Avqustun 31-i keçmiş hərəkatçı Miralim Bəhramovun
vəfat xəbəri yayıldı. Gənc müxalifətçilərin bu xəbəri üzüntü ilə paylaşdığını
görüncə təəccübləndim. Yəqin adamı tanımırlarmış. Miralimi AXCP Cəlilabad rayon
şöbəsinin sədri Təzəxan Mirələmli ilə ilə səhv salmayın.
Mirələmli bütün nəsli
represiyaya məruz qalsa da, əqidəsindən dönməyən partiyaçı, Miralim 1988-90
Meydan Hərəkatının üz qarasıdır. Nemət bandasının üzvü, qaragüruhluğun
simvoludur. Etdiyi biabırçılıqların ən gözəl təsviri "93 - Tanrıların
qürubu" romanında verilib. Oxuyun, maraqlıdır.
"93 -Tanrıların qürubu" romanından
parça.
Soyuq dekabr günü, Cəlilabad Rayon Komitəsinin
birinci katibi Sədrəddin Qocamanov Hikmət Hacızadəni "İnturist"
mehmanxanasının barında, içki içən yerdə saxladı. Hikmətin yanında yüngül əxlaqlı
iki rus qızı oturmuşdu. Hələlik qızlar öz aralarında mazaqlaşır, öpüşürdülər.
Amma hiss olunurdu ki, Hikmət əməllicə sərxoş olandan sonra onu otağa aparıb,
doyunca, vəhşicəsinə eşq yaşayacaqdılar. Fahişələrdən ətrafa saçılan apokaliptik
seks enerjisi adamı bihuş eləyirdi. Sədrəddin Qocamanov qızlara gözucu,
qorxa-qorxa baxdı, Hikmətə yaxınlaşıb, onun çiyninə toxundu;
- Üzr istəyirəm, - dedi.
Hikmət şən, gülümsəyən gözlərini artıq
bir-birilərinin döş gilələrini yalayan qızlardan ayırıb, Sədrəddinə baxdı.
- Buyurun, eşidirəm sizi.
- Mənim adım Sədrəddindir. Cəlilabad Rayon
Partiya Komitəsinin birinci katibi Sədrəddin Qocamanov.
Hikmət fınxırıb güldü, sonra təmkinlə dedi:
- İki gözüm aydın.
Sədrəddin istifini pozmadı:
- Sizi başa düşürəm, - dedi. - Mən də AXC-də
sizin kimi yüksək vəzifə tutsaydım, birinci katiblərlə bu cür rəftar edərdim. Amma
danışmaq istədiyim məsələ sizin də diqqətinizi cəlb eləyəcək.
Hikmət narazı ifadə və yorğun səs tonuyla
dedi:
- Danışın görüm, sizi dinləyirəm. Amma qısa
olsun. Qızlar artıq qızışıblar. Getməliyik.
Sədrədddin ona verilən bu fürsətdən maksimum
yararlanmaq üçün dərhal stullardan birinə oturdu və tez-tez danışmağa başladı:
- Cəlilabad rayonunun birinci katibiyəm,
amma gördüyünüz kimi bütün günüm Bakıda keçir. Səbəbi isə rayona, iş yerimə gedə
bilməməyimdir. Qorxuram!
Hikmət soruşdu:
- Niyə və kimdən qorxursunuz?!
- AXC-nin Cəlilabad təşkilatı ilə ciddi
problemlərim var. Bildiyiniz kimi, o rayona bu yaxınlarda təyinat almışam. Əvvəllər
Masallıda işləyirdim və işimdən çox razı idim. Amma Birinci Katib məni çağırdı
və dedi ki, "Cəlilabada getməlisən". Tabe olmağa məcbur idim. Məndən əvvəlki
katib Böyük Ağayevin AXC aktivistləri tərəfindən qovulduğunu bildiyim halda yenə
də razı oldum.
Cəlilabada gəlib bütün lazımi partiya
prosedurlarını keçdikdən sonra AXC rayon şöbəsinin rəhbərliyini yanıma dəvət
etdim. Onlara açıqca dedim ki, rayonlarına gəlmək istəmirdim, lakin partiya
MK-nın tapşırığını yerinə yetirməyə borcluyam. "AXC-nin Qarabağ və
islahatlar uğrunda mübarizəsi ürəyimcədir. Rayon mətbəəsində istənilən tirajla
AXC-nin proqramlarını və digər sənədlərini çap etməyə hazıram. Göstəriş verərəm
ki, sizin rayon mərkəzində və kəndlərdəki fəaliyyətinizə maneələr törədilməsin.
