Azərbaycan dilində traqikomediya janrına ad
verilsəydi, "Milli" sözündən daha yaxşı ifadə tapmaq olmazdı. Azərilər
yaman sevir bu sözü. Sovet vaxtından dəb olsa da, beynəlmiəl sözünün kölgəsində
qalmağa məcbur idi. Əsl "milli" bum SSRİ-nin dağılması ilə start
götürdü. Atası ölmüş yetim uşaq evdə qaydalar qoyan kimi hər şeyə milli yarlıkı taxmaq adət oldu.
Elə faciə də burdan başladı.
Milli sözünün özünəməxsus mistikası var. Əvvəl hər şey
yaxşı gedir. Milli adı altında yaradılan istənilən avantüra müsbət qəbul
edilir. Ruh yüksəkliyi verir. Hərə ortaya bir şeyin qoyur. Sonra işlər qarışır.
Sonda məlum olur ki, bütün zəhmət təzəkdən heykəl düzəltmək cəhdi imiş.
Sivil dünyada milli adı qoyulan layihəyə
rast gəlməzsiniz. Belə qurumların tarixi Mussolini dövrünə, yaxud daha əvvələ
gedib çıxır. Qərbdə yaradılan milli ünsürləri də kapitalist inkişafı ortaya
çıxarmışdı.
Bəs azərilər milli şey yaradanda o nədən
ibarət olur? Mentallıq, folklor, tövlə üsul-idarəsi, ucuz vətənpərvərlik hissi
və ən əsası hüy-küy. Reallıqda milli heç nə yoxdur. Sistem vardır. İmkanlara uyğun
sistem qurulur. Detallarınacan düşünülür. Etibarlı kadrlar komanda şəklində yığılaraq
işə başlanır. Bizdə nəyəsə "Milli" qulpu qoydularsa, deməli ortada
sistemsizlik, özbaşnalıq ya da nökərçilik vəzifəsi var. Müstəqillik illərində
yaranmış məhşur "Milli"lər və onların faciəsinə baxaq:
Milli Ordu - "Qızıl Ordu"dan fərqləndirilmək
üçün yaradılmışdı. Yaranışı ruh yükəsəkliyi ilə qarşılandı. Sonra ən böyük xəyal
qırıqlıqlarını yaşatdı. Ermənistan qarşısında bütün cəbhələrdə darmadağın oldu.
Satmadılar, məhz darmadağın oldu. Çünki zabitləri də milli tövlənin başları
idi. Döyüş şəraitinin ortasında ölənə saqqal saxlayırdılar, yas yerinə gedirdilər.
Həlledici anda hücumu saxlayıb atəşkəs bağlayırdılar ki, meyid alveri etsinlər.
Birdən mürdəşir ölən əsgəri yumaz, molla üstündə yasin oxumaz. Camaat bunlara nə
deyərmiş.
Ermənistanla müqayisədə 2-3 qat artıq
resurslara sahib ölkənin məğlub olması mümkünsüz idi. Mental söhbət edən milli
zabit-gədələrin badına getdi Sovet intizamı. Müharibənin başladığı ilk vaxtlara
baxın. Az qüvvə ilə uğurlu əməliyyat keçirən hərbçilər ya qeyri-azərbaycanlılardır,
ya da ömrünü Rusiyanın hərbi məktəblərində keçirmiş kadrlar.
Milli Məclis - 1992-dən bu yana intriqalar
yuvası olub. Orada millətin taleyi yox, şəxslərin siyasi "blat"ı həll
olunub. 2010 seçkilərində müxalifətdən təmizlənəndən sonra məddahlığın rəsmi
notarius ofisinə çevrildi. Deputat çıxışları izləyən üçün komediyadır, xalq
üçün faciə.
