Plebeylərin ədəbiyyata gəlişi
qorxuludur. Çünki onlar ədəbiyyata istedadları ilə yanaşı alicənab insanlara
qarşı nifrətlərini də gətirirlər.
Aleksandr Soljenitsın rus ədəbiyyatının azad insan simvoludursa, Eduard Limonovu bu ədəbiyyatın xolopu saymaq olar.
Məlumatlı olmayanlar üçün izah edim: xolop – feodal Rusiyasının təhkimli kəndlilərinə deyilirdi. Danışıq dilində kölə xarakterli, kobud adamlar üçün işlədilir.
Aleksandr Soljenitsın rus ədəbiyyatının azad insan simvoludursa, Eduard Limonovu bu ədəbiyyatın xolopu saymaq olar.
Məlumatlı olmayanlar üçün izah edim: xolop – feodal Rusiyasının təhkimli kəndlilərinə deyilirdi. Danışıq dilində kölə xarakterli, kobud adamlar üçün işlədilir.
Sovetləri qaytarmaq istəyən, Qərbə hər
fürsətdə nifrət qusan, başında dəmir yumruq arzulayan ruslara hər yerdə rast gəlmək
olar. Bunlar siyasi elita, aristokrat azlıq deyil. Xolop babaların şovinist nəvələridir.
Plebey təfəkkürü öz təmsilçisini
yaratmalı idi. Limonovu yaratdı. Hekayələri ilə üzərimdə heç bir təsir buraxmayan
bu yazıçı ədəbiyyata iddia edən plebeylərin sevimlisidir. Soljenitsının
yalansız yaşamaq prinsipinə tab gətirməyib, həm müxalif, həm riyakar olanlar
üçün Limonov çox doğmadır.
SSRİ vaxtı hambal, çilingər, tikintidə fəhlə
işləyən Limonov, hətta bir ara Moskva ziyalıları üçün cins şalvar da tikib.
SSRİ-də bircə məqaləsi belə çap olunmamış həvəskar şair birdən-birə siyasi
dissident kimi Amerikaya mühacirət edir. Soljenitsının zorla deportasiya
olunduğu il - (1974) Qərbdə şübhələr yaranmaması üçün KQB sədri Andropov
Limonovu "qətiyyətli antisovetçi" adlandırır.
Amerikaya mühacirət edən kimi kommunizmlə
mübarizə əvəzinə kapitalizm və burjua həyat tərzinin "ifşa"sı ilə məşğul
olur. ABŞ Sosialist Fəhlə Partiyasına qoşulur. Hər yerdən qovulsa da, Amerikada
yaşamağa davam edir. 1980-də Fransa kommunistləri ilə yaxınlaşır. Fransa əks-kəşfiyyatının
etirazlarına baxmayaraq, 1987-ci ildə Fransa vətəndaşlığı ala bilir. SSRİ
dağıldıqdan sonra Rusiyaya qayıdır. Jirinovskinin partiyasında vəzifə alır.
Limonovun plebey xisləti haqda çoxdan
yazmaq istəyirdim. Yazılarında Putinin Ukraynaya qarşı təcavüzünü quduzcasına dəstəkləməsi
bardağı daşıran son damla oldu. Bu günədək Putinə müxalif yazıçı-siyasətçi kimi
göstərilən Limonov, indi onun imperialist istəklərinin köləsidir. Zatən həmişə
kölə olub. Aleksey Navalnıdan fərqli olaraq, o, Putinə demokratiyanı boğduğuna
görə deyil, Rusiyanı SSRİ-ə çevirə bilmədiyinə görə nifrət edirdi.
Soljenitsın SSRİ-nin dağılmasından sonra
demokrat və millətçi maskası taxmış KQB nomenklaturasını "tarixdə nümunəsi
olmayan eybəcərliyin hibridi" adlandırırdı. Sonradan qadağan olunan Millətçi-bolşevik
partiyasını yaradan Limonov bu eksperimentin uğurlu hibridinə çevrilə bildi.
Xolop təfəkkürü yaradıcılığından da yan
keçməyib. "Major balalar" yazısında o, Rusiya mədəniyyətində kök
salmış kübar nəsillərin təmsilçilərinə nifrətini bildirir. Hər şəhərin öz
Mixalkovlarının olduğunu yazır. Bu yazı plebeyin patrisiyə nifrətinin
manifestidir.
Tənqid hədəfi Sergey Mixalkov qədim
dvoryan nəslinə mənsub olmasına baxmayaraq, yaratdığı əsərlərlə Stalinin özündən
ən yüksək mükafatları almağı bacardı. Oğul Nikita Mixalkov buna görə Stalinə tərif
oxumadı. Tam əksinə. "Günəşdən usanmışlar" filmi ilə Stalin kultunu
yerlə-bir etdi. "Günəşdən usanmışlar: Qarşıdurma" filmi isə Böyük Vətən
müharibəsini, Qızıl əsgər obrazını karikaturaya çevirdi. Gerçək antisovetçi
Mixalkovun bu zərbəsi Putinə 40 milyon dollara başa gəldi.
Mixalkovların uğuru qarşısında xolop nəvəsi
limonovlar rahat dura bilməzdi. Şübhəsiz hambal keçmişi öz sözünü deyir. Ədəbiyyatdakı
əsilzadələrin uğurunun sirri sadədir. Yaradıcılıq azad insana məxsusdur. Azad
xarakter isə genlərlə ötürülür.
Rusiya ziyalıları üçün Limonov artıq çərənləyən
qoca qarğaya çevrilib. Aleksey Navalnının şərti azadlığa buraxıldığı gün
yazmışdı ki, mən həbsdə yatmışam, o, niyə yatmır? Bu cür yanaşmanı Azərbaycanda
eşitsəz-eşitsəz qaragüruhçu rayon müxalifətçisinin dilindən eşidə bilərsiz. Plebeylərin ədəbiyyata gəlişi həqiqətən
qorxuludur. Onlar başqalarını azad deyil, özləri kimi qolu zəncirli kölə görmək
istəyirlər.
Eduard Limonovu Azərbaycan oxucusuna
qismən tanıdan AYO-çular olub. Soljenitsını Putinə rəğbətdə günahlandırıb,
Limonovu göylərə qaldıran AYO-çuları əvvəllər başa düşmürdüm. Soljenitsın Putinə
rus insanının özünəhörmət hissini qaytardığına görə minnətdar idi. O illərdə
ki, Putin imperializm iddialarını cilovlayıb bütün fəaliyyətini sosial rifahı
yüksəltməyə cəlb etmişdi. Limonov isə imperialist, təcavüzkar Putinin aşiqidir.
Hansı ki, sadə rusun rifahı vecinə deyil.
Soljenitsın ancaq və ancaq yalansız
yaşayan azad insanların idealı ola bilər. Ədəbi yaradıcılığı ilə həyatı üst-üstə
düşənlərin. Limonov isə həm müxalif, həm riyakar olanların qəhrəmanıdır. Siyasi
mühacir statusunu möhkəmlətmək üçün erməni qarşısında özünü alçaldanların. Ədəbiyyatda
palan döyənlərin. Qərblinin ödədiyi vergini yeyib plüuralist dəyərlərə düşmən kəsilənlərin.
Limonov əsl AYO-çudur.
Unutmayın! Plebeylərin ədəbiyyata gəlişi
qorxuludur. İstedadla birgə nifrət gətirdikləri üçün.

Комментариев нет:
Отправить комментарий