"Lətifə" - ilk Azərbaycan
antiutopiyası
Bilmirəm, "Lətifə"nin
rejissorları bu filmi çəkəndə Corc Oruellin "1984" romanını
oxumuşdular, ya yox. Amma günümüzün prizmasından baxanda film sanki peyğəmbərlik
missiyası daşıyır. 1989-cu ildə film ekranlara çıxanda SSRİ dağılmamışdı,
Qarabağ müharibəsi başlamamışdı. Üfüqdə hakimiyyət dəyişiklikləri, siyasi faciələr
görünmürdü.
Rejissor Nizami Musayev və Yefim
Abramovun çəkdiyi film tragikomik janrda, qrotesk üslubdadır. Filmdəki hadisələr
sovet hakimiyyətinin son illərində cərəyan edən siyasi böhranı, bürokratik
aparatın iflasını satirik şəkildə verir. Rasim Balayev, Muxtar Maniyev, Ceyhun
Mirzəyev, Yaşar Nuri və s. istedadlı aktyorların canlandırdığı obrazlar quru ədəbi
dildə yox, məişət yumoru ilə danışırlar.
Filmin titrləri partiya bürokratı Kərimovun
etirazçı kütlədən qaçıb, partiya komitəsinin binasında gizlənməsi ilə başlayır.
Milis qorxusundan binaya girə bilməyən kütlə küçədə “Kanalizasiya! Kanalizasiya!”
şüarı qışqırır. Məlum olur ki, mikrorayon tikilib, amma kanalizasiyası yoxdur.
Kiçik epizod xaric bütün hadisələr bir binada, üç fərqli yerdə cərəyan edir:
Birinci Katibin qəbul otağında, liftdə, yarıqaranlıq akt zalında.
Katibə Aliyə xaric qəbul otağına yığılan
bürokratlar Birinci Katibin qəbuluna düşmək istəyirlər. Onlar hamısı
narahatdır. Ancaq hər kəs peşə təmizliyindən, partiya qarşısında xidmətindən
danışır. İçəridə isə iclasdır. Zavodda keyfiyyətsiz avadanlıqların istehsalına
yol vermiş cavabdeh insanların taleyi müzakirə olunur. Tamaşaçı Birinci Katibin
otağını görmür.
Növbədə gözləyən zavod direktoru katibin
otağına daxil olarkən deyir: "Bu yenidənqurma bizim anamızı ağladacaq.
Papam canı". Bu sözlərdən sonra hadisələr bir-birini əvəzləyir, otaqda
yeni qəhrəmanlar peyda olur. Qəbula düşmək istəyən "Lal-kar cəmiyyəti"
sədrinin gətirdiyi lal oğlan "İnternasional"ı oxumaq istedadına
sahibdir. Lalın İndoneziyada keçirilən "Təbiətin nadir hadisələri"
simpoziumunda iştirak etməsi üçün icazə lazımdır. Otaqdakılar biləndə ki, belə
istedada malik şəxs dünyada iki nəfərdir və onlardan biri Los-Ancelesdə yaşayan
Silanyandır, hamı lalı dəstəkləyir.
Uzun illərdən sonra mənzil sahibi olan
liliput evli cütlüyün Birinci Katibə təşəkkür etmək üçün oxuduğu "Ciyərim,
böyrəyim partiyamızdır..." şeiri isə öz dövrünə siyasi ironiyadır. İclasa
görə qəbula düşə bilməyən liliputlar sadə adamlara qayğıya görə tikinti rəisi Məmmədova
minnətdarlıq bildirirlər. Liliputların sevincini görən Məmmədov deyir:
"Gördüz! Sovet xalqı, doğrudan da, böyük xalqdır. Kanalizasiyasız da
yaşaya bilər".
Pozitiv obrazları faciəvi qəhrəmanlar əvəz
edir. Elektromexanika zavodundakı cinayət işini araşdıran prokuror və bu işə
görə həbs olunmuş nəzarətçi oğlanın anası daxil olur. Ədalətsizliyə dözə bilməyən
ana pəncərədən özünü atmaq istəyir. Ədalət tələb edən qadın "Hanı hökumət?"
– sualını verəndə təhsil işçisi Xəlilovanın cavabı belə olur: "Hökumət
bizim hökumətdir. Sovet hökuməti" Ananı ancaq Rasim Balayevin
canlandırdığı Rəhimovun yalan vədi intihardan xilas edir.
