"Daş
yuxular" romanına görə zülmətin Əkrəm Əylislinin üzərinə gəlməsini görəndə
söz verdim ki, nəyin bahasına olur-olsun yazıçını müdafiə edəcəm. Hətta yazıçı
fikirlərindən imtina etsə də, bu hakimiyyətin qarşısında diz çöküb yalvarsa da,
əfv diləsə də yenə müdafiə edəcəm. İnsan gec-tez ölür, sınır, amma fikir
yaşayır. Şükrlər olsun ki, İctimai televiziyanın efirində gedən debatda yazıçı nə
kitabından imtina etdi, nə mövqeyindən. Zülmətin qarşısında Promotey kimi
dayandı. Nəinki iqtidarın, onu danan yarımçıq demokratların əvəzinə də dayandı.
Hakimiyyətdən
heç nə gözləmirəm. Gələcəkdə də gözləməyəcəm. O ancaq zülmətdir. İfadə
azadlığını boğan, istənilən işıqlı fikri
udan qara dəlik. Onun idarəçiliyi də, millətçiliyi qədər iyrəncdir. Teledebata
fikir verdinizsə, Fərəc Quliyev xaric Əkrəm Əylislinin qarşısına çıxarılanların
demək olar hamısı ermənistanlı idi. Bu hakimiyyətin milli maraq deyə sırıdığı dəyər
region qarşıdurmasına enəcək qədər səviyyəsizdir. Ancaq buna görə Əkrəm
Əylislini sonunacan müdafiə etməyə dəyər.
Hakimiyyətlə
hər şey aydındır. Onların dəylərlərinin təmsilçisi Zahid Orucdur, Fəzail
Ağamalıdır, Siyavuş Novruzovdur. Ya demokratlar? Onlardan axı həmişə nəsə gözləyirik.
Özü də ən saf, ən insani olanını.
Bu məsələdə
mənə ən böyük xəyal qırıqlığını elə müxalifət yaşatdı. Demokratik dəyərlərin
gerçək sınağı məhz belə anlarda yaşanır. Müxalifət isə bu sınaqdan yarımçıq
demokratlar kimi çıxdı. Bu günədək müxalifətin etdiyi səhvlərdən təəssüf hissi
duymuşam. Bugün liderlərin Əkrəm Əylisli haqqında dediklərindən utanc duydum. Təkrar
edirəm - utanc.
"Əkrəm Əylislinin yazdığı o uğursuz romanda tarixi həqiqətlər
saxtalaşdırılıb, Azərbaycan xalqına böhtan
atılıb, milli və dini heysiyyatına toxunulub. Bütövlükdə milli maraqlarımıza
zidd mövqe ortaya qoyulub. Bizə qarşı istifadə etmək üçün düşmənə yaxşı təbliğat
vasitəsi bəxş edilib" - bu sözləri kontekstdən çıxarıb müəllifsiz təqdim
etsəydilər, deyərdim hansısa ağamalının fikridir. Münasibət bildirməyə belə dəyməz.
Ancaq...
3 müxalifət liderinin də yazıçı haqqında
fikirlərini oxudum. Üçündən də utanc duydum. Əkrəm Əylislini tarixi
saxtalaşdırmaqda günahlandıran Əli Kərimli ixtisasca hüquqşünas, Lalə Şövkət həkimdir. Və heç biri tarix üzrə araşdırmaları ilə tanınmır. Amma
Əkrəm Əylislini tarixi saxtalaşdırmaqda günahlandırırlar.
Əkrəm Əylislinin 1918-ci ildə baş verənlərlə
yazdığını nə təsdiq, nə də inkar edə bilərik. Çünki ən azı o dövrdə
yaşamamışıq. Ancaq 1989-da KQB nəzarətində evlərə soxulan bir qrup yerazın
etdiklərini onlardan heç biri inkar edə bilməz. Bu o İsa Qəmbər deyildi ki, Ren
Tv kanalının hazırladığı sənədli filmə verdiyi müsahibədə həmin şəxsləri öz əlləri
ilə tutduqlarını və milisə təhvil verdiklərini demişdi. İsa bəy, bəlkə onlar da
erməni milliyətindən idi?
Ermənilər yaşayan evlərin meydan hərəkatı
üzvü olmuş cəbhəçilər tərəfindən qorunduğunu dəfələrlə şəxsi söhbətlərdə
eşitmişəm. Kimlərdən qoruyurdular? Məhz əlində siyahı erməni evini soymağa, qızlarını
zorlamağa gələn azərbaycanlılardan. O azərbaycanlıları nə qonşuları tanıyırdı,
nə də Bakı sakinləri. Əkrəm Əylisli də bunları yazıb.
