Rejissor Vasiliy Todorovskinin çəkdiyi
"Stilyaqi" filminə ilk dəfə baxanda, rusların belə film çəkə bilməsi
inanılmaz gəlmişdi mənə. Müzikl janrında çəkilən film parlaq səhnələri, rəngli
geyimləri, musiqi nömrələri ilə adamı heyran edir. Hollivudun ən yaxşı ənənələrini
özündə əks etdirən "Stilyaqi"nin adi müzikllərdən üstün cəhəti var –
ideoloji mübarizə və mövcud cəmiyyətə üsyan.
Filmin qəhrəmanları da, antiqəhrəmanları
da gənclərdir. Burada nəsillər arasında mübarizə getmir. Eyni nəslin nümayəndəsi
olan, lakin fərqli imicə görə bir-birinə nifrət edən gənclər mübarizə aparır.
Kosmopolit gənclər "nümunəvi" sovet gənclərinin gözündə imperialist
qüvvələrin agentidir. Komsomol gənclik stilyaqa dünyasında boz kütlə.
60-ların bitlmanları, 70-lərin hippi gəncliyi,
80-lərin pank-rokçuları hamımıza tanışdır. Ancaq bütün bunlardan əvvəl 50-ci
illərin stilyaqaları vardı. II dünya müharibəsinin başa çatması və Xruşov
"istiləşməsi" ilə sovet vətəndaşları tamam fərqli dünya ilə tanış
oldular. Quru, bürokratik SSRİ mədəni həyatından fərqli olaraq, Qərb həyat tərzi
daha rəngarəng idi. Müharibədən qənimət kimi gətirilən amerikan jurnalları,
alman geyimləri, filmləri proqressiv sovet gəncliyinin idealına çevrildi. Əlbəttə
ki, mühafizəkarların da hücum hədəfinə.
Stilyaqalar amerikan mədəniyyətini
ilahiləşdirən, Qərb modasında geyinməyə çalışan gənclər idi. Stilyaqanın
sevdiyi rəqslər vals, polka yox;
buqi-vuqi, lindi-hop, rok-n-roll idi. O, skripkanı deyil, saksofonu
seçirdi. Caz və rok dinləyirdilər. Rəngli, müasir geyim, qalın daban krosovka
stilyaqanı boz sovet gəncindən fərqləndirən əsas atribut idi.
İndiki dövrdə azad yazarlar köşə
yazılarında gənclərə rəngli geyim, müasir musiqi, azad sevgi kimi dəyərləri təbliğ
etməyə çalışırlar. Halbuki 60 il öncə SSRİ-də bu dəyərlər uğrunda mübarizə
aparan gənclik vardı. Hippi, pank gənclik hərəkatları beynəlmiləl olsa da,
stilyaqa obrazı sırf SSRİ-ə məxsus idi. Qərbdə gənclərin norma saydığı geyim tərzi
"dəmir pərdə" arxasında hakim ideologiyaya qarşı mədəni üsyan idi.
Günümüzdə rəngli geyinmək, müasir musiqi
dinləmək, bir neçə kitab oxuyub "cool" imici yaratmaq, elə də çətin
deyil. O illərdə stilyaqa olmaq partizan olmaq kimi bir şey idi. Qərb istehsalı
rəngli qalstukları, şalvarları, ancaq “farsovşik” adlanan qara bazar alverçilərindən
tapmaq olardı. Özü də çox baha qiymətə.
Stilyaqalıq öz-özlüyündə subkultura idi.
İmic təkcə geyim və rəqslə bitmirdi. Ruslaşdırılmış amerikan sözlərindən yeni
slenq dili yaranırdı. Katya, Fyodr, Boris kimi rus adları Keti, Fred, Bob şəklində
“nik”lərlə əvəz olunurdu. Caz, rok musiqisini dinləmək üçün qrammofon valları
nadir tapıldığından, musiqi yazıları plastik rentgen fotolarının üzərinə
köçürülürdü. Buradan da "sümüklər üzərində rok" ifadəsi yaranmışdı.
Fərqli gəncliyin görüş yeri yaşadığı şəhərin
baş küçəsi sayılırdı və slenqdə “Brodvey” adlanırdı. Moskva stilyaqalarının
görüş yeri “Tverskoy” küçəsi, Leninqradda (indiki Sankt-Peterburq) “Neva”
prospekti, Bakı modabazları üçün isə “Tarqovıy” küçəsi idi.
