Müxalifətin 22 sentyabr mitinqi İskəndər Həmidovun
çıxışı və onun üzərinə Erkin Qədirlinin tənqidi ilə yadda qalmışdı. Bu mitinqdə
Erkin Qədirli çıxdı və onunla yadda qaldı ki, danışdığından heç nə yadda
qalmadı.
İskəndər Həmidov daha yaxşı idi, deyib fərqləndirməyəcəm.
Adam 93-dən sonra 9 il həbs həyatı yaşayıb. 10 il siyasi susqunluq. Zaman
maşınına minib 20 il sonranın siyasi mühitinə düşən fantastik roman qəhrəmanı
kimi. Amma "mıx çalmaq", "mafiya-naqan" söhbətləri ilə yadda
qala bildi. Kimlərinsə üzünü güldürdü. Ən əsası kütlə ilə rabitə yarada bildi.
Müxalifət keçən dəfə Erkin Qədirlinin tənqidlərindən
inciyib küsülü qala bilərdi. Amma müdrik davrandılar. Mikrofonu verdilər əlinə
və dedilər: "bu meydan, bu insan. Göstər özünü!" 10 dəqiqəlik nitqdən
sonra meydan İskəndər Həmidov nostaljisi yaşadı. Ondan sonra verdim özümü
dost-tanışla söhbətə. Dəqiqə hesabı nə qədər olar bilmirəm, kütlə ilə rabitəsi
olmayan bu çıxış çox uzun sürdü.
Bir də onda ayıldım ki, Erkin "kredit
alaraq yaşamaq yaxşıdır" deyir. Bir anda "bu nə deyir?" şoku
keçirdim. İstər keçən, istər bu mitinqdə çıxış edən natiqlər Azərbaycan
xalqının bank kreditləri ilə necə əzildiyindən danışır, Erkin kredit dolu həyatın
gözəlliyindən.
Əlbəttə, absurd fikirlərsiz o Erkin Qədirli
olmazdı. Ola bilsin fikri gedib ABŞ cəmiyyətinin xəyalına. Orda kredit həyat tərzidir.
Azərbaycanda isə yoxsul təbəqəni talama, mafiyanın qazanc vasitəsi. Siyasi mesaj
alkoqollu kokteyl deyil ki, mədə həzm eləsin. O birbaşa beyinə getməlidir.
Bax, burda qlamur intellektualığın, yaxud
intellektual "pokazuxa"nın deffektləri ortaya çıxır. Kiçik
auditoriyalar qarşısında Buddaya çevrilənlər böyük kütlə qarşısında bezdirici,
lazımsız adama çevrilir. Bir siyasətçi kimi böyük kütlənin qarşısındasansa və hər çağırışna səs vermirlərsə deməli düşmək vaxtıdır.
"Yeni nəsil" deyilən gənclik
müxalifətə lağ edə bilər. Onu köhnə, demode saya bilər. Ancaq elə ki, onları
atırlar Təpəgözün dişi arasına, görürlər ki, heç də sandıqları qədər bərk fındıq
deyillər. Partiya üzvü olmayan gəncliyin tribunada nitq deyərkən iflası göz
önündədir. Çünki siyasətçi kimi yetişmək bir təşkilat yaratmaq, beş-üç şüarla
aksiyaya çıxmaq deyil. İllərini sərf edəsən gərək.
İntellektiniz İlhamın neft buruqları kimi
fontan vura bilər. Amma bu intellekt kütləyə işləmirsə, istər-istəməz Lenini xatırlamalı olursan. "Интеллигенция - не мозг нации, а
ее говно"
Siyasi hakimiyyətə başqa yoldan da gedə bilərsən.
Deyərsən nə mitinq, nə tribuna. Alın min ədəd Kalaşnikov, gedin inqilabınızı
edin! Ancaq bir siyasətçi ki, siyasi hakimiyyətə seçki yolu ilə gəlmək istəyir
və bu yol seçki qutusundan keçir. O siyasətçi kütlə şüuruna hakim olmağı
bacarmalıdır. Onu drijor kimi idarə etməlidir. Başqa bəhanə keçməz.
Kimsə müştəbehliyinə salıb müxalifətin
mitinq aparıcılığına köhnə deyə bilər. 2500 il əvvəlki antik Yunan cəmiyyəti
ilə bugünki seçki praktikası arasında heç bir fərq yoxdur. Dəyişən sadəcə texnologiyadır Kütlə səsini almaq istəyən
natiqlik istedadına malik olmalıdır. Bir əmma var ki, orda səsləri demokratlar
sayırdı, bizdə tiranlar.
Bəzilərinizin müxalifət üçün işlətdiyi
"pafos" sözü həqiqətdə sizlərin bacarıqsızlığıdır. Heç görmüsüz ki,
Kılıçdaroğlu yaxud Bahçeli qayıdıb desin ki, "Recep bey, pafoslu
konuşuyorsunuz. Yapmayın şunu" Bu cür idiotik yanaşma ancaq bizimkilərdədir.
Çünki Türkiyə siyasəti ofislərdə oliqarxik qruplar, elit "kruq"lar tərəfindən
qurulmamışdır. Millət gücü ilə millət üzərində qurulmuşdur. Kütlənin düşüncəsinə,
emosiyasına sahib olan onun ağasıdır. Erdoğanın gücü də nitqindədir.
Sən intellektli olmaya bilərsən.
Qarşındakılar akademik, tələbə deyil, günə 10 manata işləyən qara fəhlələr ola
bilər. Ancaq sən sadə insanların ürəyincə danışmağa borclusan. Tural
Abbaslı Erkin Qədirli qədər intellektual deyil. Köşə yazıları, çətin başa düşülən
statusları yoxdur. Amma 22 sentyabr mitinqindən sonra hamı onun çıxışından
danışırdı. Çünki sadə insanların başa düşdüyü dildə, gəncliyin ruhunda çıxış
etmişdi.
Yaxud Cəmil Həsənli. Kimsə intellektual səviyyə
söhbəti eləsə Cəmil Həsənli bütün sahələrdə Erkin Qədirlidən iki-üç dəfə ağır gələr. Görün mitinq kütləsini necə əldə saxlayır. Hər nitqindən neçə-neçə
sitatlar çıxarırlar. Bu adamlar tələbə olsun, ya professor partiya qazanında bişiblər.
Siseron: "Şairlər doğulur, natiqlər
yetişir". Öncədən hazırlıq, çıxışın yazılması, güzgü qarşısında məşq,
zamanı dəqiq hesablama, intonasiya - bunlar natiqlik sənətinin gizli detallarıdır. Kəkələyən
Demosfendən siyasətçi yetişdirmək olar, amma çəlləkdə filosofluq edən Diogenləri
Azərbaycan cəmiyyəti qəbul etməyəcək.




Комментариев нет:
Отправить комментарий