İstədiyiniz vaxt və istədiyiniz yerdə mitinq keçirə bilərsiniz. Qarabağın azərbaycanlılar
yaşayan kəndləri üçün pul yığılması, odun və ərzaq toplanmasında sizinlə əməkdaşlıq
etməyə hazıram" - dedim.
- Siz çox gözəl hərəkət eləmisiniz, Sədrəddin
bəy! Gərək cəbhəçilər Cəlilabadda sizi çiyinləri üstündə gəzdirəydilər!
Sədrəddin acı-acı gülümsədi:
- Amma elə olmadı, əzizim. Onlar mənə qulaq
asdılar və sanki heç olmamış kimi "İstefa ver, bas bayıra" dedilər.
Bu tələbin səbəbini soruşanda isə cavab verdilər ki, rayon Partiya Komitəsinin
birinci katibi "yerlilərdən" biri olmalıdır. Bax belə.
Hikmət fikirli-fikirli soruşdu:
- Yaxşı, bəs məndən nə istəyirsiniz?
- AXC rəhbərliyi ilə danışmağı xahiş edirəm
sizdən. Axı mən istefa ərizəsi yazıb, səbəb kimi "AXC-nin tələbi ilə"
ibarəsini ora qoya bilmərəm! Bu qeyri-qanuni, həm də absurd bir istefa olar. Cəlilabaddakı
adamlarınızla danışın. İmkan versinlər, işimi işləyim. Mən AXC-ni dəstəkləyirəm.
Və dediyim kimi, onlara istənilən yardımı göstərməyə hazıram.
Hikmət ayağa qalxdı. Daha doğrusu, qızlar
onu ayağa qaldırdılar və liftə tərəf sürütləməyə başladılar. Hikmət cavab gözləyən
Sədrəddinin nigaran, narahat gözlərinə baxdı:
- Sizin məsələnizlə məşğul olacam. Narahat
olmayın. Gedin evə, hər şey yaxşı olacaq. Hələlik isə, istədiyiniz qədər içki
sifariş verə bilərsiniz. Bu gün mənim qonağımsınız.
Hikmət Hacızadə, Olqa və Yevdokiya ilə liftə
girdi, qapılar bağlandı.
Sədrəddin üç gün gözləsə də, Hikmətdən səs-soraq
çıxmadı. Vəziyyəti belə görən Sədrəddin, "bəlkə Cəlilabaddakılara tapşırıq
verilib. Onlar da məni qucaq açıb gözləyirlər?" deyə düşündü.
Bu minvalla Sədrəddin Qocamanov rayona yola
düşdü. Rayon mərkəzində yerləşən raykom binasının qarşısında qucaq açıb onu
gözləyən cəlilabadlıların yerinə o, yumurta və pomidorla silahlanmış minlərlə
AXC aktivistini gördü. Əvvəlcə Sədrəddin bu pomidor, yumurtaların nə mənaya gəldiyini
anlamasa da, bir neçə saniyə sonra cəbhəçilər ona bu ərzaq tədarükünün mənasını
başa saldılar. Ölkədə yaşanan qıtlığa baxmayaraq, Cəlilabad əhalisi Sədrəddinin
avtomobilini dörd bir yandan yumurta, pomidor bombardmanına tutmağa başlayanda,
Sədrəddin maşınıyla dərhal evinə tərəf götürülərək, canını onların əlindən
güc-bəlayla qurtardı. Səhərə qədər gözlərinə yuxu girməyən Sədrəddin sübhə
yaxın mürgülüməyə başlamışdı ki, küçədən gələn qışqırıq, bağırtı səslərindən
dik atıldı.
Cəlilabadda mitinq başlamışdı. Meydanda və
Birinci Katibin evinin qabağında yığılan cəbhəçilər onun rayondan dərhal rədd
olub getməsini tələb edir, əks təqdirdə evi yandırmaqla hədələyirdilər.