Milli İstiqlal Partiyası (AMİP) - Adını əcnəbiyə
tərcümə etsələr Latın Amerikasının partizan hərəkatı kimi bir şey olduğunu
sanar. Azadlıq hərəkatının davamı kimi yaranan partiya həqiqətdə cırtqoz oğlan
Etibar Məmmədovun yekə iddialarının siyasi mərkəzi idi. Liderinin ritorikası məzhəkə,
siyasi fəaliyyəti faciə olan partiya nə Cəbhə, nə də Əliyev dövründə hakimiyyətdə
yer ala bilmədi. İstiqlalı da, milliliyi də axırda bir neçə biznes obyektə
qurban verildi.
Milli Televiziya və Radio Şurası - Guya televiziyanı abıra salacaq orqan
olacaqdı. İnsanları televiziyadan birdəfəlik uzaqlaşmasına şərait yaratdı.
Hal-hazırda seçki qabağı lisenziya satan və hakimiyyətin media üzərində nəzarətini
həyata keçirən MTRŞ kimi tanınır.
Milli Olimpiya Komitəsi - Bu təşkilatın xətti
ilə Olimpiada oyunlarında medal qazanan idmançının karyerası Hind filminə
çevrilir. Əvvəli hırıldamalı olur, axırı ağlamalı. Qızıl medal alan heç bir
idmançı ikinci dəfə bu uğuru təkrarlaya bilməyib. Növbəti Olimpiadada iştirakı əsl
milli biabırçılıqla nəticələnib.
Milli yığma - Adı gələndə yada futbol düşür.
Göstərdiyi nəticələr qəzəb yox, anekdotlar temasıdır. Allahdan bəxtimizə
cırtdan dövlətlər düşəndə "fəxr" mənbəyinə çevrilir.
Emin Milli - İctimai sektorun milli ruha
uyğun ən böyük qaz verənidir. Başında durduğu bütün layihələr fiasko ilə nəticələnib.
2008-dən "Change istəyirik" şüarı ilə
siyasi karyerasına start verən Milli həbs daxil xeyli ziq-zaqlar çəkdi.
Böyük güruhla təbliğ olunan "Meydan TV" layihəsinin bekara söhbət məclisi
olduğu ortaya çıxdı. Gerçəkləşməsi üçün səs-küylə pul yığılan layihəni Adobe
Premierdə işləyə bilən və kamerası olan istənilən bloqqer həyata keçirə bilərdi.
Nəhayət Milli Şura - Eyni adlı təşkilat Azərbaycan
tarixində 3 dəfə yaradılıb. 1918, 1992, 2013. Birincini öz əlləri ilə dəvət
etdikləri bolşeviklər qovdular. İkincinin dağılmasına bolşeviklər də lazım
olmadı. Üçüncüsü - bu lap 2 hissəli faciəli
komediya idi. Birinci hissədə məhşur rejissor-senarist, afyorşik Rüstəm
İbrahimbəyov Milli Şuranı yaratdı. İkinci hissədə özünü ora vahid namizəd kimi
dürtdü. Müxalifətdə massovkalıq nə qədər adam vardısa, hamısını ora qatdı.
"Amandı etməyin, bu avantüraya getməyin"
çox dedik, eşidən olmadı. Axırda məlum oldu ki, Rustam bek 20 ilin Məşədi İbadlarını
aldadaraq madmuazel Gülnazı pleyboy Sərvərə verib. Müxalifət hər seçki qabağı
camaata ümid verə bilirdi. Bu dəfə qutudan ümid də çıxmadı.
Zatən hər şey əvvəldən bəlli idi. Önündə, ya
dalında "Milli" sözü olan zadın axırı olmaz. Azərbaycanda
"Milli" adı qoyulan N sayda qurum saymaq olar. Hamısı da fiasko. Siz
siz olun, amma bir şeyi bilin. Bir şeyin sonda lax çıxacağını bilmək üçün Zirəddin
olmaq lazım deyil. Milli adı gördünsə, qaç ordan.

Комментариев нет:
Отправить комментарий