Azadlıq meydanında hərəkatçılar bu ölkənin
azadlığını tələb edəndə, bir yığın oğraş şəhərdə şərəfsizliklə məşğul idi. O şərəfsizlərin
xidməti idi ki, Kreml gecə-gündüz AXC-i "ektremist qüvvə" kimi
qaralayırdı. Amma bugün o hərəkatçıların liderləri bu həqiqətləri dilə gətirməkdən
qorxurlar. "Milli maraq" deyib, bir yazıçını tənqid etməyi daha təhlükəsiz
iş sayırlar.
Tüpürüm o dəyərə ki, onu müxalifətlə iqtidar
ortaq paylaşır. Sizlərin gerçək demokratiyanı, aydınlığı müdafiə etmək şansınız
vardı. Ancaq qaragüruh qarşısındakı qorxuya ram oldunuz. Əkrəm Əylisliyə
atdığınız o sillə "O Mıkırtıç Qarabağın bütün bəylərindən qeyrətlidir" deyən Zərdabiyə,
Hop-Hopnaməni erməni xeyriyyəçilərin puluna çap etdirən Sabirə dəymiş oldu.
Dediyiniz tənqidlərdən sonra hakimiyyəti söz azadlığını boğmaqda qınamanız qara
qəpik də etməz. Əylislinin dediyi kimi "Bunun qiymətini və cavabını zaman
verəcək". Şübhəsiz verəcək. Bax, o zaman tarix sizləri maarifçilərlə yox,
fəzaillərlə yanaşı qoyacaq.
Hər
dövrün hakim, mürtəcə ideologiyası olur. 100 il öncə bu şəriət idi, 50 il öncə sovet
beynəlmiəlçiliyi, nə yazıq ki, bugün kor millətçilik. Düşünün bu hadisələr indi
yox, 70-ci illərdə, Elçibəyin mühakimə olunduğu zaman baş verir. İndiki liderlərə
siyasi sima kimi münasibət bildirmək şansı verilib. Bir tərəfdə SSRİ-nin
"işıqlı" ideologiyası beynəlmiəlçilik, digər tərəfdə tək insanın
müdafiə etdiyi Turan ideyası. Heç şübhə etmərəm ki, bu bəylər Elçibəy üzərində qurulmuş
məhkəməni qınayar, ancaq Əbülfəz Əliyevi sosializm maraqlarını satmaqda,
leninizm ideyalarına böhtan atmaqda ittiham edərdilər.
100 il
öncə mollaların nüfuzuna xələl gətirmək nə dərəcə təhlükəli idisə, bugün o kor
vətənşüvənlərə qarşı getmək bir o qədər qorxuludur. Ona görə tarix maarifçilik
adına azərbaycan xalqını deyil, Axundovu, Mirzə Cəlili, Sabiri yaşadıb.
Soruşa bilərsiniz müxalifətin başqa seçimi var
idimi? Bəli var idi. Məsələni tam iqnora qoymaq. "Bu hakimiyyətin
oyunudur, özləri bişirdiyi yeməyi özləri yesinlər. Biz yaxın durmarıq" deyə
bilərdilər. Hətta Əkrəm Əylislini hakimiyyətin adamı kimi xarakterizə edib,
münasibət bildirməyə bilərdilər. Amma bildirdilər.
Ac
balıq gec-tez tilova düşdüyü kimi ictimai diqqətdən kənarda qalma sıxıntısı bu
adamları oyunun içinə atdı. Siyavuş Novruzovun, Fəzail Ağmalının, Zahid Orucun
qaşıq salıb yediyi qazandan yeməyə başladılar. Halbuki bir az iradə göstərib
uzaq dura bilərdilər. Müxaliflər "Daş yuxular" romanı ətrafında
yaranan qalmaqalı problemlərdən diqqəti yayındırmaq üçün hakimiyyətin oyunu adlandırır,
həm də öz istəkləri ilə bu oyuna qoşulurlar. Gülünc deyilmi?
Lider
kanalının 5 fevralda Əkrəm Əylisli əleyhinə hazırladığı reportajda israrla
müxalifət liderlərinin məsələyə münasibət bildirilməsi tələb olunurdu. Onlar
susmaqda günahlandırılırdı. Nə vaxt görmüsüz ki, hakimiyyət kanalları hər hansı
bir məsələ ilə bağlı müxalifətdən mövqe istəsin? Məqsəd aydın idi. Müxalifəti
"İlham Əliyevlə eyni dəyərləri paylaşırıq" deməyə təhrik etmək.
