Rusiya
və Azərbaycanda bir gün fərqi ilə bənzər iki hadisə baş verdi. Hər ikisi dövlət
başçısı, hər ikisi onların xanımları ilə bağlı idi. İlk xəbər Putin cütlüyünün
rəsmən boşanması oldu. Vladimir Putinin arvadı belə izah verdi ki, iş sıxlığı
ilə ərini demək olar ki, görmür. Publika qarşısına çıxmağı sevmədiyindən xarici
səfərlərə tab gətirə bilmir. Bir sözlə, Putin daim məşğuldur.
İkinci
hadisə YAP-ın keçirilən qurultayında Mehriban Əliyevanın İlham Əliyevin partiyada birinci müavini
seçilməsi oldu. Mehriban Əliyevanın millət vəkili olması, zamanla ölkə sərvətlərini
şəxsi bank hesablarında cəmləşdirməsi məlum fakt idi. Ancaq iqtidar
partiyasının idarəçiliyinə girməsi qeyri-formal "first lady"
statusuna mütləq hakimiyyət statusu qazandırdı. Heydər Əliyevin İlham Əliyevi
müavin təyin etməsi ölkədə "ata-oğul hakimiyyəti"nin başlağıcını
qoymuşdusa, məlum hadisə "ər-arvad hakimiyyəti"nin əsasını qoydu.
Sual
oluna bilər ki, Azərbaycan Rusiya təcrübəsilə idarə olunursa, niyə arada bu qədər
fərq var? Avtoritarizmlərdə sistem sistemin yoxluğu deməkdir. Yəni hər şey dövlət
başçısının şəxsi nəzarəti, dünyagörüşü və hətta tamahı ilə müəyyənləşir.
Putin xanımına kiçik diqqət ayıracaq qədər məşğul
adamdır. Səfərlərini lent kəsmək üçün etmir. Hesab soruşmaq üçün edir. Hər şeylə
detalınacan maraqlanır. Məmur aparatını hər məqamda narahat edir. Korrupsiya ilə
yeyilən pulların hesabatını istəyir. Xırda müxalifət lideri ilə məşğul olacaq qədər
total nəzarət saxlayır. Əsl KQB intizamı. Azərbaycanlılar bənzər mənzərəni Heydər
Əliyev zamanı seyr edirdilər. Bir fərqlə ki, Əliyevin dilindən heç zaman
korrupsiya ittihamı səslənməzdi.
Ya sistem
yoxdursa və dövlət başçısı belə intizama malik deyilsə? O zaman balansı yetkin
oğullar, ya da föst ledilər tənzimləyir. İmelda Markos, Evita Peron, Yelena
Çauşesku, Leyla Trabelsi - bunlar hamısı diktator ərlərini kölgədə qoymuş
xanımlardır. Hamısının yüksəlişi və düşüşü bənzər, sonları fərqli olub. Bura
Con-Jaklin Kennedi, Sarkozi cütlüklərini də əlavə etmək olardı. Ancaq demokratik
dövlətlərdə şəxslərin harizması nə qədər yüksək olur-olsun, sistem onların
kaprizi ilə oynamır.
Politologiya
tarixində birinci xanımların siyasətə müdaxiləsi sonun başlanğıcı kimi
xarakterizə olunur. Çünki şahmat və siyasət yeganə iki şeydir ki, uğur qazanmaq naminə qadından imtinanı tələb edir. Qadın şovinisti
təsiri bağışlamadan keçək məsələnin siyasi təhlilinə:
1.Mütləq
hakimiyyətin sarsılması: Avtoritar hakimiyyətin bir deyil, bir neçə əldə cəmləşməsi
görüntüsü zəiflik kimi qəbul edilir. Çünki idarəetmədə əsas meyar kimi qanunlar
yox, şəxsiyyətin iradəsi əsas götürülür. Şəxsiyyətin iradəsi ziq-zaq verdisə,
ona qarşı üsyan edən ilk öz tərəfdarları olur.
Məsələn:
Mübarək hakimiyyətinin sonu Təhrirdən deyil, XİN naziri Əmr Musa ilə Suzanna
Mübarək arasında olan konfliktdən başlamışdı. Əmr Musa tək məmur idi ki, Mübarəkə
meydan oxuyurdu. Bundan əlavə Müdafiə naziri və Kəşfiyyat İdarəsinin rəisi Ömər
Süleymanın da Suzanna ilə ciddi çəkişməsi vardı. Konflikt kütləyə yansıdı və tərəddüt
edən Mübarək əhali arasında qorxu hakimiyyətini itirdi.