Qocamanov ölümünü gözləmək niyyətində
deyildi. "İşsiz qalmaq ölü və şikəst olmaqdan yaxşıdır!" deyə
düşünüb, qaça-qaça evdən çıxıb maşınına mindi və Bakı istiqamətində saatda yüz
iyirmi ilə şütüməyə başladı. Həyətdən çıxarkən adamlardan birinin onun dalıyca
atdığı daş maşının arxa şüşəsində iki böyük çat əmələ gətirdi.
Bakıda ilk iş olaraq, Qocamanov Azərbaycan
KP MK-ya, onu tutduğu vəzifədən azad etməsi barədə ərizə ilə müraciət etdi.
Vəzirov onun ərizəsini əvvəl qəbul etmək istəməsə
də,sonda Sədrəddinin inadı qarşısında məğlub olub, ərizəni imzaladı. İndi isə yeni bir katib axtarıb tapmaq lazım
idi.
Masmavi səmada parıldayan qış günəşi solğun
ziyasını qanı it qanına dönmüş Vəzirovun kabinetinə salıb, birinci katibin gözlərini
xəfifcə qamaşdırırdı. Vəzirov ayağa qalxıb pərdələri çəkdi, günəşi otağından
qovdu və təşkilat şöbəsinin müdirini yanına çağırtdırdı:
- Mənə əsli Cəlilabaddan olan bir partiya
işçisi tap! Cəld ol! Bu cəlilabadlılar mənim başıma oyun açırlar! Боже мой! Что
это такое?!
Təşkilat şöbə müdiri Həsən Zeynalov baş əyərək
otaqdan çıxdı. Cəld addımlarla öz kabinetinə qayıtdı və katibəsinə arxivləri
araşdırmağı tapşırdı. Otağına gətirilən şəxsi işləri bir gün boyunca qurdalayan
Zeynalov tapdığı 13 nəfər cəlilabadlının qovluğunu bir kənara ayırdı, sonra isə
bu 13 qovluğun arasında eşələnməyə, ən layiqli namizədi seçməyə başladı. Bir
neçə saat davam edən götür-qoydan sonra Zeynalov AKP MK mədəniyyət şöbəsinin
instruktoru, Cəlilabad rayonunun Prişib kəndində dünyaya göz açmış Xeyrulla
Əliyevin üzərində dayandı və şəxsi işini Vəzirova təqdim elədi.
Xeyrulla Əliyevin qovluğunu bir müddət vərəqləyən
Vəzirov köks ötürüb dedi:
- Да какая разница? Göndərin, getsin işləsin. Надеюсь,
onun da başına oyun açmazlar, hoydu-hoyduya tutub Bakıya yollamazlar. Bu işlə
ciddi məşğul olun!
Filoloji elmləri namizədi, Azərbaycan EA Ədəbiyyat
və Dilçilik İnstitunun əməkdaşı hündürboy, ağsaç, qarabəniz Xeyrulla Əliyev
mülayim və xeyirxah bir insan kimi tanınırdı. MK-ya Azərbaycan Yazıçılar
İttifaqına kuratorluq etmək üçün dəvət olunmuşdu. Onun əsas vəzifəsi - AKP MK
ilə Azərbaycan Yazıçılar İttifaqı arasında əlaqələr qurmaq, yazıçı və şairlərin
kitablarının vaxtlı-vaxtında, bəzən də plandankənar çap edilməsinin qayğısına
qalmaq, necə deyərlər yazı əhlini "nəzarətdə" saxlamaq idi. Xeyrulla
yazıçıların hamısı ilə gözəl münasibətdə idi, onlar da öz növbəsində Xeyrulla
Əliyevə böyük rəğbət bəsləyərdilər. Bircə ondan nifrət edən Anar və Ramiz Rövşəndən
savayı. Amma bu ikisinin qarınağrısı tamam başqa olduğundan bu mövzuya
toxunmayacağıq.
Axşam saat on yeddi otuz beşdə evindəki
telefon aparatı gurultuyla attanıb-düşməyə başlayanda Xeyrulla zoğal mürəbbəsi
ilə çay içirdi. Filoloq alim sifətini turşudub, əlindəki stəkanı masanın üstünə
qoydu. Aramla dəstəyi qaldırdı:
- Eşidirəm.
