? Onu deyim ki, hər bir dövlətin siması onun burjuaziyası
- şəhər təbəqəsi sayılır. Nə özünü "elit kruq" sayan azlıqdan, nə də mədəniyyət
əvəzinə tövləsinin üfunətini gətirən tayfabaşlardan dövlətə idarəçi olmaz.
Birincilər əhaliyyə rəiyyət kimi xor baxacaqlar. Necəki əvvəllər baxıblar. İkincilər hər kəsi özləri səviyyəsində görmək
istədiklərindən çoxluğu alçaldacaqlar. Çoxluq ilə hesablaşmayanların sonu isə gilyotin,
ya da dala girən çomaqdır. Dövlət başçısı kübar XVI Lüdovik olsun, bədəvi Qəzzafi,
fərq etməz.
Dövlət
idarəçiliyi üçün nümunəvi idarəçilər böyük şəhərlərdə doğulmuş, yaxud məktəbi şəhərdə
oxumuş, ana dili millətin dili olan, yüksək təhsilli sadə ailələrin
övladlarından çıxacaq. Məhz onlar çoxluğu özlərinə bərabər görəcəklər. Azad düşüncəli
saytlarda yazılar yazan bu nəslin artıq xeyli nümayəndəsinə rastlamaq olar.
Siyasi
kuluarlarda gedən söhbətlərə inansaq, qaquliklərin qayıdışı Mehriban Əliyevanın
təşəbbüsü ilə bağlıdır. Eyni analogiyanı Tunis diktatoru Ben Alinin arvadı
Leyla Trabelsi aparmışdı. Ölkə elitasını Fransa və İtaliyada təhsil almış tələbələrdən
qurmağa çalışan bu qadın Tunisdə göyərtisatandan rüşvət alınması sahəsində belə
islahata gedilməsində maraqlı deyildi. Nəticə isə məlumdur. İnqilab və
geriqayıdışı olmayan aviabilet.


Комментариев нет:
Отправить комментарий