"Erdoğan Türkiyəyə şəriət
gətirir" - siyasətə iddialı olub, bu fikri səsləndirən adamlara hər zaman
gülüb keçmişəm. Erdoğanın baş nazir olmasından 10 il keçib. Türkiyə nə İran
olub, nə də zorla kiminsə başına çadra keçiriblər. Baş örtənlərlə örtməyənlərin
arasında da statistik fərq dəyişməyib.
Azərbaycanlıların çoxu hələ bu
xam xəyaldadır ki, Erdoğan Türkiyəni şəriət dövlətinə çevirəcək. Bir daha gülürəm.
Şəriət dediyin dövlət başına ayətollah gətirməkdir, büdcəyə uzanan əli balta
altına qoymaq, lüks həyatı aftafa, həsirə dəyişmək deməkdir. Təsəvvür
etdiyinizdən daha ciddi şeydir. Türkiyə kimi sərəvətə sahib olan kəs özü və ətrafı
üçün belə şərtlər istərmi? Şübhəsiz istəməz.
Şəriət söhbətinə özünə inandıranların
başında CHP və lideri Deniz Baykal gəlirdi. 3 ildən sonra ayıldılar. Şəriət
dövlətindən əsər-əlamət yox idi. Ancaq bu 3 ildə Erdoğan iqtisadiyyatı relsə
oturtmuş, avtoritar rıçaqları bərkitmişdi. "Dini istismar" deyə cümə
namazına getməkdən imtina edən Baykal axırda öz əli ilə çadralı qadınlara döş
nişanı taxdı. Bəli, bu son idi. Siyasətə ideoloji çərçivədən baxmağın,
realpolitikadan uzaqlaşmağın sonu.
Halbuki əsas müxalifət
partiyası kimi çox şeyi başından dəyişə bilərdilər. Qalibiyyətin düsturunu deyən
kadrları da vardı. Mustafa Sarıgül. Bələdiyyə seçkilərindən ən nüfuzlu AKP
üzvünün ala biləcəyindən çox səs yığmışdı. Sirri sadə idi. Vətəndaşın cümə namazına
da gedirdi, Cumhuriyyet paradına da. Adam realist idi. Siyasəti beyninə görə
yox, kütlənin istəyinə görə qururdu və nəticəni alırdı. Qalib gəlməyin sirrini
partiya yoldaşlarına da dedi. Dinləmədilər. Çünki ortada "neprav"
çıxmaq heysiyyatı vardı. Adamı axırda "xain", "agent"
çıxardılar. Lap bizim meydan hərəkatçıları kimi.
Erdoğanın seçki platformasına
balıqsatandan soruşması kiməsə gülməli görünə bilər. Kimsə səfehliyinə salıb
bunu aktyorluq adlandıra bilər. Amma bu realpolitikadır. Kabinetlərdə yox, kütlənin
içində yetişmiş Erdoğan gözəl bilir ki, seçkidə səsi ona balıqsatanlar, xırda
alverçilər verəcək. Gic solçular, saxta kamalçılar nə deyir desin. Onlar seçicinin
arasında deyil, monitorun arxasında mübarizə aparır.
Türkiyədə nə dəyişdi? Türkiyə
avtoritarlaşdı. "Türkiyə İran olacaq" deyən axmaqlar dəmir yumruğun
onları necə sıxdığının fərqinə belə varmadılar. Siqaret qadağasını göstərirlər,
odee, sənə Avropa. Ən qəddar anti-tütün qaydaları orda. İçki qadağasını göstərirlər.
Hünərin nədir ki, kosmopolit Nyu-Yorkda əlində pivə bankası gəzəsən. Mağazadan
evəcən mütləq çantada aparmalısan. Bu qadağanın azı 20 yaşı var.
1997-də Rifah partiyası
hakimiyyətə gələn kimi Təkbir! sədaları atamağa başladı. Bu səbəbdən dallarına
təpik tez dəydi. Erdoğan isə gələn kimi rotasını Avropaya tutdu. Elə ki, türk
insanı Avropanın yalanlarından bezdi, yeni Osmanlı xəyalını geri qaytardı. Ya əksini
etsəydi?
Əksini etsəydi o nə siyasətçi
olardı, nə Erdoğan. Kütləni öncə reallıqla üz-üzə qoymalısan ki, xəyallara
inanmaq istəyi yaransın. Elçibəyin hakimiyyətə gəlişini yada salın. Rayonların itkisi
faktı dura-dura Güney Azərbaycanı şimala birləşdirməkdən danışırdı. Daxili düşmənlərə
qarşı represiya keçirmək əvəzinə "rus, fars, erməni - bunlar türkün düşməni"
təbliğatı aparırdı. Qaçqınları silah gücünə kəndlərində saxlamaq əvəzinə
Bakıdakı iaşə obyektlərinə doldurub, dövlət mexanizmini iflic halına salırdı.
Realpolitikadan uzaq, avantürist siyasətlə hakimiyyətdən getməliydi. 1 il özü
belə Allahın lütfü idi.
AKP Türkiyədə mühafizəkar kütlə
istəyir. Haqlıdır da. Çünki milyardları oğurlayıb qaçmağı deyil, hakimiyyətdən
gedəcəyi halda təkrar seçilməyi düşünür. Siyasi mövqeli seçici seçki təbliğatı
dövründə yox, ailələrdə yetişir. Götürək ABŞ-ın Respublikaçılar partiyasını.
Abortlara qadağa hər zaman seçki platformasında əsas yer tutur.
Sadə azərbaycanlı sual verə
bilər ki, "ay qağa, 220 illik demokratiyanız var, hələ də qadına seçim haqqı verə
bilmirsiz?" Amerikan siyasətə kəmağıl azərinin gözü ilə baxsaydı, "No
problem" deyərdi. Amma o gələcəyi düşünür. Dindar, mühafizəkar ailələr
daha çox uşaq doğur. Hər uşaq vətəndaş, gələcəkdə o partiyaya veriləcək səs deməkdir.
Hakimiyyəti lağ-lağı, fırıldaqçılıqla deyil, bu cür əldə saxlayırlar.
Zamanında Erdoğan təbliğatını demokratiya,
Böyük Turan ideyaları üzərində qursaydı, çoxdan dalına təpik dəymişdi. O, iqtisadiyyatdan
başladı. Solçuların xuntaçıları həbsə göndərmək, millətçilərin universitetdə başörtüsü,
CHP-nin sosial dövlət vədlərini gerçəkləşdirməklə tamamladı.
Bizdə isə? Bizdə real siyasətdən
danışmağa dəyməz. Taleyin ironiyasından REAListlərimiz də, ölkənin ən böyük
avantüristləri çıxdı. Milli Şuranın seçki hazırlığı ayrıca tənqid mövzusudur. Real siyasətdə ölkənin ağası olmaq istəyən kütlənin
arzularının qulu olmalıdır. Başqa yolu yoxdur.

Çoooox bəyəndim. Sağ ol Ramil bəy, əllərinə sağlıq.
ОтветитьУдалить