Yazıya
verdiyim başlıq sizə Azərbaycanı, yaxud yazıçı Seymur Baycanı xatırladacaq. Hər
ikisinə aidiyyəti var. Amma bu haqda bir qədər sonra.
Azərbaycan
informasiya məkanı böyük bir meşşanlıq şəbəkəsini xatırladır. Televiziya
meşşan, publisistika meşşan, ədəbiyyat meşşan. Meşşan - böyük çoxluğun həyat tərzinə
uyğunlaşaraq, gündəlik qayğıları ilə yaşayan, kiçik hesabları əsas tutan insan
tipinə deyilir. Ölkədə yaradıcılığını məişət problemləri üzərində quran
yazıçılar təbəqəsi, ədəbi meşşanizm formalaşıb.
Meşşanizm
təkcə publisistikaya sirayət etməyib. Hər gün baxdığımız kanallarda toy gecəsi
qaçmış gəlindən tutmuş yas süfrələrinin israfçılığınadək yüzlərlə meşşan mövzusunun
müzakirəsini görə bilərik. Pisdir, bayağıdır demirəm. Meşşanı maraqlandıran elə
budur.
Elə
olur ki, gənc meşşan yazar televiziyadakı proqramları asıb-kəsən, əjdaha yazı
yazır. Tənqid hədəfi meşşan kanal başqa bir meşşan jurnalisti efirə çıxarıb gənc
meşşan yazarı əxlaqsızlıqda ittiham etdirir. Dalınca meşşan gənc yazardan
meşşan jurnalisti yıxıb-sürüyən yazı gəlir. Beləcə Azərbaycan
meşşanizmi öz Bermud üçbucağını yaratmış olur. Ədəbiyyat, publisistika adına
inqilabi nə yaradıla bilərdisə, bu üçbucaqda qeyb olur.
Meşşanizm
həm də qazandırır. Xeyli qonorar verən sayt, qəzet var ki, şərt qoyur. Nədən
yazırsan yaz, bircə siyasətdən yazma. Beləliklə, meşşanizm hakim cərəyana
çevrilir. Həm də daimi qazanc yerinə. Qanunla işləyən sistemi, gələcəyi olmayan
azərbaycanlının gündəlik problemləri N qədər. Yaz, yaz, bitməz.
Televiziyada,
qonorarlı sayt köşələrində hər cür mövzu var. Azad seçki və mülkiyyət
toxunulmazlığı hüququ müzakirəsindən başqa. Avropanın bu gün ortaya qoyduğu mədəni,
texniki dəyərlər məhz bu iki daşın üstündə dayanır. Azərbaycan yazıçısı isə hələ
də bakirəlik və kosmetikanı sürtməyin qaydalarını müzakirə edir.
Publisistikamızda
meşşan mövzularda yazan xeyli gənc və qoca jurnalist var. Seymur Baycan isə meşşanizm
cərəyanının yaşayan ən görkəmli nümayəndəsidir. Baycanın yazdığı mövzular
aşağı-yuxarı hər kəsə tanışdır. Mentalitet, qarınaltı və qarınüstü aktuallığı,
bakirə olan tükəzbanlar, bakirə olmayan müasir qızlar və ilaxır.
Əlbəttə,
biz görkəmli meşşanistdən bu xırda-xuruş alveri bir kənara atıb, ciddi siyasi-inqilabi
mövzulardan yazmasını tələb edə bilərik. Ancaq siyasətlə məşğul olmaq istəyənlərin
cəmiyyətin yalnız 2%-i təşkil etdiyini nəzərə alsaq, meşşanlar darıxacaq. Bunun
gənc meşşanı var, ağsaqqalı var. Meşşan civisi, aktivisti və sairəsi. Meşşanlar
bütün maraq qruplarından daha çoxsaylı təbəqədir. Meşşanlar sərkərdəsini
axtaran ordudur.
Baycanın
yazılarını vaxtaşırı oxuyuram. Ancaq sonuncu "Gəlinlik paltarı"
yazısından sonra içimdən "xvatit də" demək keçdi. Təzə gəlinin gözəllik
salonundan hansı sir-sifətdə çıxması sırf onun puluna və vizajistin ustalığına
bağlı şeydir. Oliqarx qızıdırsa, atası lap Paris moda evlərindən vizajist gətirər.
Ola bilsin gəlin atası kəntoşun yekəsidir. Amma pul qızın bütün eyiblərini örtər.
Burda qadının zövqlü, ya zövqsüz olmasının nə dəxli.