Kobud, lakin nəzakətli kişi səsi sanki əzbərlədiyi
mətni oxuyurmuş kimi, rəsmi tonda danışdı:
- Xeyrulla müəllim, axşamınız xeyir. Sizi Mərkəzi
Komitədən narahat edirlər. Yoldaş Vəzirov sizinlə görüşmək istəyir. Sabah saat
on ikidə qəbul otağında olmalısınız.
- Nə məsələdi?
Cavab yerinə Xeyrulla qırıq-qırıq siqnal səslərini
eşitdi - du-du-du...
"Xeyirdimi görəsən?" düşündü
özü-özünə.
Otağa daxil olan aravadı, ərinin üzündən
oxunan narahatlığını görüb maraqlandı:
- Nəsə
baş verib?
- Xeyr, hər şey yaxşıdır, əzizim, - Xeyrulla
həyat yoldaşına hələlik bu haqda heç bir söz demək istəmədi.
Səhərisi gün Xeyrulla Vəzirovun otağına
daxil olanda, birinci katib qabağındakı bir yığın kağızın içində qurdalanırdı.
Başını qaldırıb Xeyrullanı görəndə əli ilə stula işarə elədi:
- Buyurun, oturun yoldaş Əliyev.
Xeyrulla oturdu. Gözlərini Vəzirovun mənasız,
donuq sifətinə, ütüsüz kostyumuna dikdi.
- Yoldaş Əliyev, - Vəzirov boğazını təmizləyib,
dərhal mətləbə keçdi. - MK sizi doğmaca rayonunuza, yəni Cəlilabada, rayon
Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edir. Ümidvarıq ki,
etimadımızı doğruldacaq, bizi başıaşağı etməyəcəksiniz.
Bu gözlənilməz təklif, daha doğrusu MK-nın
sürpriz qərarı Xeyrullanı əməlli-başlı çaşbaş salmışdı!
- Yoldaş Vəzirov, mən heç vaxt belə vəzifədə
işləməmişəm, təsərrüfat idarəsindən başım çıxmır. Axı, mən ədəbiyyatçıyam!
Vəzirov istehzayla gülümsündü.
- Bu partiya MK-nın tapşırığıdır. Partiya
MK-nın tapşırıqları isə müzakirə edilmir! Qurtardı getdi!
Beləliklə, Vəzirovun yanına MK-nın siravi təlimatçısı
kimi girən Xeyrulla Əliyev indi oradan böyük və mürəkkəb bir rayonun rəhbəri
qismində çıxırdı.
Binadan necə çıxdığını, evə necə gəldiyini,
qapını necə açdığını xatırlamır. Otağa keçib divanda əyləşdi, qalstukunun
düyününü boşaltdı, cibindən çıxardığı "Volokardin" həbini dilinin
altına qoyub, pəsdən "Взвейтесь кострами синие ночи, мы пионеры дети
рабочих" mahnısını oxumağa başladı.
Mətbəxdən otağa gələn arvadı, qorxu və
nigaranlıq dolu gözlərlə ərinə baxdı. Gəlib yanında oturdu:
- Nəsə olub, əzizim? Dünəndən gözümə birtəhər
dəyirsən. Bəlkə ürəyini açasan mənə? Axı mən sənə yad adam deyiləm, arvadınam.
Xeyrulla həyat yoldaşına tərs-tərs baxdı.
Prujin kimi dartınıb ayağa qalxdı. Qışqırdı:
- Bundan sonra mənimlə danışanda
subordinasiyanı gözləməyə məcbursunuz, xanım! Əriniz artıq Cəlilabad rayonunun
birinci katibidir!
Arvad əvvəl eşitdiklərinə inanmadı. Bir dəqiqə
sonra ərinin sözləri ona çatanda isə dik atılıb Xeyrullanın boynuna sarıldı.
- Əzizim, səni təbrik edirəm! Nə gözəl, nə
yaxşı, nə pakizə! Yəni mən də bundan sonra kürk geyinə biləcəm? Sənubər kimi
brilliantlarım olacaq?
- Xeyr! - ərinin səsi qətiyyətli və sərt
idi. - Çünki mən bu vəzifədə çox qala bilməyəcəm. Hətta Cəlilabada ayaq basan
kimi vəhşi cəbhəçilər ikimizi də öldürə bilərlər. Onlar bizim kimi kommunistlərə
pis baxırlar.