2.Kapitalın
səhv yönləndirilməsi: Dövlət gəlirlərinin kapitala çevrilməsinə qadın qərar
verirsə, praqmatizmdən çox zövq öz sözünü deyir. Motor hissələrinin
hazırlanması zavodu dövləti xarici sənaye asılılığından azad edən kapital qoyuluşudursa,
qadın üçün bu sadəcə metal yığınıdır. Əksinə bu zaman kapital ağır sənayedən
çox dəbdəbəli sarayların, lüks interyerlərin yaradılmasına yönəlir.
Məsələn:
Filippin diktatoru Ferdinand Markosun xanımı İmelda Markos. Bu qadının zövqü və
tamahkarlığı haqqında əfsanələr dolaşır. Nyu-Yorkda bir şopinqə milyonlarla
dollarlıq bazarlıq edə bilərdi. Ölkədə acgöz biri kimi tanınsa da, xarici sənət
adamlarına səxavətlə pul xərcləyirdi. Tikdirdiyi milyardlıq "Hind qozu
sarayı"nda ən xırda detal belə hind qozu ağacından hazırlanmışdı. Sarayın ətrafında
məskunlaşan yoxsulların evini görməmək üçün nəhəng ərazini yüksək divarla hasarlatmışdı.
20 il davam edən hakimiyyət 1986-da hər iksinin ölkədən qovulması ilə başa
çatdı.
3.Kadr
seçimində ailə vektoru: Dövlət idarəsinə işçi deyil, ananın oğluna gəlin
seçdiyini düşünün. Qərarı qadın verirsə, seçim istər-istəməz qohum qızlarının
birinin üstünə düşür. Avtoritar dövlətlərin kadr seçimi də bənzərdir. Kadrlar
ailə üzvləri ilə nə qədər yaxın çevrədədirlərsə, karyera pilləsində qalxma
şansları bir o qədər yükəskdir. İstedadın, təcrübən nə səviyyədə olur-olsun, bu
kanalla yol tapmadınsa oyundan kənar qalacaqsan.
Məsələn:
Tunis diktatoru Ben Alinin devrilməsini səbəbini onun şəxsindən çox, arvadı
Leyla Trabelsinin qardaşlarında görürlər. Ölkə ticarətini tam ələ keçirən xanımın
qardaşları göyərti satışını da lisenziyaya bağlamışdılar. Böyük ticarətlə ancaq onların yaxın çevrələri məşğul ola bilərdi.
Nəticə isə məlumdur. Ölkə partladı.
4.Kütlənin
alçalma hissi: Hakimiyyət tək əldədirsə, lider fürerdir, duçedir, rəhbərdir.
Kütlə istənilən totalitar, avtoritar quruluşu qəbul edə bilər. Hətta öz
razılığı ilə demokratik rejimi bu ikisinə dəyişə bilər. O haldaki "dəmir əl"i
hiss edəcək. Kütlə üzvü dövlət başçısını komandan kimi, özünü onun əsgəri kimi
görəcək. Elə ki, hakimiyyətin ailə əlində birləşdiyinin fərqinə varacaq, o
zaman bu hiss "ev sahibi", "ev sahibəsi"nə məxsusluqla əvəzlənəzək.
Şüurlatı olaraq alçalma prosesi gedəcək. Onun siyasətdə psixoloji rolu qulluqçuya,
nökərə çevriləcək. Kütlə isə bunu çətinliklə qəbul edir. Gənc nəsil ümumiyyətlə
qəbul etmir.
Məsələn:
Çauşesku idarəçiliyi. Ailə dövlət aparatına o dərəcə nüfuz etmişdi ki, bu
qandan olmayanların hər hansı yüksək vəzifə tutma ehtimalı mümükünsüz
görünürdü. Propaqandanın ailə üçün istehsal etdiyi "Xilaskar",
"Dahi", "Millət anası", "Qurucu", "Öndər",
"Günəş", "Peyğəmbər" ünvanlarının heç bir kömək etmədi.
Çauşesku ailəsinin qorxu aparatı olan ordu onların cəlladına çevrildi.
Siyasi
minusların siyahısını uzatmaq da olar. Ancaq önümüzə baxmadan öncə arxamıza
baxmaq daha faydalı olardı. Necə olmasa da, tarix özü danışır.



Комментариев нет:
Отправить комментарий