Totalitar sovet sistemi hamıdan fərqlənən
bu yad ünsürlərə biganə qala bilməzdi. Saksofon və caz musiqisi düşmən elan
edildi. "Bu gün caz çalırsan, sabah vətəni də satarsan" - devizi qərb
mədəni dəyərləri ilə müharibənin şüarına çevrildi. Fərqli geyim və saç düzümünə
malik gənclik mətbuatda lağ edilərək alçaldılırdı. Gənclər milis, komsomol
drujinaları tərəfindən həbs edilir, saçları, paltarları qayçılanaraq "mədəni"
tərbiyə ilə "islah" olunurdular. Məxfi stilyaqa rəqs məclislərinə
qarşı "oblava"lar keçirilirdi.
"Stilyaqa" filmi də bu cür
"oblava" ilə başlayır. Boz kütlədən fərqlənməyən komsomol Mels
(Marks, Engels, Lenin, Stalin adlarının baş hərfindən götürülmə) stilyaqa qız
Polzanı (Polina) tutmağa çalışanda ona aşiq olur. Qıza olan məhəbbəti Melsi dəyişir.
Stilyaqalar kimi geyinməyə başlayır. Saç düzümünü, vərdişlərini dəyişir.
Komsomol yoldaşlarını yeni dostlara dəyişir. O, artıq Mels yox, "ideoloji
düşmən" Meldir. Elə bununla da cəmiyyətin nifrət obyektinə çevrilir.
Mel ona gizli aşiq olan komsomol təşkilat
rəhbəri Katyanın sevgisini rədd edir. Katyanın "ideoloji düşmən" Melə
universitet auditoriyasında qurduğu qisas məhkəməsi, xüsusilə, təsirlidir.
"Nautilus Pompilius" sovet rok qrupunun "Bir zəncirlə zəncirlənmişik"
mahnısı altında səslənən Katyanın ariyasını XXI əsr rus kinosunun ən möhtəşəm səhnəsi
adlandırmaq olar. Tamaşaçı, sadəcə, müziklə baxmır, totalitar cəmiyyətin
basqısını tükləri ürpənərək hiss edir. Xor altında yüksələrək səslənən
ittihamlara Mel partiya biletini stolun üstünə qoyaraq, sükutla cavab verir.
Cəmiyyətdən təcrid olunan qəhrəman saksofon
çalmağı öyrənir. Musiqiçiliklə həyatını qazanır. Əcnəbidən hamilə qalan Polza
ilə evlənməyi gözə alır. Ona stilyaqa olmağı öyrədən dostu Fred (Fyodr)
Amerikada diplomat karyerası qurmaq üçün dostlarını tərk edir. Geri qayıdan
Fred artıq stilyaqa deyildi. Boz kostyum – plaşlı bürokrat, stilyaqaların
slenqi ilə desək "jlob" idi.
Fredlə görüşən Mel Amerikadakı
stilyaqaların necə olduğunu soruşur. Fred "Sənə bəd xəbərim var. Mən
Amerikada oldum. Orada stilyaqalar yoxdur" – cavabı verir. Öz kimliyinə
sadiq qalan Melin cavabı ritorik olur: "Biz ki, varıq!"
Film sonadək məşhur rus rok, caz
qruplarının yazdığı mahnılarla müşayiət edilir. "Zaman maşını",
"Kino", "Çayf", " Nautilus Pompilius" kimi
qrupların mahnılarını dəyişdirilmiş,
yaxud orijinal mətni ilə filmdə eşitmək olar. Ənənəvi "Happy
end"lə bitən amerikan müzikllərdən fərqli olaraq, "Stilyaqi"də
rus dramatizmi var. Bu, həm komediyadır, həm faciəli komediya. Amma bütün cəhətləri
ilə tamaşaçını heyran qoyan filmdir.
Film haqda maraqlı qeyd: 2009-cu ildə
rus kinematoqrafçıları ikiyə bölünəndə Nikita Mixalkov tərəfdarları "Qızıl
qartal", Mixalkov əleyhdarları "Nika" kinomükafatını təqdim
edirdilər. Bütün siyasi münaqişələrə baxmayaraq, "Stilyaqi" könüllərdə
qalib gəldi və hər iki kinofestivalın baş mükafatını aldı.
Rusiya kinematoqrafiyasının istehsal
etdiyi çoxsaylı keyfiyyətsiz filmlər sırasında "Stilyaqi" əsl
manifestdir. Totalitar düşüncə ilə barışmaq istəməyən gənc nəslin manifesti.
Комментариев нет:
Отправить комментарий