Arvadı heyrətlə haqyqırdı:
- Axı bizim haramız kommunistdir, ay
Xeyrulla? Biz də xalqımızı, millətimizi sevmirikmi?
Əri məyus-məyus başını bulayıb çökdü.
- Sən bunu ordakı cəbhəçilərə başa sala bilərsən?
Sözün açığı, mən ölmək istəmirəm... Sənə də məsləhət görmürəm.
Arvadı bir müddət ayaq üstə qaldı, fikrə
getdi. Xeyrulla da susurdu. Arvadının ağlına olduqca maraqlı bir fikri gəlməsəydi,
otağa çökən bu ağır səssizliyin nə qədər davam edəcəyi məlum deyildi. Qadın ərinin
yanında oturub onun kobud əlinin ovuclarının içinə aldı.
- Əzizim, ağlıma gözəl bir fikir gəlib. Sənin
bütün yazıçı, şair tayfasıyla dostluğun var, düzdür?
Əri qəribə nəzərlərlə arvadına baxıb, təəccüblə
dedi:
- Hamısıyla olmasa da, çoxuyla aram
yaxşıdır. Bunun məsələyə nə dəxli?
- Dəxli olmasaydı, soruşmazdım. Sən onlardan
ən tanınmışını özünlə bərabər Cəlilabada aparasan, necə olar? O, səni cəlilabadlılara
təqdim etsin, xalqı inandırsın ki, sən yaxşı adamsan, layiqli katibsən. Özü də əslin cəlilabadlıdır! Cəbhəçilərin şairlərə,
yazıçılara hörməti böyükdür. Onların bir dediyini iki etmirlər.
Xeyrulla şeytani təbəssümlə gülümsündü. Gözlənilmədən
arvadının yanağına bir busə qondurub, dəstəyi əlinə aldı.
- Sonra da deyirlər ki, qadına qulaq as, tərsinə
elə. İndi mən necə tərsini eləyim? Axı sən mənim karyeramı, həyatımı xilas elədin,
ay arvad! Söz verirəm, bundan sonra qadınların əqli cəhətdən kişilərdən üstün
olduğunu hər yerdə danışacağam.
Xeyrulla cümləsini bitirən kimi Bəxtiyar Vahabzadənin
nömrəsini yığdı.
- Bəxtiyar müəllim, salam! Necəsiniz, əzizim?
- Xeyrulla, sənsən? Əlayam, çox sağ ol. Yeni
poema üzərində işləyirəm. Səndə nə var, nə yox? Xeyir ola, zəng vurmusan?
Xeyrulla Əliyev hər fürsətdə xalqı AXC-nin ətrafında
sıx birləşməyə çağıran və cəbhəçilərin gözündə ağır ağsaqqal, az qalsın peyğəmbər
sayılan Bəxtiyar Vahabzadəni məsələdən agah elədi. Onunla birlikdə Cəlilabada
getmək istədiyini, Bəxtiyarın onu xalqa təqdim etməsinin yeganə çıxış yolu
olduğunu bildirdi. Xeyrullanı səbrlə, təmkinlə dinləyən Vahabzadə əslində bu
avanatüraya nə qoşulmaq, nə də ki, cəbhəçilərə ağız açmaq istəmirdi. Amma
Xeyrulla Əliyevin ona necə yaxşılıqlar elədiyini yadına salanda bu insana yox
deyə bilmədi. Odur ki, razılaşmalı oldu.
- Mən səninlə Cəlilabada gələrəm, Xeyrulla,
arxayın ol. Amma təklif edirəm ki, AXC İdarə Heyətinin daha bir üzvünü - Yusif
Səmədoğlunu da özümüzlə aparaq. Bu işə necə baxırsan?
Xeyrullanın ağzı qulaqlarına çatdı:
- Necə məsləhətdir, Bəxtiyar müəllim. Əlbəttə
razıyam.
Bir saat sonra Bəxtiyar Vahabzadə
Xeyrullagilə zəng vuraraq, ona şad xəbəri çatdırdı:
- Yusif bəy də razıdır. Nə vaxt desən, səninlə
Cəlilabada getməyə hazırıq.
