Nigar Köçərli susdu-susdu, reallığı yazar
tayfasının üzünə çırpdı. Söhbət Azadlıq radiosunda Şərif Ağayarla
polemikasından gedir. "Çest"i incimiş yazarcıqlar qarğa dəstəsi kimi
tökülüşdü xanımın üstünə. Müsahibəni tapıb oxuyarsız. İzahını mən verəcəm.
Nigar
Köçərli "Əli və Nino" kitab şəbəkəsinin sahibi, illərin kitab satıcısıdır.
Bəli, biz onu qınaya bilərik ki, niyə Əhmədlidə kitab mağazası açmırsan? Ancaq
kitabın oxunması, yazıçının tanınması, davamlı satılması ilk növbədə yazıçının öhdəsinə
düşən işdir.
Tez-tez sovetin kitaba qayğısını dilə gətirirlər.
O dövrdə kitab çox oxunurmuş. Sovet vətəndaşının iki əyləncəsi vardı. Kitabxana
və klublarda göstərilən hind kinosu. İndi yüzlərlə kanalı olan televiziya, internet, facebookla
kitab rəqabət apara bilməz. Kitab üçün onlar ancaq ümid yeri ola bilər. Kitaba
sevgi elə sovetin sön dönəmində ölmüşdü. Məktəbli Seymur Əliyev mütaliə yerinə
seansı 1 rubla ucuz pornolara baxmağı seçirdi.
Azərbaycanda yazıçının kitabını nə üçün alırlar?
Birinci səbəb şəxsiyyətinə görə. İkinci səbəb
oxucuların kitab haqda rəyinə görə. Məsələn köşə yazarı Elnur Astanbəylinin
"Almadan küsənlər" şeir kitabı zay məhsul olsa da, publisistikada
qazandığı hörmətə görə xeyli adam kitabını almışdı. Yaxşı ki, dahi şair
sindromuna qapılmadı. Köşə yazmağa davam etdi.
Şərif Ağayar iddia edir ki, Xalid Huseyni
Taliban rejiminə qarşı əsərlər yazdığı üçün xüsusilə reklam olunur və satılır.
Cümlə ağzından çıxan kimi Nigar Köçərlidən əsl sillə gəldi: "Yaxşı da, Şərif
bəy, gülməli şeylər danışmayın. Siz də Əliyevin rejiminə qarşı çıxın, siz də məşhur
olun". Əliyevlərlə mübarizə bir tərəfə. Şərif Ağayar o kəsdir ki, Əkrəm
Əylisli linç ediləndə müdafiəsi üçün İctimai televiziyaya dəvət etmişdilər.
Qorxub gəlməmişdi.
İndi deyin, belə qorxağın şəxsiyyətinə hörmət
edib kitabını alsınlar, ya istedadına? Halbuki, o, ekrana çıxıb Əkrəm Əylislini
müdafiə etsəydi, ertəsi gün bütün Azərbaycan ondan danışacaqdı. Rəfdə
satılmamış kitabı qalmayacaqdı. 500 yox, 2000 tiraj sifariş edəcəkdi. Amma... Savaş
kimi ədəbi şöhrət də cəsurların nəsibidir. Qorxaqlara bəhanələr qalır.
Elə bilməyin televiziya təsirsizdir. Ən
axmaq şou proqramla da kitab bumuna təkan vermək olar. Əli Əkbərin Rövşanənin
proqramında iştirakı yadınıza gələr. O verilişdən sonra qardaşın-qardaşa məsləhət
görməyə utandığı "Sarı Gəlin" iki günə 100 ədəd satmışdı. Əli Əkbər
heç nə etməmişdi. Təmkinini qorumaqdan başqa.
Yazıçının kitabına münasibəti.
Yeni dövr yazarların öz kitabına münasibəti
doğduğu uşağı zibiliyyə atan qadından fərqlənmir. İki-üç təqdimat, beş-altı
müsahibə, vəssalam. Kitabın məzmunu facebook statuslarında belə yoxa çıxır.
