Dünən təhsil eksperti Əlövsət Osmanlı vəfat
etdi. Əlövsət Osmanlı Azərbaycan mətbuatında tək cəhəti ilə yadda qalmışdı.
Sabiq təhsil naziri Misir Mərdanovun əbədi və dönməz tənqidçisi olmaqla. Əlövsət
tənqid etmirdi. Misirlə yaşayırdı. Onunla nəfəs alırdı. Həftə səkkiz-doqquz "Azadlıq" qəzetinə
zəng edib açıqlama verirdi. Gün gəldi Misir Mərdanov vəzifədən getdi.
Tənqidlər,
zənglər yoxa çıxdı. Əlövsət söndü. Misirin gedişinə cəmi 5 ay dözə bildi. Yol ilə
getdiyi yerdə ürəyi tutdu, keçindi. Gənc və sağlamkən.
Həyatda kimisə dəlicəsinə sevmək və nifrət
etməkdən daha təhlükəli şey yoxdur. Çünki həyatda əbədi heç nə yoxdur. Hansısa
qızın onu tərk etdiyinə görə intihar edən oğlanların, arvadı öləndən sonra içib
həyatı məhv olanların hekayəsini hər gün oxumaq olar. Müsəlman ölkələrindəki
intihar faizinin azlığını görüb, çoxarvadlılığa haqq qazandırmadan keçə bilmirsən.
Sevgi paylaşılanda kişi sağlam olur. Eləcə də tənqid.
Əlövsətin Misiri olduğu kimi bizim yazar
tayfasının da Anarı var. Azərbaycanda ədəbiyyata iddialı hər kəs anarlaşır.
Belə baxıram bir gün hər kəs Anar olacaq. Anara bir kərə bulaşdınsa, ondan
qurtuluş yox. Sevmək yaxud tənqid etmək sonda eyni nəticəni verir. Anarlaşırsan.
İsa Qəmbər Anarı sevə-sevə, Seymur Baycan tənqid edə-edə xasiyyətini aldı.
Bir vaxtlar anti-anarçılardan ən xod gedəni
Qan Turalı idi. Xəstəlik o qədər şiddətli inkişaf edirdi ki, orqanizmdə Anar hərarəti
yüksək dərəcəyə çatırdı. Elə bu səbəbdən ən tez yanan da o, oldu. İndi Qan
yoxdur, Anarklon var.
Yüksək templə olmasa da, arabir yazan Seymur
Baycan qalır. Seymur üçün Anar həyat mənbəyidir. Daimi oksigendir. Misirin
Əlövsəti vardısa, Anarın Seymuru var. Seymur Baycanın dediyinə görə Anar bir dəfə
onu intihardan da xilas edib. İlham verməklə. Vəziyyətin nə qədər ağır olduğunu
özünüz başa düşün.
Baycanın hardasa 50 yaşına gəldikdən sonra
Anar ola biləcəyini düşünmüşdüm. Amma metamarfoz çox tez baş verdi. Seymur
Baycan Anar kimi "müdrik"ləşdi, ağırlaşdı. Özünə ağsaqqal hörməti tələb
etməyə başladı. Qarnını doydurmayan xalqı "neprav", altına yatmaq istəməyən
qızı Tükəzban çıxardı. Tənqidə dözümsüz oldu. Ən əsası istedadsızlaşdı.
Bəlkə qəribə görsənər, Anarı tənqid edən gənc
yazarlar zahirən sürətlə ona bənzəməyə başlayırlar. Eynəkli, trubkalı, fotolara
şit gülüşlə poz verən Qan Turalı eynən gənc Anar idi. Bircə kepkanı Yusif Səmədoğludan
götürmüşdü.
Seymur Baycan da geri qalmadı. Anar kimi
qocaldı. Daha doğrusu qocalmaq istədi. Ağ, toppuş sifəti cod saqqal əvəz elədi.
Şən adam qaradinməzə çevrildi. Baxışlara kədər çökdü. Bircə trubkası çatmır bu
kədəri həzin-həzin çəkməyə. Hələlik siqaretlə yola verir.
Bəli, Anar Azərbaycan ədəbiyyatında qara dəlik
fenomeni kimi bir şeydir. Nə qədər istedadlı yazar olursa-olsun Anar kimi şişmək
yolunu tutdusa, bir gün partlayacaq. İşıq kütləsi əvəzinə yerində qara dəlik
qalacaq. Gəl ki, qalaktikada adın Anar olacaq.
Seymur Baycan bizə lazımdır. Anar olmasa kim
bilir onun halı necə olar. İnfarkt deyilsə, intihar. Seymuru sevənlərdənsizsə,
dua edin ki, Anar yaşasın.



Комментариев нет:
Отправить комментарий