Türkiyədə
son həftəni əhatə etmiş Gezi Parkı dirənişi artıq başa çatır. 29 mayda polisin
parkdakı çadırları yandırmasıyla başlayan toqquşma 1 iyunda pik həddinə çatdı.
Kiçik qruplar nəhəng kütləyə çevrildi. Müqaviməti qırdı. Elə meydana girən kimi
o enerjini itdi. Xırda-xırda toqquşmalarla davam etsə də, dünənin inqilabçı adı
taxılan gəncliyi bugün adi hippidən fərqlənmir.
Zatən
belə olmalıydı. Party gəncliyindən heç zaman inqilabçı çıxmaz. Nə burda, nə
Türkiyədə. İnqilabı hər şeyini itirmiş, heç bir ideoloji baxış qəbul etməyən
"bezpridelşik" gənclik edir. Ya da üsyan qaldırmış ordu hissələri.
Etirazın
ilk günləri "Tayyipi tarihe gömeceğiz. Sen bittin" deyən əyyaş dəstəsinin
heç bir siyasi hədəfi yox idi. Ölkəsindən asılı olmayaraq gerçəkləşdiriləcək
siyasi çevrilişlərin dəyişilməz qanunları var. Öncə teleqraf, poçt, televiziya
tutulur. Sonra küləyə küçəyə çıxıb dövlət binalarını zəbt etmələri mesajı
verilir. Ordu qruplarının hərəkətə keçməsi də əsas şərtdir.
"1960
darbesi" o qədər professionallıqla hazırlanmışdı ki, Menderesin devriləcəyi
əvvəlcədən bəlli idi. O zamanın Mendersi də indinin Erdoğanı kimi qaykaları
sıxırdı. Öncə mətbuata əhalini özündən çıxaracaq dezinformasiyalar sızdırıldı.
Sonra universitet qrupları etiraza başladı. Polis ələ alındı. Etirazçılar bir tərəfdən
həbs edilib o biri tərəfdən buraxılırdı. Kursantlar etiraz yürüşü keçirdi və
hərbçilər son nöqtəni qoydu.
Spontan
nəhəng kütlə ilə də inqilab mümkündür. Ancaq ordunun loyallığını qazanmaq şərti
ilə. Loyallıq olanda nəticə Misir, Rumıniya kimi yekunlaşır. Olmayanda Liviya,
Suriya kimi. Etirazçılar müqaviməti qırdı və Taksimə girdi. Girən kimi nə etdilər?
"Şerefe Tayyip" deyə içməyə, əylənməyə başladılar. Sanki bunları bir
az qaz bombası ilə qızışdırıb sonra meydanı öhdələrinə vermək lazım imiş. Başqa
heç nə. Eyni taktika digər şəhərlərdə də işə yaradı. Taksim yaradan enerjini
Taksim də söndürdü.
Türkiyədə
demək olar hər gün, ən azı hər həftə polisin zorla müdaxilə etdiyi aksiyaları
görürük. Ancaq bu sayda yox. Ağacın kəsilməsinimi gözlədilər? Əslində veclərinə
də deyildi. Necəki onlarla generalın, yüzlərlə jurnalistin həbsini sakitcə izləmişdilər.
Etiraz etməmişdilər. Meydanda insan ölümü partlayış nöqtəsi oldu. Bənzər reaksiya
döyülərək öldürülən əsgər Ceyhun Qubadovun fotolarının yayılmasından sonra
olmuşdu. Avtoritarizmlərə məsləhət: Döyəcəksən amma öldürməyəcəksən.
Erdoğan
diktatordumu? Hüquqi anlamda leqal seçimlə gəlmiş və seçimlə dəyişən hökümət
başçısının diktator statusu ortadan qalxar. Məsələ kimin hansı istiqamətdən necə
baxmasındadır. Atatürk Uinston Çörçil üçün diktator idisə, Şərq üçün ideal
demokrat obrazı idi. Eyni ilə Hitler. Bu şəxslərin heç biri hakimiyyəti zorla qəsb
etməyib. Keçirdikləri islahatlar isə ümumxalq müqaviməti ilə üzləşməyib.
