Bu günədək
iştirak etdiyim kitab təqdimatları janrından asılı olmayaraq roman təqdimatı
olub. İlk dəfə idi ki, hekayələr kitabının imzalama mərasimində iştirak
edirdim. Müəllif Əli Novruzov. Əsər "7 hekayə". Hekayə kitabları
yaddaşımda sovet xatirəsi kimi qalıb. "7 hekayə"ni oxuduqdan sonra əminliklə
deyə bilərəm ki, xeyli roman yazarı ilə yanaşı artıq hekayə yazarı da var.
Məsəl
var ki, kitabın üz qabığına baxıb
mühakimə yürütməzlər. "7 hekayə" o kitabdır ki, oxucuda ilk təəssürat
yaradan elə üz qabığıdır. Növbəti sətirləri çap etmək üçün yazıçıya baxan
makinaçı pişik silueti nəyə desən dəyər. Bu cür intellektual karikaturaya axırıncı
dəfə elə sovetin vaxtında rast gəlmişəm. Müstəqillik dövrünün yazıçılarının kitablarının
üz qabığını iri fotoları, ya da kafkaçılığın parodiyası olan əcaib siluetlər bəzədi.
Kitabın
yazı dili axıcı, cümlələr qısadır. Fikirlərin bitkin olması müəllifin tez-bazar
kitab çap etmək həvəsindən uzaq olmasını göstərir. Kitab cəmi 7+1 hekayədən
ibarət olsa da, hekayələrin anlatma dili fərqlənir. "Qırx mühafiz", "Dəniz
kənarında" hekayələri birinci şəxsin dilindən yazılsa da, "Qara"
üçüncü şəxsin dilindən verilib. Dialoqlar şəklində verilən hekayələrdə süjet
ardıcıl davam edir. Qırılmalar, müəllifin qəflətən xəyala gedib məzmuna şəxsi
sentimentallığını qatması gözə dəymir.
Hekayədən
hekayəyə fərqli anlatım dili və üslub müəllifin yazıçılığa həvəskar kimi
başladığını, planlı şəkildə özünü ədəbi çərçivəyə salmadığını göstərir. Formallıq,
şablonçuluq olan yerdə azadlıq olmur. Azadlıq olmayan yerdə isə yaradıcılıq. Bəri
başdan qəliblərin olmaması ortaya oxunaqlı məhsul çıxarıb.
Keçək
hekayələrə. Alleqorik hekayə adı ilə verilmiş "Fəlakət" sovet hekayə
yazıçılarının üslubunu xatırlatdı. "Fəlakət"in ilk cümlələrini oxuyanda
elə təəssürat yaranır ki, sanki hadisələr insanlar arasında baş verir. Özü də
azərbaycanlılar. Davam etdikcə məzmun açılır. Qəhrəmanların heyvan olduğu
anlaşılır. Belə keçid oxucu üçün maraqlı sürprizdir. Adətən təmsillər
heyvanların birbaşa təsviri ilə başlayır.
Şəxsən
mənə ən çox təsir edən hekayə "Qırx mühafiz" oldu. Bəziləri elə
düşünür ki, Əli burda millətçiləri dolayıb. Yəqin ki, bu insanlar Kürşad və 40
dostunun tarixi qəhrəmanlığından xəbərsizdirlər. Onların sonu hekayədəki
sonluqdan daha faciəli bitir. Amma bir milləti azad etmiş olurlar. Müəllifin öz
dilindən anlatılan "Qırx mühafiz" ən içdən yazılmış hekayədir. Ən azı
mənə belə təsir bağışladı. Məhz bu hekayəni beş-altı dəfə oxudum. Əli Novruzov
gələcəkdə povest ya roman yazmağa cəhd etsə, "Qırx mühafiz"in dili
nümunə ola bilər.
Danışıq
dilində və ədəbiyyatda ləhcənin qatı əleyhdarı olsam da, "Boyunbağı"
hekayəsində bakılıların ləhcəli dialoqunu təsvir etmək bacarığına görə müəllifi
təbrik etmək olar. Zərgər Hacıağa, Hacıağanın rusdilli bacıoğlusu tipajlarını ədəbi
dilə müraciət edərək yaratmaq olmazdı. Kitabda "Boyunbağı" plagiat
hekayə izahı ilə verilib. Bu fəndlə "Plagiatdır!" qaragüruhçularının
sümüyü boğazına qoyulub. "Hər şey plagiatdır" məntiqi ilə yanaşsaq,
Axundovun pyeslərini Molyerin plagiatı çıxarmaq olar. Məzmun yerli mühit və
personajlara uğurla tətbiq edilirsə, bu yazıçının ustalığıdır.
Ən güclü
ironiyanı isə "Qara"da hiss etdim. "Pulsuz pendir cələdə
olar" misalı əvəzsiz verilən hədiyyənin də bir hesabı var. Romantik roman
üçün mövzu ola biləcək "Dəniz kənarında" faciəvi hekayədir.
Sentimental mövzunun mümkün olduğu qədər qısa və yığcam bitirilməsinə sevindim.
Eyni material qadın yazıçının əlinə düşsəydi, oxucu bədbəxt olmuşdu.
