Türk
köşə yazarlarının zərərli olması barədə bir neçə dəfə müzakirə açılıb. Azsaylı
tərəfdarları ilə yanaşı bu fikrin əleyhinə çıxan xeyli adama rastlamışam. Türkiyə mətbuatını oxumadığım üçün mövzunun üstünə getmirdim. Həqiqətin
belə olub-olmadığını yoxlamaq üçün müxalifətə yaxın "Cumhuriyet" qəzetinin
saytına girdim və heyrətdən ağzım açıq qaldı.
Necə
gəldi üstünə tıkladığım köşə yazılarını oxuyub, "Ya Rəbb, bu nədir?
Bunları oxuyan kütlədə beyin qalarmı?" - dedim. Şer kimi alt-alta yazılmış
cümlələr, arxivdən çıxarılıb yazıya tökülmüş köhnə söhbətlər. Siyasi təhlil,
analitika adına yekə bir sıfır. Şüarşılıq meydan sulayır.
Maraqlıdır
ki, bu şer-köşələri istedadsız bakirə şairələr yox, yaşı qırx, əllini keçmiş ahıl
daydaylar yazır. Hansılar ki, 60, 70-lərin solçu-sağçı qovğasında yetişiblər.
Günün bu günündə də həmin zehniyyəti türk insanına sırıyırlar.
Bunların
hələ ən xod gedən köşə yazarı Yılmaz Özdildən nümunə gətirim. 2014 girəndə belə
bir şey yazmışdı:
Hep beddua olmaz.Dua da lazım.Kızlı-erkekli...Tayyip Erdoğansız yıllar dilerim.Amin.
Təsəvvür
edin dörd cümləlik yazını fərqli saytlarda azı 100 min dəfə paylaşıblar. Nə qədər
zombi cəmiyyət olasan ki, bu qədər boş fikirləri dost-tanışın üçün faydalı biləsən.
Türk köşə yazarları bax, bu cəmiyyəti yetişdirib.
Bir
müddət düşündüm ki, axı nə görüblər türk köşə yazarlarında? Xüsusilə, azərbaycanlılar.
Təhlil olmayan yerdə fərqli fikir öyrənmək mümkün deyil. Bu suala cavabı videobloqqer
Həbib Müntəzirin statuslarına gələn laykları görəndə tapdım. Həbibin son
statuslarından biri:
3.8 milyard dollar büdcəsi olan ordu xəbərləri:
Ordumuzun zabiti şəhid olub
Ali Hərbi Məktəbin zabiti rüşvət alarkən həbs edilib
Əsgər hərbi hissədən qaçıb
Əsgər özünü güllələyib
Əsgər ürək çatışmazlığından vəfat edib
Əsgər özünü asaraq intihar edib
Və son vuruş: Vətən sağ olsun!
Yaxud
türk köşə yazısı stilində digər bir statusu. Oxuyub fikirləşirsən ki, təhlil
yox, zəhmət yox, sensasion faktlar yox. Axı nə var burda ki, bu qədər adam bəyənir.
Elə başa düşməyin layk etmək lazım deyil. Müxalif fikirlər çox paylaşıldıqca
facebook avtomatik olaraq daha çox adama göstərir. Qısqanclıq,
"kruq"bazlıq burda yersizdir.
Bu
tip yazıların uğuru keyfiyyətində yox, psixoloji təsirindədir. Qısa və bitkin
fikirlər. Emosional cümlələr. Mərsiyə, yaxud "gəlirik!" məzmunlu söhbətlər.
Sırf şüarçılıq. Digər cəhəti; köhnə söhbətlərin arxivdən çıxarılması, tarixi məlumatların
sinxron şəkildə alt-alta sıralanması. Bilmirəm Həbib Müntəzir Yılmaz Özdil kimi
yazır, ya Özdil Həbib kimi, belə yazı tərzi ilə tənbəl oxucunu təəccübləndirmək
olar. Hansılar ki, ölkədə baş verənləri ancaq facebookun əsas səhifəsindən öyrənir.
Belə
köşələri, statusları yazmaq üçün beyin əməyi lazım deyil. APA kimi xəbər
saytlarında bir az gəzmək, "Google"da axtarış vermək kifayətdir.
Yazdığına yumor, yaxud mərsiyə havası qat. Bas, getsin. Daim yazan, yaddaşı
yaxşı olan birisisizsə yazmaq üçün mövzu həmişə var.
İnformasiya
cəmiyyətində yaşayan oxucu tənbəlləşir. Gün ərzində beyni o qədər dolur ki, məlumatı
SMS şəklində qəbul etmək istəyir. O, xörək bişirmək yox, dönər (türk köşə
yazısı), buterbrod (status) alıb yemək istəyir. Qazan xörəyini (analitik yazı)
bişirmək üçünsə saatlarla vaxt lazımdır. Xörəyin dadlı olması üçün təkcə resept
(mövzu) yetərli deyil. Təcrübə və ədviyyatlar (yazı dili) yeməyi ləzzətli
edir.
Dönər
dadlıdır. Tez hazırlanır, asan yeyilir. Amma hər zaman dönər yemək olmaz ki.
Daim dönər yeyən mədə "yazva" (xora) olar. Türk cəmiyyətinin beyni
artıq xroniki "yazva" xəstəliyindən əziyyət çəkir. Tvitter bu səbəbdən
Türkiyədə daha populyardır. Bu xəstəlik yavaş-yavaş yerli oxucuya da bulaşır.
Bir
şey sevindirir ki, türk köşə stilində yazan yerli yazarlardan oxucu tez bezdi.