Yazdıqlarını yaşatmırlar. Koelyonun "Kimyagər"i (1988) bu gün də
aktualdırsa, bunu zamana yox, yazıçının zəhmətkeşliyinə bağlamaq lazımdır.
Koelyo mütaliəli kişi oxucuya absurd süjetli, bekara yazıçı kimi gələ bilər.
Amma o qadın xəyallarının mahir manipulyatorudur. Sırf qadın auditoriyası üçün
yazır.
Koelyo arvadı ilə tez-tez dünya ölkələrini gəzir.
Turist kimi. Hər gəlişi hadisə olur. Xüsusilə, sizin rişxəndlə baxdığınız
çadralı müsəlman ölkələrində. Amma bizim yazarlar burdan-bura oxucusunun yanına
gəlməkdən boyun qaçırır. 2011-ci ilin yayında 2 aprel vicdan məhbusu Elnur Məcidlinin
məhkəməsi gedirdi. Elnur xahiş etmişdi ki, Seymur Baycan və Əli Əkbər ona
imzalı kitabını hədiyyə etsinlər. Biz Seymura Elnurun arzusunu çatdırdıq.
Cavabsa belə oldu: "Bəs bu vaxtacan niyə gedib alıb oxumurdu?" Elnur
aramızda ən çox mütaliəsi olan gəncdir. Məhbusun arzusu qanun olduğundan biz hər
iki kitabı ona çatdırdıq. Amma o sözü unutmadıq. Seymur Baycana ən yaxşı cavabı
Elnurun özü verdi. Həbsdə olduğu 1 ildə 100-dən çox kitab oxumaqla.
Kimdir maarifçi?
Azərbaycanda AYO-çuları maarifçi, gənclərə
kitab oxudan qrup kimi tanıdırlar. Yanlış təsəvvürdür. AYO-çuların lovğalığı, gənclərin avamlığından
yaranan fikirdir. Qaraqan, Elxan Elatlı kimi yazıçılar qat-qat çox gənci kitab
oxumağa cəlb edib, nəinki AYO-çuların cəmi. Elxan Elatlının bu vaxtacan bir
kitabını belə oxumamışam. Yazını yazanadək sifətdən necə göründüyünü bilmirdim.
Amma kitab sərgilərinin birində stenddə 20-dən çox romanını saydım. Gerisini
saymağa hövsələm çatmadı. Adam kütləyə işləyir. Ancaq bu vaxtacan oxucuya qarşı
nəsə iddiası olubmu?
Təbliğat məsələsinə gəldikdə. AZTV-ə
baxmıram. Amma Seymur, Günel, Aqşin və digərlərinin televiziyada, radioda,
internetdə aldığı yerin onda birini bu adam almayıb. Ədəbi qalmaqallardan
ümumiyyətlə yan keçib. Facebookda izləyici sayı isə 10 mindən çoxdur.
Qalmaqallı AYO-çuların hamısından çox. Deməli adamın arxasınca bir nəsil gedir.
Bizim yazarlar uzaqbaşı dörd roman yazıb xalqı borclu çıxarırlar. Elxan
Elatlının xalqa qarşı bir iddiasını eşidən olubmu?
Soruşa bilərsiniz onlar niyə oxunur? Kim
deyirsə ki, SSRİ oxucusunu Tolstoy, Dostoyevski, Çexovla tərbiyə edirdi, səhv
edir. SSRİ vaxtı ancaq Azərbaycanda sevgidən, kolxoz həyatından, şəhər məcaralarından
yazan yüzlərlə yazıçı, minlərlə roman çap olunmuşdu. Anar, Elçin kimi məmur
yazıçılar istisna heç birinin adını xatırlamırıq. Ancaq o romanlar oxunurdu.
Elxan Elatlı, Varis, Çingiz Abdullayev bax o oxucu irsinin davamıdır.
Tolstoyun, Dostoyevskinin yox.
Seymur Baycan utopik sovet maarifçiliyi
haqda fikirlərini tövlədən Bakıya düşmüş qlamur qıjılara yeridə bilər. Daha bizəki
yox. Çünki Seymurun özü də o dövrdə dərslikdən başqa kitab görməyib. Aktiv
mütaliəsi 2000-lərin əvvəlindən başlayır. İnanmırsız "Quqark"ı
oxuyun.
