Mütaliəyə həvəsi olanlar tez-tez bu
sualla qarşılaşırlar. Hər hansı bədii əsərin məzmununu filmə baxmaqla da bilmək
olar. Amma film sizə yazmağı öyrətməz. Yazmaq istəyən mütləq oxumalıdır. Məktub,
roman, inşa, yaxud status yaz, mütaliən mütləq yazdığında özünü göstərəcək.
Mütaliə baxımından o şəxsləri şanslı
saymaq olar ki, onlar məktəbə getdikləri ilk illərdən çox oxumağa başlayıblar.
Təkcə dərs tapşırığı yox. Yaşlarına uyğun bədii ədəbiyyat. Adətən yazı yazmaq
qabiliyyəti olan, istedadlı roman, hekayə, köşə yaza bilən yazıçılar uşaq ikən
oxumuş insanlardır. Valideynlərin mütaliəli olması da öz sözünü deyir.
Anasından bir kərə olsun nağıl, hekayə dinləməyən uşaqlar yaşıdlarından daha
savadsız olur.
Ailədə uşaq yaşında insanlar varsa, mütləq
əlifbanı öyrənən kimi kitablar alın. Nağıllar, uşaq ədəbiyyatı seriyasından
kitablar, elmi-fantastik əsərlər uşaq təfəkkürünü sürətlə inkişaf etdirən ədəbi
vasitələrdir. Gələcəkdə yaza bilmək, ixtira etmək üçün təkcə söz ehtiyatının
bol olması kifayət etmir. İnsan fantaziyasını genişləndirəcək ədəbi əsərlərə
ehtiyac var.
Oxuduğunuz kitabda mənasını başa düşmədiyiniz
söz varsa, mütləq yaxınlarınızdan soruşun. Yaxud harasa qeyd edib, orfoqrafik
lüğətdə və ya internetdə tapın. Oxucu uşaqdırsa, tanımadığı sözün mənasını
valideynindən soruşacaq. "Bilmirəm" deyib, uşağı başdan etməyin. O an
izahı verilən söz uşaq hafizəsinə uzun müddətə həkk olunacaq.
Mütaliə vərdişi yazarkən; az hərf səhvi
buraxmaq, söz ehtiyatı ilə manevr etmək, axıcı yaza bilmək üstünlüyü verir.
Yaşa görə ədəbiyyatı seçmək xüsusilə vacibdir. İkinci sinifdə oxuyan şagirdə
mütaliə üçün "Səfillər"i verən valideynə anormal adam kimi baxmaq
lazımdır. Əksinə, səkkizinci sinifdə tədris edilən tarix dərsliyi ilə yanaşı
"Səfillər"i oxuyan şagird o dövr haqqında daha aydın təsəvvürə malik
olacaq. Bu yazmaq qabiliyyətini artırmaqla yanaşı ixtisas seçimində də kömək edəcək.
Ya uşaq vaxtı oxumaq qismət olmayıbsa...
"Uşaq vaxtı evimizə kitab yox, toy kasetləri girib" - deyən birisizsə,
təəssüfləməyin. Dostoyevskinin, Markesin kitablarını alıb oxumağa tələsməyin.
Elə nağıllar, uşaq ədəbiyyatı oxumaqdan başlayın. Bunda utanılacaq heç nə
yoxdur. Ədəbiyyata iddialı xeyli gənc fəal, bloqqer qarşıma çıxır ki,
yazdıqlarında ən azı düzgün cümlə quruluşuna rastlanmır. Ümumişlək sözləri
tapıb yazmağa çətinlik çəkirlər. Bu gənclər üçün sadə dildə yazılmış ədəbiyyat
çox vacibdir. Yazı üçün mövzu seçimi ideal ola bilər. Düşündüyünü düzgün ifadə
edə bilmirsənsə, kütlə tərəfindən başa düşülməyəcəksən.
Yazıçılar tərəfindən gənclərə məsləhət
görülən kitab siyahılarına qarşıyam. İllərlə mətbuatda yazan, yüzlərlə roman
oxumuş adamlar məktəb dərsliyini əməlli-başlı oxumamış gənclərə klassiklərin fəlsəfi
ədəbi əsərlərini məsləhət görürlər. Sonra da təəccüblənirlər ki, niyə bu gənclərdən
bir şey çıxmır? Cavab sadədir. Oxuduqları onlara çatmır.
