Şuşanın
işğalının ildönümü ilə əlaqədar mia.az saytı hal-hazırki Şuşanın fotolarını
yayımlayıb. Desəm ki, içim sızladı İlham Əliyevdən fərqim olmaz. Əksinə
sevindim. Şuşa mənə itirdiyimiz cənnəti xatırladı. Cənnət diyar Qarabağı yox. SSRİ-nin
qoyub getdiyi, müstəqillikdən sonra öz azərbaycanlımızın əli ilə məhv etdiyi yaşıl
cənnətini. İşğal olunub zorlanmış köhnə Bakını. Bakı ilə doymayıb məhv edilən yaşıl
rayonları.
İndiki
Şuşa başdan-başa yaşıllıqdır. Bəli, bu insan əli dəyməyən yaşıllıqdır. Ancaq
bir insanın içində yaşaya biləcəyi ən ideal mühitdir. Şuşanın meşələri
qırılmayıb. Dağları kilometrlərcə hasarlanmayıb. Ortasına milyonluq villalar əkilməyib.
Ağacları qırıb hər küncdə bir obyekt tikməyiblər. Ermənilər satıb yox, atıb
getdiyimiz Şuşanı 20 il sonra olduğu kimi saxlayıblar. SSRİ dövründə qurulmuş
yol nişanlarına belə əl dəyilməyib.
Torpağın
kimin ərazisi olmasının əhəmiyyəti yoxdur. O torpağı cənnət edən də, arzu edilən
ölkəyə çevirən də üstündəki insandır. Almanlar günəşli günlərin azlığına görə yay
istirahətini Tükiyədə keçirirlər. Amma on türkdən altısı, on azərbaycanlıdan
doqquzu Almaniyada yaşamaq istəyər. Çünki Almaniyanı Almaniya edən almandır,
bir başqası yox.
Füzulidən
fotolara baxıram. Dağıdılmış universam, univermaq, dağılmış bazar. Universitet,
kitab mağazası, elmi institut yox, məhz bazar. Sadəcə isimlərinin müasirliyi ilə
fərqlənən 3 bazar. İşğaldan qabaq bircə məktəb tikilib, o da fundament halında qalıb.
İndi erməni bu bazarları dağıtmaqla, bazar təfəkkürlü insanları qovmaqla pislik
edibmi? Özü üçün qətiyyən yox.
Erməni
etdiyi pisliyi ancaq burdakılara edib. Çünki o bazar təfəkkürlü insanlar Bakıya
gəlməklə meşə salmadılar. Olan qalan ağacı da kəsib yerinə bazar tikdilər.
Cənnəti atıb, başqaları üçün cəhənnəm inşa etdilər. Təbriz (keçmiş Çapayev) küçəsindən
keçənlər yəqin "Şuşa" restoranı ilə qarşılaşıb. Bakının o səmti tək-tük
yaşıllıq olan yerlərdən biridir. Amma Allah bilir o restoranı tikəndə nə qədər
ağac kəsiblər. Və onun nümunəsində kəsilmiş ağacların yerində ucalan yüzlərlə
kafe, restoran, sauna.
Qarabağın
yaşıl meşələri, göy çəmənləri olduğu kimi qalıb. Bakıda viran edilən məscidlərin
əksinə müsəlman məscidi yerindədir. Kimlərki hay-həşir salıb "ay erməni meşələrimizi
qırır" deyir, qələt edir. Bu o şəxslərdir ki, Ziya Məmmədovun Qubada, Kəmaləddin
Heydərovun Qəbələdə hasara saldığı hektarlarca meşəni görəndə gözü kor, dili
lal olur. Mən fotolarda Şuşanın dağlarını sovet filmlərində olduğu kimi gördüm.
Amma uşaq vaxtı istirahət üçün getdiyim Qubanı indi tanıya bilmirəm.
Gün
olacaq bu ölkəyə humanist, demokratik hökümət başçılıq edəcək. O hökümət
Qarabağ üzərində hərbi gücünü bərpa edəcək. O gün biz nəyi itirdiyimizin fərqinə
varacayıq. Və o zaman anlayacağıq ki, cənnət olan Qarabağ deyilmiş. Ermənisiz,
öz əlimizlə cəhənnəmə çevirdiyimiz itirilmiş Azərbaycanmış.




Комментариев нет:
Отправить комментарий