Şəxsən ilk oxuduğum müəlliflərdən biri Salam
Qədirzadə olub. (80-lərin sonu) Salam Qədirzadə əsl bestseller yazıçı idi.
Zamin Hacının köşələri onun yumoristik hekayələrinə yaxın belə düşə bilməz.
"Şekspir azərbaycanlı olub. Mənası şeyx iz pira deməkdir" zarafatı
onun yaradıcılığındandır. İndi hansı gənc kitab mağazasına girib Salam Qədirzadənin
kitablarını soruşur?
Səviyyə söhbəti edəcəksiz. Bizim AYO-çuların
ən sevmədiyi şey oxucunun onları Tolstoy, Viktor Hüqo ilə müqayisə etməsidir. Hə,
qaqa, sən Elxan Elatlı, Qaraqan ilə səviyyə bəhsinə girəndə oxucun da sənin
qarşına Tolstoy, Hüqo qoyacaq.
Desəm ki, elə həmin repçi Qaraqan cəmiyyət
üçün daha çox maarifçilik edir, çəpəki
baxacaqsız. Bu yaxınlarda bir müsahibə oxumuşdum. Profesional rep yazmaq istəyən
gənclər klassiklərə meyllənib. Vahidin, Füzulinin, Ömər Xəyyamın qəzəl
kitabları daha çox satılır. Sən, "Nizaminin,
Füzulinin bütün külliyatı Çexovun bir "6 nömrəli palata"sı etməz",
deyəcəksən, ancaq bəyənmədiyin reper dövlətin görə bilmədiyi işi təkbaşına görəcək.
Dünyada da belədir. Futbolçu Pelenin yazdığı
"Mən - Pele" avtobioqrafik kitabını oxumaq üçün minlərlə bisavad
braziliyalı əlifba öyrənib. Ölkənin maarif naziri bu xidmətinə görə Peleni
mükafatlandırıb. Tanrı səviyyəsinə qaldırdığınız Borxes, Markes mütaliəli
intellektual təbəqənin yazıçısı olub. Əllərinə 20-dən çox ispandilli ölkə
düşüb. Tanınıblar.
Keyfiyyətli əsər yazılırmı?
Bizdə ədəbiyyat yaratmırlar. Roman adına hərə
öz həyatını yazır. Əli Əkbər istisna. Seymur Baycan ömür yolundan dörd roman
çıxardı və söndü. İkisi yaxşı alındı ("18,6 cm", "Quqark")
Araz Bayramov babat povest yazdı, susdu. Qan Turalı roman yerinə həyatını
"Mustafa" adlı kinoplagiata çevirdi. Qalanlarından danışmağa dəyməz.
Yaza bilmirlər, qardaş. Şəxsən Nərmin
Kamalın "Aç, mənəm" romanını oxuduqdan sonra bir daha qadın yazıçının
kitabını almayacağıma söz verdim. Bu qədər absurd məntiqə, uşaqlıq travması
almış fetişist təfəkkürün yazıya tökülməsinə heç yerdə rast gəlməmişəm. O
kitabı məndən istəyənlərə israrla verməkdən imtina etmişəm. İyrənməsinlər deyə.
Sonradan kitabı çıxan qadın yazarlar haqda rəyləri gördükcə əmin oldum ki, doğru
qərar vermişəm.
Əli Əkbər xaric heç bir yazıçı roman
detalları üzərində araşdırma aparmır. Xəyallarına nə gəldi tökürlər kağıza.
İnformativliyin kasadlığı çox vaxt gülünc məntiq səhvlərinə gətirib çıxarır.
Qan Turalının nazik "Mustafa"sından xeyli səhv tutmuşdum. Qadın
yazarların romanları təmiz biabırçılıqdır. Halbuki bir neçə dəfə
"Google"a tıklamaq yetərdi.
Bacarmadıqları təsvirə girişirlər. Xanım
yazıçılardan birinin hekayəsində erotik səhnəni oxuyub gülməkdən sərilmişdim.
