Mustafa Sübhi küçəsinin adının Şeyxülislamın
bir göstərişi ilə dəyişdirilməsindən yəqin ki, xəbəriniz var. Ancaq bu hadisədə
bir şey təəssüfləndirdi. Az qala Məhəmmədhəsən kişinin dağda ölən eşşəyi haqda
bəyanat verən partiyalar məsələyə səssiz qaldı.
Küçənin adı ona görə dəyişdirilib ki,
Mustafa Sübhi adlı şəxs Allahşükürə ləzzət eləmirmiş. Sübhi türk kommunisti, əqidəcə
ateistmiş. Vampir sarımsaqdan qaçan kimi, molla da ateistdən ürkər. Maksimal
komfortun təmin edilməsi üçün şeyx həzrətləri tərəfindən Hacıbala Abutalıbova
müraciət edilib. Elə səhəri gün prezident səviyyəsində müraciətə cavab verildi.
Şeyxin arzusu təmin olundu. Küçəyə şeyx
üçün məscid tikən Nabat Aşurbəyovanın adı verildi.
Dindar-ateist, sağçı-solçu, kommunist-müsavatçı
söhbətlərini qoyuram bir kənara. Ortada dünyəvi dövlət prinsipinin heçə
sayıldığı vəziyyət var. Dinin dövlətdən ayrı olduğu dövlətdə dini rütbəli şəxs
göstəriş verir. Dərhal onun istəyinə uyğun ali hakimiyyət səviyyəsində cavab
verilir. Molla dövlət başçısını zövqünə görə idarə edir. Deyək ki, İlham Əliyev
gözə kül üfürür. Kiməsə xoş gəlmək üçün sökdüyü, adını dəyişdirdiyi tarixi
obyekt az olmayıb. Bəs müxalifət niyə susur?
Bu gün şəxsi iradəsini hakimiyyətə qəbul
etdirən dini məmur sabah hakimiyyət olacaq müxalifəti dolamazmı? Naxırçı kəndirli
dananı əlinə dolayan kimi dolayar. Keçən il bu vaxtlar Allahşükür Paşazadə
vicdan azadlığının nə olduğunu bilmədiyini demişdi. Vicdan azadlığı odur ki, vətəndaşlar
istədikləri dinə sitayiş edə bilər və ya heç bir dini inancı qəbul etməmək
hüququna malikdirlər. Eyni zamanda hər iki tərəfin bir-birinin inanc haqqına
hörmət bəsləməsi.
Şeyxülislam vicdan azadlığı hüququndan bixəbər
adamdır. Olsaydı Mustafa Sübhinin şəxsiyyəti onu narahat etməzdi. Qanunpərvər vətəndaş kimi Sübhiyə də dözümlülüklə
yanaşardı. Ya siyasilər? Gündə azı on kərə
demokratiya, mətbuat, vicdan azadlığı zikr edən bəndələrin öz dediklərindən xəbəri
varmı? Varsa nədən və ya kimdən qorxurlar? Bəlkə beyinləri tormozlayır...
Türkiyədə bənzər hal baş versəydi mütləq
siyasi reaksiya gələrdi. Vətəndaşlarımız siyasəti türk kanallarına baxıb öyrənirsə,
buna təəccübləməyin. Bu heç də müxalifətin televiziyaya buraxılmaması ilə bağlı
deyil. Hakimiyyətin intellekt sarıdan nə mal olduğunu hamımız bilirik. Bəs əldə
olan virtual KİV-dən camaat nə öyrənsin? Müsavat-AXCP qeybəti.
Küçənin adının dəyişdirilməsi ilə bağlı sıravi
müsavatçının reaksiyası - "Bizi maraqlandırmır Sübhi. O adam kommunist
olub. Bizə nə?" Filankəsdən bizə nə deyirlər, amma bütöv bir xalqın başına
hakim kəsilmək istəyirlər. 28 may metro stansiyasında Rəsulzadənin barelyefi
söküləndə hay-küyləri aləmi götürmüşdü. Ancaq İlham Əliyev sovet adına incəsənət
abidələrini yerlə-yeksan edəndə, adlarını dəyişəndə gözlərini döymüşdülər. Üstəlik
sevinmişdilər. Yaxşı, o götürülən heykəllərə qoyun mütiliyi ilə dözdünüzsə,
sökülən barelyefə niyə etiraz edirsiniz? Olmaya Məkkə kafirləri kimi o daşların
içində ruhların var olduğuna inanırsınız?!
Azərbaycanda niyə inqilab olmur? yaxud Azərbaycan
niyə inqilabçı yetişdirmir? sualına bir cümlə ilə cavab vermək olar. Bizdə
siyasət ənənəçilik üzərində qurulub. Tarix isə heç yerdə ənənəçiləri
inqilabçıya çevirməyib. Beyinlərdə inqilab belə hallara siyasi reaksiya ilə
cücərir. O partiyalar ki, 100 il əvvəlin zehniyyəti ilə düşünür və başqa dəyərləri
heçə sayır, onların yeri tarixin zibilxanasıdır.
Kommunist, ateist Sübhinin adına müdafiə etsəm
də, Allah inancından heç vaxt əksik olmamışam. Ən azı ona görə ki, Allahın özü
aramızda olmasa da, ədalətinin işarələrini görə bilirik. O, ədaləti öz nəfsi ilə
ölçənləri heç zaman xalq başına hakim qılmaz. 20 ildir kimi vəzir, kimi rəzil
etdiyi ortada. Nəfsi ilə yaşayan toplumların başına Əliyevlər ailəsi kimi Təpəgöz
oturdub bir-bir uşaqlarını yeyər. Dünən adı yox edilən Mustafa Sübhi başqasının
uşağı idi. Sabah növbə sizin uşaqlarınızdadır.

Комментариев нет:
Отправить комментарий