Sevincdən ürəyi tez-tez çırpmağa başlayan
Xeyrulla qısamüddətli bayğınlıq keçirərərək, döşəməyə sərildi.
İki gün sonra, şaxtalı bir dekabr günü iki ədib
və bir ədəbiyyatşünas Bakıdan Cəlilabada yola düşdülər. Üçünün də ürəyində bir
ümid közərirdi. Düşünürdülər ki, iki tanınmış yazarın zamanətindən sonra
Xeyrullaya heç kəs güldən ağır söz deməz. Yanılıb-yanılmadıqlarını isə zaman
göstərəcəkdi.
Xeyrullagilin maşını rayona çatanda mərkəzdə
mitinq yenicə başlamışdı. Xeyrulla qonaqlarına əvvəlcə "Maral düzü"
restoranına getməyi, çörək yeməyi təklif etsə də, Bəxtiyar Vahabzadə bu mitinqi
ələ düşməz fürsət bilərək, sürücüyə maşını meydana sürməyi əmr etdi. Mitinq
rayon Partiya Komitəsinin, yəni Xeyrullanın yeni iş yerinin düz qarşısında
keçirilirdi.
Mitinq rayonun "təcili yardım"
stansiyasının həkimi, cəbhəçilərin lideri miralim Bəhramov başçılıq edirdi.
İnsanlar Miralimin coşqun, hərarətli çıxışlarına ovsunlanmış kimi, ağızları
açıq, gözləri bərəlmiş vəziyyətdə qulaq asırdılar. Miralimdən sonra mikrofonu
onun köməkçisi Knyaz götürdü və xalqı Elçibəyin ətrafında sıx birləşməyə
çağırdı. Onsuz da Elçibəy və onun komandası ətrafında sıx birləşmiş olan
insanlar, bu yersiz çağırışın mənasını başa düşmək üçün çaşqınlıqla bir-birilərinə
baxırdılar.
Xeyrullanın avtomobili tribunanın düz
yaxınlığında dayandı. Hər kəs gələnin
kim olduğunu görmək üçün üzünü maşına tərəf
çevirdi. Qapı açıldı. Maşından əvvəl ağsaç bir kişi düşdü. Sonra isə hər kəsə
tanış olan simalar göründü. Xalq "kumirlərini" dərhal tanıdı. Ətrafı
alqış sədaları bürüdü. Həyəcandan mikrofonu dişləyən Knyaz titrək səslə
qışqırdı:
- Aaaaa! Baxın kimlər təşrif buyurub
rayonumuza! Aaaaa!
Miralim ağlını itirən köməkçisini tribunadan
itələyib, dodaqlarını intim bir jestlə mikrofona toxundurdu:
- Qardaşlar! Həyəcanlanmayın, özünüzü ələ
alın. Siz səhv görmürsünüz. Rayonumuza bizi dəsətəkləmək üçün gələn bu insanlar
həqiqətən də xalqımızın sevimli ədibləridir! Onlara eşq olsun. Beləliklə, söz
verilir Azərbaycan xalqının sevimli şairi Bəxtiyar Vahabzadəyə! O, olan yerdə
biz nə danışa bilərik axı!
Gurultulu alqışların sədaları altında, Bəxtiyar
Vahabzadə tribunaya qalxdı, sağ əlini
qaldırıb alqışlayanlardan sakit olmağı xahiş elədi. Onun işarəsini
anlayan kütlə bir anda səssizləşdi. Meydanda milçək uçsa, bəlkə qanad çıpışları
duyulardı. Bəxtiyar Vahabzadə mikrofona bir çırtma vurdu, "bir-iki, bir-iki"
dedi. Səsinin eşidildiyinə əmin olub, danışmağa başladı.
- Əziz, ulu millətimin şanlı nümayəndələri!
Hörmətli Cəlilabad cəbhəçiləri! Bakıdan sizlərə qucaqdolusu salam gətirmişəm!
Yenə alqışlar qopdu və bir dəqiqə sonra
meydan yenidən səsssizliyə büründü. Bəxtiyar çıxışına davam elədi:
- Qardaşlarım! Sizə şad xəbərim var!