Adam detallardan o qədər qaçmışdı ki, əcaib sözlərdən istifadə etmişdi.
Soruşanda niyə erotizmi olduğu kimi təsvir etmirsiz? Deyir, xoşlanmıram. Bacım,
tutaq ki, ərə getməmisən, kişi ilə yatmamısan. İnternet ki, var. Bax, təsvir
et. Daha bu nə komediyadır.
Bir qrup yazıçı var ki, sözün həqiqi mənasında
palçıqdan düzəldilmiş konfetdirlər. Yenə də deyirəm, "Bütün dahilərdə dəlilik vardır, bizimkilər özünü dahiliyə vurmuş dəlilərdir".
Həmid Herişçi, Əsəd Qaraqaplan, Şəhriyar Del Gerani və s. ayağı yer tutmayan
sufilər. Şeiriyyatdan, mistikadan nəsrə enirlər. Yazdıqları isə zibil.
Yazını yaza-yaza oxudum ki, Nigar Köçərli Həmid
Herişçinin "Portretlər" əsərini mağazasında satmaqdan imtina edib.
Müdrik qərardır. Bu yerdə Əli Novruzovun fikri yada düşür: "Həmid
Herisçinin kitablarını ictimai yerdə oxumayın".
Nigar Köçərli 2 ildə bir dənə kitabı satılmayan
Vahid Qazının da adın çəkib. Həqiqəti götürə bilməyən Qazı özünü qoyub
tazılığa. Axı, kimə lazımdır sənin Ağdam xatirələrindən bəhs edən qaralaman?
Yerli, qohum-əqraba üçün yazılan kitabı ciddi oxucu niyə almalıdır. O cür
tazının yeri rəf deyil, Avropanın qaçqın kampıdır.
İndi də boykot söhbəti salıblar. Bəs Nigar
kitabımızı yaxşı yerə qoymur. Ona görə almırlar. Bir ara şən maarifçilər hərəkatı
vardı. İndi şən tərcüməçilər hərəkatı yaranıb. Tərcümə də tərcümə olsa. Çevir
tatı, vur tatı. Dəfələrlə olub ki, 10 dəqiqə axtardığım kitabı tapmamışam.
Satıcıdan soruşmuşam. Tapıb verib. Yaxşı piar olunmuş kitabın hara qoyulmasının
fərqi yoxdur. Əsas odur oxucu mağazaya girmədən kitabı görsün.
Özünüzdən nə qədər pizdes yazar düzəldirsiz-düzəldin
xeyri yoxdur. Kitab bazarı öz qanunlarını diktə edir. Bir neçə il əvvəl Əbülfəz
Qurbanlı ilə şəhər mərkəzindəki kitabxanaların birinə girmişdik. "Əli və
Nino" deyildi. Gənc yazarların kitabını soruşduq. Üstündə təzə çapdan
çıxmış kitabların düzüldüyü masanı göstərdilər. Üstdə gənc yazarlar, yerdə
Elçinin üst-üstə qalanmış nəfis cildli külliyatı dururdu. Elçin Əfəndiyev bu
ölkədə baş nazir müavini, sizlər uzağı köşə yazarısız. Bazar ona da rəhm etməyib.
Əgər kitabınız ön rəfdə deyil, anbarda yatırsa, deməli pizdesliyinizin dövrü
keçib. Əsər yaratmaq vaxtıdır.






"Əli və Nino"da mən də işləmişəm. Bir dəfə Əhməd Şahidov 28 Mall-dakı dükana gəlmişdi. Başladı deyinməyə ki, "Sən də yer ver aşka" adlı kitabımı dibə qoymusunuz, ona görə satılmır. Mən də dedim ki, üzrlü say, indi aparıb "bestseller"lər bölməsinə qoyacağam. Adam daun sindromundan əziyyət çəkən tip kimi hırıldadı, çıxıb getdi. Azərbaycanda yazıçıların vəziyyəti bu gündədir, ədəbiyyatın reallığı pis gündədir.
ОтветитьУдалить