Dünya ədəbiyyatında xeyli dahiyanə
yazıçı sadalamaq olar ki, qələmə aldığı ideal obrazlarla şəxsi həyatı ziddiyyət
təşkil etsin. Lakin içlərində çox az adama rastlanar ki, yazdığı kimi yaşasın.
Aleksandr Soljenitsın bu qəbildən tanıdığım tək dahidir. Yalansız yaşayan,
yaşadığı kimi yazan.
Doğrusu, Soljenitsını tanıyanadək mənim
üçün ideallaşdırılmış rus ədəbiyyatı vardı. Onu tanıyandan sonra rus ədəbiyyatının
tək adı var - Soljenitsın. Nə Dostoyevski, nə Tolstoy yaratdıqları qəhrəmanlara
layiq deyildi. Çünki onlar öz həyatlarını bir reallıqla yaşayırdı, romanları
oxucuya başqa bir yalanı çatdırırdı. O cümlədən digər rus ədibləri.
Soljenitsın dəbdəli həyat sürüb,
yaratdığı qəhrəmanı qatar altına atıb öldürmürdü. "İvan Denisoviçin bir
günü"ndə ölümdən asılı qalmış insana həyat eşqini qaşıq-qaşıq daddırırdı.
Çünki bu həyatı o, özü yaşamışdı. O, Dostoyevski kimi polis xəfiyyəliyi edib,
romanlarında bəşəriyyətə humanizm dərsi keçmirdi. “Azad insan necə yaşamalıdır”
sualının cavabını mübarizəsi ilə verdi. Və bütün dünyaya sübut etdi ki, nə
kommunizm, nə də kapitalizm azad şəxsiyyəti satın ala bilməz.
Azad yaşamağın isə çox sadə yolu vardı -
şəxsən yalana qoşulmamaq. Soljenitsının yaratdığı qəhrəmanlardan, ədəbi
obrazlardan saatlarla yazmaq olar. Bu dahinin şəxsi nümunəsi olmasaydı, azadlıq
haqda fikirlərinin heç bir dəyəri olmazdı. Zamanı üçün belə sinirləri zorlayan
ideyaları itirilmiş reallıq hissi kimi görünürdü. Amma tarix onu haqlı çıxardı.
Ona qarşı irəli sürülən ittihamların qarşısında belə.
SSRİ-də yaşadığı 54 illik ömründə
kommunist sistemin rus insanını xoşbəxt edə biləcəyinə heç zaman inanmadı.
Amerikaya köçdükdə isə amerikanpərəst sistemin müdafiəçisinə çevrilmədi. Qərb
dünyası tezliklə anladı ki, Soljenitsın onların çərçivəsinə sığmayacaq qədər
idarəolunmaz, azad insandır.
Çox az adam xatırlayır ki, indi müzakirə
olunan Avrasiya İttifaqı layihəsi Soljenitsının ideyasıdır. O, 1974-cü ildə
SSRİ-i parçalayıb, Rusiya, Ukrayna, Belarusdan ibarət rus birliyi yaratmağı təklif edəndə millətçi-irticaçı
adını aldı. Akademik Saxarovun etiraz məktubundan sonra Soljenitsın millətçiliyini
Qərbdə kommunizmdən daha təhlükəli ideya saymağa başladılar.
MDB yarananda dahi yazıçı özü də təklifinə
şübhə ilə yanaşmağa başladı. Buna baxmayaraq, imperializm ideyasına nifrət
edirdi. Çox gözəl başa düşürdü ki, SSRİ
dünyanın ac, vəhşi xalqlarını yedirdiyi müddətdə duruş gətirə bilməyəcək.
1992-ci ildə verdiyi telemüsahibədə deyirdi: "Azərbaycan və Orta Asiya
dövlətləri sürətlə islam dünyasına doğru gedirlər. Biz onları orbitimizdə 10 il
saxlaya bilərik. Amma bu 10 ildə Rusiyanın resurslarını onlara sərf etmiş
olacağıq və bu ölkələr yenidən öz yoluna davam edəcək".
Putin dövrü üçün olduqca separatist səslənən
Çeçenistanın Rusiya tərkibindən çıxarılması ideyası da ona məxsus idi. Zaman
göstərdi ki, Aleksey Navalnının timsalında millətçi rus müxalifəti də bu gün
eyni tələblə çıxış edir.
Soljenitsını Putini ucaltmaqda ittiham
edirlər. Amma onu ittiham edən adamlar Yeltsinin təltif etdiyi Müqəddəs Andrey
ordeni haqda verdiyi cavabı unudurlar: "Rusiyanı məhvedilmə vəziyyətinə gətirib
çıxaran hakimiyyətdən mən bu mükafatı qəbul edə bilmərəm".
Putin doğrudan da rus insanının özünə
hörmətini bərpa etmişdi. Bütün ömrü boyu alçaldılmış insan cəmiyyətinə şahid
olan Soljenitsın, yalnız ömrünün sonunda orta təbəqəyə çevilmiş, çirkli işləri
tacikə, özbəkə gördürən rus insanını görə bildi. Ölümündən sonra Putinə qarşı
mitinqə çıxan etirazçı təbəqə 1917-ci il proletariatı deyildi. Planşetlər,
smartfonlarla silahlanmış menecerlər sinfi idi.
Panslavizmi ən dağıdıcı, lazımsız ideya
sayan Soljenitsın Rusiyanı digər slavyan xalqlarının xoşbəxtliyinin təminatçısı
kimi görmürdü. Panslavizmdən qətiyyətlə imtinaya çağırırdı.
"200 il birlikdə" əsəri işıq
üzü görəndə yazıçıya antisemit damğası vurdular. Yəhudi ziyalıların bir qismi əsərə
görə təşəkkür etsə də, yəhudi lobbisi Soljenitsına hər cür çirkab yaxmağa
başladı. Halbuki o, NKVD cəlladı maskası taxmış yəhudiləri ifşa etmişdi və bunu
faktlarla göstərmişdi.
SSRİ yeni dağılanda Soljenitsın KQB-in məhv
olması iddialarını yumorla hissi ilə qarşıladığını demişdi: "KQB dövlət
sistemində olduğu kimi qalıb və bütün bunlar demokratiya buludu ilə
örtülüb". Tarix göstərdi ki, KQB ancaq güc toplamaq üçün kölgəyə çəkilmişdi.
Məqam yetişəndə bütün qüdrəti ilə yenidən siyasi hakimiyyətə sahib oldu. Bu dəfə
suveren demokratiya formasında.
Soljenitsını tanıdıqca əsərləri bütün
dünyada reklam olunan Xalid Hüseynin necə saxta, yalansız yaşamaq prinsiplərini
satmış bir yazıçı olduğu mənzərəsi qarşıya çıxır. Amerikanpərəst təbliğatın
ixrac olunan malına çevrilmiş Xalid Hüseyn bu dahi qarşısında çox cılız
görünür. Halbuki ömrünün 20 ili ABŞ-da sürgündə keçmişdi. Ancaq və ancaq
yalansız yaşamaq prinsipi onu siyasi sistemlərin kuklasına çevrilməkdən qorudu.
Yalansız yaşamaq çağırışını əbədi həyat
prinsipinə çevirmiş bu insan haqda onlarla yazı yazmaq olar. Soljenitsın
fenomeni yenə oxucuya çatdırılmamış qalar. Yalansız yaşayan dahini tanımaq və
tanıtdırmaq ümidi ilə...

Комментариев нет:
Отправить комментарий