Məsələn İlham Əliyevin adının çəkilməsi qorxulu olan illərdə Elnur Astanbəylinin
köşələri zirvədə idi. Son 1 ildə facebook profilimdə cəmi iki-üç dəfə kiminsə
Elnurun yazılarını paylaşdığını görmüşəm. Artıq yersiz şüarçılıq, təhlilsiz
üsyankarlıq keçmir. Eyni oxda dönən cırıltılı təkər səsinə oxucu beyni toxdur.
Köşə
yazarları qürub etsə də, maraqlıdır ki, şüarçılıq bloq yazılarına sirayət edir.
Emosiya, üsyan dolu, ədalət hayqıran bloqpostlar sunami kimi paylaşlır. Yüzlərlə
layk, "eşq olsun, bəy! tərifləri bir-iki saat ərzində gəlir. Azərbaycan
bloqçuluğunda bu fenomenə "Bəyim sindromu" adını verərdim. Yazanlar
çoxdur. Ancaq qısa və narkotik effektlə yazan bloqçu Bəyim Həsənlidir.
Türk
köşə yazılarını yazmaq potensialı olan gənclər üçün real təhlükə sayıram.
Onları çox oxuyan bloqçuların bloq yazılarında bu özünü göstərir. Yazdıqları
fikirlərdə qəzəb, nifrət, şəxsi intriqa qabarıqdır. Cümlələr rabitəsiz, səliqəsiz.
Nə demək istəyir, qınayırmı, ya tərəf tutur bəzən anlamaq olmur. Şüarçılıq
beyni emosiyaya təslim edir. Təhlil etmək qabiliyyətini isə yox edir.
Türk
köşə yazarları ilə bağlı tənqidimlə razı olmayan dostlardan biri oxumam üçün
Soner Yalçının "Cemaat cinayetleri" yazısını göndərdi. Oxudum.
Aşağı-yuxarı yazı ondan bəhs edir ki, son 200 ildə Türkiyə başına hansı hökümət
keçibsə, öz polisini yaradıb. Siyasi vasitə kimi istifadə edib.
Normaldır.
Hələ Marks yazırdı ki, polis hakim sinfin istismar vasitəsidir. Yazar bəy sonda
təklif edir ki, polis mülki vətəndaşlardan formalaşdırılsın. Bu bədbəxt başını
qaldırıb Azərbaycana baxsaydı, görərdi ki, belə qurum artıq var. Mülki
qoçulardan formalaşdırılmış İctimai Şura. Aksiya zamanı camaat formalı polisə
sığınır ki, "məni o, yox, sən həbs elə".
Ona
görə də nə qədər geniş oxucu kütlələri olsa da, türk köşə yazarları Erdoğanın əlində
əsir-yesirdirlər. Qaş düzəltmək əvəzinə göz çıxarırlar. Sizə təəccüblü görünə
bilər. Türkiyədə siyasi təhlil adına az-maz iddia edə biləcək köşə yazarları
varsa, onlar da "Sabah", "Şafak", "Zaman" kimi
dini-mühafizəkar qəzetlərdə yazırlar. AKP-in hakimiyyətdə uzun müddət qalması həm
də tərəfdaşı olan intellektual təbəqəyə bağlıdır. Onlar siyasi neqativi daha
tez analiz edir, vəziyyətdən çıxırlar.
Bütün
bunlara baxmayaraq, türk mətbuatı
ingilis analitikası qarşısında mürəkkəb ləkəsi kimi qalır. Türkiyənin
biznes, siyasət, turizmlə məşğul olan adamları türk yazarlarının köşələrini
deyil, "Guardian", "Economist" "The Times" qəzetlərinin
Türkiyə haqda təhlil yazılarını ciddiyə alırlar.
"Türk
köşə yazarlarını oxumayın, rusu oxuyun" demək istəmirəm. Rus
publisistikası analitika qaynayır, deməzdim. Əksəriyyət rus şovinizmi, anti-amerikan fundamentində yazır.
Amma hər intellektual rus mövzu ətrafında yazmadan öncə saatlarca, bəzən günlərcə araşdırma aparmağı
özünə borc bilir. Vikipediyada eyni adlı türk və rus məqalələrinə baxın.
Rusların nə qədər informativ olması fərqini görəcəksiniz.
Şəxsən
Aleksey Navalnının bloqunu daimi izləyən adam kimi deyə bilərəm ki, jurnalist Xədicə
İsmayılın 6 aydan bir paylaşdığı korrupsiya araşdırmalarını Navalnının
bloqundan hər həftə oxumaq olar. Bizim facebook intellektualları, yazarlar da
xarici müəlliflərin yazılarının oxucuya çatdırılmasında elə də maraqlı deyillər.
Bəlkə də yazdıqları bəzəklərin təzək kimi görünmə ehtimalından. Azərbaycan
oxucusunun mütaliəsi 150 il əvvəlin Rusiyasında, ya da 70-ci illərin Türkiyəsində
ilişib qalıb.
Hay-küyçü
deyil, düşünən nəsil kimi yetişmək istəyirsinizsə, analitik yazıları mütləq
oxuyun. Bu tərzdə yazan bloqçu, köşə yazarlarını isə daim izləyin. Amma
rastlaşdığınız bu tip yazıları oxumazdan öncə mütləq və mütləq brauzerdə facebook
pəncərəsini bağlayın. Yoxsa gələn bildirişlər sizi gic edəcək. Oxuduğunuz isə beyinə
çatmayacaq.



Комментариев нет:
Отправить комментарий