Bir neçə gün əvvəl Türkiyədə “Twitter”
sosial şəbəkəsinə giriş məhkəmə qərarı ilə bağlanmışdı. Bənzər qərarla “Twitter”
yenidən açıldı. İnternet qadağası olsa da, insanlar alternativ yollarla yenə daxil
olurdular. Hətta bu müddətdə şəbəkənin Türkiyə üzrə fəallığı 3 dəfə artdı.
Hüquq və azadlıqların məhdudlaşdırılmasına
hər zaman qarşı olsam da, şər deməsən xeyir gəlməz. Yazıya verdiyim başlıq təhqir yox, türk gəncliyinin
bugünkü reallığıdır. Simvolu mavi quş olan “Twitter” insanları birləşdirən şəbəkə
olaraq qalmayıb, Türkiyədə quşbeyinli düşüncə tərzi formalaşdırıb.
Düşünün ki, dahiyanə əsərlər yaratmağa
qadir olan insan beyni cəmi 140 işarə çərçivəsinə sığdırılıb. Milyonlarla
adamın 140 işarəyə sığacaq qədər özünüifadə azadlığı var. Bir şəxsin fikri on
minlərlə adam tərəfindən təkrar paylaşılır. Şəxsi fikri olmayan vətəndaşların
siyasətə baxışını 140 işarəlik yazı ifadə edir. Zombi davranışı milyonlarla
adama aşılanır və bu say getdikcə artır.
Qorxuludur. Corc Oruellin
"1984" romanındakı səhnələr
kimi. Antiutopiya romanından fərqli olaraq, "140 işarəlik zehniyyət"
məcburiyyət deyil, könüllü istəkdir. Məsələnin acınacaqlı tərəfi odur ki, zombi
zehniyyətinin daşıyıcıları Qorbaçovu söyən ahıl qocalar yox, gənc beyinlərdir.
Haştaqlar kütlənin paroluna çevrilir.
Kimi kütlə şüuruna itaətdən, kimi də "retwit" olmaq istəyindən parolu
qəbul edir. Bir saat içində "1984" nümunəsində parollu prollar kütləsi
yaranır.
Sloqançılıq (şüarçılıq) zehniyyəti türk
insanını məhv edib. “Twitter”in Azərbaycanda populyar olmamasının bir səbəbi də
şüarçılıqdan uzaq olmağımızdır. Düzdür, türk cəmiyyəti Azərbaycanla müqayisədə
daha çox siyasiləşib. Etiraz haqqını daha çox işlədir. Amma bu cəmiyyət şəxsi
fikri olmayan adamların kütləsidir. Belə kütləni kənardan manipulyasiya edib
yönəltmək çox asandır.
Son günlər Türkiyə “Twitter”ində haştaq olan
mövzuların informasiya mənbəyinə baxın: siyasətçilərin dedikləri,
telekanalların göstərdikləri, Cemaat mafiyasının kompromatları. Bu informasiyaların
hamısı “Twitter” xaricində formalaşıb. Bəs
“Twitter” nə işə yarayır?
Qısır qatır kimi ağır yük daşımağa. “Twitter”də
oturan türk gəncləri kənardan gələn informasiyanı daşıyan qatıra çevrilir. Nə qədər
çox adam tvitləsə, yük mənzil başına o qədər tez çatır. Amma “Twitter”də tvitləyənlər
düşüncə qısırlığı yaşamağa davam edirlər. Milyonlarla tvitterçinin arasından
fərqlənən tək-tük adamlar isə kobud desək, söhbət ilə mırt tutanlardır.
Türklər “Twitter”dən Erdoğanla siyasi
mübarizə vasitəsi kimi istifadə etdiklərini deyirlər. Gəl ki, Rusiyada kütləvi
siyasi mübarizə vasitəsinə çevrilən “Twitter” yox, "Livejournal.com"
bloq şəbəkəsidir. Şəxsən mən Aleksey Navalnı səviyyəsində bir nəfər olsun türk
bloqqeri tanımıram ki, hər gün yüz minlərlə adam onu oxusun. Korrupsiya
araşdırmalarını oxuyub adama valeh olum. Türk “Twitter”inə baxan nə görər?
Şüarçılıq, şüarçılıq, uzaqbaşı mırt.
Türk gəncliyinin ən çox sevdiyi və
paylaşdığı köşə yazarı Yılmaz Özdildir. 50 yaşında adam. Bir ölkənin gəncliyini
50 yaşlı fikir adamı təmsil edirsə, o ölkənin gəncliyi dəvəquşu kimi başını yerə
soxmalıdır.
Mənə Türkiyənin 70-ci, 80-ci illərində tələbə
olmuş nəslin nümayəndələrini tanımaq qismət olub. Onlar kitabı olan nəsil idi.
Tvit yox, kitab yazırdılar. Köşə yox, roman oxuyurdular. Bu günün Türkiyəsinin
siyasətini də, qəzetçiliyini də müəyyənləşdirən adamlar 50 yaşdan yuxarı nəsildir.
Geridə qalan isə reaksiyaya əks-reaksiya verən quşbeyinli Türkiyə.
Türk gəncliyi “Twitter”də keçirdiyi
vaxtın onda birini Vikipediyada keçirsəydi, dünyanın ən irəli zəkalı gəncliyi
sayılardı. Amma elə deyil. İstənilən Vikipediya məqaləsinin türk və rus
versiyasını qarşılaşdırın. Türk versiyada məlumat qıtlığı görəcəksiniz.
“Twitter” türkləri narkomana çevirib,
adamların xəbəri yox. Dozası kəsilən narkoman necə beyin sancıları ilə
oyanırsa, Türkiyə elə oyandı. Onlar etiraz edəcək, qəzəbli tvitlər yazacaq.
Amma Türkiyəni dəyişdirən monitor qarşısında oturanlar yox, xalq arasında nitq
deyən liderlər olacaq.

Комментариев нет:
Отправить комментарий