Yenə
Xocalı, yenə qaramat, ay brat, ay brat! Xocalı faciəsinin ildönümü hər il eyni
cür keçir. Ziyarət, televiziyada ağlaşma, sosial şəbəkələrdə uşaq cəsədlərindən
fotolar paylaşan gənc sadomazaxistlər. Dəyişən bir şey yoxdur. Vətənpərvərlik
adına xaricdə yuyulan çirkli pulların artan məbləğindən başqa.
Hələ
xaricdə oxuyan qızlarımızın hər 26 fevral çıxardığı oyunları demirəm. Təbliğatın
üstündə dayanmayacam. Onsuz da hər şey saxtadır. Seçki saxta, qanun saxta,
tökülən göz yaşları saxta. Xocalının müharibə cinayətindən genosidə necə çevrildiyini
hələ də anlaya bilmirəm. Daha irəlisi, bu genosid oyununun Azərbaycan üçün gələcək
təhlükəsini görürəm.
Liditse,
Xatın - hər biri II Dünya müharibəsinin Xocalısıdır. Bu yaşayış məntəqələri
yerlə-yeksan edilib. Əhalisi son nəfərəcən güllələnib. Amma heç biri genosid sayılmır.
Qətliama görə Çexiya və Belarusiya heç vaxt Almaniyaya genosidin tanınması
ittihamı irəli sürməyib.
Bəs
bizə nə olub? Əvvala deyim ki, azərbaycanlıların siyasət adına heç bir gələcək
siyasi planı olmur. Diplomatiya adına nə edilirsə ermənilərin, Rusiyanın
yamsılanması şəklində edilir. Adamlar baxıb qərar veriblər: erməni diasporunun
"genosidi" varsa, bizim niyə milli genosidimiz olmasın?
Bu məntiqlə
bostan tərəvəzi də olmaq olar, seqreqasiyaya məruz qalmış zənci də. Soyqırımda
müəyyən şəxslər günahlandırılırsa, onlar müharibə cinayətkarı sayılır. Hərbi cinayətkarlar həbs edilərək
beynəlxalq məhkəməyə çıxarılmalı, ya da İsrail nümunəsində ifşa edilərək məhv
edilməlidirlər. Yox əgər cinayət subyekti kimi dövlət göstərilirsə, genosidin
dövlət siyasəti olduğunu sənədli şəkildə sübut etmək şərtdir.
Bədbəxtçilik
ondadır ki, Xocalıya girən erməni silahlıları Azərbaycan ərazisində yaşayan etnik
ermənilər idi. Azərbaycan dövlətinin vətəndaşları idi. Laçın dəhlizi hələ işğal
olunmamışdı. Dağlıq Qarabağın Ermənistanla birbaşa əlaqəsi yox idi. Belə çıxır
ki, ya Ermənistan gecə ilə ora havadan desant tökmüşdü, ya da bir gecədə onların
hamısına Ermənistan pasportu verilmişdi.
Qətliamda
silahlı qüvvə kimi iştirak edən yeganə xarici dövlət Rusiya və 366-cı alayı
idi. Hüquqi cəhətdən dövlət subyekti kimi ittiham edə biləcəyimiz tək tərəf də
elə Rusiyadır. Amma nə əvvəllər, nə də indi Əliyevlər ailəsinin Rusiyanı nədəsə
ittiham etməyə hünəri çatmayıb. Üstəlik hadisə ilə bağlı Rusiya vətəndaşlarının
adı beynəlxalq qurumlara göndəriləcək sənədlərdən çıxarılıb.
Rusiya
cəhənnəmə! Cinayətkar istəyirsiz, alın sizə Köçəryan, Sarkisyan. Azərbaycan tərəfi
bu adamlara qarşı heç vaxt rəsmi ittiham irəli sürməyib. Uzağı 5-6 qocanı AzTV-ə
çıxarıb erməni söydürüblər. Xocalı qətliamında əli olan Sarkisyanla xizək sürən,
görüşlərdə hırıldayan İlham Əliyevin fotolarını istədiyiniz qədər tapa bilərsiniz.
Və bu dövlətin başçısı Xocalını dünyaya genosid kimi sırımaq istəyir. Gülməli
deyil, gülüncdür.
Yadınıza
gələrsə, 2000-ci ildə Arif Rəhimzadə Xocalı cinayətkarlarının adı olan siyahını
Milli Məclisin müzakirəsinə çıxarmışdı. Siyahıda 17 nəfər azərbaycanlının adı
vardı. Köçəryan, Sarkisyan, Rusiya tərtəmiz qalmışdı. Xocalını üçüncü dünya ölkəsi
Meksika, Kolumbiya parlamentində tanıtmaqla deyil. Sabah məsələni beynəlxalq
tribunala çıxarsan, bu sənədləri dürmələyib Azərbaycan tərəfinin ağzına
soxarlar. Erməni silahlı birləşmələrinin Azərbaycan vətəndaşı olması bir yana,
üstəlik etnik azərbaycanlılar da genosid icraçısı imiş. Alın, bu da sizə "Genosid".