Antik
dünya filosofları tiran və diktator anlayışlarını ayırırdılar. Tiran hakimiyyəti
zorla, hiylə ilə qəsb etmiş, hakimiyyət resurslarından ailə və qohumlarının mənfəəti
üçün istifadə edən şəxslərə deyilirdi. Bizim Əliyevlər kimi. Diktator isə müəyyən
müddətə (müharibə, qarşıqlıq) qanunla fövqəl səlahiyyətlər verilmiş dövlət
başçısına. Müddət bitəndə səlahiyyətlər də alınardı və yaxud yenidən seçki yolu
ilə verilərdi.
Generalların,
jurnalistlərin həbsinə etiraz etməyən bu qədər insan içkisi əlindən alınınca
niyə etiraz etdi? Əslində Türkiyə 30 illik siyasətinin əsirinə çevrilib. Bugün
Erdoğanın həyata keçirdiyi bütün dəyişiklikləri 1982-ci ildən bəri bütün hökümətlər
söz verə-verə gəlib. "Biz bu darbe anayasasını değiştireceğiz" deyən CHP
deyildimi, CHP idi. "Başörtüsünü üniversitelere sokucağız" deyən millətçilər
deyildimi, millətçilərdi. "Juntacı generaller cezalansın" deyən
solçular deyildimi, solçulardı. Məhkəmə qərarına mühakimə olunanlar deyil, media
üsyan edirdi. Erdoğan söz verdi, gəldi və etdi.
Bugün
Erdoğana qarşı etiraz edənlər bu dəyişiklikləri azadlıqların məhdudlaşdırması
adlandırır. Halbuki illərlə verdikləri vədləri yerinə yetirməyə qorxdular. Eynən
Almaniyada, Avstriyada da yəhudi kapitalına düşmən çıxışları ilə səs alıb deputat,
şəhər meri seçilən onlarla siyasətçi olub. Ancaq vəzifəyə oturan kimi loyal
liberala çevrilib vətəndaş etibarını satıblar. Və bunlar Hiterin gəlişinə qədər
baş verən hadisələrdi.
Başörtüst,
xunta, PKK, inflyasiya, xarici borclar - 30 illik Türkiyə siyasətinin
propaqanda hədəfləridir. Günahkarlar hökümətlər, spekulyasiya edənlər hər cür müxalif ideolojik qruplardı. Hakimiyyəti dövründə Erdoğan bir-bir bunların
üstündən xətt çəkdi. Müxalifətin binalarını deyil, siyasi vədlərini əlindən
aldı.
Bəs
Erdoğan harda səhv etdi? Xalqa kafa tutduğu anda. Bugünədək Türkiyə siyasəti
teatr səhnəsi idi. Baş rol onda, ikinci plan müxalifət liderlərində idi. Oyunu
o qurar, o, da dəyişərdi. Xalq da tamaşaçı kimi əl çalardı. Çünki master klası o,
göstərərdi. Amma etirazlar pik həddinə çatanda televiziyaya çıxıb xalqa meydan
oxudu. Kütlə bunu əsla bağışlamaz.
Yerində
və azadlığı uğrunda məntiqli etiraz edən tək qrup sənət adamları idi. Onlar
sıxılır və dözmək istəmirdilər. Qalanları adrenalin atmaq üçn etiraza çıxanlar
idi.
Gezi
Parkı direnişi son illərin tək sifətsiz aksiyası idi. Ancaq heç bir siyasi hədəfinə
çatmadı. Çünki bunu edənlər siyasi hədəfi olmayan əyyaş dəstələri idi. Ver əllərinə
içkilərini, çalıb-oynasınlar. İdeolojik qrup aksiyaları isə davam edəcək. Yenə
ülkücülər solçulara, PKKçılar millətçilərə qarşı olacaq. Yenə beşiktaşlılar polisə
deyil, Fənərə meydan oxuyacaq. Ancaq bugün yarımçıq qoyulan iş sabah baş
tutmayacaq.


Ela fikirlerin var amma ki onlar neyese nail oldular. Onlar 7 telebini bildirdiler sade de olsa dediler. O kicik qrup artiq basa dusdu ki boyuk kutle olduqda olkeni cokdure bilecekler evvellerse qorxurdular. Bizim olkede hemcinin ele.
ОтветитьУдалить