Partiyanın Mərkəzi Komitəsi sizin ədalətli, haqlı tələbinizi rəğbətlə
qarşılayır! Cəlilabad rayonu Partiya Komitəsinin birinci katibi vəzifəsinə
yerlilərdən birinin təyin olunması həqiqətən zərurət idi. Artıq belə bir adam
tapılıb! Xəzər dənizinin sahilində, gözəl Prişib kəndində dünyaya göz açan bu
yeni katibinizi sizlərə qürurla təqdim edirəm! Beləliklə qarşılayın - Xeyrulla
Əliyev!
Bəxtiyar Vahabzadə cümləsini bitirən kimi
sevinclə dönüb Miralimə baxdı. Miralimin üzü göy qurşağının bütün rəng və
çalarlarına bürünmüşdü. Cəlilabad cəbhəçilərinin lideri əsl buqələmuna
oxşayırdı. Bəxtiyar bu qəzəbin sirrini anlamadan, Miralim Bəhramov şairi
kobudcasına itələyib mikrofondan araladı və qışqırdı:
- Bu xəyanətdir! AXC sıralarında xəyanət! Bəxtiyar
Vahabzadə MK-ya satılıb! Onlar bizə istəmədiyimiz katibi sırımaq istəyirlər!
Biz Xeyrulla Əliyevi istəmirik! Rədd olsun! İstefa!
Bəxtiyar da az aşın duzu deyildi. Dirsəyi ilə
Miralimin böyründən vuraraq, mikrofonu onun əlindən qapdı:
- Qulaq asmayın bu başdan xaraba, ay camaat!
Axı niyə "rədd olsun!?" Axı nə səbəbdən "istefa!?" O, ki
yerli insandır! Siz özünüzü belə istəmirdiniz?!
Miralim Bəhramovun ağzından qəzəb alovları
püskürürdü. O, gözlənilmədən dilini çıxardı, əvvəl Bəxtiyara, sonra isə Yusifə
göstərdi. Daha sonra diliylə havada qövs cızdı, dilini vibrator kimi laxladıb
dodaqlarını yaladı. Bununla da kifayətlənməyən Miralim qonaqlara daha çox acıq
vermək üçün sağ əlinin barmaqlarını bükərək "zırt" işarəsi düzəltdi,
yumruğunu düz Yusifin sifətinə yaxınlaşdırdı. Sonra xalqa müraciət elədi:
- Qardaşlarım, bu adamlar da satılıb!
Açqı-aydın görünür ki, satılıblar. Satqınların kitabları yandırılmalıdır! Bu
iki xainin kitablarını yandırııııın!
Miralimin bu əmrini eşidən yüzlərlə adam
qaça-qaça meydandan çıxıb evinə yönəldi. Bəxtiyar, Yusif və Xeyrulla dəhşətlə
bu mənzərəyə tamaşa edirdilər. Onlar inanmaq istəmirdilər. Necə ola bilər ki,
bu qədər adam tanınmış yazıçıların əsərlərini yandırsın? Bu ki mümkün olan şey
deyil! Amma deyir sən saydığını say...
Budur! Bəxtiyar Vahabzadənin çox sevilən, əzizlənən,
əzbərə bilinən yüzlərlə şeir kitabı! O illərdə demək olar hər kəsin evində bu
şairin kitablarından ən azı bir dənə vardı. Bəs ikinci xainin, yəni Yusif Səmədoğlunun
kitabları hardadır? Təəssüf ki, onun kitabları yoxdur! O, hələ Bəxtiyar qədər
tanınıb sevilməsə də, əvəzində klassik hesab olunan atası Səməd Vurğunun
kitabları hər kəsin evində var. Budur! Bu da Səməd Vurğunun kitabları! Onlar da
qalanan tonqala atılır, yanıb külə dönürlər. Yusifin gözləri yaşla dolur.
Amma insanlar kitabları yandırmaqla da kifayətlənmək
istəmirlər. Bir neçə patriot iki yazıçıya hücum çəkərək, onları döymək istəyir.
Satqınlar niyə də döyülməsin axı? Miralim Bəhramov özü onları satqın
adlandırıbsa, deməli qanları halaldır.
Lakin hardansa peyda olan bir neçə müəllim
yazıçıları maşına oturdub, onları azğınlşamış cəbhəçilərin əlindən xilas edirlər.