Postmodernizm
mövzusuna toxunmadan keçmək olmaz. Bu günədək xeyli zay əsər yazılıb ki,
postmodernizm adı ilə oxucuya sırınıb. Yazılanı tənqid edən oxucu isə dünya ədəbiyyatından
bixəbərlikdə ittiham olunub. Mən "Yayı olmayan il" hekayəsindəki kimi
pişiklə universitet professorunun dialoqunu qəbul edə bilərəm. Amma yazdığı məlumatı "Google"da,
vikipediyada axtarış verib dəqiqləşdirməyə tənbəllik edənlərin
zir-zibilini yox. Tənqidim Əliyəcən oxuduğum müəlliflərədir.
Bağırsaq
qazını dağ havası adı ilə soxuşdurmağın vaxtı daha keçib. Oxucu rəhm etməyəcək.
Əli Novruzovun kitabının üstünlüyünün bir cəhəti odur ki, o, hər şeyi öz adı ilə
adlandırıb. Absurd süjeti olan "Şəhər"ə absurd hekayə, pişiklə
professorun söhbətinə postmodernizm adı verib. Eyni izahla digər bütün hekayələr.
Qeyd:
Əli Novruzovun kitabı çapa verilmədən öncə iki hekayəsinin oxucusu olmuşam. Ona
hekayələrinin dilinin axıcı olması, dialoqlardan bacarıqla istifadə etdiyini
yazmışdım. Ancaq hekayələrin sonda nə demək istəməsi detektiv süjeti kimi
dolaşıq idi. Şadam ki, Əli tənqidlərdən nəticə çıxarıb və hekayələri tam
anlaşılacaq şəkildə bitirə bilib.
Yazını
oxuyanlar sual verə bilər ki, ədəbi tənqid yazımda niyə daha çox təqdir mövqeyində
durmuşam. "7 hekayə"ni oxuyanadək saytlarda xeyli hekayə oxumuşam.
Bunlar ya iyrənc məişət söhbətlərinin nəsr forması, ya da sentimentallıq
burulğanı olub. Hekayə yazarlarının şəxsi hisləri o qədər ağır basıb ki, hekayənin
nə cür davam etdiyini tutmaq olmur. Hətta yaxşı mövzular da sonda söz yığınına
çevrilib.
Hekayə
"fastfood" kimi olmalıdır. Tez hazırlanıb, asan yeyilə bilməlidir.
Ağzında çeynəyib, mədəyə düşənəcən ləzzətini hiss etdinsə, deməli alınıb.
Romantikaya qapılmaq istəyənlər üçün adı üstündə, roman janrı var. Hekayəni
hislərin, əşyaların uzun təsviri ilə korlamaq olmaz. Qəhrəmanlar danışmalıdır. Süjet
yığcam şəkildə yazılıb, oxucu rahat anlayacaq şəkildə bitməlidir. "7 hekayə"də
bu parametrləri gördüm.
Bir
neçə söz kitabın təqdimatı haqda. Təqdimatın ilk günündə kitab digər yazarlarla
müqayisədə rekord sayda - 395 ədəd satılıb. Əlbəttə, oxucu qıtlığının olduğu Azərbaycan
mühitində azdır. Amma həvəskar yazıçı kimi başlamış gənc üçün ciddi rəqəmdir.
Səbəb
nədir? "Nigar Köçərlinin çıxardığı göz" bloq yazımda qeyd etmişdim
ki, Azərbaycanda kitabı iki meyara görə alırlar. Birinci, kitab yazanın şəxsiyyətinə görə.
İkinci, oxucuların kitab haqda rəyinə görə. Özünü Nitşe, Kafka ilə müqayisə
edib, dağ başına qoyanlara oxucu dəfələrlə dirsəyini göstərib. Satışın azlığı səbəbini
isə atıblar oxucu "savadsızlığı"nın üstünə. Ya da mağazada göz görünən
yerdə deyilmiş.
Əli
Novruzovun digər inteligentlər kimi cəmiyyəti hər fürsətdə alçatmamasının nəticəsidir
ki, oxucu onu özünə bərabər görüb. Publisistikada elə də tanınmasa da. Kitabı
satmazdan öncə digər fürsətçi yazarcıqlar kimi hər hansı partiya və gənclər hərəkatına
üzv olmamışdı. Təqdimata gələnlər isə fərqli baxışlı, bir-birilə zidd münasibətləri
olan adamlar idi. Amma hər biri Əli Novruzovu insan kimi qiymətləndirib gəlmişdi.
Yuxarıda sadaladığım iki keyfiyyəti yaratmadıqca, Azərbaycanda oxucuya kitab
satmaq müşkül məsələdir.
"7
hekayə" bu il oxuduğum yerli kitablardan ən yaxşısıdır. Müəllif kitabı
daha iri həcmdə yaza bilərdi. Amma "az olsun, yaxşı olsun" prinsipinə
əməl edib. Bir qaşıq qırın bir çəllək balı zay edə biləcəyini nəzərə alsaq,
yazmağa yeni başlayan yazarlar üçün yaxşı nümunədir. Ümid edirəm yazdıqlarım
Əli Novruzovda özünəvurğunluq aurası yaratmaz.



Комментариев нет:
Отправить комментарий