Təhsilin nə gündə olduğunu nəzərə alsaq,
kitab məsləhət görəcəyiniz adamla fərd kimi maraqlanın. Bu vaxtacan hansı
kitabları oxuduğunu soruşun. Ümumi statistik gənc oxucu üçün məsləhət görüləcək
ən uyğun siyahı uşaq ədəbiyyatı seriyasıdır.
Çoxlu kitab oxumaq faydalıdırmı? Kəmiyyət
əsla keyfiyyətə təsir etmir. Nə oxuduğun deyil, çıxardığın nəticə önəmlidir. Bədii
əsəri tez oxuyub keçməyin. Kitabı fasilələrlə bir aya da oxumaq olar. Oxuduqlarını
xəyal edə bilmək əsəri anlamaq deməkdir. Hadisələr təsəvvüründə canlanmırsa,
deməli, söz yığınının üstündə göz gəzdirməklə məşğulsan. Oxuyub keçdiyiniz səhifələr
yaddaşınızda qalmadısa, xatırladığınız yerə qayıdıb, yenidən oxumağa başlayın.
Oxuyarkən fasilə vermək vacibdir. 30 səhifə
oxuduqdan sonra durun, gəzin. Oturaq vəziyyətdə bədən daha az oksigen qəbul
edir. Beyinə oksigen az getdikcə, dərketmə qabiliyyəti də zəifləyir. Gəzişərkən
oxuduğunuz səhnələri, qəhrəmanları beyninizdə canlandırın. Oxumaq sizi yordusa,
dayandığınız yerə əlfəcin qoyun. Kitabı qələmlə ləkələməyin. Vərəqlərini
qatlamayın. Eybəcər hala salınmış kitab çətin ki, təkrar oxuma həvəsi yaradar.
İxtisas ədəbiyyatı oxuyaq, ya bədii ədəbiyyat?
Universitet təhsili zamanı ixtisas ədəbiyyatı birinci dərəcəlidir. Roman, hekayə
kitablarını ancaq boş vaxtda zövq üçün oxumaq olar. Təhsil aldığınız müddətdə
ixtisasınıza uyğun çoxlu kitablar oxumamısızsa, yüksək təhsildən söhbət gedə
bilməz. Çünki diplom aldıqdan sonra bir daha o sahəyə qayıtmayacaqsınız. O
dövrdə oxuduqlarınız isə uzun müddət yaddaşınızda qalacaq. Bütün elmlər
bir-birilə əlaqəli olduğundan ixtisas ədəbiyyatı oxuyaraq da bədii əsərlər
haqda xeyli məlumat əldə etmək olar.
Kitab təqdimatı aksiyalarında kitab
almaqdan uzaq durun. Sevdiyiniz müəllifin yeni çıxan əsəri deyilsə. Azərbaycan
kitab bazarını doldurmuş xeyli bərbad tərcümə var. Xüsusilə, azad yazarlar
deyilən qrupun tərcümələrini qeyd etməliyəm. Pis tərcümə sizdə dahi yazıçıya
qarşı belə hörmətsizlik hissi yarada bilər. Yetərincə mütaliəniz varsa, bir-iki
abzas oxumanız bəs edəcək ki, yazı dilini tuta biləsiniz. Nəfis cild, populyar
sima çox az şey ifadə edir.
Bədii əsər haqda ədəbi tənqid yazarkən
kitabı mütləq iki dəfə oxuyun. Birinci oxunuş hər zaman təəssüratdır. İkinci
oxunuş təhlil. Bu dəfə gözdən qaçmış detallar, səhvlər daha aydın görünəcək.
Oxuduğunuz əsər sizdə müsbət təsir buraxdısa, əsər haqda nə isə yazmağa
çalışın. Heç olmasa bir səhifə. Həm yazı diliniz dəyişəcək, həm çıxardığınız nəticələr
möhkəmlənəcək. Kitaba bir daha qayıtmağa ehtiyac qalmayacaq.

Комментариев нет:
Отправить комментарий