Bilmirəm bizim liderlər Lideri eşitdilər, ya sadəlöhvlüklərinin qurbanı
oldular. Ancaq hakimiyyət istəyinə nail oldu.
Demokrat
dostlara "Niyə belə qorxaq mövqe nümayiş etdirirsiz?" sualı verirəm. Cavab
verirlər ki, xalqın səsini itirməkdən qorxuruq. Əzizlərim, bu vaxtacan itirə-itirə
gəlmisiz, daha nəyi itirəcəksiz? 2010-da parlamentdəki son yerlərinizi də
itirdiniz. Hanı o xalq, hanı o səs?
Fərz
edək ki, mən demokratiya haqqında heç nə bilməyən, erməniyə nifrət ideyası ilə
yaşayan sadə vətəndaşam. Seçki zamanı İlham Əliyev və müxalifət arasında
qalmışam. Hadisələri izləyirəm. İlham Əliyev erməniləri tənqid edən sərt bəyanatlar
verir, müxalifət İlhamı tənqid edir. Prezident 162 m uzunluqda bayraq dirəyi
ucaldır, müxalifət tənqid edir. Peykimizi kosmosa uçurdur, müxalifət yenə tənqid
edir. İndi mən səsimi kimə verməliyəm? Əlbəttə ki, İlham Əliyevə. Bəylər, seçkidə
bu kütlədənmi səs almağı umursunuz?!
Bəlkə
Əkrəm Əylislinin evi qarşısında aksiya keçirən oğraş yığını bir daha Əli Kərimlinin
evi qarşısında aksiya keçirməyə getməyəcək? 2010 parlament seçkisində hakimiyyətin
İsa Qəmbəri nədə ittiham etdiyi yadından çıxıbmı? Gürcüstanın, Ermənistanın
müxalifət partiyası ilə birlikdə müqaviləyə imza atmaqda. O zaman İsa Qəmbər
demokrat idi. Çünki bunu demokratik gələcək naminə etdiyini deməkdən
qorxmamışdı. Mən də bütün qəlbimlə İsa Qəmbərin yanındaydım. Amma bu günün
demokratiya sınağından o yarımçıq çıxdı.
Hadisənin
digər traqikomik tərəfi illərlə kitab oxumayan müxalifətçilərin kitab haqqında
ard-arda münasibət bildirməsidir. Hakimiyyətlə məsələ aydındır. Saakaşvili
"Əli və Nino"dan sitat gətirəndə lom-lom baxan yap-ın deputatları
idi. Pul və cəhalət onların tək dəyəridir.
Əlbəttə,
bütün ədəbi romanları oxumağa müxalifət funksionerlərinin nə vaxtı var, nə də
buna lüzum. Bədbəxtçilik ondadır ki, bunlar siyasət sahəsində Quran sayılacaq
kitabları da oxumurlar. 17 yanvar ANS-in "Açıq söhbət" verilişində
Nurəddin Məmmədli makiavellizmi əxlaqsızlıqla müqayisə edəndə mən qızartıdan əllərimlə
üzümü tutdum. Bu adamlar bircə dəfə Makiavellini rusca "Hökmdar" əsərini
alıb oxusalar, anlarlar ki, makiavelizm elə ideal və əxlaqlı siyasət dedikləri şeydir. Eyni
siyasi səhvləri hər dəfə təkrarlamazlar. İnandırım sizi Nurəddin Məmmədlidən
tutmuş Seymur Həzisinəcən makiavellizmi hələ də əxlaqsızlıq sayırlar.
Buna
baxmayaraq hər kəs "Daş yuxular" haqqında fikir bildirməyə tələsir.
Azərbaycan siyasətçilərinin nəsə öyrənə biləcəyi bir roman varsa, o da Əli Əkbərin
"Amneziya"sıdır. Bu kitab bircə dəfə siyasi müzakirəyə çıxarıldımı? Çıxarılmadı.
Partiya liderləri tərəfindən partiya üzvlərinə məsləhət görüldümü? Görülmədi. Reallığı
dərk edən azərbaycanlının hakimiyyətə, müxalifətə münasibətini ifadə edəcək
bundan dəqiq əsər yoxdur. İnqilab və hakimiyyət haqda başqa romanlar da
yazılıb. Məsələn Zümrüd Yağmurun "Allah qayıdır?!" romanı qəzəb və
nifrət dolu söz yığını, Pərviz Cəbrayılın "Yad dildə" romanı
istedadlı, ancaq adi oxucunun çətin anlayacağı qəliz romandır. Bugün haqqında
müzakirə açılacaq roman "Daş yuxular" deyil, "Amneziya"dır.
