Mövzu heç də erməni-türk münaqişəsi,
internetdə dolma davası deyil. Bir neçə gün öncə bir-birinə qardaş deyən iki
xalq - azərilər və türklər “Twitter”də haştaq müharibəsinə başladılar.
#köylütürkler haştaqı altında yazan azərilər əks tərəfi alçaldır, türklər öz
üstünlüyünü göstərməyə çalışırdılar.
Heç kəs "biz azərbaycan türküyük,
azəri deyilik" - deyə iddia etməsin. Yazının kimlərisə etnoslara bölmək
kimi hədəfi yoxdur. Qəbul etsək də, etməsək də azəri bütün mənfi və müsbət
keyfiyyətləri ilə artıq oturuşmuş stereotipdir. 90-cı illərdə Türkiyədə
"Azəri qızı Günel" brendi yarananda, zatən heç kəs buna etiraz
etmirdi. İnternetdə baş verən münaqişəyə, bəlkə də, yazı həsr etməyə dəyməzdi.
25 il ərzində azəri şüuraltısında yatan psixoloji əziklik hissi gerçəyi ortaya
çıxmasaydı.
Hər şey Cavid Ağa adlı istifadəçinin azəri
şivəsi ilə yazmağa cəhd edən türkə “Sen takıl kendi köylü türkçenle abi,
aristokratik azerice sizlere göre değil" cavabı ilə başladı. Yüzlərlə
tvitterçi #köylütürkler bir-birinə qarşı hücuma keçdi.
Cavid Ağa haqda xüsusi şərh verməyə
ehtiyac duymuram. Türkiyədə ata puluna oxuyub,
solçu, kommunist, anarxist imici ilə modaya uyğunlaşan minlərlə Azərbaycan
gəncindən biridir. “Twitter”də yatıb-qalxırlar. Dərsi nə vaxt oxuyurlar, bəlli
deyil. Gezi hadisələrində elə həmin türklərlə Ərdoğanı devirirdilər. İndi
haştaq müharibəsi aparırlar.
Problem yeni deyil. Keçən əsrin əvvəllərində
də mənzərə eyni idi. M.Ə.Rəsulzadə eyni tipə məxsus müasirləri haqda demişdir:
"Mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə
Rusiyada və Qərbi Avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən
sizləri nə adlandırmaq olar".
Türk köylüsü (kəndli) o kimsədir ki,
Çanaqqala savaşında susuzluqdan yanan minlərlə əsgərin içməsi üçün kilometrlərlə
yolu çiynində su daşıyırdı. Qurtuluş savaşında öküz olmadığından türk köylü
qadını arabaya özünü qoşurdu. Körpənin ölməsini gözə alaraq mərmi daşıdığı
arabada çağasının üstündəki adyalı götürüb, mərminin üstünü örtürdü. Azəri
köylüsü isə erməni gəlməmiş şey-şüyünü yığıb Bakıya qaçırdı ki,
"kupça"lı evlərdən birini zəbt etsin. İçində rahat yaşasın. Buraxın
köylü türk olmağı, erməni dığası qədər ola bilmədiyimizdən Qarabağı uduzduq.
Türkiyə mədəniyyəti artıq iliyimizəcən
işləyib. Türk kanallarına baxırıq, Türkiyə siyasəti ilə yaşayırıq. Türkiyədən
türkcə kitablar sifariş edirik. Ən yeni filmlərini izləməyə gedirik. Daha nələr,
nələr. Türk serialı deyib, keçməyin. Azərbaycanlılar üçün neft nədirsə, türk
serialları Türkiyə üçün yeni valyuta mənbəyidir. Balkan, MDB, Yaxın Şərq kimi
keçmiş türk düşmənləri üzərində əsl türk mədəni ekspansiyası gedir.
#köylütürkler haştaqını yazanlar kimlər
idi? Əsasən yuxarıda saydığım həyat tərzini yaşayan azəri gənclər. Bir çoxu rus
dili bilməyən, türkcə kitab oxuyan insanlar. Bu haştaq müharibəsində tvit yazan
azərilərin üstün olmasının əsas səbəbi o idi ki, onlar Türkiyəni türklər qədər
yaxşı tanıyırlar. Türkiyə üçünsə Azərbaycan əyalət rayonu kimi yerdir. Səbəbsiz
deyil.
Türk insanı bizim eybimizi yaxşı bilsəydi,
inanın ki bir çox azəri utancından elə həmin
gün “Twitter” hesabını bağlayıb qaçardı. Onlar bilmir ki, yüz minlərlə azərinin
sitayiş etdiyi bəstəkar Fazil Say deyil, Üzeyir Mehdizadədir. Onlar bilmir ki,
23 illik müstəqillik tarixində Rusiya bazarına çıxardığımız tək mədəniyyət
brendi "Davay do svidaniya" meyxanası olub. Xəbərləri yoxdur ki, “məmə”
sözünə görə kitabın kitabını bağlayan "aristokrat" məmurlarımız var.
Ya bilsələr...
Bax, o zaman kimin kim olduğu ortaya
çıxar. #köylütürkler haştaqı ilə yazanların Azərbaycan mədəniyyəti adına gətirdiyi
nümunələr, ancaq SSRİ yetirmələri idi. Ona görə yox ki, rus gəldi, bizi adam elədi.
Qatığı qalın parçadan süzüb süzmə alan kimi, mədəniyyəti süzgəcdən keçirən
sovet senzurası vardı. Müstəqillik gəldi. Azərilər öz təbii halına qayıtdı. Məlum
oldu ki, qatıq həmin qatıqdır.
Bəs haradan çıxdı bu qədər nifrət?
Qonşuluqda yaşayan iki azərbaycanlı ailəni təsəvvür edin. Birinin ailəsində
sakitçilikdir, o birisində dava-dalaş. Birinin oğlu ən yüksək balla universitetə
qəbul olur, o birisi avaraçılıq edir. İkinci qonşu əsəbindən nifrət püskürməzmi?!
Azərbaycan kanallarındakı proqramlara baxmağımız kifayətdir ki, hər
şeyin Türkiyə plagiatı olduğunu görək. Gəl ki, ortaya nə qoyuruqsa, zay çıxır.
Baxdığımız şeyi birinci özümüz daşa tuturuq. Türkdəki kimi alınmır ki, alınmır.
Uğursuzluq psixi natarazlıq, psixi natarazlıq isə şüuraltında yığılan nifrət
formalaşdırır. Kimlərsə Türkiyə mədəniyyətinin üstünlüyünü reallıq kimi qəbul
edir. Qınından çıxa bilməyənlər isə imkan düşdükcə zəhərini sancır.
“Twitter”ə qaldıqda mən bu sosial şəbəkəni
heç zaman intellektual adamların toplaşdığı yer saymamışam. Jurnalist və məşhurları
çıxsaq aktiv tvitterçilər günə bir köşə yazısı oxuyan bekar gənclərdir. Oradan
nə qalib çıxar, nə məğlub. Bloq şəbəkəsi başqa məsələ.
Türkə tarixi nifrət bəsləyəcək millət
varsa, ruslardır. Rus film saytlarında rejissor Faruk Aksoyun çəkdiyi
"Fetih 1453" filmini tapın. Xəstə təfəkkürlü erməni şərhləri xaric
film haqqında ancaq müsbət rəylər görəcəksiniz. Rus bunu qəbul edib. Azəri
"aristokratlar"ın dişinin ağrısı nədir?!

Комментариев нет:
Отправить комментарий