Əliyevlər
ailəsinin növbəti ofşor qalmaqalı çıxdı. Çıxdı. Amma kimsə təəccüblənmədi.
Oğrunun oğru olduğu, Azərbaycanın sərvətlərinin planetin ən kiçik nöqtələrində
gizlədildiyi zatən hər kəsə bəlli idi.
İfşa
məsələsinə gəldikdə Əliyevlər ifşa olunmaqdan yoruldu, mətbuat ifşa etməkdən yox.
Artıq 2010-cu ildə dünya mediasında çıxan Dubay villaları qalmaqalı faktı
qarşısında olduğu kimi şok və qəzəb içində deyillər. Prezident Aparatı səviyyəsində
biznes maxinasiyasını təsdiqləyirlər. Qınamaqdan keçib məsələyə təhlil gözü ilə
baxaq.
Azərbaycan
adlı obyekt Əliyevlərə məxsusdursa, nə üçün bu mülkü dünyanın o başında sənədləşdirirlər? Burda sənədləşdirib, şirkətləri
ilə bağlı bütün məlumatı məxfiləşdirə bilərdilər. Etməyiblər. Böyük qardaşları
Rusiyaya da etibar etməyib, Panamanı, Vircin adalarını seçiblər. Məsələ ondadır
ki, Əliyev ailəsinin bir il sonra Azərbaycanda qalıb qalmayacağı bağlı gələcəyə
etibarı yoxdur. Sonun mümkün ehtimalını hakimiyyətə gəldikləri 2003-dən
düşünüblər.
Sual
oluna bilər ki, inqilab olsa adlarına özəlləşdirdikləri zavodları, mədənləri
bellərinə sarıyıb aparan deyillər ki? Elədir. Ancaq düşünün ki, hüquqi dövlət
qurduq. Dubaydakı mənzilində oturan Leyla Əliyeva beynəlxalq məhkəməyə baş
vurur. Vaxtilə özəlləşdirdiyi bütün əmlakın hüquqi varisliyini, gəlirlərini tələb edir. Biz də demokratik dövlətik,
axı. Zülfüqarlı qardaşlarını dama basıb zavodlarını əlindən alan kimi kimsənin
var-yoxunu ala bilmərik.
Tək
yol qalır. O da boşevizm. Yəni bütün hüquqi baryerləri heçə sayıb, əmlakı tam
müsadirə. Belə bir gələcək mümkündür. Qərb israr edərsə. Ancaq onu deyim ki, Qərb
də artıq diktatorların var-yoxuna hörmət eləmir. Qəddafi Liviyanın neft pulları
ilə İtaliya, İsveçrə şirkətlərinin yarısını almışdı. Qarajınacan müsadirə etdilər.
Qəddafinin sərvəti gəbərəndən sonra açıqlanmışdı. Əliyevlər ailəsinin sirlərinin
indidən açıb tökürlər. Dünya çox kiçikdir. Nə qaçmağa, nə də gizlətməyə yer
qoyublar.
Ofşor
sirləri oğurluq milyardlarla yanaşı bir həqiqəti də ortaya çıxardı. İlham
Əliyevin qızlarından başqa ətrafında güvənəcəyi bircə adamının olmaması
reallığını. Bir tərəfdən fikirləşirsən, o boyda prezident çirkli biznes
maxinasiyalarında qızlarının adının keçməsinə niyə razı olur ki? Keçirərdilər N
familiyalı bir tanışın adına, yola verərdilər. Bizlər mentalitet söhbətinə görə
yazmırdıq, Qərb ki, belə şey qanmır. Görünür, o bir nəfər də yoxdur. Doğrusu,
bir insan kimi İlham Əliyevə acıdım və ilk dəfə ona yaxşı bir şey arzuladım.
Sizə Allahdan canınızı deyil, heç olmasa malınızı tapşıracaq etibarlı dost
arzulayıram, cənab prezident. Bircə dost.
Hakimiyyət
vəkillərinin ofşor eybini örtmək cəhdləri lap maraqlıdır. Deputat Azay
Quliyev:"Prezidentin qızları biznesmen ailənin üzvləridir. Bunu
prezidentin adına yazmaq doğru deyil". Ailə biznesi İlham Əliyevin deyilsə,
demək Araz Ağalarovundur. Araz Ağalarov isə Rusiya vətəndaşı, Putinin Əliyevə
qarşı yaratdığı "Milyarderlər ittifaqı"nın üzvüdür. Azay Quliyevin məntiqi
ilə getsək Azərbaycanın sərvəti Araz Ağlarovun cibində, Araz Ağalarov isə
Putinin ovcundadır. Bədbəxtçilik ondadır ki, rus qoşunları sərhədi keçmədən Azərbaycanın
mülk kimi Rusiyanın əlində olması görüntüsü yaradılır. Nə deyirəm. Məntiqinizə
quzu kəsim.
Комментариев нет:
Отправить комментарий