Qayıdaq
"Daş yuxular"a. Bu roman sənət əsəri deyil, ancaq gələcəyin əsəridir.
Özünü müttəhim kürsüsündə təsəvvür edə bilməyən nə ermənilər, nə də azərbaycanlılar
bu tip romanı qəbul edə bilməz. Amma vaxt gələcək "Daş yuxular"ı
tolerantlığın, humanizmin pioneri kimi təqdim edəcəklər. İlham Əliyev özü zülmətdir,
onun etdikləri də. Efirdə akademiki söyüb qovan, Avropada Aydan Salahovanın sənət
əsərinin üstünü qara örtüklə örtən də bu təfəkkür sahibidir.
İlham
Əliyev Cumhuriyyət dəyərlərini alçaldır, ancaq onun qızı Leyla Əliyeva ölkə xaricində
o dəyərlərlə öyünür. Sabah Leyla Əliyeva erməni propaqandasına qarşı "Daş
yuxular"dan sitat gətirsə, təəccüblənməyin. Axmaq vəziyyətinə düşən də siz
olacaqsınız, cənab yarımçıq demokratlar.
Siyasətçilər
ətraflarını atəşə verirlər və hamını bu tonqalda yanmağa dəvət edirlər. Amma
yazıçılar bütün körpüləri yandırmamalıdır. Sülh üçün bütün ümidlərin kəsildiyi
yerdə onlar sülh mayak olmalıdır. Əkrəm Əylislinin də missiyası budur. Həyatında
iki-üç kitab oxumuş kor beyinlər bunu dərk edə bilməz.
Bəs
münaqişənin təzəcə qızışdığı 1989-cu ildə vəziyyət necə idi? Ziyalılar nə
düşünürdü?
"Andronik
elə qan dənizinin içində üzür ki, Şaumyana bağlamaqla onu təmizə çıxarmaq
olmaz, əksinə bu onun qanını Şaumyana çiləmək, Şaumyanın Azərbaycanda əziz
tutulan, hər vasitə ilə əbədiləşdirilən adına ləkə salmaqdır". "Ömür
kitabı"1989 səh. 94 Sabir Rüstəmxanlı.
Sabir
Rüstəmxanlı bu sözləri Andronikin cinayətlərini sadaladıqdan sonra Şaumyana
jest olaraq yazıb. Digər sitat:
"Və
nəhayət, özünə lazım olanda daha qəddar bir paşanı - Andronik paşanı nə məntiqlə
və nə haqla xalq qəhrəmanı sayır? Məgər mən tək bir Zori Balayana görə bütün
erməni xalqına nifrət etməliyəm?!" "Ömür kitabı" səh.100
Mən
bu cümlələrə görə nə Sabir Rüstəmxanlını ittiham etməyə, nə də təəssüflənməyə çağırıram.
Əksinə təqdir edirəm. O, milli mövqe nümayiş etdirərkən sülh üçün ümid yeri də
qoyub. Siyasətçinin yox, ziyalının yazmalı olduğunu yazıb. "Daş
yuxular"da təsvir olunan hadisələr elə həmin 1989-cu ildə Sumqayıtda,
Bakıda baş verərkən, ortaya bu cür ziyalı mövqeyi qoyulub. Ancaq bugün Sabir
Rüstəmxanlı müxalifətin millətçi qolunun öndərlərindən biri kimi tanınır. Təəssüflənməyə
dəyərmi? Əsla.
1989-cu
ildə yazılan bu cümlələr Azərbaycan xalqı tərəfindən çox rahatlıqla qəbul
olunurdusa və "Ömür kitabı" bestsellərə çevrilmişdisə, indi nə olmuş
bizlərə? Nə üçün bu tolerantlığı 2013-də göstərə bilmirik?
Səbəb
təkdir. 20 ildə bizi cılızlaşdıran, qorxu və nifrət hissi ilə yaşayan məxluqata
çevirən Əliyevlər rejimi. Bizlər də günahkarıq, əlbət. Hakimiyyət bizi hər cür
şantaj edərkən, üstlərinə getmək əvəzinə demokratiyanı balta altına verən, bizlər.
Bu cəhalətdən, bu rəzalətdən qurtulmaq naminə istənilən seçici səsini qurban
vermək olar. Bir ovuc səsi itirməklə əvəzində bir milləti ayıltmaq olar. Bax
buna görə mən də bir Əkrəm Əylisliyəm.

Комментариев нет:
Отправить комментарий