Avtomobil yerindən götürülür və Cəlilabad-Bakı istiqamətində yüksək sürətlə
uçmağa başlayır.
Bəs ədəbiyyatşünas Xeyrulla Əliyev hara
oldu? Əziz, doğma yerli insan, necə deyərlər, "elli" hardadır? Budur!
O, da burdadır, özü də asfaltın ortasında uzanıb. Cəbhəçilər armaturla onun
başını yarıblar. Xeyrullanın ağ saçları al qana boyanıb, özü huşunu itirib. Heç
cür sakitləşə bilməyən patriotlar onu yerdən qaldıraraq əl və ayaqlarından yelləməyə
başlayırlar. Xeyr, özünə gətirmək üçün yox. Əksinə, onu meydanda alovlanan
avtobusun içinə atmaq üçün.
Və bu məqamda Məhəmməd peyğəmbərin nəslindən
gəldiyi hesab olunan, ağır çəkili bir seyid hardansa peyda olaraq əlini havaya
qaldırır. Seyidlər qarşısında tir-titrəyən cəlilabadlılar bir anda sakitləşirlər.
Hələ də bayğın vəziyyətdə olan Xeyrullanı yerə uzandırırlar. Seyid qısa bir
nitq ərz edir:
- Müsəlmanlar! Siz nə edirsiniz? Axı siz
günaha batırsınız! Müsəlmanı öldürmək olmaz, yandırmaq heç olmaz! Ağlınızı
başınıza yığın. Buraxın onu, getsin!
Cəbhəçilər geriyə çəkilirlər. Seyidin dediklərinə
əməl etməkdən başqa çarə qalmır. Onlar Xeyrulladan uzaqlaşan kimi həkimlər özlərini
hadisə yerinə çatdıraraq, Xeyrulla Əliyevin cansız bədənini qaldırıb, təcili yardım
maşınına qoyurlar.
Meydanda dayanan cəbhəçilər xəsətəxanadan xəbər
gözləyirlər. Yarım saat sonra Xeyrullanın həyatının xilas edildiyi eşidən kimi
isə yenə özlərindən çıxaraq, Partiya Komitəsinin binasına hücum çəkib, binanın
içini və çölünü darmadağın edirlər. Sonra da rayon milis şöbəsinin binasına od
vururlar. Qapıda dayanan milis işçisini döyərək öldürürlər.
Bütün bu vəhşiliklərə ləzzətlə tamaşa edən
Miralim Bəhrəmov talandan sonra yüzlərlə cəbhəçini yanına qataraq, AXC rayon qərargahına
yollandı. Miralim binanın içinə girdi, kütlə isə bayırda qalaraq müxalif
şüarlar səsləndirməyə başladı.
Birdən AXC rayon şöbəsi İdarə Heyətinin üzvlərindən
biri bayıra çıxıb əlini qaldırdı:
- Sakit olun! Miralim bəy telefonda Marqaret
Tetçerlə danışır!
Adamlar ehtiramla susaraq, qərargahın
Miralim oturan otağının pəncərəsinə heyran-heyran baxmağa başladılar. Cəlilabadlı
Miralim İngiltərə və Şimali İrlandiya kraliçası, İkinci Yelizaveta hökümətinin
baş naziri Marqaret Tetçerlə danışırdı.
Miralimin Marqaret Tetçerlə hansı dildə,
hansı telefonda danışdığı isə bu eşşək düzənlərin heç birini maraqlandırmırdı.
İki raykom katibini devirən, üçüncüsünün
başını yaran, Bəxtiyar Vahabzadəni və Yusif Səmədoğlunu rayondan qovan Miralim
Bahramov indi də Marqaret Tetçerlə telefonda danışırdı! Vəssalam! Buna şəkk edəni
isə elə ordaca doğram-doğram edib, itlərə yem edərdilər.
Azadlıq mübarizəsi, milli oyanış, meydan hərəkatı
- Elçibəy başda olmaqla, Miralimkimilərin müdrik rəhbərliyi altında davam
edirdi.
Tanrılar Tanrısının taxta çıxaraq,
"oturmayan ermənidir" qışqıranlara və bu çağırışa uyanlara paz
soxacağı günə isə hələ çox qalırdı.

Комментариев нет:
Отправить комментарий