Amerikan
cəmiyyətində bütün mərasimlər mükəmməldir. Ən azı filmlərdən belə görürük. Ancaq
sünidir. Çünki orda hər sahənin öz imicmeykeri, dizayneri var. Puluna minnət. Kənd
qızı Fatmanisədən bir həftəyə şahzadə Diana düzəldərlər. Orda insanlar seçim,
zövq məsələsində çox fikirləşmirlər. Hər şeyi peşəkarlara həvalə edirlər.
Seks,
içki, mənalı istirahət kimi bütün azadlıqları hələ məktəb yaşından görmüş ingilis
ledisinin iş geyimi adi kənd müəlliməsinin geyimindən az fərqlənir. Kosmetikadansa
əsər-əlamət yox. Təsəvvür edin, meşşanist azərbaycanlı köşə yazarı gedir, düşür
Londona. İngilis qadınını bəyənmir. Rus qadınını ona nümunə göstərib, başlayır
tənqidi köşə yazıları yazmağa.
Bəs
avropalı rus qadınına necə baxır? Seksual rus qadını cinsi oriyentasiyasını gey
olmaqdan yana seçmiş Avropa kişisini də erkəkləşdirə bilər. Sen-Trope bulvarında
günortaçağı dikdabanda, 2000 dollarlıq gecə paltarında qadın görsələr, o saat
bilirlər ki, rusdur. Qadın gözəl, zövqlüdür. Amma avropalının gözündə
gülüncdür.
Rusu,
azərbaycanlını bir kənara qoyuram. Seksuallıqda İran qızları hər kəsə fora verər.
Hər yeri örtülmüş iranlı qızın sadəcə kosmetikalanmış üzü seks vulkanıdır. Amma
İran kimi yaşamağı, iranlı kimi geyinməyi nümunə göstərən publisist varmı
aralarında?
Azərbaycan
mədəniyyətində hal-hazırda ciddi şəkildə Söylünün uşaqları problemi var. Daraşıblar
mədəniyyətin bütün sahələrinə. Beyinləri peyin qoxusundan təmizlənməsə də, cəmiyyətə
Budda kəsiliblər. Açırsan facebooku, baxırsan ki, bir məqaləni yeddi-səkkiz
qız, iki oğlan aktivist paylaşıb. Oxuyub görürsən intellekt adına heç nə
yoxdur. Penis, vagina, bakirəlik pərdəsi və cəmiyyətin buna münasibəti. Yazar
da həmişəki əməkdar fahişə, görkəmli şairə.
Gənc
siyasi mühacir Araz Qasımovun (Önər) yaxşı bir sözü var: "Bakı şəhərində
on minlərlə gənc qız, oğlan var ki, Seymur Baycanın, Əli Əkbərin mövcudiyyətindən
xəbərləri yoxdur. Amma heç nəyə fikir vermədən normal seks həyatlarını yaşayırlar".
Şəxsən tanıdığım onlarla qız var ki, plazalarda, diplomatik korpuslarda, QHT-lərdə
çalışırlar və hər birinin kənarda seks həyatı var. Onların meşşanist yazarların
yazılarını profilində paylaşmaq, qəzəbli şərhlər yazmaq kimi qayğısı yoxdur. Bu
yazarların yazıları həmin qadın və kişilər üçün sadəcə olaraq informativ
zibildir. Burda yazdıqları ilə Avropada onları adam yerinə qoymazlar.
Meşşanistlərin
bəxti gətirib ki, əllərinə adət-ənənələr əsiri olan ölkə gəncliyi düşüb. O
yazarlara pərstiş edən gənc qızların keçmişini araşdırın. Hərəsinin başının
altından bir əyalət qızı, ata zorakılığı görmüş, qəfəsdə böyüdülmüş insan hekayəsi
çıxar. Günün biri düşürlər şəhərə, azad mühitə. Çevrilirlər meşşanbaycanların mənəvi
əsirinə.
Başa
düşürəm, doğulduqları mühit onların seçimi olmayıb. Ancaq həyatda mütləq bir
yol seçilməlidir. Qadın ya ər ovçusuna çevrilməli, ya da cəmiyyəti qınamadan
azad cinsi həyatını yaşamalıdır. Şəxsən mən bunların hər ikisinə normal
baxıram.
Kişilər
də həmçinin. Gəncliyini əyyaş kimi yaşayıb, sonda ailəsinin seçdiyi qızla evlənən
liberal gənc bədbəxtin böyüyüdür. Çünki evləndiyi qız onun üçün yalnız ictimai
qınaqdan müdafiə qalxanı olacaq.
Heç
bir yazar, heç bir köşə sizlərə yaşamağı öyrədə bilməz. Napoleon demişkən,
döyüşdə məsləhətlər deyil, qərarlar qəbul edən qələbə qazanır. Həyat da belədir.

Комментариев нет:
Отправить комментарий