Hadisələrin cərəyan etdiyi ikinci yer
liftdir. Ən maraqlı dialoqlar da burada baş verir. Liftlə yuxarı qalxmaq istəyən
Əhməd, Məmməd və Rimma liftdə qalır. Tanışlıq başlayır. Birdən-birə lift
kamerası həbsxana kamerasına çevrilir. Divarda Stalin, 1937, "kazyol"
yazıları peyda olur. Məlum olur ki, Əhməd və Məmmədin xəbərsiz şəkildə çantada
daşıdıqları əşya bomba imiş. Rimma isə terrorçu qadın. Çantanı binaya
aparmaları üçün Əhməd və Məmmədə pul vəd ediblər. Rimma isə ideya uğrunda ölməyə
hazırdır.
Filmdə erməni sözü bircə dəfə belə səslənməsə
də, Rimma erməni qadını simvolizə edir. Məmməd "Sarı gəlin" mahnısını
oxuyarkən, "bizdə belə mahnılar çoxdur" deyir. Rimma "elə bizdə
də çoxdur" reaksiyası verəndə situasiya aydınlaşır. Dialoqun ardınca
katibin qəbul otağında radiodan "Qarabağ şikəstəsi" səslənir.
Filmdəki epizodlar otaqlardakı hadisələrlə
bir-birini əvəzləyir. Rəhimovun prokurorla seçki barədə söhbəti tamaşaçıda
gülüş yaradır. Söhbət fransız dilində getsə də, söhbətin məzmunu elə bil iki
kolxoz sədrinin dialoqudur. Filmin bu hissəsində Əbülfəz Elçibəyin bir neçə il
sonra deyəcəyi "Fransadan xalq gətirəsi deyilik ki" aforizmi yada
düşür.
Hadisələrin üçüncü məkanı alaqaranlıq akt
zalıdır. Kommunist quruluşu qoruyub saxlamaq istəyən komsomol gənclərin işi
ancaq əldən düşənədək rok, pop musiqidə rəqs etməkdir. Onlar yaxşı rəqs etməklə
düşmənlərinə qalib gələcəklərini düşünürlər. Başqa heç nə. Burda istər-istəməz
dalğaçı, nidaçı gəncləri gülüş hissi ilə xatırlamalı oluram. "Lətifə"nin
rejissorları 25 il sonranı da görməyi bacarıblar.
Filmin sonu yaxınlaşdıqca Rəhimov obrazı
Corc Oruellin O'Braynı kimi hər şeyə nəzarət edir. Xəlilovanın rüşvətxor
keçmişini faktlarla açıqlayır, prokurora daha gözləməməsini bildirir. Mitinq edən
kütləni, Məmmədovu dinc şəkildə yola salır.
Birinci Katibin özü filmdə görünmür. Məlum
olur ki, kadr dəyişiklikləri ilə bağlı bütün əmrləri ona Rəhimov verir. Sonda
hamı otaqdan gedir. Bircə hər şeyi görən, amma deyə bilməyən lal qalır.
Yaşar Nurinin ifa etdiyi Məmməd liftdə əli
qandallı qalaraq qışqırır: "Ay camaat, karsız, eşitmirsiz? Bir azdan hər
şey alt-üst olacaq. Ayılın ey, insanlar!". Bu sözlərdən sonra ölkədə hərbi
çevriliş baş verir. Əli avtomatlı pionerlər binanı ələ keçirir. Sonda Böyük
Qardaş Stalinin siması canlanır. O sovet vətəndaşlarına Sibiri, Vorkutanı,
Maqadanı xatırladır. Yalançı demokratiyanı proletariat diktaturası ilə əvəz
edir. Filmin yaradıcı heyəti isə məhbus paltarında cinayətkar kimi təsvir
olunur.
"Lətifə"ni ona görə
antiutopiya adlandırmaq olar ki, filmdə ayrıca şəxslərin deyil, bütün cəmiyyətin
faciəli sonu təsvir olunur. Tunelin sonunda işıq deyil, qaranlıq görünür. Sanki
SSRİ-nin məhvindən sonra Azərbaycanın başına gələcək faciələr əvvəlcədən xəbər
verilir. Filmin fəlsəfəsinə görə mahiyyətindən asılı olmayaraq bütün siyasi
gedişlər, islahatlar, dəyişikliklər sadəcə anekdotdur. Sonda həmişə diktatura
qalib gəlir.
Комментариев нет:
Отправить комментарий