Mediada
Xocalıya genosid desinlər, ya müharibə cinayəti fərq etməz. Amma məsələnin bu şəkildə
dünyaya tanıtdırılması Azərbaycanın özü üçün qazdığı quyudur. İsrail nümunəsini
götürək. Bu dövlət Xolokostdan başqa heç bir genosidi tanımır. Xolokostun özü
belə İsrail dövlətinin yaranmasından öncə qəbul edilmişdi. Düşünmək olardı ki,
yəhudilər özləri qırğına məruz qalıb. Başqa xalqları başa düşüb, onların faciəsinə
şərik ola bilərlər. Milli genosidləri tanıyarlar. Ancaq bu olmur.
Məsələ
ondadır ki, İsrailin dövlət siyasətini başıboş qənirələr yox, gələcəyi
hesablayan praqmatiklər müəyyən edir. İsrail özü müharibə şəraitində yaşayan dövlətdir.
Müharibə şəraitində isə hərbi cinayətin
törədilməməsi qeyri-mümkündür. Mülki əhaliyə atılan hər güllə, dağıdılan hər kənd
hərbi cinayət əməlidir. İsrailin bugünədək törətdiyi yüzlərlə müharibə cinayəti
var. İndi hər iddiaçı xalqın milli genosidini tanısa, sabah öz etdiklərini də
genosid kimi tanımaq məcburiyyətində qalacaq.
Sabah
Azərbaycanı geridönüşü olmayan müharibə gözləyir. Bu artıq müdaifə yox, hücum
müharibəsi olacaq. Dağlıq Qarabağda Livandan, Suriyadan gəlmiş
"boyevik"lər döyüşməyəcək. Qarabağda doğulmuş, oranı vətəni sayan
yerli erməni əhalisi və həmin əhalidən təşkil olunmuş özünümüdafiə dəstələri
döyüşəcək. Atəş nöqtələrini susdurmaq üçün isə yaşayış məntəqələri artileriyya,
qrad atəşinin altına verilməli, kəndlər yerli-yeksan edilməlidir. Azərbaycan
ordusu ABŞ ordusu deyil ki, hədəfi 1 metr dəqiqliyəcən vura bilə roket kompleksləri,
kosmik idarəetməsi olsun. Və mülki əhalinin öldürülməsi iddialarından yaxa
qurtara bilsin.
Bugün
bir Xocalını genosid kimi müzakirə ediriksə, sabah qabağımıza beş-altı "erməni
Xocalısı" faktı qoyacaqlar. Özü də bu "Xocalı"ların icraçısı hansısa
etnik "boyevik"lər yox, Azərbaycan dövləti olacaq. Bax, budur təhlükə!
Budur Xocalı bataqlığı.
Hələki
heç kəs baş verənin fərqində deyil. Ancaq xərçəng şişinin ucu görünür. Keçən il
Kaliforniya senatorlarından biri "Sumqayıt hadisələri"ni genosid
faktı kimi tanıntdırmaq üçün yerli qanunverici orqana təklif vermişdi. 6-ı azərbaycanlı
olmaqla, 32 nəfərin öldürüldüyü xırda etnik münaqişə və genosid.
Təəccüblənməyin.
Genosid oyunu bu tempdə davam edərsə, Sumqayıt da tezliklə Xocalı olacaq. Tükiyənin
bu vaxtacan "erməni genosidi"nə qarşı "türk genosidi" arqumenti
ilə çıxış etməməsinin tək səbəbi sağlam siyasi məntiqdir. Azərbaycan isə.. Azərbaycan isə, bir repdə
deyildiyi kimi "bunlar hamısı boş başlar, rüşvətxor oğraşlar, şərəfsiz
rejimdə yaşayan qul vətəndaşlar".


dediklərinizlə razıyam, yürüdülən siyasət həqiqətən gülünc və mənasızdır. Sarkisyan demişdiki "Azərbaycanlılar elə bilirdi biz mülki əhaliyə silah yönəldə bilmərik, amma biz bu stereotipi qira bildik, onların qarşısına Sumqayıtdan gələn erməniləri çıxartdıq". Rusiya əvvəldən məntiqli siyasət yürüdüb, Azərbaycanı yaxşı qarışdırıb millətlərlə. Hər nəysə, Zori Balayan, sarkisyan kimilərin cəzasız qalması ədalətsizlikdir. Və hər 2 ölkədəki quruluşlar dəyişməmiş heç bir irəliləyişə nail olmaq mümkün deyil.
ОтветитьУдалить